15-17.1. Xidmətlər zərfi ambulator-poliklinika şəraitində göstərilən tibbi xidmətləri və stasionar şəraitdə göstərilən tibbi xidmətləri, habelə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarını (təsiredici maddələrin adlarını) və tibb vasitələrini əhatə edir.
15-17.2. Xidmətlər zərfi aşağıdakıları ehtiva edir:
15-17.2.1. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı;
15-17.2.2. xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin tarifi;
15-17.2.3. tibbi xidmətin müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallar;
15-17.2.3-1. ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) siyahısı (adı, dozası, farmasevtik forması, anatomik-terapevtik-kimyəvi təsnifat kodları, ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) təyinatına əsas verən Xəstəliklərin Beynəlxalq Təsnifatının kodları göstərilməklə);
15-17.2.3-2. stasionar şəraitdə istifadə olunan tibb vasitələrinin siyahısı;
15-17.2.3-3. xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri;
15-17.2.4. sığorta limiti;
15-17.2.5. tibbi xidmətlərin göstərilməsi, klinik protokollara uyğun olaraq dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) təyinatı və buraxılması, tibb vasitələrinin təyinatı şərtləri.
15-17.3. Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya tibbi xidmətlərin xidmətlər zərfindən çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-17.3-1. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-17.4. Xidmətlər zərfi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.