Məhkəmə qərarları › İş №2(060)-1359/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1359/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1359/2025 25.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hələ də ona ödənilməmiş 630 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin, eləcə də tərəfindən ödənilmiş 30 manat məbləğində dövət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan mobil telefon (İphone 12 Pro Max) alqı-satqısı üzrə o, xx.xx.2024-cü il tarixində, saat 22:08 radələrində “Milliön” ödəmə terminalı vasitəsilə cavabdehin "xxxx" hesabına 630 (altı yüz otuz) manat məbləğində pul göndərib (çekin surətini sübut olaraq ərizəyə əlavə edir). Cavabdehlə əlaqə saxlamış və ona mobil telefonun “20 Yanvar” Metrostansiyasına yaxın əraziyə gətirəcəyini bildirmiş, o, işdə olduğuna görə telefonun götürülməsi üçün həmin ünvana taksi göndərmişdir. Lakin nə o, nə də sürücü cavabdehlə əlaqə saxlaya bilmədikləri üçün mobil telefon cavabdehdən götürülməmişdir. Bundan sonra cavabdehlə nə qədər əlaqə saxlamağa çalışsa da heç bir nəticə əldə edə bilməmişdir. Həmin mobil telefon üçün tərəfindən ödəniş edilməsindən bir neçə ay keçməsinə baxmayaraq, cavabdeh həmin mobil telefonun ona verilməsi üzrə öz öhdəliyini icra etməmişdir və ona maddi ziyan vurmuşdur. O, da bundan sonra cavabdehdən ona ödədiyi pulun geri qaytarılmasını tələb etmək qərarına gəlmişdir. Pulun geri qaytarılması tələbi ilə dəfələrlə onunla əlaqə saxlamağa çalışmış, lakin heç bir nəticəyə nail olmamışdır. Xüsusilə qeyd etmək istəyir ki, cavabdehə mobil telefonun ödənişini etməyinə baxmayaraq, aralarında olan razılaşma cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, həm mobil telefonu əldə edə bilməyib, həm də ona 630 (altı yüz otuz) manat məbləğində zərər dəymişdir. Aralarında yazılı alqı-satqı müqaviləsi olmasa da, şifahi razılaşmalarına dair ödəniş çeki, habelə həmin çeklə yanaşı votsap yazışmaları, zənglər və şahid vardır. Həmin sübutlar iddia ərizəsinə əlavə olunur. Qeyd olunan məsələ ilə bağlı ilk öncə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etmişdir. Lakin müraciətinin üzərindən 2 ay keçsə də, hələ də nəticə yoxdur. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən və məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, “Lalafo” saytında Elçin adlı şəxs telefon paylaşmışdır. O da zəng edib həmin telefonu almaq istədiyini bildirmişdir. Elçin Şamaxıda yaşadığını və telefonu sürücüyə verdiyini demişdir. Sürücüyə zəng etmiş və sürücü də telefonu gətirəcəyini bildirmişdir. O, pulu Elçinə göndərmiş və sürücü ilə də danışanda sürücü ona 5-10 dəqiqəyə çatacağını bildirmişdir. Daha sonra sürücü və Elçinə zəng çatmamışdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edir ki, o, telefonun pulunu “Xəzri” proqramı vasitəsilə göndərib. Bu proqram vasitəsilə pul göndərərkən onun telefonuna gələn kodu qarşı tərəfə bildirmişdir. Məsələ ilə bağlı hətta Binəqədi rayon 6 saylı Polis Bölməsinə də müraciət etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, eyni adam onu da may ayında aldatmışdır. Onun adından “Lalafo”-da hesab açılıb. Bir neçə şəxs də belə aldadılıb. O özünün aldadılması nəticəsində 500 manat ziyana düşüb. Məsələ ilə bağlı Polisə olan şikayətlərinə əsasən cinayət işinin geri qaytarılması haqqında qərar qəbul edilib. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçını aldadan şəxs ondan vəsiqəsinin şəklini istəmişdir. O, da vəsiqəsinin şəklini ona göndərmişdir. Həmin şəxs onun adından, yəni onun şəxsiyyət vəsiqəsinin şəklindən istifadə edərək, Biləcəri və Şamaxıda da başqa şəxsləri də aldatmışdır. Polisə müraciət etsə də polis nömrənin kimə məxsus olduğunu tapa bilməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh adına (+994) 55 777 39 55 nömrəli mobil telefona “Xəzri pul köçürmə” bölümü vasitəsi ilə 630 manat pul köçürülmüşdür. 8.İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 9.İşdə olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Xəzri” pul köçürmə sistemi vasitəsilə 2000,00 (iki min,00) manatadək ölkədaxili köçürülən məbləğin ATM vasitəsilə əldə olunması imkanı mümkündür. Vəsaiti alan şəxsin məbləği bankomatdan əldə edə bilməsi üçün vəsaiti köçürən zaman göndərən şəxs tərəfindən alan şəxsin mobil nömrəsinin qeyd edilməsi zəruridir. Məbləği alan şəxsin köçürmənin nəzarət nömrəsini, məbləği, valyutanı, göndərənin SAA və göndərilən ölkə haqqında məlumatları bilməsi zəruridir. Əməliyyat apararkən aşağıda göstərilən sənədlərdən istifadə etmək olar:

1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasınm vətəndaşları üçün); 2. pasport, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi (əcnəbilər üçün); 3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi; 4. hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər üçün); 5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr; 6. kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet; 7. qaçqın vəsiqəsi (qaçqın statusu olan şəxslər üçün).

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İphone 12 Pro Max markalı telefon almaq üçün xx.xx.2024-cü il tarixində “Xəzri” pul köçürmə sistemi vasitəsilə Cavabdeh adına 630 (altı yüz otuz) manat məbləğində pul göndərdiyini iddia edərək hazırda həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə pul onun adına göndərilsə də, onun tərəfindən qəbul edilmədiyini bildirərək iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

12. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

13. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

15. Mülki Məcəllənin əsassız varlanmadan irəli gələn münasibətləri tənzimləyən normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2).

16. İddiaçı hazırki iş üzrə Cavabdeh qismində qoyarkən iddia tələbini Cavabdeh şəxsiyyət vəsiqəsinin şəkli və məlumatları əsasında ona pul göndərməsi ilə əsaslandırmışdır.

17. Halbuki, məhkəmə hesab edir ki, cavabdehin şəxsiyyət vəsiqəsi haqqında məlumatların iddiaçıya ünvanlanması və iddiaçının həmin məlumatlar əsasında pul göndərməsi göndərilən pulun cavabdeh tərəfindən şəxsən alındığını təsdiq edən əsaslı şübhədənkənar mötəbər sübut hesab edilə bilməz.

18. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 20.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

22. Məhkəmə bu nəticəyə gələrkən “Xəzri” pul köçürmə sistemi vasitəsilə köçürülən məbləğin ATM vasitəsilə əldə olunması üçün göndərən şəxs tərəfindən alan şəxsin mobil nömrəsinin qeyd edilməsinin və köçürmənin nəzarət nömrəsinin qarşı tərəfə bildirilməsinin kifayət etməsi barədə "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubunu da nəzərə alır.

23. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Metropolitenində Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, Cavabdeh şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək bildirmişdir ki, "Lalafo.az” saytında ikinci əl “iphone 12 Pro" markalı mobil telefonun satılması ilə bağlı elan verən “Kənan” adlı şəxslə elanda olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, sonuncu ona Naftalan şəhərində yaşadığını deyib mobil telefonu 550 manata satması ilə bağlı razılığa gəldikdən sonra mobil telefonu marşurutla göndərəcəyini deyərək telefonu göndərəcəyi avtomaşının şəklini və həmin avtomaşının sürücüsünün istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəni WhatsApp üzərindən ona göndərmişdir. Bundan əlavə həmin şəxs X1 adına olan şəxsiyyət vəsiqəsinin fotoşəklini də ona göndərmişdir. Daha sonra Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:42-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Araz” marketin daxilində olan milliön terminalının “Xəzri pul köçürmə” bölmünə daxil olub ilkin olaraq qarşı tərəfin ona dediyi ***-***-**-** saylı mobil nömrəni və 13722460 saylı şəxsiyyət vəsiqəsinin seriya nömrəsini əlavə etməklə qarşı tərəfə gələn, lakin yadında qalmayan kodu və ***-***-**-** saylı mobil nömrəni və AA3339648 saylı şəxsiyyət vəsiqəsinin seriya nömrəsini əlavə etməklə 200 manat pulu göndərmişdir. Daha sonra həmin gün saat 15:32-də milliön terminalının ''Xəzri pul köçürmə” bölmündən eyni qaydada əlavə 350 manat pulu Kənan adlı şəxsə göndərməklə qarşı tərəfin hesabına ümumiikdə 550 manat pul göndərsə də həmin şəxs verdiyi vədə əməl etməyib ona qarşı dələduzluq etmişdir. 24.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. 25.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu da onun özünə aid edilməlidir. 26.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 27.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar