Məhkəmə qərarları › İş №15(3-9)-81/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-9)-81/2026

15.07.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 15(3-9)-81/2026 15.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi3, ərizəçi2 İnqilab oğlunun, ərizəçi1 cavabdehlər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərizənin mümkün sayılmaması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının “ünvan 1 ünvanında yaşayan X2 obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə” ##.##.2012-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri Atabəylər küçəsi, bina 6, mənzil 30-da yaşayan X2 Kürdəmir şəhəri, Heydər Əliyev prospekti məhəllə 2/2 ünvandakı mülkiyyətində olan 0.801 ha torpaq sahəsində sahibkar obyektlərinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X8 qrupunun ##.##.2021-ci il tarixli **** nömrəli rəyində qeyd edilmişdir ki, “...X4 məxsus Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən ticarət mərkəzinin binalarının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X21 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun ##.##.2021-ci il tarixli **** saylı iclasında obyektinin yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.” Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, 2 ünvanında yerləşən 0.8014 ha torpaq sahəsinə 1/6 hissədə ərizəçi1, ərizəçi2 İnqilab oğlu, ərizəçi1 və digər şəxslərin xüsusi mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaışdır. Birinci instansiya məhkəməsində icraat: Ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə-2, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məqsədilə “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən X6 və X12 tərəfindən edilən müraciətlər əsasında müvafiq elektron portalda hər hansı hərəkətlərin edilməsinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həmin ərazinin özəlləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin görülməsinin cavabdehlərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2024-ccü il tarixdə Nəbiyev İslam Hilal oğlundan Kürdəmir şəhəri, H.Əliyev prospekti, məhəllə 2, 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini alğı-satqı yolu ilə əldə etmişdirlər. Həmçinin, həmin ərazidə yerləşən, lakin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmayan, həmin dövrdə bazarın tərkib hissəsi olan bəzi qeyri-yaşayış sahələri də keçmiş mülkiyyətçidən dəyəri ödənilməklə alınmışdır. Həmin ərazidə olan bütün tikililər satıcılar tərəfindən tikilmişdir. Daha sonra müəyyən olunmuşdur ki, X6 və X12 qanunsuz olaraq mülkiyyətçilərin faiktiki sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsini zəbt etmiş, bununla da kifayətlənməyərək Şahbazov Hafiz İnqilab oğlu, ərizəçi3, Şahbazov Mübariz İnqilab oğlu, ərizəçi2 İnqilab oğlu, X5 faktiki sahibliyində və istifadəsində olan ərazinin özəlləşdirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdirlər. Fövqəladə Hallar Nazirliyi qanunvericiliyə zidd olaraq, həmin əraziyə heç bir sahiblik hüququ olmayan, bazar rəhbərliyi ilə icarə münasibətlərində olmuş X6 və X12 özəlləşmə ilə bağlı ərizəsini qəbul etmiş və elektron portala daxil etməklə bununla bağlı müvafiq proseslərə başlamışdır. Cavabdehin etirazı: Müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Rəşidə Quliyeva) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan ərizəçilər apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin çıxarışda və texniki pasportda olub-olmamasında asılı olmayaraq həmin qeyri-yaşayış sahəsi Nəbiyev İslam Hilal oğlu tərəfindən tikilmişdir. Tikilinin çıxarışının olmaması o demək deyil ki, istənilən üçüncü şəxs həmin qeyri-yaşayış obyektinə iddia irəli sürə bilər, oranı zəbt edib qanunsuzluqlar edə bilər. Tikiliyə iddiaçıların sahiblik, istifadə və sərəncam hüquqlarının olmasının, cavabdehlərin isə iddiaçıların icazəsi ilə yalnız istifadə hüququnun olmasının nəzərə alınması xahiş olunur. Yerində araşdırma aparılan zaman müəyyən ediləcəkdir ki, həmin hissələrin heç birinin ayrıca kommunal xətti və sayğacları yoxdur, iddiaçıların adına olan sayğaclara və kommunal xətlərə birləşdirilmişdir. Bu halın özü belə həmin sahələrin, yəni həm çıxarışda olan, həm də olamayan, lakin eyni hasar daxilində yerləşən torpaq sahələrində tikilən qeyri-yaşayış obyektlərinin hamısının satıcı Nəbiyev İslam Hilal oğlu tərəfindən tikildiyini təsdiq edir. X6 və X13 heç bir əsas olmadan mülkiyyətçinin dəyişilməsindən və qanunvericilkdə olan boşluqlardan istifadə etməyə çalışmış və qanunsuz hərəkətlər etmişdirlər. Ərizəçilərin mübahisəli qeyri-yaşayış sahəsindən X6 və X12 çıxarılması və ərazinin boşaldılaraq onlara təhvil verilməsi tələbi barədə Kürdəmir Rayon Məhkəməsinin icraatında *(*-***)-***/**** saylı mülki iş var. Beləliklə, həmin sahənin özələşməsi halında ərizəçilərin (iddiaçıların) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi ehtimalı ilkin təcili tənzimləmənin zəruri edir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçilər məhkəmə iclasında iştirak etməmişdirlər. Ərizəçilərin vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, apellyasiya şikayətini müdafiə etdiyi bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçilərin və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra – müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 43. Müvəqqəti xarakterli müdafiənin tətbiqi əsasları 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizə ##.##.2026-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin icraatında olduğu dövrdə iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmiş, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir ki, hazırda da belə bir halların mövcudluğu müəyyən olunmur. Bundan başqa, iddianın uğurluluq ehtimalının qiymətləndirilməsi ilə bağlı İPM-in normalarına istinad eidlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə (əsaslandırma ilə bağlı) qismən razılaşaraq, ümumən mübahisə üzrə gəlinmiş nəticə fərqli olmadığı üçün mübahisələndirilən qərardın ləğvini zəruri hesab etmir və qəbul edilmiş məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi qərardadını mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malik olması, hazırda da belə bir halların mövcudluğunun müəyyən olunmaması ilə əsaslandırsa da, həmin əsas mümkünlüyün deyil, ərizənin təmin edilməməsi üçün əsasdır. Ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etsələrdə, mübahisələndirilən qərardad qəbul edilənədək iddia ilə məhkəməyə müraciət etməmişdirlər. Yalnız ##.##.2026-cı il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməyə müraciət etmişdirlər. Həmin iddia ərizəsində isə hazırki ərizədə tələb irəli sürülmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı deyil, yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı tələblə çıxış etmişdirlər. MPM-in 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Göründüyü ki, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Əgər həmin ərizə təmin edilərsə, həmin qərardad ən çoxu 1 ay müddətində qüvvədə olur. Yuxarıda qeyd edildiyi kimi ərizəçilər müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etsələrdə, mübahisələndirilən qərardad qəbul edilənədək iddia ilə məhkəməyə müraciət etməmişdirlər. Yalnız ##.##.2026-cı il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməyə müraciət etmişdirlər. Həmin iddia ərizəsində isə hazırki ərizədə tələb irəli sürülmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı deyil, yalnız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı tələblə çıxış etmişdirlər. Bundan başqa, ərizəçilər ərizələrində gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməmişdirlər. Qeyd edilən məsələ müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə gələcəkdə qaldıracağı iddia arasındakı bağlılığın qiymətləndirilməsi baxımından həlledici əhəmiyyət daşıyır. Halbuki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli ** nömrəli Qərarının 4.2-ci bəndində görə iddia qaldırılanadək verilmiş ərizələrin məzmununda ərizəçi iddia ərizəsini tərtib edib təqdim etmənin müəyyən qədər vaxt tələb etdiyini, lakin həmin müddəti gözləmədən təcili tənzimləməyə ehtiyac olduğunu inandırıcı şəkildə bildirməli, mümkün qədər ağlabatan qısa müddət ərzində iddia ərizəsini tərtib edərək məhkəməyə təqdim edəcəyini, eləcə də gələcəkdə qaldıracağı iddianın predmetini və əsaslarını göstərməlidir. Belə tələblərə cavab verməyən müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqinə dair ərizələr mümkün sayılmaya bilər. Qərarın 43-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, bu qaydada ərizə verən şəxslər ağlabatan müddət ərzində əsas iddianın özünün qaldırılmasına yönəlmiş konkret hərəkətlər etməlidirlər. Belə ki, iddia vermək istəməyən şəxsin müvəqqəti xarakterli müdafiə tədbirindən istifadə etməsinə hüquqi marağı yaranmır. Həmçinin, sonradan məlum olmuşdur ki, ərizəçilər yenidən eyni tələb ilə ##.##.2026-cı ildə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdirlər və ##.##.2026-cı il tarixli qərardad ilə ərizə təmin edilmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli **(*-*)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar