I. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər.
II. Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır.
III. Bu Qanunun 10-cu maddəsinin I hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır:
1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi;
2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri;
3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar;
4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması;
5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti;
6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə.