Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-3

Maddə 15-3. Tibb müəssisələrinin və aptek təşkilatlarının icbari tibbi sığortada iştirakı

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tələblərə cavab verən tibb müəssisələri icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər.

15-3.2. Tibb müəssisələrinin bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə uyğunluğunun qiymətləndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

15-3.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verən tibb müəssisəsi arasında tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılır.

15-3.4. “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malikdirlər. İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə bu Qanunun 15-19-1-ci maddəsinə uyğun olaraq müqavilə bağlanılır.

15-3.5. Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş resept əsasında yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver