Məhkəmə qərarları › İş №15(3-7)-19/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-7)-19/2026

15.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 15(3-7)-19/2026 15.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, ərizəçinin nümayəndəsi İsmayılova Firuzə Əsgər qızının iştirakı ilə, “müvəqqəti xarakterli müdafiə tədbiri barədə” ərizə üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadından ərizəçinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Ərizəçi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin yekun rəyi ilə həmin göndərişdə göstərilən yararsızlıq səbəbinin fərqli kateqoriya üzrə təsdiqlənməsi barədə qərar qəbul edilmişdir.

2. Həmin rəy (qərar) əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən Ərizəçi müddətli həqiqi hərbi xidmətə yararlı olmağı barədə ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir.

3. İddiaçı Ərizəçi cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona göndəriş verilərək təkrar müayinə olunmağının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə qarşı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə göndərilməyinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, o, Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır və hazırda bu iddiası məhkəmənin icraatındadır. SHXÇDX-nin Goranboy rayon şöbəsindən ona zəng edilərək bildirilmişdir ki, artıq hərbi xidmətə aparılacaqdır. O, qəbul edilmiş qərardan məhkəməyə iddia verdiyini qeyd etsə də, ona bildirilmişdir ki, məhkəmə tərəfindən bu iddiasına əsasən inzibati icraatın dayandırılması üçün qərar qəbul edilməlidir.

6. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin “A” kateqoriyası üzrə - müddətli həqiqi hərbi xidmətə yararlı sayılması barədə ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması və hərbi xidmətə çağırışın həmin orqana qadağan edilməsi” tələbinə dəyişdirilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə (hakim G.Əliyeva) ərizə mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, ərizəçi Ərizəçi hazırda müddətli həqiqi hərbi xidmətə qəbul edildiyindən onun hazırkı tələblə bağlı hüquqi marağı qalmamışdır. Həmçinin, hazırkı işdə isə ərizəçi tərəfindən verilən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin bağlı olduğu əsas iddia mümkün sayılmamışdır. Ona görə də, əsas iddia üzrə mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz iddia sayılmaqla, həmin iddia üzrə ərizəçinin uğur qazanmaq imkanı aradan qalxmışdır ki, bu da ərizəçinin hazırda qorunmalı olan hüquqi müdafiə maraqının itirilməsinə səbəb olmuşdur.

Apellyasiya instansiya məhkəməsində icraat: a) apellyasiya şikayətinin dəlilləri:

9. Ərizəçinin nümayəndəsi apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) tərəflərin izahatları:

12. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. 41.1. İnzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.

43. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.

15. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarı.

16. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

18. Qeyd olunmalıdır ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir.

19. Hazırkı iş üzrə ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun barəsində hərbi xidmətə çağırış haqqında inzibati aktın icrasının dayandırılmasını xahiş etmiş, ərizə mümkün sayılmamışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ərizəçi ##.##.2026-cı il tarixdən həqiqi hərbi xidmətə aparılmışdır və hazırda Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmətdədir. Belə olan halda ərizəçi hazırda müddətli həqiqi hərbi xidmətə qəbul edildiyindən onun hazırkı tələblə bağlı hüquqi marağından söhbət gedə bilməz.

21. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ərizəçi tərəfindən verilən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin bağlı olduğu əsas iddia birinci instansiya məhkəməsi tərəfindən mümkün sayılmamışdır və hazırda həmin iş apellyasiya baxışındadır.

22. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair icraatın gedişində hər hansı təminat tədbirlərinin təmin edilməsi ilk növbədə, əsas iddianın özünün mümkünlük şərtlərinin ödənilməsindən asılıdır. Mümkünlük şərtləri ödənilmədiyi halda, əsas iddia üzrə uğur qazanmaq imkanı ortadan qalxır və bununla da, təminat tədbirini tətbiq etməklə qorunmağa olan hüquqi maraq da özlüyündə itirilmiş olur. Buna görə də, təminat tədbirlərini tətbiq etmədən əvvəl məhkəmə əsas iddianın ümumi və xüsusi mümkünlük şərtləri baxımından yolverilən olduğuna əmin olmalıdır (“İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 4.6-cı bəndi).

23. Beləliklə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40, 41, 80, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar