Qanunvericilik › Azərbaycan Respublikasının Gömrük Məcəlləsi › Maddə 175-1

Maddə 175-1. Tranzit xüsusi gömrük proseduru üzrə öhdəliklər

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

175-1.1. Tranzit xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə məsuliyyət daşıyır:

175-1.1.1. hər hansı başqa dəyişikliyə məruz qalmadan malları, mallara dair məlumatları müəyyən edilmiş müddət ərzində və malların eyniləşdirilməsinə imkan verən şəkildə təyinat gömrük orqanına təqdim etmək;

175-1.1.2. prosedurla bağlı gömrük qanunvericiliyinin tələblərinə riayət etmək;

175-1.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda yarana biləcək gömrük borcuna görə təminat vermək.

175-1.2. Bu Məcəllənin 175-1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə tam əməl edildiyi andan prosedur sahibinin öhdəlikləri yerinə yetirilmiş hesab olunur.

175-1.3. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daşıyıcısı və ya onları qəbul edən şəxs də bu Məcəllənin 175-1.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

175-1.4. Prosedur sahibinin əsaslandırılmış müraciətinə əsasən tranzit xüsusi gömrük proseduru ilə bağlı aşağıdakı sadələşdirmə tədbirlərindən istifadə olunur:

175-1.4.1. səlahiyyətli mal göndərən statusu;

175-1.4.2. səlahiyyətli mal alan statusu;

175-1.4.3. malların daşındığı nəqliyyat vasitələrinə gömrük eyniləşdirmə vasitələrinin müstəqil qaydada vurulması və nəqliyyat vasitələrindən çıxarılması;

175-1.4.4. mallar üzərində gömrük nəzarətini həyata keçirmək və tranzit xüsusi gömrük prosedurunu bitirmək üçün gömrük bəyannaməsində göstərilən məlumatların əks olunduğu elektron nəqliyyat sənədinin gömrük bəyannaməsi kimi istifadə edilməsi.

175-1.5. Tranzit xüsusi gömrük proseduru ilə bağlı sadələşdirmə tədbirləri çərçivəsində səlahiyyətli mal alan və səlahiyyətli mal göndərən statusundan irəli gələrək beynəlxalq tranzit xüsusi gömrük prosedurunu başlatma və başa çatdırma əməliyyatları səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslər tərəfindən həyata keçirilir.

175-1.6. Tranzit daşımaları zamanı həm idxal, həm də ixrac əməliyyatlarının aparıldığı eyni gömrük orqanının ərazisində mallar gömrük nəzarəti altında bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yüklənərsə, bu zaman malların gömrük orqanına bəyan edilməsi üçün yalnız bir gömrük bəyannaməsi verilir.

175-1.7. Bu Məcəllənin 175.1.4-cü maddəsində nəzərdə tutulan tranzit xüsusi gömrük proseduru ilə bağlı sadələşdirmə tədbirlərinin tətbiq edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver