Məhkəmə qərarları › İş №2(011)-2422/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-2422/2025

19.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-2422/2025 19.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrrədin qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 6 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 2V-156 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, mərhum X13 onun qardaşıdır. Qardaşının səhhətində yaranmış problemlərlə əlaqədar 2000-ci ilin əvvəllərindən ağır yataq xəstəliyinə tutulmuş və bir müddət sonra 1-ci qrup əlillik dərəcəsi almışdır. Bu səbəbdən ötən illər ərzində mərhum, onun, oğlunun və xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağladığı həyat yoldaşı X7 himayəsi altında olmuşdur. 2019-cu ilin oktyabr ayında qardaşı, həyat yoldaşı ilə birgə müalicə və yaşamaq məqsədilə Rusiya Federasiyasına köçmüşdür. Köçmə və şəxsi əşyalarının göndərilməsini də iddiaçının oğlu təşkil etmişdir. Qardaşının səhhətində ciddi problemlər olduğu, fiziki cəhətdən qüsurlu olması səbəbindən daim yataqda olmuş, nadir hallarda əlil arabasından istifadə etmişdir. Qardaşı Rusiyada yaşadığı müddətdə iddiaçının oğlu, ailəsinin imkanları daxilində daim onun və həyat yoldaşının maddi və məişət məsələlərinin həlli istiqamətində dəstək olmuşdur.2021-ci ilin iyun və dekabr aylarında İradə Axundova, Rusiya Federasiyasının ayrı-ayrı notarial dairələrində, Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında rəsmi nümayəndəsi olmaq, onun adından imza atmaq, Azərbaycan ərazisində daşınar və daşınmaz əmlakın idarə olunması, üzərlərində sərəncam verilməsi, mübadilə, icarə, alqısatqı və digər əqdlər bağlamaq, əmlakı girova qoymaq və sair geniş səlahiyyətləri özündə ehtiva edən iki etibarnaməni oğluna göndərmişdir. Bu etibarnamələr oğlunun adına 3 və 5 il müddətinə verilmişdir. xx.xx.2022-ci ildə İradə Axundova qəflətən dünyasını dəyişmişdir, iddiaçının oğlu şəxsi vəsaiti hesabına mərhumun cənazəsinin ölkəyə gətirilməsini,dəfn mərasimini şəxsən təşkil etmişdir. Daha sonra qardaşının Rusiyadan Azərbaycana köçürülməsi və Bakı şəhəri Mərədəkan qəsəbəsində kirayə götürülən bağ evində məskunlaşması da onun oğlu tərəfindən həyata keçirilmişdir. İddiaçının oğlu həmçinin, onun ödənişlərini etmiş və digər maddi, mənəvi köməklik göstərmişdir.Qardaşını, mərhum həyat yoldaşı İradə Axundovaya məxsus iki daşınmaz əmlakın vərəsəlik məsələlərinin həll olunmasını oğlundan xahiş etmiş, oğlunun iştirakı olmadan xx.xx.2022-ci il tarixdə 7 saylı Notariat ofisi vasitəsilə bütün səlahiyyətləri əhatə edən 10 il müddətinə etibarnamə vermişdir. Bir müddət sonra iddiaçı eşitmişdir ki, qardaşı onların xəbəri olmadan naməlum şəraitdə mərhum həyat yoldaşından vərəsəlik qaydasında keçmiş 150.000 AZN dəyərində olan mənzili 70.000 manata satmışdır. İddiaçı dərhal əlaqə saxlayıb niyə mənzili ucuz qiymətə satdığını soruşanda müxtəlif və tutarlı əsası olmayan bəhanələr gətirmiş, guya ehtiyacının olduğunu söyləmişdir. Həmin alqı-satqılardan sonra qardaşı əlində olan pul vəsaitlərini qısa müddət ərzində və naməlum şəraitdə xərcləmiş, həmçinin, onun və oğlunun xəbəri olmadan Mərdəkanda qaldığı mənzildən naməlum şəxslər tərəfindən və naməlum şəraitdə başqa ünvana köçürülmüşdür. Bu da ona göstərmişdir ki, qardaşı düzgün yolda deyil. Çünki, yataq xəstəsi və ciddi sağlamlıq problemi olan bir insanın 70.000 və 95.000 manatı qısa bir müddət ərzində hara xərcləyəcəyi sual doğurur.17 noyabr 2024-cü ildə qardaşı X13 ürək çatışmazlığından dünyasını dəyişmişdir. Təxminən 1 ay sonra ona məlum olmuşdur ki, qardaşı, tanımadığı və heç vaxt görmədiyi bir şəxsə vəsiyyətnamə vermişdir. O, bu barədə müvafiq araşdırma apardıqdan sonra, 19 dekabr 2024-cü il tarixində Bakı şəhəri 6 saylı Notariat Ofisinə vəkil sorğusu göndərmiş və 27 dekabr 2024-cü il tarixində cavab almışdır. Məlum olmuşdur ki, mərhum qardaşı, yataq xəstəsi və əlil olmasına baxmayaraq, Cavabdeh2 adına şübhəli və naməlum şəraitdə vəsiyyətnamə vermişdir.Daha sonra məlum olmuşdur ki, Viktoriya Qodunova Azərbaycanda ev heyvanlarına baytarlıq xidməti göstərir. Qardaşının 2022-ci ilin oktyabr ayında Moskva şəhərindən Azərbaycana köçürülməsi prosesində maddi əsasla onun ev heyvanlarına baxılması, köç zamanı müşayət edilməsi üçün bu şəxsə müraciət edilmişdir. Bununla, oğlu, əvvəllər qardaşının ev heyvanına baytarlıq xidməti göstərmiş bu şəxsi tapmış, ona bilet alıb göndərilməsini təmin etmişdir. Mərhum qardaşının verdiyi vəsiyyətnamə, onun öz razılığı ilə verilməmişdir. Çünki 25 il yataq xəstəsi və 1-ci dərəcəli əlil olan, fiziki qüsurlu bir şəxsin naməlum şəraitdə və heç bir qohum, dost və yaxın yoldaşın iştirakı olmadan belə bir hüquqi akt verməsi hüquqi baxımdan qəbul edilən deyildir. Bu səbəbdən, Cavabdeh2 və Bakı şəhəri 6 saylı Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz verərək, göstərmişdir ki, əvvəlcə qeyd etmək lazımdır ki, mənzil mərhum X9 məxsus idi və o, mənzillə istədiyi kimi idarəetmə hüququna malikdir, bununla bağlı öz yaxınlarını xəbərdar etməyə məcbur deyil. Eyni zamanda, iddiaçı X14 oğlunun cavabdehlər X16 oğluna, İddiaçı və Məmmədov Fuad Vüqar oğluna qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ödənilmiş kirayə haqqının geri qaytarılması tələbinə dair mülki iş olmuşdur. Bakı şəhəri, Nərimanov r-nu, Həsənoğlu küçəsi, ev 14A, 14 saylı mənzil xx.xx.2023-cü il tarixdə X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə onun nümayəndəsi X16 oğlu ilə İddiaçı arasında qeyd edilən mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış və mənzil 95.000 manata sonuncuya satılmış, xx.xx.2023cü il tarixdə mənzil dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına rəsmiləşdirilmişdir. "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə də İddiaçı həmin mənzili Məmmədov Fuad Vüqar oğluna satmış və xx.xx.2023-cü il tarixdə onun mülkiyyət hüquqi dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2525/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı adına qeydə alınmış çıxarış etibarsız hesab edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh Məmmədov Fuad Vüqar oğlunun adına qeydə alınmış çıxarış etibarsız hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi iddia tələbinin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Məmmədov Eldəniz tərəfindən etibarnamə əsasında evi öz anasına satması, 1 ay keçməmiş isə başqa şəxsə satması, etibarnamədən öz xeyrinə istifadə etməsi kimi qiymətləndirilərək həmin alqı-satqı müqavilələri zahiri görünüş üçün bağlanmış əqdlər kimi qəbul edilərək etibarsız hesab edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Eyni zamanda öz iddia ərizəsində iddiaçı təsdiqləyir ki, onun qardaşı 1-ci dərəcəli əlil idi, fiziki cəhətdən qüsurlu olması səbəbindən daim yataqda olmuşdu. Qeyd etmək lazımdır ki, həkimin rəyinə əsasən, onda hər iki bud çanaq oynağının koksartroz, hər iki aşağı ətrafların əzələlərinin atrofiyası, bel, sağrı, büzdüm və hər iki dabanın nekrotik yaralarından sonrakı vəziyyət. Beləliklə, birinci dərəcəli əlillik, şəxsın müəyyən fəaliyyət növlərini yerinə yetirmə qabiliyyətində məhdudiyyət olduğunu göstərir, lakin bu, şəxsin tamamilə fəaliyyət qabiliyyətsiz olması demək deyil. Əlillik, şəxsə gündəlik həyatda kömək göstərilməsini tələb edə bilər, amma bu, onun öz hüquqi hərəkətlərini yerinə yetirə bilməsi və qərar qəbul etməsi qabiliyyətinə təsir etməz. Həmçinin vurğulamaq lazımdır ki, o, hətta məhkəmə iclaslarında iştirak edib. Bu, apellyasiya instansiyasının məhkəmə qətnaməsində təsdiq olunur ki, iştirak etdiyi məhkəmə iclasında iddiaçı X14 oğlu apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Baki şəhəri Nərimanov rayon prokurorunun köməkçisinin, İ dərəcəli hüquqşünas X10 15 dekabr 2024-cü il cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən 14 dekabr 2024-cü il tarixli 156 №-li rəyində qed edilmişdir ki, X8 məhkəmə tibb ekspertizası zamanı bədən səthində xəsarətin obyektiv əlamətləri aşkar edilməmişdir. X8 ölümünə səbəb qaraciyər portal serozu nəticəsində baş vermiş kəskin qaraciyər çatmamazlığı olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 08-12 saat əvvələ uyğun gəlir hansı ki meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. X6 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtlər aşkar edilməmişdir. Məsələ elə onadan ibarətdir ki, onun yaxın qohumları elə ona qarşı elədiyi hərəkətlərin nəticəsi kimi mərhum yeganə inandığı adama vəsiyyətnamə vermişdir. Öz iddia ərizələrində qeyd etdikləri kimi, mərhumun mülkiyyətində olan əmlakları yalnız onların razılığı ilə sərəncam verməli idilər. Yəni qohumlar mərhum sağ olarkən onun mülkiyyətini öz mülkiyyət kimi yanaşmaq niyyətində olmuşdurlar. Bir daha onu qeyd etmək istərdim ki, mərhumun əlil olması onun əqli problemin olmasında yox, onun bud çanaq, bel problemlərinə görə yataq xəstəsi olmasından irəli gəlmişdir. O öz hərəkətlərini dərk edirdi, məhkəmədə sərbəst ifadə verirdi. Buna həm qətnamə ilə təsdiqlənir, həm də bizdə olan video materiallarla da sübut olunur. Notariat haqqında qanunun 33 maddəsinə əsasən şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər. Beləliklə, vəsiyyətnamə mərhumun evində 2 şahidin iştirakı ilə imzalanmışdır. Mülki Məcəlləsinin 342.1 maddəsində deyilir ki, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Mərhumun yalnız ayaqları və bud hissəsində problemləri var idi. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, vəsiyyətnamənin əslini məhkəməyə təqdim edən şəxs 6 saylı notariat ofisinin işçisi olmuş və həmin şəxs qeyd etmişdir ki, vəsiyyətnamə verilərkən notarius özü şəxsən vəsiyyətnamə verilən ünvanda olmamışdır. Məhkəmə iclasında dindirilən şahidin ifadələrində ziddiyət olmuş və o, vəsiyyətnamənin tərtib edildiyi vaxtı, həmin vaxt orda əlavə şəxsin olmasını dəqiq deyə bilməmişdir. Digər tərəfdən iş materialları ilə Mahir Mirzəyevin əqli cəhətdən tam fəaliyyət qabiliyyətli olması sübut olunmur, o, vəfatından əvvəl daim kənar şəxslərin təsirində olmuş, vəsiyyətnaməni verərkən də, kənar şəxslər ona təsir göstərdiyindən, mübahisələndirilən vəsiyyətnamə onun həqiqi iradəsini ifadə etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddia ərizəsinə verilmiş etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh Bakı şəhəri 6 saylı Notariat Ofisinin vəkili Vəkil3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, X13 vəsiyyətnamə ilə bağlı 6 saylı Notariat Ofisinə müraciət etmiş, notarius vəsiyyətnaməni qanunvericiliyin tələblərinə uyğun tərtib etmişdir. Vəsiyyətnamədə olan imzalar onu göstərir ki, vəsiyyətnamə qanuni şəkildə tərtib edilmişdir, elektron portalda şəxs fəaliyyət qabiliyyətsiz şəxs kimi qeydiyyatdan keçməmişdir, həmin vaxt X8 əqli problemi olmadığına notariusun şübhəsi olmamışdır. İş materiallarında olan: Bakı şəhəri 6 saylı Notariat Ofisində verilmiş xx.xx.2023-cü il tarixli vəsiyyətnamədən görünür ki, X13 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Bakı şəhəri Nərimanov rayonu 8 saylı şəhər poliklinikasının kartadan qısa Çıxarışın surətindən görünür ki, X13 tərəfindən hər iki bud çanaq oynağının konsartrozu, hər iki aşağı ətrafların əzələlərinin atroziyası, bel, sarğı, büzdüm və hər iki dabanın nekrofik yaralarından sonrakı vəziyyətlə müraciət etmişdir, xəstə İ qrup əlildir, uzun müddətli reabilitasiya vacibdir. 4 saylı şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 8 saylı şəhər poliklinikası ləğv edildikdən sonra X8 ambulator tibbi kartası onlara təhvil verilməmişdir, ambulator tibbi karta arxiv sənədlərinin arasında yoxdur. 4 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X13 hər hansı xəstəliklə Bakı şəhəri, Nərimanov rayonu, 4 nömrəli şəhər poliklinikasına müraciət etməmiş və tibbi qeydiyyatda olmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayonunda fəaliyyət göstərmiş 8 saylı şəhər poliklinikası ləğv olunduqdan sonra arxiv sənədləri BBSM-in 4 nömrəli şəhər poliklinikasına təhvil verilmişdir. xx.xx.1957-ci il təvəllüdlü X8 yaşayış ünvanı üzrə 4 nömrəli şəhər poliklinikasında və ya digər TƏBİB tabeli dövlət tibb müəssisəsinə müraciəti olmadığına görə E-Təbib elektron qeydiyyat sistemində qeydiyyatı aşkar edilməmiş və ambulator tibbi kartası müəyyən edilməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının elektron portalından sonuncu müayinəyə dair məlumatından görünür ki, X9 ümumi xəstəliklə (diaqnoz keçirilmiş polineyropatiyanın davamlı qalıq əlamətləri, aşağı ətrafların paraparezi, kəsskin asteniksindrom, bel fəqərələrinin spondielozu) müddətsiz əlillik təyin edilmiş, kənar şəxslərin köməyinə ehtiyacı vardır. Fotoşəkildən görünür ki, xx.xx.2011-ci il tarixdə X13 və Cavabdeh2 eyni fotoşəkildə yer almışdır. Flaşkartda təqdim olunmuş videomaterialda X8 görüntüləri əks olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2132/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X12 cavabdeh X9 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, X8 Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 14 A, m 14 saylı mənzilindən istifadə hüquqları itirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, X8 ölümündə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı adına qeydə alınmış çıxarış etibarsız hesab edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh Məmmədov Fuad Vüqar oğlunun adına qeydə alınmış çıxarış etibarsız hesab edilmişdir və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mahir Mirzəyevi tanımışdır, Məfkurə xanımı isə tanımamışdır, 18 il bundan əvvəl o, Baytarlıq klinikasında praktikant işləyərkən, klinikanın baş həkimi Mahir Mirzəyevin dostu idi, Mahir müəllimlə həmin vaxtdan tanış olmuşlar. Viktoriya xanımla bir yerdə işləmişlər, Mahir müəllim ona zəng vurub, şahid olmağını, etibar edəcəyi başqa şəxsin olmadığını bildirmişdir. Mahir müəllim ona, etibar etdiyi şəxslərlə hazırda məhkəmə prosesləri olduğunu, ona görə ancaq ona etibar etdiyini bildirmiş, o da razılaşmışdır. İyun ayında o, Mahir müəllimə gecikəcəyini bildirmiş, həmin vaxt Mahir müəllim Zooparkın yanında kirayə qalırmış, həmin vaxt notarius və başqa şahid də olmuşdur, həmin şahid oğlan idi, onun ad, soyadı yadında deyil, şahid ortaboy, sarışın idi, rus ad- familiyası olmuşdur. Notarius da kişi olmuş, vəsiyyətnaməni o, digər şahid, Mahir müəllim və notarius imzalamışdır. Həmin vaxt fotoşəkillər də çəkilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:

47. Vəsiyyətnamələrin təsdiq edilməsi Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə vəsiyyətnamə verən şəxs X8 fəaliyyət qabiliyyətli olmayan və ya öz hərəkətlərini idarə edə bilməyən şəxs olması, kənar şəxslərin təsirində olması səbəbindən mübahisələndirilən vəsiyyətnamənin onun həqiqi iradəsini ifadə etməməsi ilə bağlı iddia tələbinin dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə X8 fəaliyyət qabiliyyətli olmayan və ya vəsiyyətnamə verilərkən öz hərəkətinin mənasını başa düşə bilməyən və öz hərəkətini idarə edə bilməyən şəxs olması sübut olunmur. Belə ki, iş materialları ilə təsdiq olunur ki, X8 əlilliyi fiziki xəstəliklə bağlı olmuş və onun hər hansı əqli qüsuru və xəstəliyi olmamışdır. X13 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmamış, onun yaxın qohumları, eləcə də hazırki iş üzrə iddiaçı olan bacısının özü tərəfindən də bununla bağlı məhkəməyə müraciət olunmamışdır. Bundan başqa, X13 mübahisələndirilən vəsiyyətnaməni verəndən sonra, hazırki iş üzrə iddiaçı olan bacısı İddiaçı ilə aralarında mülkiyyətində olan mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisələri olmuş, X13 məhkəmə iclaslarında şəxsən iştirak etmiş və bu zaman onun fəaliyyət qabiliyyətini itirməsi, bu əsasla iş üzrə icraatın dayandırılması və ona qanuni nümayəndə təyin edilməsi məsələləri gündəmə gəlməmişdir. Qeyd edilənlər təsdiq edir ki, X13 xx.xx.2023-cü il tarixində vəsiyyətnaməni imzalayarkən tam fəaliyyət qabiliyyətli olmuş, öz hərəkətinin mənasını başa düşmüş və öz hərəkətini idarə etmək qabiliyyətində olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə təsdiq olunur ki, mübahisələndirilən vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, imzalanmış və təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş vəsiyyətnamənin şahidlərindən Şahid1 ifadəsində vəsiyyətnamənin tərtib edildiyi vaxt və həmin vaxt orda olan şəxslər barədə ziddiyyətlər olması ilə bağlı iddiaçı tərəfin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Şahid1 ifadəsində vəsiyyətnamənin tərtib edildiyi vaxtı dəqiq yadında saxlaya bilmədiyini qeyd etsə də, vəsiyyətnamədən görünür ki, onun fotoşəkli vəsiyyətnamə təsdiq edildikdən əvvəl çəkilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vəsiyyətnamə təsdiq edilərkən miras qoyan şəxsin evində kənar şəxslərin olub-olmaması vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, X13 xx.xx.2023-cü il tarixində tam fəaliyyət qabiliyyətli şəxs kimi bütün daşınar və daşınmaz əmlakını uzun müddət tanıdığı Cavabdeh2 vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, vəsiyyətnamə tərtib edilərkən X1 rayonu, Həsənoğlu küçəsində yerləşən mənzilinin alqı-satqı müqaviləsinə etiraz etdiyi və daha sonra mənzillə bağlı bağlanmış əqdləri məhkəmə qaydasında mübahisələndirdiyi üçün vəsiyyətnamədə daşınar əmlakları ilə yanaşı daşınmaz əmlakını da vəsiyyət etməsi Mülki Məcəllənin 1152ci maddəsinin tələbləri nəzərə alınmaqla vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. X8 Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən mənzilinin bacısı İddiaçı satılması barədə alqı-satqı müqaviləsini mübahisələndirməsi də, özlüyündə məhkəmədə belə daxili inam formalaşdırmışdır ki, X8 vəfatından sonra öz daşınmaz əmlakının müqəddəratı ilə bağlı həqiqi iradəsi mənzilinin qanun üzrə vərəsi olacaq bacısı İddiaçı qalması olmamışdır və odur ki, bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etməsi mərhumun həqiqi iradəsini əks etdirmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar