9.1. Təhkim olunmuş ərazisi və daimi yaşayan əhalisi olan bütün ərazi vahidlərinə müəyyən ad verilməlidir. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeyi, habelə coğrafi, tarixi, etnoqrafik, milli və məişət şəraiti və digər yerli şərait, yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir.
9.2. Azərbaycan Respublikasının bütün ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
9.4. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi haqqında hər bir təklifə əvvəlcədən Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası tərəfindən baxılır və bu barədə müvafiq qərar qəbul edilir. İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli ilə bağlı müvafiq icra hakimiyyəti orqanının vəsatətində ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi halları nəzərdə tutularsa, ad verilməsi və adların dəyişdirilməsi Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası tərəfindən əvvəlcədən deyil, həmin vəsatət çərçivəsində baxılır. Ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi ümumdövlət mənafeləri, coğrafi, tarixi, milli və digər xüsusiyyətlər, habelə yerli əhalinin rəyi nəzərə alınmaqla həyata keçirilir. Ərazi vahidinin adının dəyişdirilməsi zamanı yerli əhalinin rəyinin nəzərə alınmasına dair tələb ərazi vahidinin tarixi adının bərpa edilməsi hallarına şamil edilmir. Görkəmli dövlət və ya ictimai xadimlərin adları, bir qayda olaraq, yeni yaranmış ərazi vahidlərinə verilir.
9.5. İki və ya daha artıq ərazi vahidləri bir ərazi vahidində birləşdirildikdə, bir qayda olaraq, birləşmiş ərazi vahidlərindən birinin adı saxlanılır. Ərazi vahidlərinə ad verilərkən və onların adı dəyişdirilərkən mövcud adların təkrarlanmasına yol verilmir. Adları dövlətin milli, tarixi, coğrafi və mədəni irsi ilə bağlı olan ərazi vahidlərinin adlarının dəyişdirilməsinə yol verilmir.
9.6. Bu Qanunun 12-ci maddəsinə uyğun olaraq yeni inzibati ərazi vahidinin yaradılması, habelə inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi halları istisna olmaqla, ərazi vahidlərinə ad verilməsi və onların adlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatətinə aşağıdakı sənədlər əlavə olunur:
9.6.1. ərazi vahidinə ad verilməsinə və onun adının dəyişdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı və müvafiq icra hakimiyyəti orqanı yanında şura iclasının protokolu;
9.6.2. müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin vəsatəti;
9.6.3. müvafiq bələdiyyə orqanının ərazi vahidinin adının dəyişdirilməsinə dair qərarı;
9.6.4. ad verilməli və ya adı dəyişdirilməli olan ərazi vahidində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə);
9.6.5. irəli sürülən təklifin məqsədəuyğunluğunun əsaslandırılmasını, təklif olunan adın izahını, poçt idarəsi və ya dəmir yol stansiyasının olmasını və onların adlarını göstərən izahat məktubu.
9.7. İki və ya daha artıq ərazi vahidlərinin birləşməsi nəticəsində yaranmış ərazi vahidinə ad verildikdə birləşən hər bir ərazi vahidi üzrə əhalinin yığıncağı ayrılıqda keçirilir.
9.8. Prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını üç gün müddətində məlumatlandırırlar.
9.9. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. İnzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı, xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.