Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1573/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-227/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, ASD000432 nömrəli nisyə alqı-satqı müqaviləsindən, eləcə də həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, alqı-satqı qiyməti 2758 manat olan “LVC” markalı televizor və künc divanı 12 ay müddətinə, hər ay 230 manat, sonuncu ay 228 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır.
2. 10 dekabr 2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsində olan “LVC” markalı televizor və künc divanı Cavabdeh təhvil vermişdir.
3. Tərəflər arasında əşyaların dəyərinin ödənilməməsi ilə əlaqədar yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat borcun və ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Həmin iddia sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata götürülmüş, lakin Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında baxılma ləğv edilməklə, iddiaya baxılması üçün iddia icraatına keçilmişdir.
6. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı televizor və künc divanına görə 12 ay ərzində hər ay 230 manat, sonuncu ay 228 manat olmaqla, cəmi 2758 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirməklə, avadanlıqları sonuncuya təhvil versə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya cəmi 1500 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh televizoru təhvil verən zaman qrafik üzrə ödəməli olduğu məbləği ödəməyərək, ödənişi 65 gün gecikdirdiyi üçün o, sözügedən televizor təmir olunduqdan sonra onu cavabdehə qaytarmamışdır. Müştərinin şirkətə nisyə alınmış mal üzrə borcu bitənə qədər şirkətin səlahiyyətli nümayəndələri istənilən vaxt müştəridə olan girov əmlaka baxış keçirə bilər. Bundan əlavə, ödəniş gecikdirildiyi halda satıcı istənilən vaxt malı müştəridən geri alaraq, tam ödəniş edilənədək özündə saxlaya bilər. Eyni zamanda, sözügedən televizor cavabdehdən alınaraq 10 gün ərzində təmir edilmiş, lakin cavabdeh öz öhdəliyini yerinə yetirməyərək qrafik üzrə ödənişləri tam şəkildə həyata keçirmədiyinə görə məhsul girov olaraq saxlanılmışdır. Dəfələrlə, cavabdehə xəbərdarlıq edilsə də, ödənişlər aparılmamışdır. Bundan əlavə, 30 iyun 2022-ci il tarixdə cavabdehə borcunu ödəməsi ilə bağlı müraciət edilmiş, lakin sonuncu ödənişi etməkdən yayınmaqla zənglərə cavab verməmişdir. Bununla belə, cavabdehin qrafik üzrə sonuncu ödəniş məbləğini də ödədiyi təqdirdə televizor ona təhvil veriləcəkdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, televizor nasaz olduğu üçün iddiaçıya təhvil verilsə də, sözügedən məhsul sonradan ona qaytarılmadığı üçün o, ödənişləri dayandırmışdır. Onun hazırda iddiaçıya 1378 manat məbləğində borcu qalsa da, televizor ona qaytarılmayacağı təqdirdə o, bu məbləği ödəməyəcəkdir. Belə ki, sözügedən müqavilə üzrə məhsulun geri qaytarılmaması ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, o, hazırda tələb olunan məbləği birdəfəyə ödəmək imkanı yoxdur. Bundan başqa, o, iddiaçının mühasibi ilə əlaqə saxlayarkən ona televizorun təmir olunduqdan sonra qaytarılacağı bildirilsə də, bu əşya ona qaytarılmamışdır. Eyni zamanda, sözügedən televizor qaytarıldıqdan sonra ödənişləri qrafik üzrə həyata keçirəcəkdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-227/2023 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 (bir min beş yüz) manat borcun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun tutulması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı televizor və künc divanına görə 12 ay ərzində hər ay 230 manat, sonuncu ay 228 manat olmaqla, cəmi 2758 manat ödəməyi öhdəsinə götürmüş, lakin o, nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Bundan əlavə, Cavabdeh İddiaçı aldığı televizorda yaranmış qüsura görə həmin əşyanı təmir edilməsi üçün sonuncuya təhvil verməsi, lakin, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməməsi səbəbindən bu televizorun təmirdən sonra dəyəri tam ödənilənədək ona qaytarılmaması, o cümlədən iddiaçının əvvəl verdiyi əşyanı təkrar verməyi dayandırması işin mübahisələndirilməyən hallarından olmaqla yanaşı, onun bununla, cavabdehin qanunla qorunan hüquq və mənafeyini Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri baxımından pozması halı müəyyən edilməmişdir. Əksinə, edilən xəbərdarlıqlara rəğmən Cavabdeh İddiaçıla bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 443.1, 448, 598.5, 600-cü maddələrinin, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilətə əsasən ona 1 ədəd (TV LVC smart) televizor və 1 ədəd künc divan müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə verilmişdir. Müqavilə üzrə 12 aylıq kredit müqaviləsinə əsasən hər ayın 10-da 230 (iki yüz otuz) manat ödəniş etməli idi. Müqaviləni bağladıqdan sonra 6 ay ərzində hər ay 230 manat olmaqla, cəmi 1380 (bir min altı yüz on manat) ödəniş etmişdir. Sonra televizor heç bir səbəb olmadan xarab olmuşdur. Televizorun 1 (bir) il zəmanət müddəti var idi. 2022-ci ilin iyul ayında “Centron Home” satış mərkəzinə televizoru təhvil vermişdir. Ona bildirmişdirlər ki, televizoru təmir etdikdən sonra bir ay ərzində təhvil veriləcək. Sonra isə bildirmişdirlər ki, ehtiyyat hissələri xaricdən gəldiyindən Rusiya-Ukrayna müharibəsi başa çatandan sonra televizor təhvil veriləcək. Televizoru ona təhvil vermədiklərindən qalıq pulu ödəməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 598.5. Alğı-satqı müqaviləsinə uyğun olaraq satıcının alıcıya təkcə onun ödədiyi əşyaları deyil, digər əşyaları da verməyə borclu olduğu hallarda satıcının ixtiyarı var ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əvvəl verilmiş əşyaların hamısı tam ödənilənədək həmin əşyaların verilməsini dayandırsın.
Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 220. Qətnamənin məzmunu (...) 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh 10 dekabr 2021ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı qiyməti 2758 manat olan “LVC” markalı televizor və künc divanı 12 ay müddətinə, hər ay 230 manat, sonuncu ay 228 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmış, həmin əşyalar cavabdehə təhvil vermişdir.
22. İddiaçı tərəfindən 21 fevral 2023-cü il tarixdə tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh 10 dekabr 2021-ci il tarixli müqavilə üzrə 1378 manat əsas, 122 manat dəbbə pulu olmaqla, cəmi 1500 manat borcu vardır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə borcu yaranmışdır.
24. Cavabdeh borcun ödənilməməsi əsası kimi təhvil verilmiş əşyanın işləməməsinə, bu səbəbdən alıcıya geri qaytarıldığına istinad edir. Cavabdehin qeyd edilən dəlili ilə bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 2.4.2-ci bəndinə qeyd edilmişdir ki, “alıcı” ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişləri vaxtında və lazımı qaydada yerinə yetirmədikdə “satıcı”ya ödədiyi pulu geri tələb etmədən “satıcı”nın tələbi ilə bu müqavilənin tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən malı (malları) “satıcı”ya təqdim etməlidir. Malın geri qaytarılması “alıcı”nı borcunu ödəmək öhdəliyindən azad etmir.
25. Müqavilənin 2.4.4-cü bəndində qeyd edilmişdir ki, “alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,5 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürür.
26. Müqavilənin 2.4.5-ci bəndində qeyd edilmişdir ki, müştərinin şirkətə nisyə alınmış mal üzrə borcu bitənə qədər şirkətin səlahiyyətli nümayəndələri istənilən vaxt müştəridə olan girov əmlaka baxış keçirə bilər. Müştəri də həmin baxışın həyata keçirilməsinə şərait yaratmağa borcludur və bunun üçün öhdəlik daşıyır.
27. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, ödəniş müddəti bitənə qədər nisyə satılmış mal “İddiaçı”in girovu hesab olunur. Borc bitənə qədər həmin mal satıla və heç kimə bağışlana bilməz. Ödəniş gecikdirildiyi halda, “satıcı” istənilən vaxt 2.4.2-ci bəndinə uyğun olaraq girov malı müştəridən geri ala bilər. Müştəri də həmin girov malı şirkətin nümayəndələrinə təhvil verməlidir.
28. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, mal satıcının girovu hesab edilir və ödəniş gecikdirildiyi halda malın satıcıda qalması alıcını borcunu ödəmək öhdəliyindən azad etmir.
29. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə ödənişləri ödədiyi təqdirdə “LVC” markalı televizor iddiaçı tərəfindən cavabdehə veriləcəkdir.
30. Qeyd olunanlara əsasən borc məbləğinin tələb edilməsinin hüquqi əsasları olduğundan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
31. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(059)-227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.