Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1642/2025 17.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mülkiyyətində olan mənzilin alqı-satqı müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilinin alqı-satqı müqaviləsinin mənzildə qeydiyyatda olan oğlu X5 və X2nun razılığı olmadan təsdiq edilməsinin cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 21 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mülkiyyətində olan mənzilin alqı-satqı müqaviləsinin bağlanmasının rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə X5 və X11 üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evi X7 İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 03451 nömrəli qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Şəxsi ehtiyaclarını ödəmək məqsədilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evini satmaq üçün alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədilə qeyd olunan mənzildə qeydiyyatda olan qızı X9 və nəvəsi X10 ilə birlikdə xx.xx.2025-ci il tarixində Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etdi. X8 “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Fuad Mirabov rəsmi olaraq 1206 nömrəli xx.xx.2025-ci il tarixli məktubla bildirdi ki, notarius mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra notariat əməliyyatını aparmağa ixtiyarlıdır və notariusun cavabı ilə razı olmadıqda, Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməsini tövsiyyə etmişdir. Mülkiyyətində olan mənzildə qeydiyyatda olan qızı X9 və nəvəsi X10 mənzilin satılmasına razılıq barədə notariusda təsdiqlənmiş ərizə vemişlər. X1 isə vəfat etmişdir. Ancaq digər oğlu X5 uzun müddətdir Rusiya Federasiyasına köçüb orada yaşayır, onunla əlaqə saxlamır və mənzilin satılmasına razılıq vermir, şəxsi ehtiyaclarının ödənilməsinə kömək etmir. X2 isə onun mənzilində qeydiyyatda olmasına baxmayaraq, valideynləri ilə birlikdə Bakı şəhərində yaşayır. Onlar öz şəxsi məqsədləri üçün onun mülkiyyətindən sərbəst istifadə etmək və sərəncam vermək hüququnu pozurlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, üçüncü şəxs qismində işə cəlb edilmiş X5 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, bununla belə Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə nümayəndəsinin iştirakları olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslərə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məlum olan axırıncı yaşayış yeri üzrə 01 saylı MİS-ə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan X7 İnvertarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 03451 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 7141 nömrə ilə reyestr kitabına yazılmış, 13030 nömrəli invertar işi üzrə 25 yanvar 2006-cı il tarixdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi İddiaçıdır. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 29 avqust 2002-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X5, X11, X9, X10, X4. İşdə olan X9 və X10 tərəfindən 04 iyul 2025-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində yazılmış ərizələrdən görünür ki, qeydiyyatda olduğu, İddiaçı məxsus olan, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 12 ünvanında yerləşən 16 saylı mənzilin satılmasına və ipoteka qoyulmasına etiraz etmir. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Fuad Mirabovun 1206 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, 25 yanvar 2006-cı il tarixdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Mənzildə iddiaçı və üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslər X5 və X11 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı mülkiyyətində olan mənzili satmaq istəyir, lakin Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə istinad edərək mübahisəli mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılıq ərizələrinin olmadığına görə alqı-satqı müqaviləsini təsdiq etməkdən etmişdir. Hazırda üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslər razılıq verməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Alqı-satqı müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi akt tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan mənzilin alqı-satqı müqaviləsi mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan mənzilin alqı-satqı müqaviləsinin mənzildə qeydiyyatda olan üçüncü şəxs qismində işə cəlb edilmiş X5 və X3 razılığı olmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1642/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1642/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver