Məhkəmə qərarları › İş №2(103)-8371/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8371/2021

24.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8371/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Ellada Məmmədzadənin, cavabdehin nümayəndəsi Xəqani Hüseynovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, "xxxx" İnvestisiya-Kommersiya Bankı ASC (indiki "xxxx" ASC) ilə X1 arasında bağlanmış 12.01.2014-cü il tarixli, 1-G-1-0-27-15 №-li ipoteka müqaviləsi etibarsız hesab olunsun və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev № 89-da yerləşən 27 №-li mənzil ipoteka yüklülüyündən azad edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. "xxxx" İnvestisiya-Kommersiya Bankı ASC (indiki "xxxx" ASC) ilə X1 arasında bağlanmış 12.01.2014-cü il tarixli, 1-G-1-0-27-15 №-li ipoteka müqaviləsinə əsasən Ellada Məmmədzadəyə məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev № 89-da yerləşən 27 №-li mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilib. Həmin müqavilənin etibarsız sayılması barədə tələb onunla əsaslandırılıb ki, mənzil ipoteka ilə yüklü edilərkən mülkiyyətçinin (Ellada Məmmzadənin) ailə üzvünün (iddiaçı Orxan Hüseynzadənin) buna razılığı alınmayıb. Belə ki, iddiaçı mülkiyyətçinin nəvəsidir, müqavilə bağlanan zaman mənzildə qeydiyyatda olub. Mülki Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03.11.2015-ci il tarixli qərarına görə Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçının razılığının alınmaması ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar