26.1. İnsanların qanı və qan komponentləri, digər bioloji mayeləri, orqan və toxumaları ilə təmasda olan, o cümlədən diaqnostik tədqiqatlar aparan, yaxud tibbi yardım göstərən tibb işçiləri tibb müəssisəsi tərəfindən zəruri qoruyucu vasitələrlə pulsuz təmin edilir, onların mütəmadi olaraq İİV-ə tibbi müayinəsi təşkil edilir.
26.2. Tibb işçiləri və digər mütəxəssislər öz xidməti vəzifələrini yerinə yetirərkən İİV-ə yoluxarlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
26.3. Əmək funksiyalarının icrası ilə əlaqədar tibb işçiləri, habelə virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması ilə məşğul olan işçilər İİV-ə yoluxma riskinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.
26.4. İİV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, İİV infeksiyasının laborator diaqnostikasını həyata keçirən, yoluxmuş materialları istifadə etməklə elmi tədqiqatlar aparan, diaqnostika üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq vəzifə maaşına əlavələr müəyyən edilir, həmin şəxslərə əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət verilir.