Məhkəmə qərarları › İş №2(105)-1482/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1482/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1482/2024 25.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahələrinin təhvil verilməsi) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "qeyri-yaşayış sahələrinin təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-209/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahələrinin təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahələrinin 1 həftə müddətində cavabdeh - Cavabdeh MTK tərəfindən iddaçı - İddiaçı təhvil verilməsi, sözügedən qeyri-yaşayış sahələrinə kənar şəxslərin müdaxiləsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin hər bir kv.m-ni 900 manat olmaqla cəmi 79.110 (yetmiş doqquz min bir yüz on) manat, xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsinin hər bir kv.m-ni 200 manat olmaqla cəmi 17.580 (on yeddi min beş yüz səksən) manat, ümumilikdə 96.690 (doxsan altı min altı yüz doxsan) manat məbləğində pul vəsaiti ödəyərək Cavabdeh MTK -nın faktiki rəhbəri və sahibi X9 almışdır. Bu barədə ona möhürlə təsdiq olunmuş müqavilələr və hər iki müqavilə üzrə qeyri-yaşayış sahələrinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları təqdim olunmuşdur. Həmin binanın tikintisi yekunlaşıb digər sakinlər tərəfindən öz mənzillərində tikinti təmir işləri aparılır, sakinlər evlərində yaşayırlar. Binanın birinci mərtəbəsində olan bəzi qeyri yaşayış sahələrində hətta mağaza və digər sahibkarlıq obyektləri də fəaliyyət göstərir. Sözügedən qeyri-yaşayış sahələrini aldıqdan bir müddət sonra növbəti dəfə həmin ərazilərə baxmağa gedən zaman ona məlum oldu ki, Cavabdeh MTK-nın faktiki rəhbəri və sahibi X18 və MTK-ın sədri X7 mənə məxsus qeyri-yaşayış yerlərini X10 da satmışlar. Həmin vaxt təmir işləri bir müddət dayandırıldı. Qeyri-yaşayış sahəsini ondan sonra almış X15 tikinti şirkəti ilə danışıqlar apardıqdan sonra mənə bildirdilər ki, səhv olub tezliklə həmin səhv aradan qaldırılacaqdır. Lakin bu günə kimi cavabdeh qeyri-yaşayış sahələrini ona təhvil vermir və onun qeyri-yaşayış sahələrindən istifadə etməyinə maneələr yaradır. Artıq 4 (dörd) ilə yaxındır ki, cavabdeh müxtəlif bəhanələrlə iddiaçını get-gələ salır və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. Faktiki olaraq ona müqavilə üzrə təqdim olunan sahə ilə X10 verilən sahə tam olaraq üstüstə düşmür. İddiaçı tərəfindən dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilərək qeyri-yaşayış sahələrinin ona təhvil verilməsini tələb etsədə, bu günə kimi cavabdeh tərəfindən həmin müraciətlərə cavab verilməmiş və heç bir addım atılmamışdır. Bu səbəbdən iddiaçı öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahələrinin cavabdeh - Cavabdeh MTK tərəfindən iddaçı - İddiaçı təhvil verilməsi, sözügedən qeyri-yaşayış sahələrinə kənar şəxslərin müdaxiləsinə qadağa qoyulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. xx.xx.2019-cu il tarixli 134 saylı müqavilənin surətindən görünür ki, Səfərov X13 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 900 manata, ümumi dəyəri 79110 manata Cavabdeh MTK-dan almışdır.

6. xx.xx.2019-cu il tarixli 135 saylı müqavilənin surətindən görünür ki, Səfərov X13 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok zirzəmi hissəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 200 manata, ümumi dəyəri 17580 manata Cavabdeh MTK-dan almışdır.

7. Maliyyə arayışlarının surətindən görünür ki, İddiaçı qeyd olunan qeyriyaşayış sahələrinə görə pay dəyəri kimi müqavilələrə müvafiq olaraq 79110 manat və 17580 manat pulu Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.

8. 05.04.2018-ci il tarixli 04 saylı müqavilənin surətindən görünür ki, X4 rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 133 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini kvadratmetri 1120 manata, ümumi dəyəri 149000 manata Cavabdeh MTK-dan almışdır.

9. Maliyyə arayışının surətindən görünür ki, X15 qeyd olunan qeyri-yaşayış sahəsinə görə pay dəyəri kimi ümumilikdə 149000 manat pulu Cavabdeh MTK-ya tam ödəmişdir və MTK-ya borcu yoxdur.

10. 10.09.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin bşlanılması rədd edilmiş, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli 4/163-5/139 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh MTK ilə İddiaçı adlarından olan xx.xx.2019-cu il tarixli 134 və 135 nömrəli müqavilələrdə və həmin müqavilələrə dair maliyyə arayışlarında Cavabdeh MTK-nın sədri «Abbasov G» və Cavabdeh MTK-nın sədri” qrafalarındakı imzalar - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, tədqiqata təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 14 avqust 2019-cu il tarixli 134 və 135 nömrəli müqavilələrində və maliyyə arayışlarında olan möhür əksləri təqdim edilmiş əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş "xxxx" MTK-nın sərbəst əks nümunələri kserosurət olduğundan, tam və aydın əks olunmadığından, onların müqayisəli tədqiqatı aparılmamışdır.

12. Cavabdeh MTK-nın xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, e-2(012)- 209/2024 saylı işdə bir əmlakın bir neçə nəfərə satılması halı mövcud olduğu üçün iş üzrə xüsusi Qərardad çıxarılmasını xahiş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

13. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-209/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh MTK-ya qarşı qeyriyaşayış sahələrinin təhvil-verilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

14. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-209/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Cavabdeh MTK-ya qarşı qeyriyaşayış sahələrinin təhvil verilməsi tələbinə mülki iş üzrə məhkəmə baxışı zamanı cinayət əməlinin əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılması və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Abşeron rayon prokuroruna xəbər verilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 43.2, 111.1, 111.2, 111.10, 324.1, 324.2, 324.4, 324.6, 337.1, 337.3, 337.4, 337.5, 389.1, 390.1, 358.1, 358.2, 646.1, 752.1 və 752.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 106.1, 107.1, 103.1, 119.1, 14.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

16. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-209/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli 134 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyriyaşayış sahəsini hər bir kv.m-ni 900 manat olmaqla cəmi 79.110 (yetmiş doqquz min bir yüz on) manat, xx.xx.2019-cu il tarixli 135 nömrəli müqaviləyə əsasən, Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “zirzəmi” mərtəbəsində yerləşən 87.9 kv.m sahədən ibarət olan qeyri-yaşayış sahəsini hər bir kv.m-ni 200 manat olmaqla cəmi 17.580 (on yeddi min beş yüz səksən) manat, ümumilikdə 96.690 (doxsan altı min altı yüz doxsan) manat məbləğində pul vəsaiti ödəyərək Cavabdeh MTK-nın faktiki rəhbəri və sahibi X9 almışdır. Bu barədə ona möhürlə təsdiq olunmuş müqavilələr və hər iki müqavilə üzrə qeyri-yaşayış sahələrinin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışları təqdim olunmuşdur. Həmin binanın tikintisi yekunlaşıb digər sakinlər tərəfindən öz mənzillərində tikinti təmir işləri aparılır, sakinlər evlərində yaşayırlar. Binanın birinci mərtəbəsində olan bəzi qeyri-yaşayış sahələrində hətta mağaza və digər sahibkarlıq obyektləri də fəaliyyət göstərir. Sözügedən qeyri-yaşayış sahələrini aldıqdan bir müddət sonra növbəti dəfə həmin ərazilərə baxmağa gedən zaman ona məlum olmuşdur ki, Cavabdeh MTK-nın faktiki rəhbəri və sahibi X18 və MTK-ın sədri X7 ona məxsus qeyri-yaşayış yerlərini X10 da satmışlar. Həmin vaxt təmir işləri bir müddət dayandırılmışdır. Qeyri-yaşayış sahəsini ondan sonra almış X15 tikinti şirkəti ilə danışıqlar apardıqdan sonra ona bildirmişlər ki, səhv olub, tezliklə həmin səhv aradan qaldırılacaqdır. Lakin bu günə kimi cavabdeh qeyriyaşayış sahələrini ona təhvil vermir və onun qeyri-yaşayış sahələrindən istifadə etməsinə maneələr yaradırlar. Artıq 4 (dörd) ilə yaxındır ki, cavabdeh müxtəlif bəhanələrlə iddiaçını get-gələ salır və müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir. Faktiki olaraq ona müqavilə üzrə təqdim olunan sahə ilə X10 verilən sahə tam olaraq üstüstə düşmür. Tərəfindən dəfələrlə cavabdehə yazılı və şifahi müraciət edilərək qeyriyaşayış sahələrinin ona təhvil verilməsini tələb etsədə, bugünə kimi cavabdeh tərəfindən həmin müraciətlərə cavab verilməmiş və heç bir addım atılmamışdır. Sözügedən müqavilələr ona təqdim edilən zaman müqavilədə MTK-sədri X7 tərəfindən şəxsən imzalaması və yaxud başqa şəxsə imza etdirməsi ona məlum olmamışdır. Faktiki olaraq xx.xx.2019-cu il tarixli 134 nömrəli müqavilə və xx.xx.2019-cu il tarixli 135 nömrəli müqavilədə Cavabdeh MTK-nın möhürü mövcuddur. Həmçinin, MTK tərəfindən təqdim edilmiş maliyyə arayışlarında möhür və imza mövcuddur. Göründüyü kimi birinci instansiya məhkəməsi haqsız yerə onun müqavilələrini etibarsız hesab etməsi əsassız və qanunsuzdur. Həmçinin bildirir ki, ona qeyri-yaşayış sahələrini satan X18 Cavabdeh MTK ilə xx.xx.2015-ci il tarixli 04 nömrə müqavilə bağlayaraq Cavabdeh MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının “E” blok “1” mərtəbəsində 250.82 kv.m olan sahənin hər kvadrat metri 1200 manat olmaqla, ümumilikdə 300.000 manata almışdır. Daha sonra həmin 250.82 kv.m sahədən 87.9 kv.m hissəsini ona satmışdır. Hazırda sözügedən müqavilə üzrə X18 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciə etmişdir. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi işin bütün faktiki hallarını aydınlaşdırmamış bu səbbədən əsassız və qanunsuz qətnamə çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. İş üzrə cavabdehin nümayəndəsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətlərinin dəlillərindən göründüyü kimi İddiaçıbrahim oğlu verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Maddə 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

25. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Birinci instansiya məhkəməsindəki araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı xx.xx.2019-cu il tarxili 134 və 135 saylı müqavilələrdə və maliyyə arayışlarında olan imza və möhür MTK-nın direktorunun imzası və möhürü deyil. Bu ekspert rəyi ilə öz təsdiqini tapır. İddiaçı həmin müqavilələrin hansı şəraitdə və kiminlə bağlanmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə Çinar-AN MTK tərəfindən inşa edilmiş yaşayış binalarının E blokunda cəmi 204 kv metr qeyri yaşayış sahəsi olduğunu, həmin sahədən 120 kv. metrinın 10 may 2016-cı il tarixdə X2, sonradan onu nümayəndəsinin notarial qaydada ərizələri əsasında həmin sahə 17 dekabr 2022-ci il tarixdə X12 adına rəsmiləşdirildiyini, qalan sahə isə 05 aprel 2018-ci il tarixdə 133 kv. metr olaraq X3, həmin blokda hal-hazırda boş qeyri-yaşayış sahəsi mövcud olmadığını, İddiaçıla müqavilə bağlanan zaman da E blokunda boş qeyri yaşayış sahəsi mövcud olmadığını, İddiaçı təqdim etdiyi müqavilə və maliyyə arayışındakı imzalar Çinar-AN MTKnın sədri Gülməmməd Abbasova məxsus olmadığını və bu müqavilələr üzrə kooperativin kassasına pul ödənilmədiyini göstərmişdir.

27. Məhkəmə hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələri ilə bağlı təqdim edilən xx.xx.2019-cu il tarixli 134 və 135 saylı müqavilələr Cavabdeh MTK-nın rəhbəri X7 tərəfindən imzalanmadığından və Cavabdeh MTK-ya məxsus möhürlə təsdiq edilmədiyindən həmin müqavilələr əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməlidir.

28. Qeyd olunan əsaslara istinadən birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir.

29. Məhkəmə qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq ilk əvvəl onu qeyd edir ki, həmin dəlillər əsasən iddia ərizəsinin məzmunu ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə hərtərəfli araşdırma aparıldığından, həmin halları üzrə əlavə araşdıma aparılmasına zərurət görmür, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul edilmişdir.

31. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

32. Göründüyü kimi apelyator şikayətin dəlili olaraq mübahisə predmeti olan sahələrin dəyərini ödəyərək Cavabdeh MTK-nın faktiki sahibi X9 aldığını göstərmişdir.

33. Qeyd olunan xüsusatla bağlı Cavabdeh MTK tərəfindən məhkəməyə məlumat verilərək göstərilmişdir ki, X18 heç bir zaman Cavabdeh MTK-da heç bir vəzifədə işləməmiş, cəmiyyətin təsisçisi olmamışdır. İddiaçı tərəfindən təqdim edilən müqavilə saxtadır. İşin gedişatından görünən odur ki, İddiaçı pul vəsaitini Əliyev Anara vermişdir. Anar Əliyev İddiaçı aldatmış və hal-hazırda vəziyyətdən çıxmaq və vaxt qazanmaq üçün məhkəmədə iddia qaldıraraq, görüntü yaradır. İddiaçı müqaviləsi və maliyyə arayışı saxtadır. Həmin müqavilə və maliyyə arayışı əsasında MTK-nə heç bir pul vəsaiti ödənilməmişdir. Mübahisəli qeri yaşayış sahəsi tamamilə başqa şəxslərə məxsusdur.

34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şərh olunanlardan göründüyü kimi araşdırılan iddianın predmetini əsasını müqavilə münasibətləri təşkil edir.

35. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

37. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

38. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

39. Birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılaraq, əqdin etibarlığına qiymət verilmiş, əqdlərin etibarlılıqa bağlı qanunvericiliyin şərtlərinə uyğun bağlanmadığı müəyyən edilmişdir. Kollegiya yuxarıda şərh olunan hüquq normalarına istinadən hesab edir ki, əqdin etibarsız olması tərəflər üçün hüquq və öhdəliklər əmələ gətirmir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi ilə bağlı nəticəyə gəlmişdir.

40. O da qeyd olunmalıdır ki, iddiaçı istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində müqavilə münasibətlərinin əmlakın dəyərini tam ödəməklə MTK-nın faktiki sahibi Anar Əliyevlə bağlandığını göstərmiş, araşdırma zamanı Anar Əliyevin MTK-da heç bir vəzifə tutmadığı, aiddiyəti olmayan şəxs olduğu müəyyən edilmişdir ki, bu halın özü də iddia tələbinin əsasını təşkil edən müqavilə münasibətlərinin etibarlı olmadığını göstərir.

41. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, e-2(012)-209/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar