Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-1151/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 2332 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından bir övladları, xx.xx.2021-ci il təvəllüdlü X1 doğulmuşdur.
2. İddiaçı nikahın pozulması üçün 8 saylı Mediasiyaya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə tərəflər arasında Barışıq sazişi bağlanmışdır. Barışıq sazişində uşaqların yaşayış yeri, ünsiyyət və alimentlə bağlı tərəflər razılığa gəlmiş və bunlarla bağlı şərtləri sazişdə göstərmişlər.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/8-00211 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsi – qüvvədən düşməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həyal yoldaşı Cavabdeh nikahın pozulması, uşağın onun yanında qalması və aliment tələbi ilə bağlı 8 saylı mediasiya təşkilatına müraciət eləmişdir. Ona da zəng edib həmin təşkilata dəvət etdilər. Orda bildirdilər ki, alimentin 350 man olmağı, ümumiyətlə şərtlərin bu cür olması məsləhətdi. Əks halda sən uşağını görməyə bilərsən, hətta atalıqdan məhrum oluna bilərsən. Bunun real, qanuni olduğuna inanmış və qorxub barışıq sazişinə imza atmışdır. Lakin mediasiya təşkilatında sonra məsləhət almaq üçün dərhal vəkil burosuna müraciət etmiş, orada ona bildirmişlər ki, valideyn hüquqlarından məhrum edilmə üçün əsasların siyahısı qanunvericilikdə tam şəkildə müəyyən edilmişdir. Xroniki alkoqol və narkoman deyilsən, heç kim səni valideyinlik hüququndan məhrum edə bilməz, səni aldadıblar. Bundan sonra o, aylıq gəlirlərimi təsdiq edən arayışı və sazişin ləgv olunmasına dair ərizəni mediasiya şurasina təqdim etdikdə, ona bildirdilər ki, artıq sazişi imzalamısız. Sizə bunula bağlı heç bir köməklik göstərə bilməyəcəyik. Mediasiyada onu heç kim dinləmək istəmədi. Bu tələb onun aylıq gəlirinə uyğun gəlmir, alimetin şərtləri və məbləği ilə razı deyil. Onun orta aylıq əmək haqqı 400 manatdır, 350 manat alimenti ödəyə bilməyəcək, belə çıxır o, 50 manatla yaşayacaqdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət elməli olmuşam. “Yaşayış minimumu haqqında” AR Qanununa əsasən 01 yanvar 2022-ci il tarixdən uşaqlar üçün minimum yaşayış məbləği 193 manat müəyyən edilmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin oıunmasını xahiş etdilər.
9. Cavabdeh iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 6.2 Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
14. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
15. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.
17. Maddə 3.1.2. Ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir.
18. Maddə 5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər.
19. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.
20. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
25. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
26. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli və iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ötrü tərəflər arasında bağlanmış barışıq sazişinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bunun barışıq sazişinin anlayışına diqqət yetirilməlidir.
27. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 1.0.7) verilmiş məhdud anlayışa görə barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Göründüyü kimi, verilən anlayışla mediasiya prosesinin nəticəsində əldə edilmiş barışıq sazişinin məqsədini müəyyənləşdirmək çətinlik yaradır.
28. Ona görə də barışıq sazişinin mahiyyətini və məqsədini aydınlaşdırmaqdan ötrü Mülki Məcəllənin 881.1-ci maddəsində barışıq razılaşmasına (sazişinə) verilən anlayışa müraciət etmək zərurəti yaranır (MM-nin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir). Həmin müddəada verilən anlayışdan görünür ki, barışıq sazişi tərəflər arasında bağlanmış bir müqavilədir və onun əsas məqsədi mübahisəli vəziyyətin (qeyri-müəyyənliyin) qarşılıqlı güzəştlər yolu ilə həll edilməsindən ibarətdir. Bu zaman tərəflər üzərlərinə yeni öhdəliklər götürməklə özləri üçün yeni hüquq və vəzifələr yaratmış olurlar.
29. Beləliklə, barışıq sazişi, qanunun müəyyən etdiyi kimi, iki tərəfli müqavilə (əqd) olduğundan onun istər bağlanması, istərsə də etibarsızlığı ilə bağlı məsələlərə əqdin bağlanması və etibarsızlığı barədə müddəlar tətbiq ediləcəkdir.
30. İddiaçının mediasiyada bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlili ondan ibarətdir ki, mediasiya təşkilatında barışıq sazişini imzlamayacağı halda onu övladını görə bilməməsi və atalıqdan məhrum ediləcəyi ilə qorxutmuşlar. Lakin mediasiya təşkilatından dərhal sonra vəkilə müraci’t etmiş, orada ona bunun əsası olmadığını izah etmişər.
31. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması ilə bağlıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
32. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 349cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması, yaxud bağladığı əqdin hüquqi nəticələrini yetəri qədər dərk etməməsi ilə bağlıdır. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir.
33. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də məcburetmə (hədə) nəticəsində bağlanmış əqddir. Məcbur etmə (hədə) təsiri altında bağlanmış əqd onu bağlayan tərəfin real iradə ifadəsini əks etdirmir. Əqdin tərəflərinin iradə ifadəsi isə əqdi etibarlı edən ən mühüm şərtlərdən biridir. İradə ifadəsi şəxsin əqdi bağlamaq istəyindən doğduğu halda real, başqa sözlə həqiqi (etibarlı) ola bilər. Yəni, şəxsin əqdi bağlamaq istəyi həm zahirən (görünən), həm də daxilən mövcud (arzulanan) olmalı və hər iki əlamət bir-birini tamamlamalıdır. Əks halda, əqd yalnız zahirən etibarlı kimi görünəcək, daxilən isə onu bağlayan şəxsin arzsundan doğmayacaq və nəticədə etibarlı olmayacaqdır. Məcbur etmə (hədə) təsiri altında balanmış əqdlər də zahirən mövcud olan, lakin daxilən şəxsin arzusundan doğmayan əqdlərdəndir. Çünki, belə əqdi bağlayan şəxsin iradə ifadəsi onun öz arzusu ilə deyil, kənar təsirlər nəticəsində formalaşdırılmış olur.
34. Bu səbəbdəndir ki, qanun belə əqdi bağlayan şəxsi əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə əqdi mübahisələndirmək imkanı verir.
35. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı məhz, hədə qorxu ilə barışıq sazişini bağlamağa məcbur edildiyini (barışıq sazişini imzlamayacağı təqdirdə övladını görə bilməməsi və atalıqdan məhrum ediləcəyi ilə) iddia edərək barışıq sazişinin etibarsızlığını tələb edir.
36. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddiasını əsassız hesab edir.
37. Məhkəmə qeyd edir ki, yuxarıda da şərh edildiyi kimi, məcbur etmə nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin müqavilənin digər tərəfinə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, qanun birbaşa göstərməsə də, müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığna səbəb olan halları sübut etmək yükünü qoyur.
38. İddiaçı barışıq sazişin bağlamağa məcbur edildiyini bildirsə də, bu dəlilini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisənin məhkəmədə araşdırlması zamanı da iddiaçının həqiqətən də mediasiyada mediator, cavabdeh, yaxud digər şəxlər tərəfindən məcbur edilərək barışıq sazişini iradəsi əleyhinə bağlaması ilə bağlı hallar müəyyən edilməmişdir. Çünki, məhkəmə iclasında verdiyi izahatından, habelə elə iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı əslində barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği ilə razı deyil. Belə ki, iddiaçı məhkəmədə, eləcə də iddia ərizəsində barışıq sazişinin etibasız hesab edilməsi barədə dəlilini onunla əsaslandırır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 manat aliment ödəyə bilməz, çünki onun aylıq maaşı 400 manatdır.
39. Məhkəmə qeyd edir ki, barışıq sazişinin bu əsasla mübahisələndirilməsi onun etibarsız hesab edilməsi üçün yox, icrasından imtina üçün, yaxud cavabdehlə razılıq əsasında yeni barışıq sazişinin bağlanması üçün əsas ola bilər.
40. Digər bir tərəfdən, yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin ödənilməsi valideynin qanunla müəyyən edilmiş öhdəliyidir və onların bu vəzifələri Ailə Məcəlləsində (13-cü fəsil) imperativ olaraq nəzərdə tutulmuşdur. Odur ki, hər hansı bir sazişdə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq iddiaçının yetkinlik yaşına çatmayan övladını saxlamaq vəzifəsi vardır, əvvəldə də qeyd edildiyi kimi, bu vəzifə hər hansı sazişdən deyil, qanundan irəli gəlir. Mübahisə isə yalnız alimentin miqdarına münasibətdə yarana bilər.
41. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında mediasiyada birgə nikahlarından doğulmuş uşalarının saxlanması və digər məsələlərlə bağlı barışıq sazişi bağlanmış, lakin sonradan iddiaçı alimentin məbləğinə etiraz edərək sazişin icrasından imtina etmiş, cavabdeh barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmiş (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı mübahisəyə baxılanadək barışıq sazişinin təsdiqi barədə oolan mülki işin icraatı dayandırılmışdır), eyni zamanda iddiaçı da hazırkı iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmışdır.
42. Şərh edilənlər bir daha onu deməyə əsas verir ki, iddiaçı yalnız alimentin miqdarı ilə razı olmamdığından hazırkı iddianı irəli sürmüşdür. Bu halda isə onun irəli sürdüyü dəlillər əsasında barışıq sazişinin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən qanuni əsaslar mövcud deyil.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı