Sərhəd mühafizə orqanlarının şəxsi heyəti hərbi qulluqçulardan, dövlət qulluqçularından və digər mülki işçilərdən ibarətdir.
Sərhəd mühafizə orqanları hərbi xidmətə çağırış və hərbi xidmətə könüllü daxilolma, həmçinin işə, o cümlədən, dövlət qulluğuna qəbul edilmə əsasında komplektləşdirilir. Sərhəd mühafizə orqanlarının komplektləşdirilməsi bu maddənin üçüncü hissəsində qeyd olunmuş normativ hüquqi aktlara uyğun olaraq onlar üçün müəyyənləşdirilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
Sərhəd mühafizə orqanlarında hərbi qulluqçuların hərbi xidmət keçməsi bu Qanun, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, dövlət qulluqçularının qulluğu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, digər mülki işçilərin əmək münasibətləri isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları müvafiq peşə qabiliyyətinə, ixtisas hazırlığına və fiziki hazırlığa malik olmalı, təhkim edilmiş müvafiq silah, texnika və vasitələrdən istifadə etməyi bacarmalıdırlar.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin digər icra hakimiyyəti orqanlarının və xarici dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində də hazırlana bilər.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçularının başqa dövlətlərin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında təşkil edilir.
Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları onların vəzifələrinin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.