Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-2

Maddə 15-2. İcbari tibbi sığorta üzrə sığortalı və sığortaolunanlar

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-2.1. Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, habelə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

15-2.2. Sığortalılar aşağıdakı kateqoriyalara bölünürlər:

15-2.2.1. Azərbaycan Respublikasının Milli Məclisi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslərə münasibətdə onların təyin olunduqları dövlət orqanı (qurumu), seçkili ödənişli vəzifə tutan şəxslərə münasibətdə isə onların seçildiyi dövlət və ya bələdiyyə orqanı (qurumu), Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir;

15-2.2.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, xüsusi icra məmurları, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər;

15-2.2.3. mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir;

15-2.2.3-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;

* Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu ilə əlavə edilmiş 15-2.2.3-1-ci maddə bu Qanununun 15-2.5-ci maddəsində nəzərdə tutulan qayda ilə eyni gündə qüvvəyə minir.)

15-2.2.4. bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir.

15-2.3. Bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

15-2.4. Həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçirilir.

15-2.5. Bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə tutulmuş sığortalıların müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver