Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5110/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4, Cavabdeh1 MMM-in nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Alıcı İddiaçı satıcı "xxxx" MMM ilə xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, tünd göy metal rəngli, 2021-ci il buraxılışlı «Cavabdeh2 X5 xDrive25d (M- Paket)» markalı avtomobili 73.000 avroya (150680 manata) almışdır. Müqavilənin 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200.000 km. (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) yürüşünə təminat vermişdir. Razılaşmaya əsasən zəmanət müddəti malın alıcıya təhvil verdiyi gündən hesablanır.
2. xx.xx.2021-ci ildə müqavilədə göstərilən avtomobil iddiaçıya təhvil verilmiş və bu barədə akt tərtib edilmişdir.
3. Alıcı İddiaçı 2022-ci ilin yanvar ayında avtomobildə qüsur aşkarlamış və bununla bağlı qarantiya müddəti çərçivəsində Cavabdeh1 MMM-yə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, iddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır.
4. Bundan sonra Cavabdeh1 MMM tərəfindən iddiaçıya potensial müştəri tapılaraq iddiaçıya təklif edilmiş, 2022-ci ilin aprel ayında mübahisəli avtomobil 73000 ABŞ dollarına avtomobilin yeni alıcısına satılmışdır.
5. xx.xx.2022-ci ildə Cavabdeh1 MMM tərəfindən iddiaçıya yeni «Cavabdeh2 X5 xDrive25d markalı avtomobil 74000 avroya təklif edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 MMM-yə və «Cavabdeh2» Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 26579,5 manat (15635 USD) maddi ziyanın, əlavə xərclədiyi 3000 manat pulun - cəmi 29579,50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli 195A saylı alğısatqı müqaviləsinə əsasən cavabdeh «İmprotex» Motors» MMC-dən «Cavabdeh2 X5 XDRİVE25D (M PAKET)» markalı tünd göy rəngdə avtomobili nağd olaraq 150680 manat (150680 x 1,7=88635,29 USD) ödəyərək almışdır. 2022-ci ilin yanvar ayında yolda hərəkət halında ikən avtomobil sönmüşdür. Cavabdehə zəng edərək problemi bildirmişdir. Cavabdeh avtomobili evakuatora qoyaraq gətirməsini bildirmişdir. İddiaçı da avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. 8 gündən artıq müddət ərzində avtomobilsiz qalması azmış kimi dəfələrlə zəng etməsinə baxmayaraq cavabdehdən heç bir məlumat əldə edə bilməmişdir. Daha sonra cavabdeh tərəfindən avtomobilin motor hissəsində zavod qüsuru çıxdığı üçün motorun dəyişdirilməli olduğu iddiaçıya bildirilmişdir. Razı olmadığı üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını şifahi olaraq tələb etmişdir. Motordakı qüsurla bağlı yazılı məlumat verilməsini tələb etməsinə baxmayaraq, iddiaçıya heç bir məlumat verilməmişdir. Nəticədə çarəsiz qaldığı üçün motorun və qüsurlu çıxan digər detalların yeniləri ilə əvəz olunması ilə razılaşmaq məcburiyyətində qalmışdır. Təxminən bir aydan sonra gələn yeni motor və digər detallar avtomobilə yığıldıqdan sonra avtomobil iddiaçıya təhvil verilən gün avtomobili idarə etdiyi anda avtomobildən qeyri-adi bir səs gəldiyini eşitmiş və avtomobili saxlamış və ön hissəsinə yaxınlaşdığı anda maşından qeyri-adi iy gəldiyini hiss etmişdir. Daha sonra avtomobildən tüstü duman çıxdığını görmüşdür. Yenidən eyni gün avtomobili evakuatora qoyaraq cavabdehin ünvanına gətirmiş və problemin həlli üçün onlara təhvil vermişdir. Artıq cavabdehə və maşına etibarı itdiyi üçün eyni marka modelə aid yeni avtomobil və ya ödədiyi məbləğin tam şəkildə ona qaytarılmasını tələb etmişdir. Uzun danışıqlardan sonra «may ayında sizin maşını sataq, may ayının sonunda gələcək avtomobillərdən sizə eyni marka modelə aid yeni avtomobil verək» deyilmişdir. İddiaçı başqa çıxış yolu qalmadığı üçün yenidən razılaşmışdır. Lakin avtomobil satıldıqdan sonra iddiaçıya avtomobili 73000 dollara satıldığı bildirildi. Halbuki iddiaçı o avtomobil üçün 88635,29 USD ödəmişdir. 15635 USD ziyan dəymiş olmasına baxmayaraq, hələ bu azmış kimi ona yeni maşının verilməsi üçün iddiaçıdan 6900 avro əlavə pul tələb edilmişdir. Yəni, yeni avtomobil almasına baxmayaraq həm avtomobilsiz qalmış, bir neçə ay içərisində 15635 USD-dən çox ziyan dəymiş, hələ üstəlik yeni avtomobil verilməsi üçündə 6900 avro pul tələb edilmişdir. Qeyd olunan maşına kuza qoruması üçün şəffaf plyonka ilə bağlı tərəfindən 3000 manat əlavə vəsait xərcləmişdir. Bununla bağlı müxtəlif vaxtlarda cavabdehlə danışıqlar aparmasına baxmayaraq bir nəticə əldə edə bilmədiyi üçün Almaniya ofisinə şikayət ərizəsi ünvanlamışdır. Lakin buna baxmayaraq onlardan da iddiaçını qane edəcək heç bir cavab gəlməmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə cavab verməli olan şəxs hesab edilə bilməz. Belə ki, iddiaçı ilə alğı-satqı müqaviləsi «Cavabdeh2» Şirkətinin rəsmi nümayəndəsi Cavabdeh1 MMC ilə bağlanmışdır və məsuliyyəti həmin şirkət daşıyır. Bu səbəbdən cavabdeh «Cavabdeh2» Şirkəti hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır. Məhkəmə iddia tələbinin 26.579,5 manat (15.635 ABŞ dolları) məbləğində maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir). Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı avtomobil üçün dəymiş ziyanın 15.635 ABŞ dolları təşkil etməsini iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının avtomobilin dəyəri arasındakı 26.579,5 manat (15.635 ABŞ dolları) fərqi istəməsi bugünkü gün ağlabatan deyildir. Avtomobil ona zərər dəyməsi və qüsurlarının olması nəticəsində satılmış olsa da, həmin qeyd olunan aradakı fərq avtomobilin ümumi bazar qiyməti əmsalının göstəricisinə uyğundur, çünki avtomobil satış vaxtından təxmini 1 ilə yaxın müddət iddiaçının istifadəsində olmuş və həmin müddət ərzində avtomobil 20.000 km yaxın istifadə olunmuşdur. Avtomobilin 88.635,29 ABŞ dollarına alınıb 73.000 ABŞ dollara satılması, yəni aradakı fərqin 15.635 ABŞ dolları olması ağlabatan məbləğdir. İddiaçının yeni avtomobil alıb, istifadə edib və istifadə müddətində avtomobilin bazar dəyərinin orta hesabla 15- 20% aşağı düşməsi kəskin fərq yaratmır. Həmçinin iddiaçı avtomobildə yaranmış nasazlıqlara görə onunla Cavabdeh1 MMM arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 195A nömrəli alğısatqı müqaviləsini mübahisələndirməmişdir. İddiaçı mülkiyyətində olan avtomobilin qiyməti ilə razılaşmış, avtomaşının yeni alıcısı ilə müstəqil şəkildə alğı-satqı müqaviləsi bağlayaraq maşını satmışdır və satdıqdan sonra aradakı fərqi Cavabdeh1 MMM-dən tələb etməsi əsassızdır. İddiaçı cavabdeh tərəfindən onun avtomobilin satılmasını və yeni avtomobil ilə əvəz edilməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə də təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbinin avtomobilə əlavə xərclədiyi 3000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, qeyd olunan 3000 manatlıq avtomobilə üst örtüyünün çəkilməsi üçün xərclənən vəsait iddiaçının könüllü davranışı əsasında həyata keçirilmiş və avtomobilini satarkən də sonuncu satıcı ilə bu barədə razılaşma əldə etməli idi.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 587.2, 624.1, 1096, 1097, 1115-ci, “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, həqiqətən də avtomobili iddiaçı öz istəyi ilə satdığını bir anlıq ehtimal etsə belə, istehlakçı “Cavabdeh2” aldığını, mühərrikində istehsal qüsuru olduğunu təmirdən sonra yenidən tüstülədiyini və bu səbəblə avtomobilin 23000 manat daha ucuz qiymətə satıldığını normal qəbul edib satıcı və istehsalçının heç bir məsuliyyətinin olmadığı nəticəsini çıxartmaq sadə məntiqə sığmadığı kimi, vicdan daşıyan heç bir insanın da qəbul etməyəcəyi bir nəticədir. Maraqlıdır ki, birinci instansiya məhkəməsi bu halı normal qəbul etmişdir. Bu faktın özü belə, sözügedən qətnamənin ləğvi üçün əsas olub, məhkəmənin maddi hüquq normaları düzgün tətbiq etmədiyini aşkar göstərməkdədir. Bütün bu faktları normal qəbul edən birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməmiş və əsas olaraq bildirmişdir ki, iddiaçı öz istəyi ilə avtomobili satmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1240/2023 nömrəli, 7 fevral 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə yuxarıda qeyd olunan maddi hüquq normaları iddia tələbinin qanuni əsası kimi nəzərdə tutula bilər. Ancaq iddia ilə bağlı faktiki hallar mübahisələndrilən hissədə həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçının mülkiyyətində olmuş avtomobili cavabdehdən aldığı qiymətdən fərqli, yəni aşağı qiymətə üçüncü şəxsə alqı-satqı müqaviləsi əsasında satması ona həqiqətən də cavabdeh tərəfindən zərər vurulduğu qənaətinə gəlmək üçün əsas vermir. Çünki, bu faktla cavabdeh tərəfin hərəkətləri yaxud hərəkətsizliyi arasında birbaşa səbəbli əlaqə mövcud deyildir. Avtomobilin şikayətdə göstərilən, yəni alış qiymətindən 23000 manat aşağı qiymətə satılması nəticəsində iddiaçıya zərər dəyməsi də inandırıcı və ağlabatan deyildir. Çünki, həmin avtomobil 8 aya yaxın iddiaçı tərəfindən istismar olunub 20000 km. həddində məsafə qət etmişdir. Bu cür vəziyyətdə avtomobil bazarında olan avtomobilin alqı-satqısı ilə bağlı mövcud münasibətlər, mübahisə predmeti olmuş avtomobilin istismar müddəti və qət etdiyi məsafə və s. hallar nəzərə alınmaqla qiymət fərqinin olması labüd idi. Buna görə də iddiaçı da avtomobilin üçüncü şəxsə aldığı qiymətdən aşağı qiymətə satılması nəticəsində ona zərər dəydiyini düşünməklə yaxud zənn etməklə haqlı olmamışdır. Əlbətdə ki, ağlabatan mühakimə də heç bir halda avtomobilin qeyd olunan müddətdə istismar olunduqdan sonra ilk dəfə alındığı qiymətə satılmasının mümkün olmasını istisna edir. Ona görə də iddiaçının deliktə görə məsuliyyət daşımalı olduğunu ehtimal etdiyi cavabdehə qarşı bu cür iddia irəli sürməsi yanlış olmuşdur. İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olmasından o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş olsun. İddiaçı mübahisə predmeti olmuş avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edərək hazırki iddianı irəli sürməkdə həm də ona görə haqlı olmamışdır ki, iddianın faktiki əsası kimi göstərdiyi hallarla bağlı artıq həmin normaların verdiyi imkandan faydalanmışdır. Başqa sözlə avtomobil mülkiyyətində və istifadəsində olan zaman onda yaranmış qüsurla bağlı Mülki Məcəllənin 587.1.2 və 624.1.3-cü maddələrindən nəzərdə tutulmuş əsasla, yəni öz seçimi ilə avtomobildə yaranmış qüsurların ağalabatan müddətdə və ya təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını cavabdehdən tələb etmişdir. Cavabdeh də zəmanət müddəti ərzində baş verdiyinə görə həmin qüsuru tam yeni orijinal detallarla aradan qaldırmış, faktiki olaraq əlavə xərc çəkmişdir. Hətta cavabdeh tərəf qüsurun aradan qaldırıldığı dövrdə biznes etikasına uyğun olaraq iddiaçını müvəqqəti avtomobillə təmin etdiklərini də göstərir, iddiaçı isə bu faktın həqiqi olduğunu təkzib etmir. Deməli, iddiaçı həmin qüsurların aradan qaldırılması üçün hər hansı bir xərc çəkmədiyi üçün Mülki Məcəllənin 587.1.3 və 624.1.4cü maddələrində nəzərdə tutulmuş əsasla da hansısa xərcin əvəzinin ödənilməsini tələb edə bilməzdi.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 587.2.1, 624.1, 1096, 1097-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2239/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(103)- 1240/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD) tələbinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 17.1 Apelyasiya instansiyası məhkəməsi cavabdehdən 3000 manat pulun tutulmasına aid hissədə düzgün nəticəyə gəlmişdir. Çünki iddia tələbinin bu hissədə əsaslılığı barədə heç bir sübut təqdim olunmamışdır. 17.2 Məhkəmə qalan hissədə iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə onun avtomobilin yeni müştərisi arasında razılaşma könüllü surətdə əldə olunmuş, iddiaçı könüllü qiymətini razılaşdırılaraq, alğı-satqı müqaviləsi bağlamışdır (bunun əksini sübut edən heç bir dəlil məhkəməyə təqdim edilməmişdir). 17.3 Məhkəmə kollegiyası qeyd edir ki, bu nəticə, avtomobilin satılmasına səbəb olan şəraitin iddiaçı tərəfindən verilən izahın nəzərə alınmaması ilə gəlinmiş nəticədir. Çünki işin halları avtomobilin satılması təşəbbüsünün iddiaçı tərəfindən irəli sürüldüyü barədə nəticəyə gəlməyə əsas vermir. İddiaçı qeyd etmişdir ki, “avtomobildə ikinci dəfə qüsur aşkar edildikdən sonra eyni model avtomobilin verilməsini və ya ödəmiş olduğu pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobili satmağı və may ayının sonunda gətiriləcək avtomobillərdən eyni markalı və modelli yeni avtomobil verməyi təklif etmiş, bu razılıq əsasında avtomobil satılmışdır”. 17.4 Cavabdeh tərəfin bununla bağlı izahı ondan ibarətdir ki, “iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2022-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir” səh. 57-58). 17.5 “iddiaçı artıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməyimizi xahiş etmişdir. Biz də maşını salona qoyub satılmasına kömək göstərmişik. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir” (səh. 66). 17.6 Cavabdehin nümayəndəsi apelyasiya instansiyası məhkəməsində də iddiaçının avtomobildən imtina etdiyini təsdiq edərək bildirmişdir ki, “Bizə bildiribdir ki, maşını istəmir. Biz də demişik ki, əgər istəmirsə, endirimli yeni maşın təklif edək, bildirib ki, bəs bu maşını neynəyək, biz yenə də bildirmişik ki, maşını bizim salona qoy, yüksək qiymətə satma ehtimalımız daha yüksəkdir. Qarşı tərəf də razılaşıbdır. Əgər bizə əvvəldən bildirsəydi ki, yeni maşın almayacaq, onda biz də deyərdik ki, maşını götür apar, biz niyə maşını satırıq” (səh. 141). 17.7 Göründüyü kimi, iddiaçının avtomobildən imtina etməsi faktı cavabdeh tərəfin izahatı ilə də təsdiq olunur. Eyni zamanda avtomobilin məhz cavabdeh tərəfindən satış salonuna qoyulması, müştəri tapılması və satılması da sübut olunur. 17.8 Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 17.9 Apelyasiya instansiyası məhkəməsinin “avtomobili üçüncü şəxsə satdıqdan sonra Mülki Məcəllənin 587 və 624-cü maddələrinə istinad edib hazırki iddianı irəli sürməkdə də haqlı olmamışdır. Çünki, qeyd olunan normalara əsasən iddianın əsaslı olmasından o zaman söhbət gedə bilərdi ki, həmin avtomobil iddia irəli sürülən zaman iddiaçının mülkiyyətində və istifadəsində olmuş osun” dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu nəticəyə gələndən əvvəl avtomobilin satılması ilə bağlı tərəflərin əsil niyyətlərini, avtomobilin başqa şəxsə satılmasının Mülki Məcəllənin 587.2-ci maddəsi üzrə tərəflərin razılaşmasının tərkib hissəsi olub-olmamasını müəyyən etməli idi (çünki iddiaçının dəlilinə görə cavabdeh əvvəl maşının satılmasını və sonradan ona avtomobil veriləcəyi barədə razılığa gəldiklərini bildirmişdir). Bu halın araşdırılması həm də ona görə zəruri idi ki, cavabdehin özü də bildirmişdir ki, iddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir (səh. 57-58). Cavabdehin bu izahatından görünür ki, avtomobilin cavabdehə məxsus salonda qoyulub satılması barədə razılıq, sadəcə avtomobilin satılıb əldə olunan pulun iddiaçıya verilməsi ilə bitmirdi. 17.10 Göründüyü kimi məhkəmələr işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
19. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki,maşın Cavabdeh1 MMM tərəfindən satılmış və onlar tərəfindən maşın əldə olunmuş, öhdəliyi də icra edilmişdir. Maşında daha sonra qüsur əmələ gəlmişdir. Onlar birinci Cavabdeh1 MMM-dən maşını dəyişib yenisini verməyini istəyiblər. Onlar da mühərriki dəyişəcəklərini deyiblər. Mühərrik dəyişilib və dəyişən gün yenidən yanğın baş verib, onlar da maşını istəmədiyini və yeni maşın verilməsini istəyiblər. Onlar da bu maşını satıb üzərinə pul qoyaraq yeni maşın alacaqlarını deyiblər. Alğı-satqı olandan sonra verilən öhdəliklər yerinə yetirilməyib. Onlar Cavabdeh1 MMM-dən onlara dəymiş zərəri tələb edirlər. Mühərrikin qüsurlu olması işin mübahisəsiz halıdır. Maşın demək olar ki, istifadə edilməyib, ona görə dəymiş zərər kimi 150.000 manatı istəyirlər. Mülki Məcəllənin 5.3-cü maddəsində hərkəsin öz hüquq və vəzifələrini vicdanla yerinə yetirilməsi göstərilib. Qarşı tərəf öz öhdəliklərini vicdanla yerinə yetirməyib və iddiaçı ümid etdiyi şeyi əldə edə bilməyib. Maşın qüsurlu çıxdığı təqdirdə ya yeni maşın verilməlidir, ya da qanunun tələbi ilə pulu ödənilməlidir. Bu qanunvericiliyin tələbidir. Maşın fakt olaraq qüsurlu olub. Onlarıa razılaşma belə olub ki, cavabdeh maşını satacaq və köhnə maşına bərabər pula onlara yeni maşın verəcəklər.
