Məhkəmə qərarları › İş №2(103)-1831/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1831/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1831/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: ilkin müqavilə, əsas müqavilənin bağlanmaması, müqavilə üzrə ödənilən pulun qaytarılması, iddianın etiraf olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili), digər Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə ilkin müqavilə bağlanmış, müqaviləyə görə Cavabdeh1 Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2018-ci il tarixli P43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İKnin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və İddiaçı mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür.

2. Müqavilədə tərəflər əmlakın satış qiymətini 40 000 manat məbləğində müəyyən etmiş, həmin məbləğdən müqavilənin bağlanması anında İddiaçı tərəfindən 38 000 manatın notariusun bankda açılan depozit hesabi vasitəsilə Cavabdeh1 ödəniləcəyi və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacağı müəyyənləşdirilmiş, İddiaçı borclu qaldığı 2000 manatı xx.xx.2019-cu il tarixədək müddətdə Cavabdeh1 ödəməyi öhdəsinə götürmüşdür.

3. İlkin müqavilə Cavabdeh1 adından etibarnamə əsasında Cavabdeh2 tərəfindən imzalanmış və Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiqlənərək reyestrdə 3M-143 nömrə ilə qeydiyyata alınmışdır.

4. Həmin müqavilə üzrə ödənilməli olan 38 000 manat İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə notariusun depozit hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Əzizov X2 Tavagül Pani oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 40 000 manatın və 210 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ilkin müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2018-ci il tarixli P-43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İKnin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 nömrə ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınıb daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə ona satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. Göstərilən əmlakın satış qiyməti 40 000 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdən müqavilənin bağlanması anında tərəfindən 38 000 manat notariusun bankda açılan depozit hesabi vasitəsilə Cavabdeh1 ödənilmiş, borclu qaldığı 2000 manatı xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüş, göstərilən tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirərək qalan 2000 manatı da Cavabdeh1 ödəmiş, lakin sonuncu, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini, Cavabdeh1 və Cavabdeh2 40 000 manatın və 210 manat ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Həmin ərizə onunla əsaslandırılmışdır ki, müqavilə bağlanarkən Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 təmsil etmiş, 38 000 manat da ona ödənilmiş, hətta qalan 2000 manat da Cavabdeh2 verilmişdir. Həmin 40 000 manatın Cavabdeh2 və Cavabdeh1 arasında bölündüyünə dair ciddi şübhələr vardır. Belə ki, məhkəməyə təqdim ediləcək səs yazılarında Cavabdeh2 dəfələrlə bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmiş, hər dəfəsində sənədləri tez bir zamanda düzəldəcəyinə vəd vermişdir. Cavabdeh2 yalnız nümayəndə kimi müqavilə bağlamış olsaydı, 40 000 manatlıq müqavilənin məsuliyyətini öz üzərinə götürməzdi.

9. Cavabdeh2 iddia tələbini qəbul etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı satdığı torpaq sahəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmiş, əslində isə həmin torpaq sahəsi ona məxsus olmuş, torpağın satılmasına görə pulu da özü almış və Cavabdeh1 pul verməmişdir.

10. Digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 40 000 (qırx min) manat pul vəsaitinin və 210 (iki yüz on) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

12.1. Əzizov X2 Tavagül Pani oğlu ilə aralarında bağlamış xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən torpaq alınması üçün cəmi 40 000 manat məbləğində pulu müqaviləni Cavabdeh1 adından imzalamış digər Cavabdeh2 verməklə müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdehlər tərəfindən müqavilə öhdəlikləri icra olunmamış, eyni zamanda, ödənilmiş pul məbləği də iddiaçıya qaytarılmamışdır. Həmçinin, Cavabdeh2 bu barədə yazılı ərizə verməklə iddia tələbini qəbul etmişdir. 12.2. İşin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh2 tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli P-43-112 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 20 saylı qərarı ilə Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə M/118 ünvanında yerləşən 750 kv.m. torpaq sahəsinin xx.xx.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı 40 000 manat pul alması, cavabdehlər tərəfindən həmin torpaq sahəsinin müqavilədə nəzərdə tutulmuş müddətdə rəsmilədirilərək iddiaçıya təhvil verilməməsi, bununla da müqavilə öhdəliklərinin yerinə yetirilməməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 40 000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

13. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Mülki Məcəllənin 6-cı, 14.1-ci, 14.2.1-ci, 390.1-ci, 402.1-ci, 425.1-ci, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1ci, 119.1-ci, 191.1-ci, 191.3-cü, 220.4-cü maddələrinə istinad etmişdir.

14. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarlmasını xahiş etmiş, şikayətini, məhkəmənin iş üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi, Cavabdeh1 iddiaçıdan pul aldığının sübuta yetirilmədiyini, Cavabdeh2 münasibətdə isə iddia müddətinin keçdiyini nəzərə almadığı, Cavabdeh2 pulu Cavabdeh1 vermədiyini bildirməsinə, onun bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirməsinə əhəmiyyət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili), digər Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

20. Maddə 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər.

21. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

22. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

26. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

27. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

28. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

29. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

30. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

31. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

32. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

36. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

39. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının ancaq Cavabdeh1 aid hissədə yoxlanılması təşkil edir – çünkü apellyasiya şikayəti hər iki cavabdehin adından verilsə də, şikayət yalnəz adı çəkilən cavabdehin nümayəndəsi olan Vəkil2 tərəfindən imzalanmışdır və şikayətin dəlilləri iddia tələbini etiraf etmiş Cavabdeh2la bağlı hissədə qətnamənin yoxlanılmasını zəruri etmir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Yuxarıda qeyd olunduğu kimi, ilkin müqavilənin tərəfləri İddiaçı və Cavabdeh1dur – bu isə o deməkdir ki, müqavilə üzrə öhdəliklər məhz onların arasında yaranmışdır.

48. Müqavilə bağlanarkən Cavabdeh1 etibarnamə əsasında Cavabdeh2 tərəfindən təmsil olunması təmsil olunanın (Cavabdeh1) əqd üzrə hüquq və vəzifələrinin yaranmasına maneə törədə bilməz (§ 19, 21)

49. Cavabdeh2 təmsilçi statusunda olmaqla, onun əqd üzrə aldıqlarını təmsil etdiyi şəxsə verməmiş olması isə, yalnız təmsil etdiyi şəxslə özünün arasındakı münasibətlər baxımından əhəmiyyət kəsb edir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5251/2022 saylı iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni “40 000 (qırx min) manat pul vəsaitinin və 210 (iki yüz on) manat dövlət rüsumunun müştərək qaydada həmçinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar