Meliorasiya və irriqasiya sahəsində dövlət idarəetməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, habelə meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərazi quruluşu prinsipi əsasında həyata keçirilir.
Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı respublika orqanından və onun yerli orqanlarından ibarətdir.
Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı müəyyən olunmuş qaydada təsdiq edilən əsasnaməyə uyğun fəaliyyət göstərir.
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma onun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan icazə alınması tələb olunmur.