Məhkəmə qərarları › İş №15(1-8)-134/2026

Ali Məhkəmə Qərar — İş №15(1-8)-134/2026

08.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 15(1-8)-134/2026 08.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron Rayon Şöbəsinə qarşı “həqiqi hərbi xidmətə çağırılmasının qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin Hərbi Tibbi Komissiyasına qarşı “hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Inzibati Məhkəməsinin ## #### 2025-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı Ərizəçi hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. 4.Bundan sonra ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ona qarşı # #### 2026-cı il tarixli hərbi çağırışla bağlı və hər hansı tədbir görülməsinin (çağırış, göndərişlərin verilməsi, tibbi müayinələrə cəlb edilməsi, çağırış vərəqinin imzalanması və s.) qadağa qoyulması, bu qadağanın cavabdeh tərəfindən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli Qərarının tam və düzgün (qırmızı hərbi biletin təqdim edilməsi, biletdə C yararlıq kateqoriyası və 59 B və 61 B maddələrin qeyd edilməsi düzgün qeyd edilməsi) icra olunana qədər qüvvədə saxlanılması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 5.Daha sonra, ərizəçinin nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının həqiqi hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) birinci instansiya məhkəməsində icraat 6.Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ## ###### 2026-cı il tarixli Qərarı qanuni qüvvəyə 12 aprel tarixində minmişdir və onun icrası cavabdeh üçün məcburi xarakter daşıyır, lakin cavabdeh tərəfindən həmin Qərar bu günə kimi icraedilməyib. Hələ 2017-ci ildə ayaqlarında olan anadangəlmə ikitərəfli əyripəncəlik xəstəliyinə görə (nümunəvi əsgər çəkmələrini gəzdirə bilmədiyi üçün) və onurğasında 2ci dərəcəli skolioz olduğu üçün 66b və 68b maddələri ilə C yararlıq kateqoriyasına aid edilmişdir. Sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı. Bu C kateqoriyası Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ədalətli Qərarı ilə təkrar təyin edilmişdir. Cavabdeh isə ona qanunsuz A3 yararlıq kateqoriyası təyin etmişdi. Diqqətə çatdırılır ki, qanunvericilikdə C yararlıq kateqoriyasına aid olan çağırışçılar 3 (üç ildən bir) çağırılıb təkrar müayinələrdən keçirilir. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qanuni qüvvəyə minmiş Qərarına baxmayaraq, cavabdeh onu MyGov portalında # #### 2026-cı ilin çağırışçı kimi qeydiyyatda saxlayıb. Bu isə qanuna ziddir və onun həm tələbə kimi dövlət imtahanında iştirakına maneçilik törədir, təhsil hüququnu pozur, həm də hərbi xidmətə # #### 2026-cı il tarixində çağırmaqla məhkəmə qərarına hörmətsizlik edir. Qeyd edir ki, qanuni qüvvəyə minmiş ## ###### 2026-cı il tarixli Qərarın düzgün icra edilməsi cavabdeh tərəfindən ona qırmızı hərbi biletin verilməsindən ibarətdir, biletlə düzgün ona aid olan C yararlıq kateqoriyasının və ayaqlarında çoxalmış xəstəlikləri düzgün 61 maddənin B bəndi ilə, onurğasında isə çoxalmış xəstəliklərə görə 59-cu maddəsinin B bəndi qeyd edilməlidir. Cavabdeh isə Qərarın icra olunmasını gecikdirmək niyyətindədir. Ona görə, hazırkı mərhələdə # #### 2026-cı il tarixində təkrar müayinəyə cəlb edilməsi və ya çağırış tədbirlərinə məruz qoyulması qanunsuzdur və məhkəmə qərarının icrasından yayınma kimi qiymətləndirilməlidir.

7. Sumqayıt Inzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim M.Mahmudlu-Abbaszadə) ərizə təmin edilmiş, iddiaçı Ərizəçi həqiqi hərbi xidmətə çağırılmasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. 8.Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə Ərizəçi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1 Hüquqi Şəxsinin yekun müayinə qərarının (rəyinin) və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti Abşeron rayon şöbəsinin qərarının qanuniliyi şübhə altına alınır. Iddiaçı iyul ayının 30-dək hərbi xidmətdə olmalıdır. Bu hal isə gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Şəxsin hərbi xidmətə getməsi, gələcəkdə barəsində hərbi xidmətə yararsız olması barədə əsas iş üzrə qərar qəbul edilərsə, bu hal məhkəmə qərarının icrasında çətinliklər yaradacaqdır. Həmçinin belə olacağı təqdirdə şəxsə dövlətə qarşı əsaslı olaraq kompensasiya iddiasının qaldırılması üçün əsas olacaqdır. Bu da dövlət büdcəsindən ödəmələrin aparılmasına səbəb olacaqdır. Nəzərə almaq lazımdır ki, Ərizəçi ##.##.2001-ci il təvəllüdlü olmaqla 25 yaşı vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinin tələbinə əsasən, şəxsin 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdır. Işə məhkəmədə baxdığı müddətdə Ərizəçi səhhətinin vəziyyətinin hərbi xidmətə yararlı hesab edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edildikdən sonra onun hərbi xidmət keçməsi üçün yetərincə müddəti vardır, yəni müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadın qəbul edilməsi iddiaçının qanunla nəzərdə tutulan hərbi xidmətdə olmanın son yaş həddi 30 yaşına çatmaqla hərbi xidmətdən yayınmaya şərait yaradacaq hal mövcud deyildir. Həmçinin, o da qeyd olunmalıdır ki, əsas iddia üzrə icraatın başa çatmaması həmin tələbin uğurluluq ehtimalını azaltmır. Digər tərəfdən, hətta iddianın uğurluluq ehtimalının qeyri-müəyyən olduğu halda belə, yuxarıda qeyd olunduğu kimi, müvəqqəti xarakterli müdafiə tədbiri ərizəçini ilk növbədə əsas iddia üzrə məhkəmə aktının qəbul edilməsinədək gözlənilən mümkün zərərlərdən qorunmasına xidmət edir. Hazırkı tələb üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi üçün IPM-in 43.1-ci maddəsində sadalanan əsaslar, yəni mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması və ya ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi əsasları mövcuddur. Mövcud vəziyyətdə sağlamlığında aşkarlanmış qüsurlar və çatışmazlıqlar gələcəkdə də təsdiqini taparsa və ya daha da kəskinləşərsə, hərbi xidmətə aparıldığı təqdirdə belə halın fəsadları onun sağlamlığında daha ağır nəticələr verə bilər. 9.Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, V.Əzizova və İ.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizə mümkün sayılmamışdır.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin görülmədiyi halda hazırkı mərhələdə onun hüquqlarının qorunmasının mümkün olmaması və ya çətin olması halına dair heç bir sübut təqdim etməmiş, ilkin tənzimlənmənin zəruriliyi “ümumi sözlər” şəklində ifadə edilməklə, ehtimallara əsaslanmış, habelə həmin ehtimalların real olması halı da hərbi xidmətə cəlb edilmə ilə bağlı cavabdehin aktiv müdaxiləsinin olması və ya hər hansı yazılı məlumatın mövcudluğu və s. mövcud olmadığından, habelə ərizəçinin istinad etdiyi şifahi məlumatın həqiqiliyi isə təsdiq edilmədiyindən, ona dair hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh isə bu halı təkzib etdiyindən, aşkar görünmür. Başqa sözlə desək, hazırkı iş üzrə hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiqinə münasibətdə işin faktiki və hüquqi halları baxımından ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən (hərbi xidmətə çağırış halı mövcud olmadığından) ilkin təcili tənzimləmənin zəruri olmasına dair hər hansı əsaslandırma aparılmamış, ehtimal xarakterli məlumatlara əsaslanmışdır. Nəticə etibarilə kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə təminat tədbirinin tətbiqinə dair ərizə ərizəçi tərəfindən ilkin təcili tənzimlənmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan verildiyindən, bu hal isə qanunvericiliyin tələbinə və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələbinə əsasən ərizənin mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, ərizə mümkün sayılmamalıdır. 12.Iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və birinci instansiya məhkməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri:

13. Iddiaçı kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ##.##.2017-ci ildə iddiaçı Ərizəçi ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə alarkən hərbi Tibbi komissiyası tərəfindən şəhadətləndirmə haqqında qərarına əsasən "Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qeydiyyat aparılmış,66b və 68 b qeydləri əksini tapmışdır. Həmin ildə iddiaçı ayaqlarında olan anadangıəlmə ikitərəfli əyripəncəlik xəstəliyinə görə(nümunəvi əsgər çəkmələrini gəzdirə bilmədiyi üçün) və onurğasında 2-ci dərəcəli skolioz olduğu üçün 66 B və 68 B maddələri ilə C yararlıq kateqoriyasına aid edilmişdir. Bu isə "hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 18 və 23.0.2-сі maddələrinə əsasən iddiaçıya çağırışdan üç il müddətinə möhlət hüququ verir. Təkcə hər iki ayaqda ikitərəfli əyripəncəlik olması, 2-ci dərəcəli skolioz xəstəliyi iddiaçının C yararlıq kateqoriyasına daxil edilməsinə kifayət edir. Lakin hərbi həkim komissiyası bu xəstəlikləri hərbi xidmətə yararsız hesab edilməsi üçün kifayət hesab etməmişdir. Beləliklə, Sumqayıt inzibati məhkəməsinin qoyduğu qadağanın qeyrimüəyyən olması barədə cavabdehin fikri bu qərara əsasən bir daha təkzib olunur və Sumqayıt Apellyasiya məhkəməsinin iddiaçının ərizəsinin mümkünlük məsələsi ilə əlaqədar qərarının əsassız və qanunsuz hesab edilməsi kassasiya məhkəməsi tərəfindən nəzərə alınmalıdır.

TƏTBIQ EDILƏN HÜQUQ

14.“Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı: 2.4. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halda, ilkin təcili tənzimləməyə ehtiyac yarandıqda, inzibati aktın icrasının dayandırılması ilə bağlı olmayan IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş digər müvəqqəti xarakterli təminat tədbirləri görülə bilər. Sözügedən təminat tədbirlərini tətbiq edərkən məhkəmə tərəflərin iradəsinə təsir etməkdən daha çox, mövcud vəziyyəti qorumağa çalışır. Ərizəçi bu icraat çərçivəsində təkcə əvvəlki hüquqi vəziyyəti bərpa etmək məqsədi güdmür, o həm də özünün bu vaxta qədər ki hüquqi vəziyyətini yaxşılaşdırmaq istəyir. 2.5. IPM-in 43-cü maddəsində nəzərdə tutulmuş təminat tədbirləri tətbiq edilərkən mübahisə predmeti ilə əlaqəli şəkildə mövcud vəziyyəti qorumağa və ərizəçinin hüquqi vəziyyətini yaxşılaşdırmağa yönəlmiş məhkəmənin münasib hesab etdiyi prinsip etibarilə istənilən formada – neqativ, pozitiv, qadağan etmə, məhdudiyyət qoyma, məcburetmə və s. formada – tədbirlər görülə bilər. 4.1. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair verilmiş ərizələrdə ərizəçinin mövqeyi aydın ifadə olunmalı, məhkəmədən məhz hansı müdafiə tədbirinin tətbiqinin xahiş olunduğu dəqiq göstərilməlidir. Öz növbəsində, məhkəmələr yardım etmə vəzifələrinə riayət etməklə qeyri-dəqiq tələblərin ifadə olunduğu ərizələri mümkün saymaya bilərlər. 4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir. 4.2. Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.” 7.1. IPM-in 40.3-cü maddəsində müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair məhkəmə aktının məzmunu müəyyən edilmişdir. Buna görə, məhkəmə cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 7.2. Müəyyən hərəkətləri etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı o, ərizəçinin lehinə konkret aktiv hərəkətlər etməyə məcbur edilir. Konkret hərəkətlər etməkdən çəkinmək vəzifəsi müəyyən edilərkən cavabdehin mövcud vəziyyətə hər hansı qərar qəbul etmək və ya faktiki xarakterli hərəkətlər etmək vasitəsilə müdaxilə etməmək öhdəliyi təsbit olunur. Müəyyən hərəkətlərə dözmək dedikdə isə cavabdehin hətta qanunsuz hesab etdiyi halda belə, mövcud faktiki və ya hüquqi vəziyyətə dözməli olduğu başa düşülür.

15.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41. Inzibati aktın icrasının dayandırılması 41.1. Inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. Işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Iddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. Inzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. Inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. ərizəçi məhkəməyə həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 44. Müvəqqəti xarakterli müdafiə haqqında qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi 44.1. Iddia ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə, bunun üçün kifayət qədər əsaslar olduğu hallarda istənilən zaman xidməti vəzifəsinə görə müvəqqəti xarakterli müdafiə barədə qərardadını dəyişdirə və ya ləğv edə bilər. 44.2. Məhkəmə icraatının hər bir iştirakçısı şəraitin dəyişməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi haqqında vəsatət qaldıra bilər. 44.3. Xüsusilə təcili hallarda, işə baxan məhkəmə tərkibinə sədrlik edən hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə təkbaşına qərardad qəbul edə bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təhlükəsinin mövcud olduğu hallarda, sədrlik edən hakim məhkəmə icraatı iştirakçılarının ilkin dinlənilməsindən imtina etməyə haqlıdır. 44.4. Müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

16.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 17.Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 19.Belə ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 20.Işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilmədiyi halda onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Ərizəçi tərəfindən ilkin təcili tənzimlənmənin zəruriliyi konkret fakt və hallarla əsaslandırılmamış, yalnız ümumi xarakterli mülahizələr və ehtimallar irəli sürülmüşdür. Belə ki, ərizəçinin hərbi xidmətə cəlb olunması ehtimalının real xarakter daşımasını təsdiq edən cavabdehin hər hansı aktiv müdaxiləsi, yazılı bildirişi, çağırış sənədi və ya digər sübut mövcud deyildir. Ərizəçinin istinad etdiyi şifahi məlumatın həqiqiliyi də hər hansı sübutla təsdiq edilməmiş, cavabdeh tərəfindən isə həmin hal təkzib edilmişdir. 21.Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə “hərbi xidmətə cəlb edilməsinin qadağan edilməsi” növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə münasibətdə ərizəçinin hüquqlarının qorunmasının, təmin edilməsinin və ya sonradan bərpa olunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi qənaətinə gəlməyə əsas verən konkret faktiki və hüquqi hallar müəyyən edilməmişdir. 22.Kollegiya qeyd edir ki, hazırkı işdə müvəqqəti xarakterli müdafiə tədbirinin verildiyi əsas iddia ilə bağlı inzibati işə artıq mahiyyəti üzrə baxılmışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası rədd edilsə də, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, iddiaçı Ərizəçi hərbi xidmətə dinc dövründə yararsız, müharibə dövründə məhdud yararlı sayılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən ##.##.2026-cı il tarixli qərarla dəyişdirilmədən saxlanılmışdır. 23.Beləliklə, əsas iş üzrə məhkəmə icraatı artıq yekunlaşmış, ərizəçinin hüquqi vəziyyətinə dair mübahisə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həll edilmişdir. Bu baxımdan, əsas iddianın icrasını təmin etmək məqsədi daşıyan müvəqqəti xarakterli müdafiə vasitəsi kimi “hərbi xidmətə cəlb edilmənin qadağan edilməsi” tədbirinin müstəqil hüquqi məqsədi artıq mövcud deyildir. 24.Müvəqqəti xarakterli müdafiə tədbirinin hüquqi mahiyyəti əsas mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilənədək ərizəçinin hüquqlarının səmərəli müdafiəsini təmin etməkdən ibarətdir. Əsas iş üzrə iddia artıq təmin edildikdə və həmin qərar qanuni qüvvəyə mindikdə isə müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsini şərtləndirən prosessual zərurət aradan qalxır. Bu nəticə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 44.4-cü maddəsinin məzmunundan irəli gəlir. Həmin normaya əsasən, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. 25.Hazırkı iş üzrə əsas iddia təmin edilmiş və bu barədə qəbul olunmuş məhkəmə aktı kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. 26.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə ehtiyac aradan qalxdığı üçün apelyasiya məhkəməsinin “ərizənin qeyri-mümkün sayılması” barədə gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. 27.Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 28.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının **(*-*)-**/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar