Qanunvericilik › Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Azərbaycan Respublikasının Prezidenti

Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.

Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı kimi:

Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə hərbi doktrinanın layihəsini, silahların və hərbi texnikanın dövlət inkişaf proqramını təqdim edir;

Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;

ali hərbi rütbələr verir;

hərbi quruculuğun konsepsiyasını, Silahlı Qüvvələrin ümumi strukturunu və sayını təsdiq edir;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi məktəblərini, ali məktəblərin hərbi kafedralarını, elmi müəssisə və təşkilatlarını yaradır və ləğv edir;

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları hüdudlarında müvafiq orqanların müdafiə sahəsində səlahiyyətlərini, təşkilini və fəaliyyət qaydasını müəyyənləşdirir və onların fəaliyyətinə rəhbərlik edir;

birgə müdafiə və hərbi əməkdaşlıq, kollektiv təhlükəsizlik və tərksilah məsələləri barəsində danışıqlar aparır və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalayır;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişaf, səfərbərlik, yerləşdirilmə və tətbiq planlarını, iqtisadiyyatın və idarəetmənin səfərbərlik planlarını, Azərbaycan Respublikasının mülki müdafiə planını və ərazi müdafiəsi haqqında Əsasnaməni təsdiq edir;

Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; ümumi və qismən səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;

“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəbhəboyu zonanın (ərazinin) hüdudlarını və hərbi idarəetmə orqanlarının səlahiyyətlərini müəyyən edir, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması və ya ləğv edilməsi haqqında fərmanı təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

hərbi əməliyyatlar aparılması barədə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə əmr verir;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;

Azərbaycan Respublikası vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə fərmanlar verir;

hərbi qulluqçuların hərbi keyim formasının geyilməsi və fərqlənmə nişanlarının sancılması qaydasını təsdiq edir.

Azərbaycan Respublikasının Prezidenti müdafiə sahəsində dövlət siyasətinin formalaşdırılması üçün məşvərətçi orqan yarada bilər. Belə orqanın səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver