Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Sahibkarların risk qrupları üzrə bölgüsü

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünür.

9.2. Sahibkarların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun aparılır və yoxladığı bütün sahibkarlara şamil edilir.

9.3. Risk qruplarının müəyyənləşdirilməsi meyarları nəzarət sahəsi, sahibkarların fəaliyyətinin kəmiyyət və (və ya) keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir və bu zaman aşağıdakı amillər nəzərə alınır:

9.3.1. sahibkarın fəaliyyətinin miqyası;

9.3.2. sahibkarın müvafiq sahədə fəaliyyət göstərdiyi müddət;

9.3.3. sahibkar tərəfindən istehsal edilən məhsulun (görülən işin, göstərilən xidmətin) xüsusiyyətləri və (və ya) onun fəaliyyət sahəsi;

9.3.4. müxtəlif statistik məlumatlar (sahibkarın fəaliyyət sahəsində mənfi fəsadların baş verməsi, sahibkarın fəaliyyət göstərdiyi sahədə məcburi tələblərin pozulması vəziyyəti və s.);

9.3.5. sahibkarda əvvəllər aparılmış yoxlamaların nəticələri;

9.3.6. sahibkarın icbari hesabatlılığında uyğunsuzluqların və ziddiyyətlərin olması.

9.4. Sahibkarın iki və ya daha artıq risk qrupuna aid edilməsi mümkün olduqda, o, daha yüksək risk qrupuna aid edilir.

9.5. Hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları həmin yoxlayıcı orqan tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

9.6. Yoxlayıcı orqan sahibkarları risk qrupları üzrə bölüşdürərkən aşağıdakı şərtlərə əməl etməlidir:

9.6.1. yoxlanılan sahibkarların ümumilikdə 10 faizindən çox olmayan hissəsi yüksək risk qrupuna aid edilməlidir;

9.6.2. yoxlanılan sahibkarların ümumilikdə 30 faizindən çox olmayan hissəsi orta risk qrupuna aid edilməlidir;

9.6.3. yüksək və orta risk qruplarına aid edilməyən sahibkarlar aşağı risk qrupuna aid edilməlidir.

9.7. Risk qruplarının müəyyənləşdirilməsi meyarlarına (onların məzmunu və seçilməsi) üç ildə bir dəfədən az olmayaraq təhlil edilərək yenidən baxılır.

9.8. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver