Məhkəmə qərarları › İş №2(103)-1417/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1417/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1417/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1447/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X3, Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə) və Bakı şəhəri 31 nömrəli notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” nömrəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edilsə də, müqavilə bağlanarkən iddiaçının razılığı alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1447/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla işə baxılarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 31 saylı notariat kontoru məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 31 saylı notariat kontoru məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)-1447/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarından görünür ki, lizinq verən Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli 2508D/14/B nömrəli X5 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun ərizəsi əsasında alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öz üzərinə götürmüşdür. Lizinq obyekti Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 123,5 kv.metr sahədən ibarət 108 “A” nömrəli fərdi yaşayış evi olmuşdur. Cavabdeh1 ilə Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” nömrəli fərdi yaşayış evini satıcıya 120000 manata satmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx xxxxxxx 2010-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə) və X3 qarşı lizinq müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli 2(005)-4079/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı xx xxxxxxxx 2014-cü il tarixli ərizə ilə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 108 “A” nömrəli fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi sözügedən müqavilənin 2014-cü ildə bağlanıldığı halda həmin əqdin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyünü bildirmiş və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşin faktiki hallarından görünür ki, İddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsinin bağlanmasına yazılı razılıq vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həm mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsaslar olmadığından, həm də qanunla müəyyən edilmiş bir illik müddət keçdikdən sonra iddia qaldırıldığına görə birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli müqavilənin bağlanmasından İddiaçı məlumatının olmaması, bu barədə yalnız xx xxxx 2019-cu il tarixdə icra məmurları vasitəsilə xəbər tutması barədə şikayətin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(005)- 1447/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar