12.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı aşağıdakılardan ibarətdir:
12.0.1. mədəni bitkilərin genetik ehtiyatlarının kolleksiyalarında saxlanılan nümunələrin ölkə üzrə inventarlaşdırılmasının aparılması, mədəni bitkilərin genetik ehtiyatlarının Milli kataloqunun yaradılması və dəstəklənməsinin elmi-texniki təminatı;
12.0.2. mədəni bitkilərin genetik ehtiyatları sahəsində elmi-texniki və fundamental tədqiqat proqramlarının həyata keçirilməsi, elmi fəaliyyətlərin milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsinin təmin edilməsi;
12.0.3. Azərbaycan Respublikası ərazisində və həmsərhəd regionlarda bioaraşdırma fəaliyyətinin elmi-texniki təminatı, təşkili və aparılması;
12.0.4. prioritet iş planları və fəaliyyət istiqamətlərinin işlənib hazırlanması üçün zəruri elmi əsaslandırma aparılması və müvafiq materialların hazırlanması;
12.0.5. mədəni bitkilərin genetik ehtiyatları kolleksiyalarında nümunələrin yaradılması, bərpası, zənginləşdirilməsi, təhlükəsiz saxlanması və hərtərəfli öyrənilməsi ilə bağlı şəraitin müəyyən edilməsi;
12.0.6. mədəni bitkilərin Milli genefondu ilə iş üzrə qaydalar və tövsiyələrin, eləcə də metodik göstərişlər və digər sənədlərin işlənib hazırlanması;
12.0.7. Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendləri siyahısına daxil olan bitki nümunələrinin mənsubiyyətini təsdiq etmək məqsədilə tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsi;
12.0.8. genetik pasportlaşmanı tam şəkildə həyata keçirmək üçün tələb olunan elmi-texniki təminatın yaradılması;
12.0.9. aqrofitomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi üzrə elmi və innovasiya fəaliyyətlərinin maliyyələşdirilməsi üzrə hesablamaların və təkliflərin hazırlanması;
12.0.10. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.