Məhkəmə qərarları › İş №2(046)-1477/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1477/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1477/2024 05.09.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı və eyni zamanda digər iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 nümayəndəsi İddiaçı4, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinə qarşı icarə müqaviləsinin bağlanması dair öhdəliyin qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********93 nömrəli çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,7879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhrum olduqları hissəsinə münasibətdə icarə müqaviləsinin bağlanılmasına dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1998-ci il tarixli, 44 nömrəli qərarı ilə kənd təsərrüfat məhsullarının istehsalı məqsədi üçün onlara ( mülkiyyətçilər - İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2) 2,79 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair onlara JN- 237 seriyalı, kod 40807018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra təyinatı üzrə istifadə edib, kənd təsərrüfatı məhsullarını əkib-becərmişlər. Lakin bir müddət şəxsi işləri ilə bağlı həmin torpaq sahəsinə gedib gələ bilməmişlər. Bundan istifadə edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən onların birgə mülkiyyətlərində olan torpaq sahəsində “Qazı- Məmməd, Qazax” Magistral qaz kəməri keçirilməklə, qazın verilməsinə nəzarət punktu inşa edilmişdir. Bu səbəbdən birgə mülkiyyətlərində olan 2,79 ha torpaq sahəsinin 0,79 ha hissəsindən istifadə edə bilmirlər ki, bu da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ötən bu illər ərzində 0,79 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərsəydilər və ondan təyinatı üzrə istifadə edə bilsəydilər, kifayət qədər qazanc əldə edərdilər. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi tərəfindən qaz kəməri keçirilməklə və qazın verilməsinə nəzarət punktu inşa edilməklə onların bu hüquqları pozulmaqda davam edir. Dəfələrlə aidiyyəti qurumlara bu barədə müraciətlər etsələr də, bir nəticəsi olmamış, bu günədək onlara məxsus torpaq sahəsi boşaldılmamışdır. Mülkiyyət hüquqlarının pozulması səbəbindən 2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə, Göyçay rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı birgə mülkiyyətlərində olan torpaq sahəsindən qaz kəmərinin çıxarılması, inşa olunmuş tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişlər. Göyçay Rayon Məhkəməsinin 2(046)-45/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə, Göyçay rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülkiyyətlərində olan torpaq sahəsindən qaz kəmərinin çıxarılması, inşa olunmuş tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 8400 manat pulun tutularaq iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsi 2(046)-45/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan 0,7879 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsindən “Qazıməmməd-Qazax magistral” qaz kəməri keçir, reyestr nömrəsi **********093 olan çıxarışa əsasən mülkiyyətin verilmiş torpaq sahəsinin 0,24 ha hissəsindən qaz xətti keçir. Həmin torpaq sahəsində qazın verilməsinə nəzarət punktu inşa edilmişdir. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinin nümayəndəsi Ruslan Nəsirov iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddia ərizəsində qeyd edilən ərazidə “Qaz İxrac" İdarəsinin istismarında olan 1020 mm-lik “Qazıməmməd-Qazax” İ xətt magistral qaz kəməri 1970-ci il tarixində çəkilərək istismara verilmişdir. İddiaçılara isə həmin torpaq sahəsi Göyçay rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 nömrəli qərarı ilə ayrılmışdır. Qaz kəmərinin tikinti tarixi ilə (1970ci il) iddiaçılara torpaq sahəsinin verilmə tarixini (1998-ci il) müqayisə etdikdə, görünür ki, qaz kəmərinin tikintisi iddiaçıya torpaq sahəsinin ayrılmasından daha əvvəl həyata keçirilmiş və iddiaçıya torpaq sahəsi ayrılarkən aidiyyəti qurum tərəfindən bu hal nəzərə alınmamışdır. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən Dövlət obyektlərinin- dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən, Dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin- dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın müddəalarına əsasən mühafizə zonasında yerləşən torpaq sahələri kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. İkinci və əsas tərəfdən müqavilə azadlığı hüquqlarının reallaşdırılması elementlərindən biridir.Mülki qanunvericiliyə görə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir.Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinə əsasən hər kəs müqavilə bağalamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.Mülki Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla müqavilə bağlamağa məcburetməyə yol verilmir. Ona görə də yuxarıda göstərdiklərini iddiaçılar tərəfindən “onlara məxsus torpaq sahəsinin məhrum olduqları hissəsinə münasibətdə icarə müqaviləsinin bağlanmasına dair öhdəliyin “Qaz İxrac” İdarəsinin üzərinə qoyulması barədə" iddia tələbinin təmin olunmamasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və eyni zamanda digər iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 nümayəndəsi İddiaçı4 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinin nümayəndəsi X2 iddianı etiraf etmədi və etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (046)-45/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 8400 (səkkiz min dörd yüz) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 ödənilməsi qət edilmiş ,iddia qalan hissədə ,cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Göyçay rayon İcra Hakimiyyətinə münasibətdə təmin edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ümumi birgə paylı mülkiyyət hüququ üzrə Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,7879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2610 nömrə ilə qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.2-ci və 6.1.5-ci maddəsinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyinin prinsipləridir. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-ci maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə ənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi)əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanuni qüvvədə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(046)- 46/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlara görə aqrar islahat aparılan zaman qanun normalarının tələblərinə əməl edilmədən dövlətin müstəsna mülkiyyətində olan «Qazıməmməd-Qazax» magistral qaz kəməri keçən və mühafizə zonasında yerləşən, qazın verilməsinə nəzarət punktu inşa edilmiş torpaq sahəsi iddiaçıların xüsusi mülkiyyətinə verilmiş,Göyçay rayon Aqrar İslahat Komissiyası xx.xx.1998-ci il tarixdə kompleks yerquruluşu layihəsinin hazırlanmasında qanun pozuntusuna yol vermiş,magistral boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş,iddiaçıların mülkiyyətinə verilmiş yüklü torpaq sahəsinə dair onlarla məhdud istifadəyə dair müqavilə bağlanmamış,həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qediyyatına alınmamışdır.İddiaçıların mülkiyyətində olan 0,7879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,24 ha hissəsindən məhrum olmaları ilə əlaqədar onlara vurulmuş maddi zərərin məbləği həmin daşınmaz əmlakın hesablanmış bazar qiyməti nəzərə alınmaqla 8400 manat məbləğində müəyyən olunaraq pulun tutulması qət edilmişdir. Mülki qanunvericiliyin əsas prinsiplərindən olan müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlamaq,onların məzmununu müəyyənləşdirmək,habelə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr bağlamaqda sərbəstdirlər.Qeyd olunanlara görə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, hüququdur.Mülki hüquq münasibətlərinin xüsusiyyəti də ondan ibarətdir ki,onlar bir-birindən heç bir asılılığı olmayan bərabər hüquqlu subyektlər arasında yaranır,müqavilə bağlayıb-bağlamamaq məsələsi şəxs öz iradəsi ilə həll edir. Buna baxmayaraq məhkəmə onu da qeyd edir ki,müqavilə azadlığı prinsipi qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər,belə ki,Mülki Məcəllədə bəzi hallarda müəyyən müqavilələrin məcburi bağlanması nəzərdə tutulmuşdur.(Misal üçün gələcəkdə müqavilə bağlamaq haqqında ilkin müqavilənin bağlanması Mülki Məcəllənin 402.1-ci maddəsi,hərracı udmuş şəxslə əmlakın satışı haqqında müqavilə Mülki Məcəllənin 414.1-ci maddəsi və s.) Hazırki halda iddiaçıların bu tələbi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinin müqavilə bağlamaq vəzifəsi nə Mülki Məcəllədə nəzərdə tutulmamış,nə də ki,cavabdehin belə bir öhdəliyi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 iddiası təmin olunmamalı, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxracı İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən birgə mülkiyyətdə olan 0,7879 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin məhrum olduqları hissəsinə münasibətdə icarə müqaviləsinin bağlanmasına dair öhdəliyin qoyulması barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar