Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5765/2021 12.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X5 oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 cəlb edilməklə müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20.04.2015-ci il tarixli kredit müqaviləsi, 30.10.2015ci il tarixli kredit və zaminlik müqavilələrinə əlavənin, 20.04.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi və 30.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qızının keçmiş həyat yoldaşı X1 xahişi ilə "xxxx" İKB ASC ilə 20.04.2015-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən iddiaçıya 36 ay müddətinə ödəmək şərtilə 20 500 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Eyni zamanda sonrakı ipoteka müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 30.7 kv metr olan iki otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kreditin ayrılması və təminatı üçün danışıqlar kürəkəni ilə bank işçiləri arasında aparılmışdır. Müşfiq Kamalovla bank arasında zaminlik müqaviləsi bağlanılmışdır. Vaxtı ilə aralarında qohumluq münasibətləri olduğuna görə və ona etibar etdiyinə görə, kürəkənin dəvəti ilə banka və notariusa getmişdir. Sənədləri oxumadan imzalamışdır. Bankdan verilən vəsaiti Müşfiq özü almış və işlətdiyi ticarət obyektinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə etmişdir. Vəsaitin xərclənməsindən xəbəri olmamışdır. Çünki ödənişlər barədə kürəkəni onu arxayın salmışdır. Lakin sonradan iddiaçıya bəlli olmuşdur ki, kürəkəni və bankın işçiləri onu aldatmışlar. Kürəkəni ödənişləri həyata keçirməmişdir. Sonradan kredit və sonrakı ipoteka müqaviləsinə 30.10.2015-ci il tarixli Əlavələr tərtib edilmişdir. Hər iki əlavə tərtib olunarkən tərəflər müqavilənin mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlməmişdir. Belə ki, kredit müqaviləsinin 1.6-cı maddəsində kreditin müddəti 36 ay göstərildiyi halda, əlavənin 1.6-cı bəndində “78 ay 3 gün sözləri ilə əvəz edilsin və kreditin müddəti 78 ay 3 gün hesab edilsin” əlavəsi qəbul edilmişdir. Həmin əlavənin 1.3cü maddəsinə görə zaminlik müqaviləsinin 1.3.3-cü bəndində göstərilmiş (müqavilədə mövcud olmayan) 37 ay sözləri əvəzinə 78 ay 3 gün sözləri ilə əvəz edilsin və kreditin müddəti 78 ay 3 gün hesab edilsin. Müqavilələr ilə əlavələr arasında ziddiyət yaranmışdır. Əlavədə qeyd olunur: Sonrakı ipoteka müqaviləsinin 1.1-ci bəndinin müqəddiməsi dəyişərək aşağıdakı formada yazılmışdır: İpotekasaxlayanla borcalan arasında 20.04.2015-ci il tarixli 15-2161-2-0-221-15 saylı kredit müqaviləsinə əsasən 20 500 ABŞ dolları 36 ay müddətinə verilərkən ona hesablanmış faizlər 30.10.2015-ci il tarixli 1 saylı əlavəsi olan ödəniş cədvəlində göstərilmiş 30.10.2015-ci il tarixə olan qalıq məbləği 19752,77 ABŞ dolları, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 1.2. Müqavilənin 3.3cü bəndi İpoteka ilə yüklü edilmiş əmlak 55 000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunan maddə dəyişdirilərək aşağıdakı redaksiyada oxunması qəbul edilmişdir: İpoteka ilə təmin edilmiş öhdəlik “78 ay 3 gün” 20.04.2015 tarixindən 23.10.2021-ci il tarixinədək icra edilməlidir. Mülki Məcəllənin tələblərinə əsaslanaraq hesab edir ki, kredit və sonrakı ipoteka müqavilələri və onlara sonradan olunan əlavələr əhəmiyyətsiz əqdlərdir və bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqdlərdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənlər əsassızdır. İddiaçı öz iradəsi ilə müqavilələri imzalamışdır. Eyni zamanda qeyd etmişdir ki, bankın iddiaçılara qarşı digər məhkəmədə iddiası vardır. O iş hazırkı iş yekunlaşana qədər dayandırılmışdır. İddiaçı qəsdən borcun ödənilməsindən yayınmaq üçün müqavilənin etibarsızlığı ilə əlaqədar iddia qaldırmışdır. Qeyd etmişdir ki, müqavilənin etibarsızlığı ilə əlaqədar iddia müddəti də iddiaçı tərəfindən ötürülmüşdür. Belə olan halda iddia tələbi rədd edilməlidir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı iddiasını 20.04.2015-ci il tarixli kredit, zaminlik və sonrakı ipoteka müqavilələrində kreditin verilmə tarixinin 36 ay göstərilməsinə baxmayaraq həmin müqavilələrə 20.10.2015-ci il tarixində bağlanmış əlavələrdə “37” ay göstərilməsi ilə əsaslandırmışdır. Məhkəmə həmin ziddiyəti əhəmiyyətsiz hesab edir. Belə ki, həmin səhv texniki səhvdir. Bütün əlavələrdə kreditin verilmə müddətinin eyni tarixə, yəni 23.10.2021-ci il tarixinədək uzadılması göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının şəxsən notariat kontoruna getməsi və orada ipoteka müqaviləsi və ona əlavələrin bağlanması bağlanmış müqavilələrin onun iradəsinə uyğun olduğunu təsdiq edir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. İddiaçı onun bank tərəfindən aldadılmasını bildirsə də, bunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının kürəkəninin iddiaçıdan aldığı pulu geri qaytarmaması müqavilənin etibarsızlığına əsas deyil və iddiaçı kürəkəninə qarşı həmin pulun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-5765/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5765/2021
12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver