Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3742/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2022ci ildə ölmüş xx.xx.1938-ci il təvəllüdlü əmisi X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov küçəsində yerləşən 2 saylı evin 44 saylı əmlakı ilə bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh ünvan 1 ünvanlayaraq bütün məhkəmə proseslərinə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. (Maddə
33. Ərazi aidiyyəti anlayışı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə qanunvericiliyin tələblərini və hazırki vəziyyətdə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair 2(060)-3742/2024 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair 2(060)-3742/2024 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir.
Hakim Elmir Hüseynov