Məhkəmə qərarları › İş №2(001)-1421/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1421/2025

19.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1421/2025 19.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X23 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 2009 və 2010-cu illərdə onun xəbəri və razılığı olmadan, Cavabdeh1 ASC ilə bağlanmış ipoteka müqavilələri əsasında onun qeydiyyatda olduğu və yaşadığı yeganə evini kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. Sonradan, kredit öhdəliyi icra olunmadığı üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9358/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tələb ipoteka predmetinə yönəldilərək yaşadığı fərdi yaşayış evi baş tutmamış hərracın nəticəsi kimi Cavabdeh1 ASC-nin mülkiyyətinə keçirilmişdir. Bundan sonra Cavabdeh1 ASC yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 2(001)-413/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, X1, Xıdırzadə (Mustafazadə) Sənəm Kənan qızı, X9 tərəfindən boşaldılaraq banka təhvil verilməsinə nail olmuşdur. Qeydiyyatda olduğu və çıxarışla ümumi sahəsi 265 kv.metr olan fərdi yaşayış evinin (faktiki 500 kv.metrdir) boşaldılaraq banka təhvil verilməsinin qət edildiyi ona məlum olduqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il tarixli, 2(001)-9358/2012 saylı və xx.xx.2015-ci il tarixli, 2(001)-413/2015 saylı qətnamələrinin surətlərini tələb etmişdir. Qeyd olunan müqavilənin bağlanması prosesində onun iradə ifadəsi olmamış və bu hal onun müqavilə hüquqlarını pozmuşdur. Buna görə də, müqavilənin etibarsız hesab edilməsi zəruridir. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlak üzərində qeyd edilmiş ipoteka qeydləri əsassız olaraq aparılmışdır. Müqavilənin etibarsız hesab edilməsindən sonra bu qeydlərin bərpası tələb olunur. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edərək əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X15 Cavabdeh1 ASC-yə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 3 ünvanında X4, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı, xx.xx.1997-ci il təvəllüdlü X13, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1970-ci il təvəllüdlü X1, xx.xx.1994-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9358/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X14 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X10 xx.xx.2009-cu il tarixli 452/F-S-09 saylı kredit müqaviləsi üzrə 100.000 manat əsas, 13555.57 manat faiz borcu olmaqla, cəmi 113555.57 manat borcun, xx.xx.2010-cu il tarixli 13/F-S-10 saylı kredit müqaviləsi üzrə 48750 manat əsas, 9485.89 manat faiz borcu olmaqla, cəmi 58235.89 manat borcun, xx.xx.2010-cu il tarixli 997/F-S-10 saylı kredit müqaviləsi üzrə 10000 manat əsas, 1678.94 manat faiz borcu olmaqla, cəmi 11678.94 manat borcun, xx.xx.2011-ci il tarixli 1080/F-11 saylı kredit müqaviləsi üzrə 35000 manat əsas, 9441.25 manat faiz borcu olmaqla, cəmi 44441.25 manat borcun öhdəliklərin icrasının yubadılması ilə əlaqədar 10000 manat dəbbə pulunun, ümumilikdə cəmi 237911.65 manat məbləğində pulun, ipotekaya tutmanın yönəldilməsi ilə əlaqədar bildirişin qeydiyyata alınması ilə əlaqədar ödənilmiş 120 manat rüsumun, iddia ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsi, 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-413/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.Ə.Şirvani küçəsi, 7 saylı fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, X1, X11 və X9 tərəfindən boşaldılması və həmin evin Cavabdeh1 ASC-yə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8179/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-413/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-413/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1 ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan X18 arasında bağlanmış 452/F-S-09-01 saylı 15 dekabr 2009-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli 452/F-S-09 saylı kredit müqaviləsinə əsasən “X6 və Kreditləşməsi üzrə İkinci Layihə”dən cəlb olunmuş vəsait hesabına ipoteka saxlayan borcalana 60 ay müddətinə illik 1% olmaqla 100000 manat məbləğində kredit verir, veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi Cavabdeh2 məxsus olan (ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsində xx.xx.2009-cu il tarixli 131 nömrəli reyestr kitabının 11905 vərəqində qeydiyyata alınmış, seriya MA nömrə 0019838, reyestr nömrəsi **********87-10301, qeydiyyat № ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evini ipoteka qoyulması ilə təmin edilmişdir. İpoteka qoyulan əmlak tərəflərin razılığı ilə 150000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC ilə sonrakı ipoteka qoyan Cavabdeh2 və borcalan X18 arasında bağlanmış 997/F-S-10-01 saylı 20 dekabr 2010-cu il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, sonrakı ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış “20” dekabr 2010-cu il tarixli, 997/F-S-10 saylı Kredit müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan X7 Milli Fondundan cəlb olunmuş vəsait hesabına 24 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Sonrakı ipoteka qoyan Cavabdeh2 məxsus (ƏMDK DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009cu il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0019838, Reyestr nömrəsi **********87- 10301, Qeydiyyat nömrəsi: ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi X25 küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi sonrakı ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yükləməyi üzərinə götürmüşdür. Bu müqavilənin 2.1-ci bəndində qeyd olunan ipoteka predmeti “15” dekabr 2009-cu il tarixli 452/F-S-09 saylı və “30” mart 2010-cu il tarixli 135/F-S-10 saylı Kredit müqavilələrinin təminatı olaraq fizik şəxs Cavabdeh2 ilə bağlanmış “15” dekabr 2009-cu il tarixli 452/F-S-09-01 saylı ipoteka və “30” mart 2010-cu il tarixli 135/F-Ş-10-01 saylı sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh1 ASC-yə ipotekaya qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Sonrakı İpoteka saxlayanın sonrakı ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilmiş və Sonrakı ipoteka qoyan bunu qəbul etmişdir. Sonrakı ipoteka qoyan Sonrakı ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti - quraşdırma işləri apardığı halda ipoteka hüququnun sonradan yaradılmış tikililərə də şamil olunduğu göstərilmişdir. Sonrakı ipoteka predmeti tərəflərin razılığı ilə 300000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan sonrakı ipoteka saxlayan Cavabdeh1 ASC ilə sonrakı ipoteka qoyan Cavabdeh2 və borcalan X18 arasında bağlanmış 1080/F-S-11-01 saylı 27 dekabr 2011-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, sonrakı ipoteka saxlayan ilə borcalan arasında Bakı şəhərində bağlanmış “27” dekabr 2011-ci il tarixli, 1080/F-S-10 saylı Kredit müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Borcalana əsas borcun ödənişinə 6 ay güzəşt dövrü verilməklə 36 ay müddətinə, illik 26 faiz olmaqla 35000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Sonrakı ipoteka qoyan Cavabdeh2 məxsus (ƏMDKYDƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, Seriya MA № 0019838, Reyestr nömrəsi **********87-10301, Qeydiyyat nömrəsi: ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi X25 küçəsi, ev 7 nömrəli fərdi yaşayış evi sonrakı ipoteka saxlayanın xeyrinə sonrakı ipoteka ilə yükləməyi üzərinə götürmüşdür. Bu müqavilənin 2.1-ci bəndində qeyd olunan ipoteka predmeti “15” dekabr 2009-cu il tarixli 452/F-S-09 saylı, “30” mart 2010-cu il tarixli 135/F-S-10 saylı və “20” dekabr 2010-cu il tarixli 997/F-S-10 saylı Kredit müqavilələrinin təminatı olaraq fizik şəxs Cavabdeh2 ilə bağlanmış “15” dekabr 2009-cu il tarixli 452/F-S-09-01 saylı ipoteka, “30” mart 2010-cu il tarixli 135/F-Ş-10-01 saylı və “20” dekabr 2010-cu il tarixli 997/F-S-10-01 saylı sonrakı ipoteka müqavilələrinə əsasən Cavabdeh1 ASC-yə ipotekaya qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Sonrakı İpoteka saxlayanın sonrakı ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilmiş və Sonrakı ipoteka qoyan bunu qəbul etmişdir. Sonrakı ipoteka qoyan Sonrakı ipoteka saxlayanın razılığı olmadan ipoteka predmetinin dəyərinin artmasına səbəb olmuş əsaslı tikinti - quraşdırma işləri apardığı halda ipoteka hüququnun sonradan yaradılmış tikililərə də şamil olunduğu göstərilmişdir. Sonrakı ipoteka predmeti "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən 300000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 70 saylı, xx.xx.2008-ci il tarixli sərəncamının surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsi Şirvani küçəsində yerləşən və vətəndaş Cavabdeh2 məxsus olan 7 saylı evin həyətyanı torpaq sahəsində “B” tikilisi - qarajın sökülərək, yerində inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinin mövcud vəziyyətdə rəsmiləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticələri haqqında Y-226 saylı, xx.xx.2014-cü il tarixli protokolunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsi, 7 saylı fərdi yaşayış evi 153000 məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, ipoteka saxlayan Cavabdeh1 ASC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsi, 7 saylı fərdi yaşayış evini 153000 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pblik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, İdarə tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9358/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsinə, "xxxx" MMCnin 226 nömrəli xx.xx.2014-cü il tarixli hərracın nəticələri haqqında protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13 və 29-cu maddələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Bu baxımdan, əşyanın girov və ya ipotekaya qoyulması mülkiyyətçinin sərəncam vermək səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1ci maddəsində əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İpoteka haqqında” Qanun) ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Göründüyü kimi, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan. Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs başa düşülür. Bütün hallarda kreditor və ipoteka saxlayan eyni şəxs olur, yəni ipoteka saxlayan rolunda yalnız kreditor çıxış edə bilər. Girov və ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə, kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. Eyni zamanda qeyd edilməlidir ki, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.2 və 158.4-cü maddələri). İpoteka müqaviləsinin bağlanması zamanı sərəncam hüququnun həyata keçirilməsi “İpoteka haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşyanın ipoteka ilə yüklü edilməsi zamanı bütün mülkiyyətçilərin hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə həmin mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığının olması tələb edilir. Bununla yanaşı, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, 15 dekabr 2009-cu il tarixli, 452/F-S-09 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən X14 illik 11 faiz olmaqla, 60 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, 30 mart 2010-cu il tarixli, 135/F-S-10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən X14 illik 7 faiz olmaqla, 60 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir. 20 dekabr 2010-cu il tarixli, 997/F-S-10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən X14 illik 6 faiz olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. 27 dekabr 2011-ci il tarixli, 1080/F-11 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC tərəfindən X14 illik 26 faiz olmaqla, 36 ay müddətinə 35000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin icrasının təmin etmək məqsədilə bankla Cavabdeh2 arasında ipoteka müqavilələri bağlanmış, Cavabdeh2 məxsus olan (ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsində xx.xx.2009-cu il tarixli 131 nömrəli reyestr kitabının 11905 vərəqində qeydiyyata alınmış, seriya MA nömrə 0019838, reyestr nömrəsi **********87-10301, qeydiyyat № ********** olan Çıxarışa əsasən) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9358/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X14 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi və tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X10 xx.xx.2009-cu il tarixli 452/F-S-09 saylı kredit müqaviləsi üzrə 100.000 manat əsas, 13555.57 manat faiz borcu olmaqla, cəmi 113555.57 manat borcun, xx.xx.2010-cu il tarixli 13/F-S-10 saylı kredit müqaviləsi üzrə 48750 manat əsas, 9485.89 manat faiz borcu olmaqla, cəmi 58235.89 manat borcun, xx.xx.2010-cu il tarixli 997/F-S-10 saylı kredit müqaviləsi üzrə 10000 manat əsas, 1678.94 manat faiz borcu olmaqla, cəmi 11678.94 manat borcun, xx.xx.2011-ci il tarixli 1080/F-11 saylı kredit müqaviləsi üzrə 35000 manat əsas, 9441.25 manat faiz borcu olmaqla, cəmi 44441.25 manat borcun öhdəliklərin icrasının yubadılması ilə əlaqədar 10000 manat dəbbə pulunun, ümumilikdə cəmi 237911.65 manat məbləğində pulun, ipotekaya tutmanın yönəldilməsi ilə əlaqədar bildirişin qeydiyyata alınması ilə əlaqədar ödənilmiş 120 manat rüsumun, iddia ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə verilməsi, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X25 küçəsi, 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi və vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-413/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilin boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh1 ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.Ə.Şirvani küçəsi, 7 saylı fərdi yaşayış evinin cavabdehlər Cavabdeh2, X1, X11 və X9 tərəfindən boşaldılması və həmin evin Cavabdeh1 ASC-yə təhvil verilməsi qət edilmişdir. Hazırda İddiaçı onun xəbəri olmadan və iradəsinə zidd olaraq qeydiyyatda olduğu və yaşadığı yeganə evinin kredit müqaviləsinin təminatı kimi girov qoyulmasına əsaslanaraq, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, ipoteka ilə yüklü edilmiş əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı da onun həmin ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı iddia irəli sürməklə bağlı subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə hazırki iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab etmir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin də üçüncü şəxs qismində cəlb olunduğu “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar