Qanunvericilik › Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Fövqəladə hallar orqanları əməkdaşlarının məzuniyyəti

Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir:

13.1.1. illik əsas məzuniyyət;

13.1.2. illik əlavə məzuniyyət;

13.1.3. xəstəliyə görə məzuniyyət;

13.1.4. qısamüddətli məzuniyyət;

13.1.5. müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətil məzuniyyəti və təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyət.

13.2. Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

13.3. Fövqəladə hallar orqanları əməkdaşlarının illik əsas məzuniyyəti 30 gün müəyyən edilir. Əməkdaşlara fövqəladə hallar orqanlarında xidmətə qəbul edilən il üçün əsas məzuniyyət xidmətə qəbul olunduqları gündən başlayaraq xidmət göstərilən hər bir tam aya mütənasib olaraq 2,5 gün hesablanır.

13.4. Fövqəladə hallar orqanlarının əməkdaşlarının xidmətin birinci ili üçün əsas məzuniyyət hüququ xidmətə daxil olduqları andan etibarən 6 ay xidmət keçdikdən sonra əmələ gəlir.

13.5. Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ili ərzində və müvafiq məzuniyyət qrafikinə uyğun olaraq verilir.

13.6. Məzuniyyət dövründə əmək qabiliyyətini müvəqqəti itirən fövqəladə hallar orqanları əməkdaşının məzuniyyəti, qanunvericiliklə müəyyən edilmiş qaydada xəstəlik vərəqində göstərilən müddət qədər uzadılır.

13.7. Fövqəladə hallar orqanları əməkdaşının istəyi ilə illik əlavə məzuniyyət əsas məzuniyyətlə cəmlənə və ya ayrılıqda verilə bilər.

13.8. Fövqəladə hallar orqanları əməkdaşlarına xidmət illərinə görə aşağıdakı müddətlərdə əlavə illik məzuniyyət verilir:

5 ildən 10 ilədək - 3 təqvim günü

10 ildən 15 ilədək - 5 təqvim günü

15 ildən 20 ilədək - 10 təqvim günü

20 il və daha çox - 15 təqvim günü.

13.9. Fövqəladə hallar orqanları əməkdaşlarına xəstəliyə görə məzuniyyət müvafiq icra hakimiyyəti orqanının xüsusi-həkim ekspertiza komissiyasının (bundan sonra - xüsusi-həkim ekspertiza komissiyası) rəyi əsasında verilir.

Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti altı aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra fövqəladə hallar orqanları əməkdaşı xidmətə yararlılığının yoxlanılması məqsədilə xüsusi-həkim ekspertiza komissiyasının müayinəsindən keçməlidir.

Xidməti vəzifələrinin icrası zamanı alınmış xəsarətlə (yaralanma, travma, kontuziya ilə) əlaqədar fövqəladə hallar orqanları əməkdaşlarının müalicədə olma müddəti məhdudlaşdırılmır. Həmin əməkdaşlar müalicə başa çatdıqdan və yaxud müalicənin mümkünsüzlüyü müəyyən olunduqdan sonra tibbi müayinəyə göndərilirlər.

Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır.

13.10. Təxirəsalınmaz sosial-məişət məsələlərinin həlli və qohumluq borclarının yerinə yetirilməsi üçün, həmçinin digər üzrlü səbəblərə görə fövqəladə hallar orqanları əməkdaşlarına 14 günə qədər qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyət əsas məzuniyyətin müddətinə daxil edilmir.

13.11. Müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə aşağıdakı məzuniyyətlər verilir:

13.11.1. qış tətili ilə əlaqədar 14 təqvim günü müddətində;

13.11.2. yay tətili ilə əlaqədar 30 təqvim günü müddətində.

13.12. Müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirən məzunlara 30 təqvim günü müddətində məzuniyyət verilir.

13.13. Məzuniyyət keçirmə yerinə (ölkə daxilində) getmə və qayıtma vaxtı fövqəladə hallar orqanları əməkdaşlarına verilən əsas, xəstəliyə görə və müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyətlərin müddətinə əlavə edilir.

13.14. Fövqəladə hallar orqanları əməkdaşlarının məzuniyyət hüququ ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver