Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3968/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisində 06 noyabr 2020-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ilkin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Ofisində İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış ilkin müqavilə özlüyündə əhəmiyyətsiz olan etibarsız müqavilədir. Belə ki, sözügedən müqavilə uydurma, yalan əqddir və özlüyündə etibarsızdır. Bağlanmış müqavilə əslində əsas öhdəliyin icrasının təmin edilməsi üsulu olan girov müqaviləsidir. Əsas öhdəlik isə müqavilədə göstərilən əmlakların satılması deyil, tərəflərin arasında olan ticarət-biznesin fəaliyyəti ilə bağlı malların göndərilməsinin təmin edilməsidir. Yəni Cavabdeh1 Rusiya vətəndaşıdır və X4 tanışıdır. Onların öz aralarında edilən ticarətdə 120.000 manat məbləğində ziyanlıq olmuşdur. Bu səbəbdən də Cavabdeh1 artıq mal göndərmir. Belə ki, mal göndərməsi ünün Hacıyev Emindən girov tələb etmişdir. Bu zaman Hacıyev Emin aralarında olan münasibətə görə iddiaçıdan girov qoyulması üçün köməklik istəmiş və qarşılığında isə əldə olunan qazanca iddiaçını da ortaq edəcəyinə vəd vermişdir. Bu minvalla iddiaçı Eminə etimad göstərdiyindən bu barədə razılaşmış və girov niyyəti ilə ticarətin davam etdirilməsi, malın göndərilməsinə təminat verilməsi məqsədi ilə özünə məxsus əmlakları mübahisə edilən ilkin müqavilə ilə girov qoymuşdur. Lakin Cavabdeh1 öz üzərinə düşən öhdəliyi icra etməmiş və heç bir ticari-tikinti və s. malları göndərməmişdir. Hazırda da Rusiyadadır və hər hansı şəkildə mal göndərmək niyyətində deyil. Göründüyü kimi bu müqavilənin bağlanmasında məqsəd ticarətin davam etdirilməsinə xidmət etmək olmuşdur. Yəni malların Cavabdeh1 tərəfindən göndərilməsinə təminat (qarantiya) yaratmaq olmuşdur. Bu cür müqavilə onda göstərilən hüquqi nəticələri yaratmaq məqsədi ilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqddir. Uydurma əqd isə heç bir hüquqi nəticə yaratmır. Bu hallar X8 ilə aralarında bağlanmış əlyazma müqaviləsindən bir daha öz təsdiqini tapır. Yəni, iddiaçı həmin müqavilə üzrə hər hansı gəlir mənfəət əldə etməmişdir. Pul notariusun depozitinə Emin tərəfindən qoyulmuş və müqavilənin təsdiqindən sonra özü tərəfindən götürülmüşdür. Yəni, Cavabdeh1 həmin müqavilə üzrə bir manat da olsa ödəməmişdir. Pulun dövr etməsi isə (Emin tərəfindən kassaya daxil edilib dərhal götürülməsi) məhz müqavilə formal olaraq rəsmiləşşsin deyə baş vermişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, Cavabdeh1 və X6 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirmişdir ki, müqavilə alğı-satqı niyyətilə bağlanmamış, sadəcə görüləcək işin təminatı olaraq həmin müqavilə bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər isə onu aldatmışdır. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X8 verdiyi izahatda bildirdi ki, iddiaçını dostu Sahib vasitəsilə tanıyıb. Özü hadisənin canlı şahidi olmayıb, lakin notariusda müqavilə bağlanarkən İlhamın 10.000 manat ödədiyini görüb. Tərəflər arasındakı müqavilə qarantiya məqsədilə bağlanıb. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 verdiyi izahatında bildirdi ki, İldırımı 2007-ci ildən bəri tanıyır. İlham mənzil almaq istəmiş, 10.000 manat ödəyib maliyyə arayışı almaq istəmiş, qalan məbləğin əvəzi olaraq da Rusiyadan mal vurub gətirə biləcəyini bildirmişdir. O, hadisənin birbaşa şahidi olmayıb, İldırım ona yaxınlaşıb bildirdikdən sonra məlumatı olub ki, cavabdeh İldırıma məxsus qeyri-yaşayış sahəsini öz adına keçirmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, 06 noyabr 2021-ci ildə X5 ilə (onun əvəzinə İddiaçı) Cavabdeh1 arasında ilkin müqavilə bağlanmışdır. İlkin müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə “X9” MMC ilə X5 arasında bağlanmış müqavilə əsasında X2 məxsus 400 kv.metr olan qeyri-yaşayış sahəsinin alğı-satqısı rəsmiləşdirilmişdir. İlkin ağlı-satqı müqaviləsinin qüvvədə olma müddəti 1 il müəyyən edilmiş, bu müddət ərzində əsas müqavilənin bağlanması şərtləndirilmişdir. Əmlakın satış qiyməti 310.000 manat olaraq müəyyən edilmişdir. Bundan 300.000 manat bankda açılan depozit hesabı vasitəsilə, qalan 10.000 manatı alğı-satqı müqaviləsi rəsmiləşdirildikdə notariusun bankda olan depozit hesabı vasitəsilə ödənilməsi şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı məhkəməyə müraciət edərək ilkin müqavilənin etibarsız hesab edilməsini xahiş etmiş, əsas olaraq da onu bildirmişdir ki, tərəflər biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Tərəflərin əsl niyyəti əmlakın alğı-satqısından ibarət olmamış, görüləcək biznesin təminatı kimi, yəni girov kimi çıxış etməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilədə ödənildiyi qeyd olunan 300.000 manatı oğlunun dostundan aldığını, Cavabdeh1 tərəfindən yalnızca 6.000 dollar, yəni 10.000 manant ödənildiyini qeyd etmişdir. Odur ki, tərəflər arasında biznes fəaliyyəti ilə bağlı razılaşma baş tutmadığından o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı istinad etdiyi hazlların sübuta yetirilməsi üçün şahidlərin dinlənilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci madəsinə görə ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.4-cü madəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, etibarsız sayılması istənilən ilkin müqavilə 2021ci il tarixdə bağlanmış, qüvvədə olma müddəti 1 il nəzərdə tutulmuşdur. İlkin müqavilədə X5 müqavilə qüvvəyə mindiyi andan 12 ay ərzində ünvan 1 ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 400 kv.metr qeyri-yaşayış sahəsinə dair zəruri sənədləri əldə etməklə alaraq mənzili alıcı Cavabdeh1 satmağı, əsas (alğı-satqı) müqaviləni bağlamağı və həmin mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Lakin ilkin müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra tərəflər arasında əsas müqavilə bağlanmamışdır. İstinad olunan hal hazırda ilkin müqavilənin qüvvədən düşdüyü qənaətinə gəlməyə əsas verir. Qüvvədən düşmüş müqavilənin etibarsızlığına qiymət verilməsi ağlabatan deyil. Odur ki, iddia təmin edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, müqavilə X5 ilə Cavabdeh1 arasında bağlanmışdır. İddiaçı hazırkı müqavilənin bağlanmasında oğlunun nümayəndəsi qismində iştrak etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 və X3 barəsində xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının öz izahatında xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Beləliklə, yuxarıda qeyd edilənlər nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3968/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3968/2023
21.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver