Məhkəmə qərarları › İş №15(3-8)-31/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-8)-31/2026

09.06.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 15(3-8)-31/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n nümayəndəsi X2, Cavabdeh cavabdeh1 nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI:

1. cavabdeh1 tərəfindən iddiaçı Ərizəçi ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün rayon (şəhər) idarəsinə gəlməyi barədə çağırış vərəqəsi verilmişdir.

2. Iddiaçı Ərizəçi ##.##.2026-cı il tarixdə məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı hərbi xidmətə “yararlı” hesab edilməyi barədə qərarın (inzibati aktın) ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək çağırışın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı cavabdehlər cavabdeh2 və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətə “yararlı” hesab edilməyi barədə qərarın (inzibati aktın) ləğv edilməsini xahiş etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə keçirdiyi avtoqəza nəticəsində aldığı xəsarət nəticəsində baş beyin travmasından komaya düşərək 20 gün komada qalmışdır. Ona “postravmatik, ensefalopatiya, kəllə daxili hipertenziya, asteno - nevrotik sindrom, distoniya qarışıq tip orta ağır gedişli” diaqnozu qoyulmuşdur. Uzun sürən müalicələrdən sonra xəstəxana şəraitindən evə köçürülmüş, mütəmadi olaraq həkim nəzarətində müalicələr almış, təhsilini də ev şəraitində davam etdirmişdir. Kəskin şiddətli baş ağrılar, əsəbilik, gərginlik, yaddaş zəifliyi, huşsuzluq, gözündə zəifləmələr və s. müşahidə edilir. DTSERA-da yoxlamadan keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Bu baxımdan, yenidən yoxlamadan keçirilməsini tələb edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə).

6. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, işin hallarından hazırkı mərhələdə iddianın aqibəti və gələcəkdə hansı məhkəmə qərarının qəbul olunacağı, mübahisənin həllinin bu və ya digər tərəfin xeyrinə olacağı bəlli deyildir. IPM-in 41.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan hal, yəni iddianın uğurluluq ehtimalı aydın görünmür. Belə ki, ərizəçi tərəfindən ərizəyə heç bir sübut əlavə edilməmişdir. Beləliklə, hazırki halda ərizənin təmin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarında nəzərdə tutulmuş əsasların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizə təmin edilməməlidir.

7. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI: a) Apellyasiya şikayətinin dəlilləri:

8. Iddiaçı apellyasiya şikayətini müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi izahatında bildirdi ki, iddiaçı ##.##.2026-cı il tarixdən etibarən hərbi xidmətdədir və halhazırda da hərbi xidmətini davam etdirir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh2n nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. Iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Inzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ:

12. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2023-cü il tarixli, ** nömrəli qərarı: 1.1. Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri (təminat tədbirləri) hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Bu, qanunvericilikdə nəzərdə tutulmuş vacib prosessual institut olmaqla yanaşı, həm də inzibati hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələrin gedişində hüquqların müdafiəsinin səmərəli mexanizmi kimi çıxış edir. 1.2. Müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üzrə icraat iddia icraatından öz mahiyyətinə və təyinatına görə fərqlənir. Belə ki, hüquqların müdafiəsi iddia icraatı qaydasında qorunmalı, məhz həmin icraatın gedişində aparılmış tam və hərtərəfli araşdırmadan sonra inzibati orqanın qərar və ya hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyinə və əsaslılığına mahiyyəti üzrə yekun qiymət verilməlidir. 1.3. Iddia icraatından fərqli olaraq müvəqqəti xarakterli müdafiə icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. 1.4. Bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. 2.1. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - IPM) 40.1-ci maddəsi müvəqqəti xarakterli müdafiə tədbiri qismində iki növ təminat tədbirlərinin tətbiqinin mümkünlüyünü nəzərdə tutur – inzibati aktın icrasının dayandırılması (IPM-in 41 və 42-ci maddələri) və iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirləri (IPM-in 43-cü maddəsi). Bu iki növ təminat tədbiri mahiyyətcə bir-birindən fərqlənir.

13. “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2025-ci il tarixli, ** nömrəli qərarı:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” 2023-cü il # ####### tarixli ** nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. aşağıdakı məzmunda 4.1-1–4.1-4-cü bəndlər əlavə edilsin: “4.1-1. Istər inzibati aktın icrasının dayandırılması, istərsə də iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin tətbiqi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir. Odur ki, məhkəmə yalnız təcililik şərtinin mövcudluğu qənaətinə gəldiyi təqdirdə, iddianın böyük ehtimalla uğurlu olub-olmamasına dair dəyərləndirmə aparmalıdır. Təcililik şərtinin ödənilməsinə baxmayaraq, iddianın uğurluluq ehtimalını aydınlaşdırmaq mümkün olmadıqda, ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul edilməlidir. Ziddiyyətli maraqların qiymətləndirilməsi tərəflərin maraqları ilə yanaşı, həm də mövcud olan ictimai maraqların nəzərə alınmasını, başqa sözlə, konkret ərizəyə baxarkən ictimai maraqlar baxımından da mümkün nəticələrin dəyərləndirilməsini ehtiva edir. Ictimai maraqlar belə tədbirin tətbiqinin lehinə və ya əleyhinə yönələ bilər, məhkəmələr hər bir konkret halda tərəflərə və cəmiyyətə aid ziddiyyətli maraqların mütənasib qiymətləndirilməsindən hərəkət etməlidirlər. 4.1-2. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir. 4.1-3. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. 4.1-4. Hüquqların qorunmasının mümkün olmaması və ya xeyli dərəcədə çətinləşməsi elə bir halı nəzərdə tutur ki, müvəqqəti xarakterli müdafiə tədbirləri görülmədiyi təqdirdə əvvəlki vəziyyəti geri qaytarmaq mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətin olacaqdır. Ona görə də məhkəmələr əvvəlki vəziyyəti geri qaytarmağın mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətin olacağı ilə bağlı məsələyə xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, belə bir dəyərləndirmə digər şəxslərə deyil, yalnız ərizəçiyə münasibətdə aparılmalı, məhz onun hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi məsələsinə qiymət verilməlidir.” 1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin: “Əgər ərizə ilkin təcili tənzimləmənin zəruriliyinə dair hər hansı əsaslandırma aparılmadan təqdim edilmişsə, bu halda ərizə yardım etmə vəzifəsinə riayət edilməklə mümkün sayılmamalıdır. Bundan fərqli olaraq, ərizəçi təcililiyə dair müəyyən dəlillər və sübutlar təqdim etmişsə, məhkəmə də müvafiq olaraq onların ətrafında qiymətləndirmə aparmaqla təcililiyin mövcud olmadığı qənaətinə gəlmişsə, bu halda ərizə rədd edilməlidir.”; ...

14. Inzibati Prosessual Məcəllə: Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI

15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

17. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizə mümkün sayılmamalıdır.

18. Belə ki, hazırda iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə üzrə tələbi hərbi xidmətə çağırışının dayandırılmasıdır.

19. Birinci instansiya məhkəməsi iş üzrə iddianın uğurluluq ehtimalının aydın olmadığı səbəbindən ərizəni rədd etmişdir.

20. Məhkəmə kollegiyası işə baxan məhkəmənin müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə bağlı qiymətləndirməsi və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı artıq hərbi xidmətə göndərilmişdir.

21. Belə ki, əvvəla, cavabdeh1 tərəfindən iddiaçının ##.##.2026-cı il tarixdə hərbi xidmətə yola düşmək üçün rayon (şəhər) idarəsinə gəlməyi barədə çağırış vərəqəsi verilmiş və həmin vərəqə iş materiallarına əlavə edilmişdir.

22. Bundan başqa, iddiaçının nümayəndəsi (vəkili) də birinci instansiya məhkəməsində icraat zamanı ## ##### 2026-cı il tarixli məhkəmə iclasındakı izahatında iddiaçı barəsində ## ##### 2026-cı il tarixinə hərbi xidmətə çağırış verildiyini bildirmişdir.

23. Həmçinin, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçı barəsində verilmiş ##.##.2026-cı il tarixli elektron arayışa əsasən iddiaçı cavabdeh1 tərəfindən ##.##.2026-cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.

24. Cavabdeh cavabdeh1 nümayəndəsi də apellyasiya məhkəməsində icraat zamanı iddiaçının ##.##.2026-cı il tarixdən etibarən hərbi xidmətdə olduğu və hal-hazırda da hərbi xidmətini davam etdirdiyi faktını təsdiqləmişdir.

25. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı ##.##.2026cı il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilsə də, məhkəmə bu halla bağlı işdə olan mövcud sübutları nəzərə almadan və əlavə araşdırma aparmadan, dolayısı ilə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün ilkin təcili tənzimləmənin zəruriliyini müəyyən etmədən bu barədə ərizəyə mahiyyəti üzrə baxaraq ərizənin rədd edilməsi barədə ## ### 2026-cı il tarixli qərardad qəbul etmişdir.

26. Nəzərə almaq lazımdır ki, müvəqqəti xarakterli müdafiə ilə bağlı IPM-in yuxarıda istinad olunan normalarında inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi əsasları müəyyən olunmuşdur. Həmin normaların müddəalarına, eləcə də onların tətbiqi ilə bağlı Plenum qərarında verilmiş izahlara görə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün iki şərtin məcmu halda birgə mövcudluğu müəyyən olunmalıdır - ilkin təcili tənzimləmənin zəruri olması və iddianın böyük ehtimalla uğurlu olması. Məhz ilkin təcili tənzimləmənin zəruriliyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinin ilkin şərtidir.

27. Təcililik ərizəçi tərəfindən konkret işin fərdi hallarına istinadla əsaslandırılmalı, məhkəmə tərəfindən isə obyektiv şəkildə hər bir iş üzrə ayrıca olaraq ərizəçiyə münasibətdə qiymətləndirilməli, yəni ərizəçinin konkret vəziyyətinə və ya qorumaq istədiyi maraqlara əhəmiyyətli zərər vurulması təhlükəsinin olub-olmadığı araşdırılmalıdır. Bu zaman ərizəçinin fərdi halları nəzərə alınmaqla hüquqi statusa və ya faktiki vəziyyətə müdaxilənin ağırlığı, onun yaradacağı real nəticələr, həmin nəticələrin maraqlı şəxsə təsiri və s. qiymətləndirilir.

28. Təcililik şərti ödənilmirsə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə olan ehtiyac aradan qalxır. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, təcililiyin mövcudluğunun əsaslandırılması və ona dair sübutların təqdim olunması ilk növbədə ərizəçinin üzərinə düşür. Ərizəçi tərəfindən təqdim edilməli olan əsaslandırma və sübutlar məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

29. Işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçı ərizəyə birinci instansiya məhkəməsində baxıldığı vaxt artıq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Belə olan halda, ərizəçinin qarşısının alınmasını istədiyi hüquqi nəticə artıq baş vermiş, onun çağırışı həyata keçirilmiş və o, hərbi xidmət keçməyə başlamışdır.

30. Bu səbəbdən, hazırkı ərizənin predmeti olan çağırışın dayandırılması baxımından yaxın gələcəkdə və ya dərhal baş verə biləcək müdaxilə təhlükəsindən danışmaq mümkün deyildir. Əksinə, ərizədə qarşısının alınması tələb olunan hal artıq reallaşdığından, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqini şərtləndirən təcililik meyarı öz aktuallığını itirmişdir. Müvəqqəti xarakterli müdafiə tədbirləri gələcəkdə baş verə biləcək hüquqi və ya faktiki nəticələrin qarşısının alınmasına xidmət etdiyindən, həmin ərizə üzrə tələb edilən tədbir vasitəsilə artıq baş vermiş çağırışın aradan qaldırılması və ya dəyişdirilməsi məqsədilə tətbiq edilə bilməz.

31. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə qorunması nəzərdə tutulan marağın təmin edilməsi artıq mümkün olmadığından ərizə üzrə ilkin təcili tənzimləmənin zəruriliyi mövcud deyildir. Bu halda, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə ehtiyac qalmadığından iddianın uğurluluq ehtimalının ayrıca araşdırılmasına da zərurət yoxdur. Ərizədə tələb edilən tədbirin predmeti artıq aradan qalxdığından və həmin tədbir vasitəsilə qorunması nəzərdə tutulan marağın təmin edilməsi mümkün olmadığından ərizə üzrə aktual hüquqi müdafiə marağı mövcud deyil, buna görə ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-*)-**/**** nömrəli qərardadı ləğv edilsin. Iddiaçı Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmasın. Qərardad inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar