20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir.
20.2. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir.
20.3. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmə baxışına qədər çıxarılmalıdır. Münaqişə komissiyasının tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Sərxoşluq halının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir.