Məhkəmə qərarları › İş №2(103)-4119/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4119/2021

15.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4119/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən olunması və şəhadətnamənin verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçıların nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən olunması və şəhadətnamənin verilməsi” tələbləri Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən iddiaçıların nümayəndələrinin verdiyi apellyasiya şikayəti isə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayətin qanunvericikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verilmiş olması əsas göstərilməklə geri qaytarılmışdır. İddiaçıların nümayəndələri (vəkilləri) həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işdə olan poçt xəbərnamələrinə istinad edərək iddiaçıların qətnaməni xx.xx.2020-ci il tarixdə aldıqlarını qeyd etsə də, xəbərnamələrdəki imzalar iddiaçılara məxsus deyildir və İddiaçı2 göstərilən tarixdə ümumiyyətlə ölkədə olmamışdır. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə bu zaman da ona əsaslanmışdır ki, poçt xəbərnamələrinə əsasən iddiaçılar qətnaməni xx xxxxxx 2020ci il tarixdə almış, lakin apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra – xx xxxxxx 2021-ci il tarixdə - vermişlər. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi (vəkili) X1 iştirakları ilə keçirilən məhkəmə iclasında elan olunmuş, qətnamədən çıxarış onlara həmin gün təqdim edilmiş, qətnamənin tam mətni iddiaçıların qeydiyyatda olduqları ünvanlara poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş, işdə olan poçt xəbərnamələrinə görə xx xxxxxx 2020ci il tarixdə onlara çatdırılmışdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıların nümayəndəsi qətnamənin iddiaçıların qeydiyyat ünvanlarına çatdırılması ilə bağlı poçt xəbərnamələrindəki imzaların onlara məxsus olmadığını irəli sürmüşdür; bu isə o deməkdir ki, hazırkı iş üzrə sübut olunmalı hal qətnamənin poçt xəbərnamələrində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə iddiaçılara verilib-verilmədiyidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda iş üzrə sübut etmə yükü, qeydiyyatda olduqları ünvanda “Əhmədov” soyadlı şəxslərin imzalamış olduqları sənədin həqiqiliyini mübahisələndirən eyni soyadlı iddiaçıların üzərinə düşür; onlar isə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə, işdə mövcud olan və iddiaçıların tərəfindən imzalandığı mübahisələndirilməyən sənədlərdəki (iddia ərizəsi, etibarnamə və s.) imza ilə mübahisələndirilən xəbərnamələrdəki imzaların gözlə görülən eyniliyi qətnamənin məhz iddiaçıların qeydiyyatda olduqları ünvanda xx.xx.2020-ci il tarixdə alındığını təsdiq edir. Mülki prosesdə müəyyən olunmuş yazılı sübutların üstünlüyü prezumpsiyası da bu qənaətə gəlməyə əsas verir, belə ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli olan hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçıların qeydiyyatda olduqları ünvanda yaşamamalarının və ailə üzvləri tərəfindən alınmış qətnamənin onlara çatdırılmamasının məsuliyyətini məhkəmə daşıya bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçılar qətnamədən apellyasiya şikayətini prosessual müddət keçdikdən sonra verdikləri, habelə, bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədikləri üçün birinci instansiya məhkəməsi əsaslı olaraq apellyasiya şikayətini müddətin ötürülməsi səbəbi ilə geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3230/2020 saylı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar