Məhkəmə qərarları › İş №2-2(1-8)-158/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-158/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-158/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işi üzrə QƏRAR Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, nəqliyyat-ekspedisiyası müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh MMC arasında LaSAZ-C-*** nömrəli, 2023-cü il # ######## tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi (bundan sonra - müqavilə) bağlanmışdır. Həmin müqavilənin: - 1.3-cü maddəsinə əsasən ekspeditor tələb olunan xidmətləri razılaşdırılmış qiymət əsasında həyata keçirir. Uyğun olaraq, sifarişçi tərəfindən tələb olunan hər xidmət partiyası üçün qiymət çıxarılır, razılıq alınaraq qiymət vərəqəsinə təsdiq əldə olunur. - 2.1-ci maddəsinə əsasən, sifarişçi ekspeditorun xidmətlərinin qarşılığı olan ödəməni yükün sifarişçinin istədiyi ünvana çatdırılmasından sonra verilmiş hesaba uyğun olaraq ödəyir. Ekspeditor hesab-fakturanı xidmət göstərildikdən sonrakı 5 gün ərzində təqdim etməlidir. - 2.2-ci maddəsinə əsasən, müqavilə üzrə ödənişlər ekspeditorun təqdim edəcəyi hesab-fakturanın əsasında ekspeditorun bank hesabına hesab-faktura tarixindən sonrakı 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir. - 2.3-cü maddəsinə əsasən, müqavilədə qeyd olunan ödəmə şərtlərinin pozulması zamanı ekspeditor müvafiq ödənişin qəbul edildiyi tarixə qədər xidmətlərin icrasını dayandıra bilər. Bu müqavilədə qeyd olunan şərtlər daxilində hesab fakturanın ödənilməsində hər hansı gecikmə baş verdikdə şifarişçi ekspeditora gecikmənin hər gününə görə ödənilməmiş hesab-fakturaların məbləğinin 0.1%-nə bərabər məbləğdə cərimə ödəyir. - 4.1-ci maddəsinə əsasən, tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımı qaydada yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. - 4.6-cı maddəsinə əsasən sifarişçi gömrük rəsmiləşdirilməsi, nəzarəti və bəyanatının düzgün vaxtda həyata keçirilməsini təmin etmə və idarəetmə və gömrük prosedurları zamanı nəqliyyat vasitəsinin boşdayanma vaxtını istisna etməlidir. - 4.13-cü maddəsinə görə malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsidir. - 7.3-cü maddəsinə əsasən müqavilədən irəli gələn və ya onunla əlaqədar meydana çıxan mübahisələr iddia irəli sürməklə tənzimlənmədiyi halda həmin iddialara Azərbaycan Respublikasının müvafiq məhkəməsində baxılmalıdır.

2. İddiaçı MMC və cavabdeh Cavabdeh MMC arasında bağlanmış 2023-cü il ## ######## tarixli müqavilə ilə bağlı * nömrəli əlavəyə əsasən, yükün sığorta haqqı daxil olmaqla dəyəri 5770 ABŞ dolları təşkil etmişdir. Yükün kofe məhsulundan ibarət olub, çəkisi 13 ton, konteynerin miqdarı 40, götürülmə ünvanı Dubay, çatdırılma ünvanı Bakı şəhəri, tranzit müddəti yük yola salınandan sonra 38-42 gün olmuşdur. Əlavədə həmçinin nəzərdə tutulmuşdur ki, yerinə çatdıqdan sonra yük 48 saat ərzində boşaldılmalıdır. 48 saatdan sonra boşaldılması gecikdirilən hər əlavə günə (1 konteyner) görə 150 ABŞ dolları müəyyən edilir. Azərbaycan sərhədini keçdikdən sonra yük maşını 2 həftə müddətində Azərbaycan ərazisini tərk etməlidir. Yük maşınının müştərinin günahı üzündən Azərbaycanda 2 həftədən çox dayanması halında, geri dönərkən Azərbaycan sərhədində cərimə tətbiq oluna bilər. Həmin məbləğ hesab-fakturada öz əksini tapacaq.

3. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.

4. Iddiaçı tərəfindən təqdim olunan invoys sənədinə əsasən, yükün sığorta haqqı daxil olmaqla daşınma dəyəri 5770 ABŞ dolları təşkil edir.

5. 2023-cü il # ####### tarixli, EBDQ seriyalı, ****** nömrəli elektron qaimənin məzmununa əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 9809.00 manat təşkil edir. Həmin məbləğin 935 manatı sığorta haqqını, 8874 manatı isə daşıma haqqını təşkil etmişdir.

6. İddiaçı MMC tərəfindən təqdim olunan Cavabdeh MMC-yə məxsus yüklərin daşınması ilə bağlı invoys sənədinə əsasən, malın kodu 9949411400, çəkisi 14853 kq, miqdarı 1606 olan yükün (müxtəlif növ qəhvə məmulatları) X3 X2 gömrüyündə yenidən yüklənmənin birinci hissəsinə 738,34 dollar, demuraj IDINV00372122023/D- 5 gün saxlanılmasına günə 45 dollar, 28 gün yükün saxlanılması gününə görə 65 dollar olmaqla, 2023-ci il ## ###### – 2023-cü il ## ###### üçün 2,045 dollar, demuraj IDINV00099012024/D 15 gün yükün saxlanılmasının ikinci müddəti 25.12.23- 09.01.24-günü 65 dollar-975 dollar, demuraj IDINV00157012024/D növbəti üç gün üçün saxlanılma 2024-cü il # ###### -2024-cü il ## ###### - günə 65 dollar-195 dollar, Nəqliyyat vasitəsinin əlavə dayanması 2023-cü il ## ###### - 2023-cü il ## ###### - 1300 dollar, X4 yükləmə/boşaltma-207,94 dollar, Gürcüstanda gömrük cəriməsi 746 dollar və konteyner daşıyan maşının əvəzinə tent maşınla daşımağa görə endirim-120 dollar olmaqla, cəmi 6087,28 ABŞ dollar, manatla 10348,38 manat təşkil edir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yuxarıda qeyd olunan 10348,38 manat məbləğin ödənilməsi üçün 2024-cü il ## ###### tarixli, EBDX seriyalı, ****** nömrəli elektron qaimə göndərilmişdir.

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2025-ci il # ###### tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış LaSAZ-C-*** nömrəli, 2023-cü il # ######## tarixli nəqliyyat-ekspedisiyası müqaviləsinə əsasən yük 2024-cü il ## ###### tarixdə təhvil verilmiş, cavabdehə EBDQ****** saylı, 2023-cü il # ####### tarixli və EBDX****** saylı, 2024-cü il ## ###### tarixli qaimə fakturalar təqdim edilərək qəbul edilmişdir. Ekspedisiya xidmətinin ödənişi müqaviləyə əsasən 10 iş günü ərzində ödənilməli olduğu halda, tam ödəniş hələ də həyata keçirilməmişdir. Odur ki, müqaviləyə əsasən, 11857,28 ABŞ dollarının (20157,38 AZN) üç iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsindəki icraat

9. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “iddiaçı”) cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 20157,38 manat məbləğində borc, 1007,86 manat illik 5%-lə hesablanmış faiz məbləği, 8193,99 manat müqavilə üzrə hesablanmış cərimə, hüquqi xidmətə görə ödənilmiş 1250 manat xidmət haqqı, məhkəməyə ödənilmiş 182,92 manat dövlət rüsumu, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 manat olmaqla, cəmi 30976,15 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında LSAZ-C-*** nömrəli, 2023-cü il # ######## tarixli nəqliyyat-ekspedisiyası müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus malların, yükün X5, Dubay, X1 Zonasından Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını öhdəsinə götürür, cavabdeh isə bunun müqabilində iddiaçıya ödəniş etməlidir. Sözügedən müqavilə və əlavələr tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, qüvvədə olan qanunvericiliyə uyğun bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. Bundan başqa, iddiaçı tərəfindən EBDQ072181 və EBDX****** nömrəli qiymət təklifi cavabdehə təqdim edilmişdir. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş, iddiaçı müqavilədə nəzərdə tutulan malları Azərbaycan Respublikasına daşıyıb gətirmiş, cavabdehə təhvil vermiş, gətirilən mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş həyata keçirilməmişdir. Cavabdehə təqdim edilmiş elektron/hesab fakturada nəzərdə tutulmuş məbləğdən 20157,38 manat pul ödənilməmiş qalmışdır. Iddiaçı tərəfindən cavabdehə EBDQ****** saylı, 2023-cü il # ####### tarixli və EBDS****** saylı, 2024cü il ## ###### tarixli qaimələr yazılmış, cavabdeh tərəfindən təsdiq edilmişdir. 2023cü il # ####### tarixli EBDQ****** saylı, və 2024-cü il ## ###### tarixli, EBDS****** saylı, qaimələrə əsasən cavabdeh müqaviləyə əsasən ümumilikdə 20157,38 manat məbləğində pulu iddiaçıya ödəməli idi. Lakin cavabdeh tərəfindən pul bu günədək ödənilməmişdir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış LSAZ-C-*** nömrəli, 2023cü il # ######## tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında göstərilmiş daşıma xidmətinin dəyəri 20157,38 manat olmuşdur. Iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirmiş, lakin cavabdeh tərəfindən daşıma xidmətinə görə ödəniş hələ də tam edilməmişdir. Iddiaçı cavabdehə 2025-ci il # ###### tarixində pretenziya məktubu göndərərək, 3 iş günü müddətində 20157,38 manat məbləğində borcu ödəməyi tələb etmiş, lakin cavabdeh yenə də borcu ödəməmişdir. Müqaviləyə görə 20157,38 manat məbləğində borca görə hər gün üçün 0.1% məbləğində cərimə hesablanır. Həmin cərimə məbləği 9809 manat x 0.1% x 464 gün (##.##.2023 - ##.##.2025) = 4551,37; 10348,38 manat x 0.1% x 352 gün (##.##.2024-##.##.2025) = 3642,62; 4551,37+3642,62=8193,99 manat cərimə də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Borc vaxtında ödənilmədiyinə görə illik 5 %, 20157,38 manat x 5% x 1 il = 1007,86 manat hesablanmış pul da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

11. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9809 manat borc, 500 manat cərimə, 500 manat hüquqi xidmət haqqı, tərcümə olunan sənədlərə görə ödənilmiş 184 manat, ödənilmiş dövlət rüsumuna görə 65,11 manat olmaqla, ümumilikdə 11058,11 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).

12. Məhkəmə bildirmişdir ki, iddia tələbinin bir hissəsini 20157,38 manat məbləğində borcun tutulması təşkil edir. Həmin məbləğin 9809 manat hissəsini daşıma haqqı təşkil edir.

13. Tərəflər arasında müqavilənin bağlanması, yükün daşınaraq sifarişçiyə təhvil verilməsi, daşıma ilə bağlı icranın gecikdirilməsi, daşıma haqqının 9809 manat təşkil etməsi işin mübahisəsiz hallarını təşkil etmişdir. Həmçinin daşıma haqqının 9809 manat (5770 ABŞ dolları) təşkil etməsi işdə olan yuxarıda sadalanan sübutlarla da (müqaviləyə əlavə, invoys, elektron qaimə) öz təsdiqini tapır.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili ilk öncə iştirak etdiyi məhkəmə iclaslarında iddia tələbini 9809 manat hissədə qəbul etdiyini bildirsə də, daha sonra mövqeyini dəyişmiş və malların Poti limanında qalması iddiaçı tərəfin malların kodlarını səhv yazması ucbatından baş verdiyindən, icra gecikdirildiyindən iddia tələbini ümumiyyətlə qəbul etmədiyini bildirmişdir.

15. Qeyd olunduğu kimi, daşıyıcı yükü olduğu yerdən təyinat yerinə gecikmə ilə olsa da, daşımış və sifarişçi yükü təhvil almışdır. Ona görə də sifarişçi olan cavabdeh daşımanın dəyərini ödəmək vəzifəsi daşımış, iddiaçının isə həmin məbləğin ödənilməsini tələb etmək hüququ olmuşdur.

16. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi həmin hissədə (9809 manat) əsaslı olduğundan təmin edilməli, cavabdehdən 9809 manat daşıma haqqı iddiaçının xeyrinə tutulmalıdır.

17. Iddiaçı eyni zamanda 10348,38 manat (20157,38-9809=10348,38) məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Iddiaçı ərizəsində həmin məbləği də 2023-cü il # ######## tarixli nəqliyyat ekspedisiyası müqaviləsi əsasında yaranmış daşıma xidmətinin dəyəri kimi göstərsə də, əslində həmin məbləğin yükün saxlanması, nəticədə demuraj, əlavə xərclərin yarandığı iddia olunaraq cavabdehdən tutulması tələb olunur.

18. Cavabdeh həmin hissədə də iddianı qəbul etməyərək, malların kodunun düzgün qeyd edilməməsinin iddiaçının təqsiri ucbatından olmasını, gecikmənin və s. də həmin səbəbdən baş verdiyini bildirmiş və həmin hissədə də iddiaya etiraz etmişdir.

19. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında LaSAZ-C-*** nömrəli 2023-cü il # ######## tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur.

20. Beləliklə məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi olduğundan, eləcə də, iddiaçı əlavə xərcləri ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə də (10348,38 manat) təmin edilməməlidir.

21. Məhkəmə iddiaçının həmin hissə ilə bağlı məhkəməyə e-mail yazışmalar təqdim etməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı hissədə iddianın təmin olunması üçün tək yazışmalar yetərli hesab oluna bilməz və həmçinin müqavilənin qeyd olunan şərt də nəzərə alınmalıdır. Iddia tələbinin digər hissəsini cavabdеhdən 8193,99 manat cərimə borcunun tutulması təşkil edir.

22. Ilk öncə nəzərə alınmışdır ki, həmin məbləğ bütövlükdə 20157,38 manat məbləğə münasibətdə hesablanmışdır. Ona görə də borcla bağlı hissədə iddianın qismən təmin olunduğu nəzərə alınaraq 10348,38 manat məbləğə münasibətdə cərimənin (3642,62 manat məbləğin) tutulmasına dair hissədə iddia təmin olunmamalıdır.

23. Məhkəmə 9809 manat borc məbləğinə münasibətdə cərimənin tutulması hissəsi ilə bağlı isə hesab etmişdir ki, cavabdeh tərəfindən borc (9809 manat hissə) iddiaçıya müəyyən edilmiş müddət ərzində (1 ildən artıq) ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin cavabdehin daşıma haqqının ödəmək vəzifəsinin yükü təhvil verdikdən sonra yarandığı da nəzərə alınmalı, həmin hissədə də iddia qismən təmin edilməlidir.

24. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Məhkəmə illik 5%-lə hesablanmış 1007,86 manat faiz məbləğinin cavabdehdən tutulmasına dair hissədə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər müqavilədə gecikdirilməyə görə cərimənin ödənilməsi qaydasını müəyyən etmişlər və hazırda da cavabdehdən cərimənin tutulmalı olması qənaətinə gəlinmişdir. Ona görə də həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlinir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 445.2.1, 445.7, 448.1, 462.1, 467, 850.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. etmişdir.

27. Iddiaçı apellyasiya şikayəti verərək iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə də iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir.

b)Apellyasiya instansiya məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər –Z.Şirinov, L.Əliyeva).

29. Məhkəmə tərəflər arasındakı yazışmalara istinadən müəyyən etmişdir ki, iddiaçı tərəf cavabdeh tərəfdən 2023-cü il # ######## tarixindən başlayaraq kommersiya fakturasını, konteynerdə olacaq malların siyahısını, onların bağlamalarının formatı haqqında məlumatların göndərilməsini, 2023-cü il ## ######## tarixində cavabdeh tərəfdən daşınacaq yükün yol qaiməsinin (Bill of Lading “BL”) təsdiq edilməsini xahiş etmiş, cavabdeh həmin gün yol qaiməsinin təsdiq edildiyini mail vasitəsilə bəyan etmişdir.

30. Şərh edilənlər baxımından yükün daşınması ilə əlaqədar yaranmış və tərəflər arasında mübahisə doğuran həmin xərclərin onların hansının təqsirindən yaranmasının müəyyən edilməsinin iş üçün mühüm əhəmiyyəti vardır. Bu zaman həm də diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, yükün gömrük rəsmiləşdirilməsi zamanı tərəflərin öhdəliklərinin bölgüsü (yükü) necə müəyyən edilmişdir.

31. Məhkəmə işin hallarına istinadən qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş kommersiya fakturası, konteynerdə olacaq malların siyahısı, onların bağlamalarının formatı haqqında məlumatlar əsasında hazırlanmış yükün yol qaiməsini iddiaçı cavabdehə təsdiq edilməsi üçün təqdim etmişdir.

32. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə də gömrük rəsmiləşdirilməsi zamanı onların öhdəliklərinin dairəsi dəqiq göstərilmişdir. LaSAZ-C- *** nömrəli 2023-cü il # ######## tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilənin 4.13-cü bəndinə əsasən malın yüklənmə sənədlərinin sifarişçinin tələbinə uyğun tərtib olunmasından və doldurulmasından əmin olmaq ekspeditorun vəzifəsi kimi müəyyən olunmuşdur.

33. Qeyd olunan müqavilə şərtinin mənasından göründüyü kimi, ekspeditor, sifarişçinin verdiyi məlumatların malın yükləmə sənədlərində düzgün göstərilməsinə əmin olmaq vəzifəsi daşıyır ki, bu halda həmin sənədlərin düzgün tərtib olunması üçün doğru məlumatların verilməsi öhdəliyi və məsuliyyəti Sifarişçinin üzərindədir.

34. Məhkəmə bildirmişdir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydalarına əsasən iddiaçı təqdim edilən məlumatların yanlış olduğunu sübut etməli idi.

35. Iddiaçı məlumatların yanlış təqdim edildiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, e-mail yazışmalarında da bu faktı təsdiq edən hər hansı bir yazışma müəyyən edilməmiş, iddiaçının irəli sürdükləri təsdiqini tapmayan formal mülahizələr olaraq qalmışdır.

36. Hazırkı işin hallarına əsasən məhkəmə bildirmişdir ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini borca mütənasib şəkildə azaltmışdır.

37. Odur ki, iddiaçının MM-in 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq gecikmə müddəti üçün tutulmasını xahiş etdiyi məbləğ illik 5%lə təxminən 490 manat (9809 x 5% x 1 il) hesablanmalı, yalnız hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (500 manat) ilə əhatə edildiyindən birinci instansiya məhkəməsi həmin hissə ilə bağlı hazırkı nəticəyə gəlməkdə haqlı olmuşdur.

38. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 448.1, 448.2, 445.7, 462.1, 467, 850.1-ci maddələrinə, MPM-in 14.2, 77.1, 88, 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır.

39. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissələrdə də iddianın tam həcmdə təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

40. MM-in 850, 853-cü maddələri üzrə – Apellyasiya məhkəməsi əlavə xərclərin (10.348,38 manat) tutulmasını rədd edərkən müqavilənin 4.13-cü bəndinə istinadla sənədləşdirmədə məlumatların düzgünlüyünə əmin olma vəzifəsinin iddiaçıya aid olduğunu göstərmişdir. Lakin bu nəticə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 2023-cü il # ######## tarixli nəqliyyat-ekspedisiyası müqaviləsinin 4.5 və 4.6-cı bəndlərinə əsasən yükün daşınması üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi, gömrük rəsmiləşdirilməsinin düzgün və vaxtında aparılması, habelə boşdayanmanın qarşısının alınması öhdəliyi sifarişçi qismində cavabdehin üzərinə qoyulmuşdur. Eyni zamanda müqavilənin ayrılmaz hissəsi olan əlavədə də əlavə xərclərin (demuraj, saxlanc və s.) natamam və ya səhv sənədləşdirmə nəticəsində yaranması hallarında sifarişçi tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. MM-in 853cü maddəsinə görə yük göndərən yükə dair düzgün və tam məlumatları daşıyıcıya təqdim etməli və bu məlumatların natamamlığı və ya yanlışlığı nəticəsində yaranan zərərin əvəzini ödəməlidir. Müqavilənin 4.13-cü bəndi isə yalnız sifarişçinin təqdim etdiyi məlumatların sənədlərdə düzgün əks olunmasına nəzarət etmə vəzifəsini ekspeditora aid edir, lakin məlumatların düzgünlüyünə görə məsuliyyəti onun üzərinə qoymur. Iş materialları ilə müəyyən olunur ki, yükə dair məlumatlar cavabdeh tərəfindən təqdim və təsdiq edilmiş, lakin həmin məlumatların düzgün olmaması səbəbindən yük gömrük orqanları tərəfindən saxlanılmış, nəticədə əlavə xərclər yaranmışdır. Həmin əlavə xərclərin ümumi məbləği 10.348,38 manat təşkil edir. Qeyd olunan əlavə xərclərin əsasları və məbləğləri EBDS****** saylı 2024-cü il ## ###### tarixli qaimədə ayrı ayrılıqda qeyd olunmaqla, iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Cavabdeh həmin qaiməni təsdiq etmiş, lakin iddiaçıya olan borcunu bu günədək ödəməmişdir. Sözügedən əlavə xərclər barədə açıqlama və bu xərclərin ödənilməsi tələbi həmçinin tərəflər arasında aparılmış mail yazışmalarda da öz əksini tapmışdır. Bu xərclər qaimə ilə cavabdehə təqdim olunmuş, sonuncu tərəfindən etiraz edilməmiş, lakin ödənilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmamış, müqavilə şərtlərini və tətbiq edilməli maddi hüquq normalarını düzgün şərh etməmiş və nəticədə səhv hüquqi nəticəyə gəlmişdir.

41. MM-in 385.1, 386.1, 850.1, 425.1, 442, 448.1, 445.2.1, 445.7, 462.1, 467-ci maddələri üzrə - Iş materiallarından, o cümlədən 2023-cü il # ####### tarixli EBDQ****** saylı qaimədən görünür ki, cavabdehə məxsus yükün Dubaydan Bakı şəhərinə daşınması iddiaçı tərəfindən təmin edilmiş, lakin cavabdeh razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Bu səbəbdən cavabdehin iddiaçıya olan əsas borcu 9.809 manat, əlavə xərclər üzrə borcu isə 10.348,38 manat təşkil edir və həmin borcun bu günədək ödənilməməsi mübahisəsizdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cavabdehə cərimə tətbiq edilmiş, xidmət haqqı üzrə 4.551,37 manat, əlavə xərclər üzrə isə 3.642,62 manat olmaqla ümumilikdə 8.193,99 manat cərimə hesablanmışdır. Bununla yanaşı, pul öhdəliyinin gecikdirilməsi ilə əlaqədar olaraq 20.157,38 manat əsas borca görə illik 5% olmaqla 1.007,86 manat faiz də hesablanmışdır. Beləliklə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, yaranmış əsas borcun, faiz və cərimə məbləğlərinin ondan tutulması barədə iddia tələbi göstərilən maddi hüquq normalarına uyğun olaraq əsaslıdır və tam həcmdə təmin edilməlidir.

42. MPM-in 4, 9, 76, 77, 88-ci maddələri üzrə - Işə baxan apellyasiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutları nəzərə almamış, qeyd olunan maddələrin tələblərini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

43. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı müqavilə və 2023-cü il ## ######## tarixli * nömrəli əlavə üzrə müəyyən edilmiş 38–42 günlük çatdırılma müddətini pozaraq sifarişi 2024-cü il ## ###### tarixində, yəni 95 gün gecikmə ilə təhvil vermiş, müqavilə öhdəliklərini pozmuşdur.

Kassasiya baxışının hədləri

44. Iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...”

“Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”

“Maddə 445. Borclunun icranı gecikdirməsi ... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. ...” “Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...”

“Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. ...”

“Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

“Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. ...”

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”

“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...”

“Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”

“Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

49. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və ilkin olaraq bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların müvafiq maddi hüquq normasının nizamlama təsirinin dairəsinə düşüb-düşməməsinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir. Hazırki iş üzrə irəli sürülmüş iddia tələbinin təmin olunmayan hissəsində qanuni əsası aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş, habelə iddiaçının arqumentləri ilə əksi sübuta yetirilməmişdir. Apellyasiya instansiyası iddiaçının kassasiya şikayətində istinad edilən normalar üzrə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

50. MPM-in 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

51. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

52. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

53. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qətnaməsini mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət edilib-edilməməsi maraqlandırır, çünki kassasiya məhkəməsinin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş olsun. Hazırkı halda mübahisələndirilən məhkəmə aktında kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarının pozuntusunun aşkar edilməsi müəyyən olunmur.

54. Kollegiya onu da qeyd edir ki, məhkəmə kollegiyasının hazırkı mövqeyi kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

55. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar