9.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsinin vəzifələri aşağıdakılardır:
9.1.1. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə qırıntılarının və tullantılarının tədarükü sahəsində dövlət siyasətini həyata keçirmək;
9.1.2. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə onların qırıntılarının və tullantılarının tədarükü məqsədi ilə ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq sistemini tətbiq etmək;
9.1.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, habelə onlar barədə hesabatların aparılması qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
9.1.4. qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi üzrə dövlət nəzarəti qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
9.1.5. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlama və damğalama qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;
9.1.6. dövlət rüsumu alınan əyar işlərin siyahısının hazırlamaq və dövlət rüsumunun miqdarını müəyyən etmək
9.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:
9.2.1. Azərbaycan Respublikasının qızıl ehtiyatını formalaşdırılması məqsədi ilə hasil olunmuş qiymətli metalların və qiymətli daşların satın alınmasında dövlətin üstünlük hüququnu müəyyən etməklə;
9.2.3. qiymətli metalların və qiymətli daşların uçotuna, saxlanmasına, daşınmasına, hesabatının aparılmasına habelə onlarla əməliyyatlar aparılmasına dair qaydalar müəyyən etməklə;
9.2.4. daxili və xarici bazarda qiymətli metallar və qiymətli daşlarla, o cümlədən zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar aparan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyətini tənzimləməklə;
9.2.5. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət qaydalarını müəyyən etməklə;
9.2.6. qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq verilməklə;
9.2.7. hasil edilmiş, habelə Azərbaycan Respublikası ərazisinə gətirilmiş və emal edilməmiş qiymətli daşların, o cümlədən təbii almazların çeşidlənməsi, təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydalarını müəyyən etməklə;
9.2.8. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılmasına qanunvericiliklə. müəyyən edilmiş gömrük nəzarəti qaydalarını müəyyən etməklə;
9.2.9. qiymətli metalların və qiymətli daşların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırma qaydalarını müəyyən etməklə;
9.2.10. qiymətli metalları affinaj edən hüquqi şəxslərə dair tələbləri və həmin hüquqi şəxslərin siyahısını müəyyən etməklə;
9.2.11. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydalarını müəyyən etməklə;
9.2.12. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydalar müəyyən etməklə.
9.3. Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanmasına və damğalanmasına, habelə emal edilməmiş almazların ixracına dövlət inhisarı mövcuddur.
9.4. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.
9.5. Bu qanunun məqsədləri üçün qiymətli metalların və qiymətli daşların istifadəsi dedikdə, onların sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal, elmi, sosial-mədəni və İnvestisiya məqsədləri üçün emalı, işlənilməsi və tətbiq edilməsi nəzərdə tutulur.