Məhkəmə qərarları › İş №2-2(3-6)-282/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(3-6)-282/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-282/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “daşıma xərcinin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisəsi üzrə (ac ar so zlər: daşıma müqaviləsi, zərərin əvəzinin ödənilməsi, preyudisiallıq, gecikmiş sübut, sübutetmə yükü) Hakim sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları:

1. Ekspeditor İddiaçı ilə sifarişçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı “xxxx” MMC) arasında bağlanmış ##.##.2022-ci il tarixli, **-**/**** saylı nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, ekspeditor yüklərin daşınması xidmətlərini yerinə yetirməyi və ya təşkil etməyi, sifarişçi isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, sifarişçi elektron hesab-faktura üzrə ödənişi 30 gün müddətində etməli, gecikdirilən hər gün üçün xidmət haqqının 0,5 faizi məbləğində penya ödəməlidir. Yükün 48 saat ərzində boşaldılmaması halında isə hər gecikdirilmiş gün üçün 150 ABŞ dolları məbləğində boşdayanma haqqı nəzərdə tutulmuşdur. Ekspeditorun çəkdiyi əlavə xərclər sifarişçi tərəfindən ödənilməli, gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər isə sifarişçi tərəfindən təqdim edilməlidir. Sifarişçi, həmçinin müqavilə öhdəliklərinin pozulması və nəqliyyat vasitələrinin boş dayanmasına səbəb olan hallara görə ekspeditora vurulan zərərə görə məsuliyyət daşıyır.

2. “X1” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, *** nömrəli hesab-fakturaya əsasən, Cavabdeh MMC-dən daşıma xidməti və əlaqəli əlavə xərclər üzrə ümumilikdə 11 789 avro məbləğində pulun ödənilməsi tələb edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 7 134,24 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir.

4. ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən, Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 7 134,24 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. Iddiaçı “X1” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 11 789 avro əsas borc, 19 627,02 avro cərimə borcu olmaqla, cəmi 31 416,02 avro məbləğində, həmçinin işgüzar nüfuza vurulmuş zərərə görə 10 000 manat məbləğində pulun və ödənilmiş 294,83 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, müqavilə üzrə xidmətlər tam yerinə yetirildikdən sonra cavabdehə *** saylı, # ##### 2024-cü il tarixli hesab-faktura göndərilmiş, lakin 11 789 avro məbləğində pul ödənilməmişdir. Müqaviləyə əsasən gecikdirilmiş hər gün üçün 58,94 avro məbləğində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və gecikdirilmiş gün sayı 333 gün olduğundan, 19 627,02 avro məbləğində dəbbə pulu hesablanmışdır. Bundan əlavə, cavabdehin öhdəliklərinin icra edilməməsi nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan vurulmuşdur.

7. Iddiaçı Cavabdeh MMC cavabdeh “X1” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə ödənilmiş 7 134,24 manat pulun, hüquqi yardıma çəkilmiş xərcin əvəzi qismində 2 350 manat və dövlət rüsumunun əvəzi qismində 123 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, ##.##.2022-ci il tarixli ekspedisiya müqaviləsi üzrə bütün sənədləri təqdim etməsinə baxmayaraq, iddiaçının öhdəlikləri pozması nəticəsində malların təhvil verilmədiyini və ona 9 970,87 manat məbləğində ziyan dəydiyini bildirmişdir. “xxxx” MMC-nin sifarişi tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə əsasında cavabdeh “X1” MMC-yə həvalə edilmiş, lakin mallar utilizasiya olunduğundan təhvil verilməmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-dən “xxxx” MMC-nin xeyrinə 7 134,24 manat tutulmuş, qətnamə icra edilmişdir. Hesab edilir ki, həmin məbləğ cavabdehin təqsiri nəticəsində ödənildiyindən iddiaçıya geri qaytarılmalıdır.

9. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, 905 avro əsas borc və 200 manat dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri, yükün təyinat yerinə çatdırılmaması və malların utilizasiya edilməsi mübahisəsiz olmuş, mübahisə isə bunun hansı tərəfin təqsiri ilə baş verməsi ilə bağlı olmuşdur. Müqavilə üzrə yük quş qripi ilə bağlı tətbiq olunan məhdudiyyətlər və tələb edilən termal emal sertifikatının təqdim olunmaması səbəbindən təyinat yerinə çatdırılmamış və utilizasiya edilmişdir. Bununla əlaqədar cavabdeh, “xxxx” MMC qarşısında yükün məhv edilməsi ilə bağlı ziyanın ödənilməsi öhdəliyini üzərinə götürmüş, lakin təqdim olunmuş 6 357,91 manatlıq hesabfakturanı ödəməmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ilə həmin məbləğin cavabdehdən tutulması qət edilmişdir. Iddiaçının tələb etdiyi məbləğin 905 avro hissəsi daşınma xərci olmuş və tərəflər bunu etiraf etmişlər. Məhkəmə yükdaşınmanın tam baş tutmamasının səbəbini sifarişçi tərəfindən sənədlərin vaxtında təqdim edilməməsi ilə əlaqələndirərək iddianı qismən təmin etmiş və cavabdehdən 905 avronun tutulmasına qərar vermişdir. Ziyanın qalan hissəsi isə sübuta yetirilmədiyindən təmin olunmamışdır. Bundan başqa, müqavilədə nəzərdə tutulan öhdəliklərin pozulmasına görə cavabdehdən 200 manat dəbbə pulunun tutulması əsaslı hesab edilmişdir. Qarşılıqlı iddia üzrə isə iddiaçı digər qətnaməni əsas götürərək 7 134,24 manat tələb etmiş, lakin məhkəmə həmin qətnamənin hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımadığını, əvvəlki qərarın iddiaçının öz üzərinə götürdüyü öhdəliyə əsaslandığını qeyd etmişdir. Cavabdehin hər hansı öhdəliyi pozması və ya iddiaçıya ziyan vurması sübuta yetirilmədiyindən qarşılıqlı iddia rədd edilmişdir.

11. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X1” MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sifarişçinin təqsiri, yəni ekspeditor tərəfindən malların utilizasiyasının qarşısını almaq üçün tələb olunan sənədlərin təqdim edilməməsi sübut olunsa və sifarişçi bunu etiraf etsə də, məhkəmə bu halları nəzərə almamış və nəticədə tələb edilən ümumi borc məbləğini qismən təmin etmişdir.

13. Həmçinin, sifarişçinin təqsiri nəticəsində yaranmış 3 900 ABŞ dolları demuraj haqqı və işgüzar nüfuza vurulmuş 10 000 manat zərər barədə məhkəmə mövqe bildirməmiş, yükdaşıyan nəqliyyat vasitəsinin 26 gündən artıq hərəkətsiz qalması nəticəsində yaranmış demurajla bağlı məhkəməyə təqdim edilmiş məlumat məktubunda ətraflı məlumat əks olunsa da, məhkəmə bu sübutu lazımi qaydada qiymətləndirməmişdir.

14. Məhkəmə tərəfindən tərəflərin iddia tələbinə münasibəti təhrif edilmiş, xidmətin ümumi dəyərinin 905 avro olması qeyd edilmişdir. Halbuki, təqdim olunmuş sübutlar və tərəflərin etirafı məbləğin tam şəkildə yükdaşıma xidmətinin icrası ilə əlaqədar olduğunu təsdiq edir.

15. Bundan əlavə, məhkəmənin müvafiq qətnaməsinin preyudisial əhəmiyyəti nəzərə alınmamışdır. Halbuki, həmin iş üzrə sübutlar və tərəflərin etirafları məhdud şəkildə də olsa qiymətləndirilməli idi.

16. Eyni zamanda, xarici nəqliyyat şirkətlərinə ödənilmiş məbləğləri təsdiq edən sənədlər barədə məhkəmə iclasında məlumat verilmiş, məhkəmənin həmin sənədlərin təqdim edilməsi barədə tələbinin olmamasına baxmayaraq, müvafiq axtarış aparılmış, lakin obyektiv səbəblərdən həmin sənədləri təqdim etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən tələbə düzgün hüquqi qiymət verilmədiyini nəzərə alaraq həmin sənədlərin hazırkı mərhələdə təqdim olunması zəruri hesab olunur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər heç bir məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin, işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

20. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Maddə 850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu 852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. ... 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ... Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi tələb edilsə də, mahiyyət etibarilə, qətnamə iddia tələbinin rədd edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Iş üzrə müəyyən edilmiş hallara əsasən, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, iddiaçı “X1” MMC yükdaşımaların həyata keçirilməsi və ya təşkil edilməsini, cavabdeh Cavabdeh MMC isə göstərilən xidmətlərin haqqının ödənilməsini öz üzərinə götürmüşdür.

29. Hazırkı iş üzrə iddiaçı daşıma xərci ilə yanaşı, əlavə olaraq çəkdiyini iddia etdiyi müxtəlif xərclərin, əlavə məsrəflərin, müqavilə üzrə hesablanmış dəbbə pulunun, habelə işgüzar nüfuza vurulduğu iddia edilən zərərin cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh isə qarşılıqlı iddia verərək üçüncü şəxs “xxxx” MMC-yə ödədiyi məbləğin iddiaçıdan tutulmasını xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara hüquqi qiymət verərək yalnız 905 avro məbləğində daşıma xərcinin və müqavilə öhdəliyinin vaxtında icra edilməməsi ilə əlaqədar 200 manat dəbbə pulunun tutulmasını əsaslı hesab etmiş, qalan hissədə isə iddianın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir.