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMM-in nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, zəmanət müddətində iddiaçı servisə gəlib və maşın da yaxşı işləyirdi. Tərəf 20.000 km heç bir problem olmadan maşını sürüb. İddiaçı burada heç bir günahı yoxdur, istehsalçı «Cavabdeh2» şirkətindən əmələ gələn qüsur ola bilər. Maşının mühərrikini tam dəyişib yenisi qoyulub. Daha sonra maşından tüstü çıxmağa başlayıb və iddiaçı qorxuya düşüb. Bu ustanın texniki səhvi olub. Onların maddi cəhətdən iddiaçıdan qat-qat üstün müştəriləri olub və onların heç biri narazı qalmayıb. Onlar hətta ona Toyota Camry avtomobilini veriblər ki, istifadə etsin. Zəmanət şərtlərinə əsasən qüsur aradan qaldırıldıqdan sonra iddiaçıya maşın təhvil verilib. İddiaçı bir neçə km sürdükdən sonra maşını onlara gətirib. Orada baxıb maşının heç bir probleminin olmadığını deyiblər.İddiaçı bundan sonra maşının gözündən düşdüyünü deyib,hüquqi cəhətdən belə bir şey yoxdur. İddiaçı tərəf maşının satmaq istədiyini və ona kömək edilməsini bildirib və onlar da kömək edəcəklərini deyiblər. Malın qüsurluluğuna dəlalət edən heç nə olmayıb,bununla bağlı sübut da yoxdur. Onların servis mərkəzində baxıblar ki, heç bir problem yoxdur. 20.000 km iddiaçı tərəfindən sürülüb. Onların iddiaçıya maşını satıb üzərinə pul qoyub, yeni maşın almaq məsələsi olmayıb. Qüsurun dəfələrlə təkrarlanması barəsində Ali Məhkəmə işin yenidən araşdırılmasını qərarına gəlib, çünki qarşı tərəf məhkəməyə bununla bağlı sübut təqdim etməyib. Onların salonunda maşını satanda tərəflər özü gəlir qiymətini danışır, alğı-satqını da özləri edirlər. O belə hesab edir ki, iddiaçı maşının qiymətinin artmasını gördükdən görə sonradan mübahisə yaratdı. Satış təmsilçisi ilə danışıb, yəni, maşının o qiymətə verilməsi tərəflər arasında danışılmayıb. Onlar ilkin alğı-satqı müqaviləsi bağlayırlar. Əgər iddiaçıya maşının satılıb, az məbləğ üzərinə qoyulmaqla yeni maşın verilməsi ilə bağlı danışıq olardısa, mütləq ilkin alğı-satqı müqaviləsi imzalayardılar. 20.000 km sürülmüş maşını o qiymətə satmaq da çox uğurlu nəticədir. Onlar qarşı tərəflə yeni maşın vermək barədə razılaşmayıblar. Qarşı tərəf maşının gözündən düşdüyünü və satacağını bildirərək onlardan şirkətin müştəri bazası çox olduğu üçün maşını salonda satışa çıxarmağını xahiş edib,ona görə ki bazarda daha ucuz qiymətə satılacaqdı. 200.000 km-ə qədər zəmanət verilmişdi. Satılandan sonra yeni maşın alına da bilərdi, alınmaya da. Onlar məcbur edə bilməzdilər ki, onlardan maşın alsın. Onlar qarşı tərəfə öz maşınını sat, ona maşın satacaqlarını deməyiblər. Sadəcə olaraq 24 saat mühafizə olunan yer kimi maşınını gətirib saxlaya biləcəyini deyiblər. İkinci dəfə maşının tüstülənməsinə səbəb vurulan solafan üzlük olub. O onların səhvidir, amma malın qüsurlu olmasına dəlalət edən fakt deyil. Ustaların səhvini qəbul edirlər. Sadəcə təhvil veriləndə solafan üzlüyü çıxarmaq yaddan çıxıb. Tərəf onların daimi müştərisi olduğuna görə ona maşınını salonda satışa çıxarmağa icazə veriblər. Əgər yenə maşın alacağını görərlərsə onlar bir dəfə maşın alan adama da salonda maşınını satmağa icazə verirlər.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 7.4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD)” tələbinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.
27. Belə ki, işin mübahisəsiz halları odur ki, İddiaçı satıcı "xxxx" MMM-dən xx.xx.2021-ci ildə «Cavabdeh2 X5 xDrive25d (M-Paket)» markalı avtomobili 73.000 avroya (150680 manata) almışdır. Alıcı İddiaçı 2022-ci ilin yanvar ayında avtomobildə qüsur aşkarlamış və bununla bağlı qarantiya müddəti çərçivəsində Cavabdeh1 MMM-yə müraciət etmiş, qarantiya şərtləri çərçivəsində avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuş və avtomobildə olan nöqsan aradan qaldırılmışdır. Bir müddət sonra avtomobildə yenidən nasazlıq yaranmış, iddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır. 2022-ci ilin aprel ayında mübahisəli avtomobil 73000 ABŞ dollarına yeni alıcıya satılmışdır. xx.xx.2022-ci ildə Cavabdeh1 MMM tərəfindən iddiaçıya yeni «Cavabdeh2 X5 xDrive25d markalı avtomobil 74000 avroya təklif edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi 5-ci bəndinə əsasən satıcı alıcıya təhvil verdiyi malın keyfiyyətinə və ya fasiləsiz istismarına 4 il müddətinə və ya 200.000 km. (hər hansı birinin tez başa çatmasından asılı olmayaraq) yürüşünə təminat vermişdir. Avtomobildən istifadə etdiyi 8-ci ayda avtomobildə qüsur aşkarlanmış avtomobilin motor hissəsi yenisi ilə əvəz olunmuşdur. Bundan sonra təkrarən avtomobildə nasazlıq yaranmış, iddiaçı həmin gün yenə də Cavabdeh1 MMM-yə müraciət etmiş və cavabdeh tərəfindən yenidən yaranmış nasazlıq aradan qaldırılmışdır. Avtomobildə nasazlıq təkrarlandığından iddiaçı avtomobildən imtina etmişdir. İddiaçının avtomobildən imtina etməsi faktı cavabdeh tərəfin izahatı ilə də təsdiq olunur. Eyni zamanda avtomobilin məhz cavabdeh tərəfindən satış salonuna qoyulması, müştəri tapılması və satılması da sübut olunur.
29. Belə ki, iddiaçı qeyd etmişdir ki, “avtomobildə ikinci dəfə qüsur aşkar edildikdən sonra eyni model avtomobilin verilməsini və ya ödəmiş olduğu pulun qaytarılmasını tələb etmiş, lakin cavabdeh avtomobili satmağı və may ayının sonunda gətiriləcək avtomobillərdən eyni markalı və modelli yeni avtomobil verməyi təklif etmiş, bu razılıq əsasında avtomobil satılmışdır”.
30. Cavabdeh tərəfin bununla bağlı izahı ondan ibarətdir ki, “iddiaçı həmin avtomobilin satılması üçün ona köməklik göstərməsini xahiş etmişdir. Həmçinin o, avtomobil satıldıqdan sonra müəssisədən yeni avtomobil almaq barədə niyyətini də çatdırmışdır. Tərəflərindən iddiaçıya potensial müştəri tapılaraq təklif edilmiş və 2022-ci ilin aprel ayında onlar arasında razılaşma əldə olunaraq, iddiaçı ilə onun avtomobilinin müştərisi arasında avtomobilin alğı-satqısı baş tutmuşdur. Hazırda yeni müştəri ilə zəmanət şərtləri davam edir və avtomobildə həmin tarixdən etibarən 6 aya yaxın müddət ərzində heç bir qüsur yaranmamışdır. İddiaçı öz avtomobilini üçüncü şəxsə satdıqdan sonra onlara yeni avtomobil almaq barədə fikrindən daşındığını bildirmişdir” səh. 57-58). “iddiaçı artıq həmin avtomobili istəmədiyini və onu satmaq üçün kömək etməyimizi xahiş etmişdir. Biz də maşını salona qoyub satılmasına kömək göstərmişik. Maşın iddiaçının nümayəndəsinin iştirakı ilə üçüncü şəxsə özgəninkiləşdirilmişdir” (səh. 66).
31. Cavabdehin nümayəndəsi Nümayəndə1 əvvəlki apellyasiya baxışında iddiaçının avtomobildən imtina etdiyini təsdiq edərək bildirmişdir ki, “Bizə bildiribdir ki, maşını istəmir. Biz də demişik ki, əgər istəmirsə, endirimli yeni maşın təklif edək, bildirib ki, bəs bu maşını neynəyək, biz yenə də bildirmişik ki, maşını bizim salona qoy, yüksək qiymətə satma ehtimalımız daha yüksəkdir. Qarşı tərəf də razılaşıbdır. Əgər bizə əvvəldən bildirsəydi ki, yeni maşın almayacaq, onda biz də deyərdik ki, maşını götür apar, biz niyə maşını satırıq” (səh. 141).
32. Hazırki apelyasiya baxışında isə cavabdehin nümayəndəsi Nümayəndə1 əvvəlki apellyasiya baxışında verdiyi izahatdan fərqli izahat verərək bildirir ki, “onlar qarşı tərəflə yeni maşın vermək barədə razılaşmayıblar. Qarşı tərəf maşının gözündən düşdüyünü və satacağını bildirərək onlardan şirkətin müştəri bazası çox olduğu üçün maşını salonda satışa çıxarmağını xahiş edib,ona görə ki bazarda daha ucuz qiymətə satılacaqdı. 200.000 km-ə qədər zəmanət verilmişdi. Satılandan sonra yeni maşın alına da bilərdi, alınmaya da. Onlar məcbur edə bilməzdilər ki, onlardan maşın alsın. Onlar qarşı tərəfə öz maşınını sat, ona maşın satacaqlarını deməyiblər. Sadəcə olaraq 24 saat mühafizə olunan yer kimi maşınını gətirib saxlaya biləcəyini deyiblər. İkinci dəfə maşının tüstülənməsinə səbəb vurulan solafan üzlük olub. O onların səhvidir, amma malın qüsurlu olmasına dəlalət edən fakt deyil. Ustaların səhvini qəbul edirlər. Sadəcə təhvil veriləndə solafan üzlüyü çıxarmaq yaddan çıxıb. Tərəf onların daimi müştərisi olduğuna görə ona maşınını salonda satışa çıxarmağa icazə veriblər. Əgər yenə maşın alacağını görərlərsə onlar bir dəfə maşın alan adama da salonda maşınını satmağa icazə verirlər” .
33. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin sonrakı izahatı əvvəlki izahatı ilə ziddiyyət təşkil edir və işin hallarına uyğun gəlmir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobildə ilk dəfə yaranmış qüsur aradan qaldırılsa da yenidən avtomobildə nasazlıq yaranmışdır. Bundan sonra iddiaçı avtomobildən imtina edərək avtomobil üçün ödədiyi pulu tələb etmişdir. Avtomobil cavabdehin satış salonunda başqa alıcıya satılsa da aradakı qiymət fərqi iddiaçıya ödənilməmişdir.
36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki,iddiaçı avtomobilin satışından sonra ona ödənilməyən pul fərqini tələb etməkdə haqlı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış və səhv nəticəyə gəlmişdir.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən –“Cavabdeh1 MMMyə qarşı 26579,5 manat (15635 USD)” tələbinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, Cavabdeh1 MMM-dən İddiaçı xeyrinə 26579,5 manat (15635 USD) məbləğində pul tutulmalıdır.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4092/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən – “Cavabdeh1 MMM-yə qarşı 26579,5 manat (15635 USD)” tələbinə dair hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh1 MMM-dən İddiaçı xeyrinə 26579,5 manat (15635 USD) məbləğində pul tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev