1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ekoloji ekspertiza rəyi verir.
2. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir.
3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi ekoloji ekspertiza rəylərinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 6.3.2-ci maddəsinə uyğun olaraq reyestrini aparır, onların rəsmi internet səhifəsində yerləşdirilməsini, habelə sifarişçiyə və aidiyyəti dövlət orqanlarına göndərilməsini təmin edir.
4. Ekoloji ekspertiza rəyinin ləğvi, bərpası, dayandırılması və dublikatının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
5. Ekoloji ekspertiza rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci və 23.1.2-ci maddələrində göstərilənlərlə yanaşı aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:
5.1. şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;
5.2. ekoloji ekspertiza sənədlərində dəyişikliklər edildikdə;
5.3. ətraf mühitin mühafizəsi sahəsində normativ və texniki normativ hüquqi aktlarda müəyyən edilmiş ekoloji tələblər dəyişdikdə;
5.4. rəyin qüvvədə olma müddəti başa çatdıqda.
6. Ekoloji ekspertiza rəyinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.