31. Iddiaçının apellyasiya şikayətində iddianın əsaslılığı ilə bağlı təqdim edilmiş sübutların düzgün qiymətləndirilmədiyi, eləcə də digər iş üzrə məhkəmə qərarının preyudisial əhəmiyyətinin nəzərə alınmadığı göstərilmişdir. Bundan başqa, iddiaçı xarici nəqliyyat şirkətlərinə ödənilmiş məbləğlərə dair sənədlərin birinci instansiya məhkəməsi tərəfindən tələb edilmədiyini, həmin sənədlərin əldə olunması istiqamətində müvafiq tədbirlər görülsə də, obyektiv səbəblərdən vaxtında təqdim edilməsinin mümkün olmadığını göstərərək, həmin sübutların apellyasiya mərhələsində qəbul edilməsini xahiş etmişdir.

32. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ilk növbədə qeyd edir ki, iddiaçı, cavabdehin təqsiri nəticəsində malların utilizasiya olunmasının sübuta yetirilməsinə baxmayaraq məhkəmənin bu faktı nəzərə almadığını iddia etsə də, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi daşımanın tam başa çatmamasının cavabdehin risk dairəsinə aid hallarla bağlı olmasını nəzərə alaraq iddianı 905 avro məbləğində daşıma xərcinin tutulması hissəsində təmin etmişdir. Belə olan halda, məhkəmənin qeyd edilən hala hüquqi qiymət verməməsi barədə apellyasiya şikayətinin dəlili işin faktiki hallarına uyğun deyildir.

33. Daşıma xərcinin miqdarına gəldikdə isə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə daşıma xərcinin miqdarı göstərilməmişdir. Iddiaçının təqdim etdiyi hesab-fakturada daşıma xərcinin miqdarı 905 avro olaraq göstərilmiş, cavabdeh bu məbləğə etiraz etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən 905 avro məbləğində əsas daşıma haqqının tutulması düzgün olmuşdur.

34. Hesab-fakturada göstərilən digər məbləğlər isə əsas daşıma haqqından fərqli olaraq, iddiaçının termal emal sertifikatının təqdim edilməməsi nəticəsində məruz qaldığını bildirdiyi əlavə məsrəflər və zərərlərlə bağlı olmuşdur. Həmin məbləğlərin tutulması üçün onların faktiki çəkilməsi, hazırkı daşıma münasibəti ilə bağlılığı, zəruriliyi və məbləği ayrıca sübut edilməli idi.

35. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən əlavə xərclərin təsdiqi kimi müxtəlif şəxslərə ödənişlərin edilməsi ilə bağlı bəzi sənədlər birinci instansiya məhkəməsində sonuncu məhkəmə baxış iclasından əvvəl elektron kabinet vasitəsilə təqdim edilmiş, həmçinin bir sıra yeni sənədlər apellyasiya şikayətinə əlavə olunmuşdur.

36. MPM-in 78-ci maddəsinin tələblərinə əsasən sübutlar işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində təqdim edilməlidir. Sonradan təqdim olunan sübutların qəbul edilməsi isə həmin sübutların əvvəllər təqdim edilməsinin mümkün olmamasının əsaslandırılmasından asılıdır.

37. Məhkəmə kollegiyası tərəfindən həm birinci instansiya məhkəməsində iş üzrə son məhkəmə baxışı mərhələsində təqdim edilmiş sənədlərin, həm də apellyasiya şikayətinə əlavə olunmuş yeni sübutların əvvəllər təqdim edilməsinin mümkün olmaması səbəblərinin araşdırılması məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Lakin iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, həmin sübutların vaxtında təqdim edilməməsinin üzrlü səbəblərinin olmasına dair hər hansı əsaslandırılmış izahat və ya təsdiqedici sübut təqdim etməmişdir.

38. Kollegiya tərəfindən həm əlavə sübutların vaxtında təqdim edilməməsinin üzrlü səbəbləri, həm də həmin sənədlərlə hazırkı mübahisə predmeti arasında hüquqi və faktiki əlaqənin mövcudluğu ilə bağlı əsaslandırılmış izahat və mötəbər sübutlar müəyyən edilməmişdir. Bu səbəbdən həmin sənədlərin gec təqdim edilməsinin üzrlü hesab edilməsi üçün əsaslar mövcud deyildir.

39. Apellyasiya şikayətinin xarici nəqliyyat şirkətlərinə ödənilmiş məbləğlərə dair sənədlərin məhkəmə tərəfindən tələb edilməməsi barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, mülki mühakimə icraatı çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilir və MPM-in 14-cü və 77-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi həmin tərəfin üzərinə düşür. Bu baxımdan, iddiaçının təqdim etmədiyi sübutların məhkəmə tərəfindən onun əvəzinə toplanmalı olması barədə dəlili prosessual qanunvericiliyin mahiyyətinə uyğun deyildir.

40. Apellyasiya şikayətinin iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış məktubun sübut kimi qiymətləndirilməməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Iddiaçı məhkəməyə təqdim etdiyi məlumat məktubunda demuraj haqqı ilə bağlı ətraflı məlumat əks edildiyini iddia etsə də, təqdim olunmuş məlumat məktubu özlüyündə mübahisəsiz və kifayətedici sübut hesab edilə bilməz.

41. Belə ki, həmin məktub mahiyyət etibarilə iddiaçının yazılı izahatıdır. Həmin izahatda göstərilən məlumatlar digər mötəbər sübutlarla, o cümlədən ödəniş sənədləri, müqavilələr, hesab-fakturalar və ya qarşı tərəflərin təsdiqləri ilə dəstəklənməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin demuraj haqqının sübuta yetirilmədiyi nəticəsinə gəlməsi əsaslı olmuşdur.

42. Işgüzar nüfuza vurulmuş 10 000 manat məbləğində zərərin tutulması ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, mülki hüquqi məsuliyyət tədbirinin tətbiqi üçün zərərin mövcudluğu, onun həcmi, hüquqazidd davranış, səbəbli əlaqə və təqsir sübuta yetirilməlidir.

43. Lakin iddiaçı tərəfindən işgüzar nüfuzuna faktiki olaraq hansı formada zərər vurulduğu, bunun hansı nəticələrə səbəb olduğu və tələb olunan məbləğin necə hesablandığı barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin hissədə tələbi sübuta yetirilməmiş hesab etməsi düzgün olmuşdur.

44. Apellyasiya şikayətinin dəbbə pulunun az məbləğdə tutulması ilə bağlı dəlilinə gəlincə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öhdəliyin xarakterini, əsas borcun məbləğini, tərəflərin davranışını və mübahisənin faktiki hallarını nəzərə alaraq cavabdehdən 200 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan və mütənasib hesab etmişdir.

45. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə borcun yalnız 905 avro hissəsi sübuta yetirilmiş, tələb olunan dəbbə pulu isə əsas borcun məbləği ilə müqayisədə açıq şəkildə yüksək olmuşdur. Eyni zamanda, mübahisənin yaranması tərəflər arasında yükün utilizasiya olunması ilə bağlı formalaşmış mürəkkəb hüquqi və faktiki vəziyyətlə əlaqədar olmuş, tərəflər arasında əlavə məsrəflərin əsaslılığı barədə mübahisə mövcud olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin 200 manat məbləğində dəbbə pulunun tutulmasını ağlabatan və mütənasib hesab etməsi işin hallarına uyğun olmuşdur.

46. Son olaraq, kollegiya hesab edir ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsinə istinad etməklə həmin işdə müəyyən edilmiş halların hazırkı mübahisə üzrə sübutsuz qəbul edilməli olması barədə dəlili əsassızdır.

47. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

49. Hazırkı iş üzrə iddiaçı olan “X1” MMC Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə həll edilmiş kommersiya işi üzrə məhkəmə icraatının iştirakçısı olmamışdır. Preyudisiallığın subyektiv həddi təmin edilmədiyindən həmin qətnamədə müəyyən edilmiş hallar hazırkı iş üzrə sübutsuz qəbul edilə bilməz və preyudisial xarakter daşımır.

50. Bununla yanaşı, əvvəlki məhkəmə qətnaməsinin digər sübutlarla yanaşı yazılı sübut kimi qiymətləndirilməsi istisna olunmur. Lakin həmin iş üzrə araşdırma predmetinin hazırkı mübahisənin predmetindən fərqli olduğu nəzərə alınmalıdır.

51. Belə ki, əvvəlki iş üzrə məhkəmə araşdırması Cavabdeh MMC-nin “xxxx” MMC qarşısında yükün məhv edilməsi nəticəsində yaranmış zərərin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyin hüquqi nəticələrinə dair olmuşdur. Cavabdeh MMC-nin həmin iş üzrə irəli sürdüyü qarşılıqlı iddia hazırkı iş üzrə iddiaçının ona ünvanladığı pretenziya məktubuna əsaslanmış və burada hər hansı iddianın və faktın etirafı öz əksini tapmamışdır. Hazırkı iş üzrə iddiaçının tələb etdiyi daşıma, demuraj, utilizasiya və digər əlavə xərclərin faktiki mövcudluğu, məbləği, zəruriliyi və hazırkı daşıma münasibəti ilə birbaşa bağlılığı isə həmin iş üzrə ayrıca sübut predmeti kimi müəyyən edilməmişdir. Buna görə də həmin qətnamə ilə müəyyən edilmiş faktlarla da hazırkı iddia təsdiq olunmur.

52. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.

53. Məhkəmə xərclərinə münasibətdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar