Məhkəmə qərarları › İş №e-2-2(3-6)-395/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-395/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-395/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: daşıma müqaviləsi) hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi nümayəndə1, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2024-cü il tarixli, ****/M-** nömrəli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə (bundan sonra – Müqavilə) imzalanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən Ekspeditor yalnız Müqaviləyə əlavə edilmiş sifariş forması, kommersiya təklifi və ya qiymət razılaşma protokolu əsasında Sifarişçi üçün və onun hesabına ölkədaxili və beynəlxalq nəqliyyat - ekspedisiya xidmətləri (bu zaman həyata keçirilən nəqliyyat marşrutunun keçdiyi ölkələrin qanunvericiliyi, beynəlxalq konvensiyalar, məcəllələr və digər qaydalar əsas götürülür) göstərir. Sifarişçinin ayrıca sifarişinə əsasən Ekspeditor bu Müqavilə üzrə həmçinin terminal əməliyyatları, gömrük və digər rəsmiləşdirmələrin həyata keçirilməsi ilə bağlı xidmətləri göstərə bilər; 1.2-ci bəndinə əsasən sifarişdə yükün xarakteri, etiketlənməsi, çəkisi, həcmi, bağlamaların sayı, habelə yükgöndərən və yükalan haqqında məlumatlar, tarix və tonaj üzrə planlaşdırılan daşınma müddəti və xidmətlərin göstərilməsi üçün zəruri olan digər məlumatlar etibarlı və dolğun şəkildə göstərilir; 2.1.7-ci bəndinə görə göstərilən xidmətlərin qarşılıqlı razılaşması və hesablaşması məqsədilə Sifarişçinin təsdiqi üçün “Göstərilən xidmətlərə dair akt” hazırlayıb göndərir. “Göstərilən xidmətlərə dair akt” Sifarişçi tərəfindən qəbul edildiyi gündən 15 iş günü ərzində imzlanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə Akt Sifarişçi tərəfindən imzalanmış hesab olunur və Ekspeditorun uçotunda əks olunmaq üçün “imzalanmış” kimi qəbul edilir. 3.1-ci bəndinə əsasən sifarişçi Ekspeditor tərəfindən təqdim edilmiş hesab-faktura əsasında, nəqliyyat-ekspedisiya xidməti başlanmazdan ən azı 3 (üç) iş günü əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi (bütün bank xərcləri və komissiyaları Sifarişçinin hesabına olmaq şərtilə) 100% avans olaraq Ekspeditorun bank hesabına həyata keçirir və elektron poçt vasitəsilə ödəniş tapşırığının surətini və ya SWIFT-dən çıxarışı Ekspeditora göndərir; 3.4-cü bəndinə əsasən göstərilən xidmətlərin hesablaşması məqsədi ilə, hər bir rüb bitdikdən sonra, tərəflər 5 (beş) iş günü müddətində ''Üzləşmə Akt "nı (bundan sonra - Üzləşmə Aktı) imzalayırlar. Ekspeditor tərəfindən hazırlanmış və göndərilmiş X2 tərəfindən qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində imzalanıb geri göndəriImədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə Akt Sifarişçi tərəfindən imzalanmış hesab olunur və Ekspeditorun uçotunda əks olunmaq üçün “imzalanmış" kimi qəbul edilir; 3.5-ci bəndinə əsasən ekspeditor birtərəfli qaydada Müştəridən alınan avans ödənişinin məbləğini bu Müqaviləyə əsasən Müştərinin Ekspeditor qarşısında mövcud borcuna hesablamaq hüququna malikdir. Eyni zamanda, bundan sonra Müştərinin vəsaiti bu müqavilə üzrə Müştəriyə xidmətlərin göstərilməsi üçün kifayət etmədikdə. Ekspeditor çatışmayan avans ödənişinin məbləği üçün hesab-faklura verir və Müştəri həmin hesabfakturanı Müqavilənin 3.1-ci bəndində göstərilən müddətdə ödəməyə borcludur.

2. Müqavilə əsasında ƏDV daxil – ##.##.2024-cü il tarixdə 16529,1 manat məbləğində, ##.##.2024-cü il tarixdə 5185 manat məbləğində və ##.##.2024-cü il tarixdə 13005 manat məbləğində daşınmanın yerinə yetirilməsi barədə X6 tərtib edilmiş, həmin protokollar yalnız iddiaçı tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir.

3. Yenə də, yalnız iddiaçının nümayəndəsi tərəfindən imzalamaqla ƏDV daxil – ##.##.2024-cü il tarixdə 16529,1 manat məbləğində, ##.##.2024-cü il tarixdə 5185 manat məbləğində və ##.##.2024-cü il tarixdə 13005 manat məbləğində “Göstrilmiş xidmətlərin təhvil verilməsi haqqında Aktlar tərtib edilmişdir.

4. Həmçinin, iddiaçı tərəfindən cavabehə 3 daşıma üzrə - 5185 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı, 16529,1 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı və 13005 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı elekton qaimə-fakturalar göndərilmişdir.

5. Iş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, ##.##.2024-cü il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 16529,1 manat) üzrə 8264,55 manat, ##.##.2024-cü il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 5185 manat) üzrə 2592,5 manat və ##.##.2025-ci il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 13005 manat) üzrə 5000 manat ödəniş edilmişdir.

6. Bundan başqa, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****/M** nömrəli müqavilə üzrə (İddiaçı MMC) öhdəliklərini pozması nəticəsində vurulmuş zərərin əvəzinin - cəmi 71.012,16 manat məbləğində pulun, 304 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1745 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “xxxx” MMC iddia həmin iş üzrə ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC ##.##.2024-cü il tarixli X8 əsasında yükləri Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşıyarkən ciddi səhlənkarlığa yol verilmiş, işini düzgün qurmamış və nəticədə yüklər 6 ay gecikmə ilə təhvil verilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. Iddiaçı ##.##.2024-cü il tarixli, ****/M-** saylı müqavilə üzrə 18862,05 manat məbləğində əsas borcun, 4715 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 775 manat pulun və 181 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2024cü il tarixli, ****/M-** saylı “Nəqliyyat Ekspedisiya Xidmətinə dair” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müştəri cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində ekspeditora bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış yuxarıda qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi nəqliyyat-ekspedisiya xidməti başlamazdan ən azı 3 iş günü əvvəl göstəriləcək xidmətlər üzrə ödənişi 100 % avans olaraq ekspeditorun bank hesabına həyata keçirməli idi. Iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməyərək xidmət müqabilində verilməli olan 18862,05 manat məbləğində xidmət haqqını ödəməkdən boyun qaçırır. Borc məbləği iddia ərizəsinə əlavə edilmiş müqavilə, tərəflər arasında tərtib edilmiş qaimələr və xidmətin göstərilməsinə dair olan aktlar, habelə digər sənədlər ilə təsdiq edilir. Bu əsasla cavabdehə ##.##.2025-ci il tarixdə məhkəmə kabineti vasitəsilə, ##.##.2025-cü il tarixində isə Internet Vergi Idarəsi vasitəsilə 3 iş günü müddətində borc məbləğini tələb etmələri barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək borc şirkətə ödənilməmişdir. Müqavilənin 5.14-cü bəndinə görə müştəri hər ləngidilmiş günə görə ekspeditora ödənilməmiş məbləğin 0.1%- i miqdarında dəbbə pulu ödəyəcək. Müqavilənin həmin bəndinə əsasən cərimə məbləği 5657,55 manat təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈25 %-i həcmində, yəni cəmi 4715 manat dəbbə pulu tələb edilməkdədir. Cavabdehin ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Tərəflər arasında olan müqavilənin 2.1.7-ci maddəsinə əsasən ekspeditor tərəfindən göndərilən “göstərilən xidmətlərə dair akt” 5 iş günü ərzində imzalanıb geri göndərilmədikdə və ya əsaslandırılmış etiraz təqdim edilmədikdə, akt sifarişçi tərəfindən imzalanmış hesab olunur və ekspeditorun uçotunda əks olunmaq üçün imzalanmış kimi qəbul edilir.

9. Iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Cavabdehin vəkili və nümyəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərkən iddianı qəbul etmədiklərini bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən 2024-cü ilin oktaybr ayı üzrə X8 üzrə daşınan yüklər onlara 6 ay gecikmə ilə təhvil verilmiş və təhvil verilərkən yüklər zədəli olmuşdur.

11. Cavabdehin vəkili və nümyəndəsi sonrakı məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılsa da, iştirak etməmişdir.

12. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMC-dən ##.##.2024-cü il tarixli, ****/M-** saylı müqavilə üzrə 18862,05 manat əsas borc, 943 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 775 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 152 manat hissəsi tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 29 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Işin mübahisəsiz hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, ****/M-** nömrəli Nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilə əsasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı mövcud mübahisə isə daşınma haqqının ödənilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığının yoxlanılması üçün daşınmanın iddiaçı tərəfindən həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsinin iş üçün əhəmiyyəti vardır.  Qeyd edilən müddəanın mənasından görünür ki, tərəflər arasında müqavilə olduğu halda, daşıyıcıya münasibətdə daşıma haqqının tələb edilməsi hüququnun yaranması özündə üç elementi – daşıma üçün daşıyıcıya sifarişin verilməsini, daşıyıcı tərəfindən daşımanı icra etməsini və yükün razılaşdırlmış təyinat məntəqəsinə çatdıraraq, əvvəlcədən müəyyən edilmiş qaydada sifarişçiyə təhvil verilməsini ehtiva edir. Sifarişçinin (yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs) daşınma haqqını ödəməklə bağlı öhdəliyinin əmələ gəlməsi isə yükün ona əvvəlcədən razılaşdırılmış təyinat yerində təhvil verilməsi və razılaşdırılmış qaydada qəbul edilməsi ilə şərtləndirilir.  Işin məhkəmə araşdırması zamanı cavadeh tərəfindən yüklərin sifariş verilməsi ilə bağlı mübahisənin olmaması müəyyən edilmişdir. Işin bu halı, eyni zamanda 3 ədəd - ##.##.2024-cü il tarixli (16529,1 manat məbləğində yükün daşınması barədə), ##.##.2024- cü il tarixli (5185 manat məbləğində yükün daşınması barədə) və ##.##.2024-cü il tarixli (13005 manat məbləğində yükün daşınması barədə) X6 tərtib edilməsi və cavabdeh tərəfindən də onların qəbul edilməsi ilə öz təsdqini tapır.  Yükün əvvəlcədən müəyyənləşdirilmiş təyinat məntəqəsinə çatdırılması ilə bağlı da tərəflər arasında mübahisə yoxdur. Buna baxmayaraq, yükün fiziki olaraq təhvil verilməsini cavabdeh qəbul etsə də, onun vaxtında təhvil verilməməsini və daşımanının qüsurlu icra edilməsini mübahisələndirir və bunun da qarşılığında daşıma haqqının ödənilməsindən imtina edir. Bununla bağlı cavabdeh məhkəmədə iddia qaldıraraq tərəflər arasında bağlanmış müqavilə öhdəliklərini pozaraq yükün vaxtında təhvil verilməməsi, habelə daşınma zamanı yükün zədələnməsi nəticəsində dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etmiş, lakin Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir.  Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə (yükün vaxtında təhvil verilməməsi və daşımanının qüsurlu icra edilməsi nəticəsində ona dəymiş zərərə görə daşıma haqqının ödənilməsindən imtina etmək) razılaşmır, belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Mülki Məcəllənin 859.5-ci maddəsində də daşıyıcının yükü çatdırması, zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Həmçinin, Mülki Məcəllənin 859.2-ci maddəsində qeyd edilir ki, daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir.  Göstərilən müddəaların mənasından da görünür ki, daşıma haqqının ödənilməsi ilə yükün vaxtında daşınmaması və ya dşaıma zamanı qismən zədələnməsinə görə dəymiş zərərin tələb edilməsi bir-birindən asılı olmayan müstəqil hüquqi hərəkətlərdir və qanunda sifarişçiyə qeyd edilən əsaslarla zərər dəydiyi halda, həmin zərərin daşıma haqqı ilə əvəzləşdirilməsi (kompensasiya edilməsi) nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində isə qeyd edilmişdir ki, sifarişçi ekspeditor tərəfindən təqdim edilmiş hesab-taktura əsasında, nəqliyyatekspedisiya xidməti başlanmazdan ən azı 3 (üç) iş günü əvvəl, göstəriləcək xidmətlər üzrə ödənişi (bütün bank xərcləri və komissiyaları Sifarişçinin hesabına olmaq şərtilə) 100% avans olaraq Ekspeditorun bank hesabına həyata keçirir və elektron poçt vasitəsilə ödəniş tapşırığının surətini və ya SWIFT-dən çıxarışını Ekspcditora göndərir.  Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən X7 üzrə verilmiş və üç sifarişlərə görə daşma haqqı qismən ödənilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 16529,1 manat) üzrə 8264,55 manat, ##.##.2024-cü il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 5185 manat) üzrə 2592,5 manat və ##.##.2025-ci il tarixdə ******** saylı elektron qaimə-faktura (məbləği 13005 manat) üzrə 5000 manat ödəniş cavabdeh tərəfindən edilmişdir.  Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı öz öhdəliyini yerinə yetirərək cavabdeh tərəfindən sifariş edilmiş yükləri daşıyaraq ona təhvil versə də, cavabdeh daşıma haqqını tam ödəməməklə öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 425.1-ci maddəsi tələb edir ki, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Odur ki, iddiaçı daşıma haqqının qalıq hissəsini cavabdehdən tələb etməkdə haqlıdır.  Məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.  Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.  Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 943 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.  Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 84% həddində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

14. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 850.1, 852.1, 852.4, 859.1, 859.2, 859.5-ci maddələrinə istinad etmişdir.

15. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, apellyasiya şikayətini etirazın məzmununa uyğun əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

17. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

18. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

28. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

31. Maddə 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin olunan hissəsində yoxlanılması təşkil edir. Belə ki, iddia tələbi qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdeh isə faktiki olaraq həmin hissəsində qətnaməni mübahisələndirmişdir.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

41. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq və tərəflərin izahatlarını dinləyərək belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır (mübahisələndirilən hissədə).

42. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

43. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının ## ######## 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli Qərarı).

44. Işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında yükdaşıma və nəqliyyat-ekspedisiya xidməti münasibətləri mövcud olmuş; iddiaçı tərəfindən cavabehə 3 daşıma üzrə - 5185 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı, 16529,1 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı və 13005 manat ödənişə dair ##.##.2024-cü il tarixdə ******** saylı elekton qaimə-fakturalar göndərilmiş, ##.##.2024-cü il tarixli ******** saylı elektron qaimə-faktura üzrə 8264,55 manat, ##.##.2024-cü il tarixli ******** saylı elektron qaimə-faktura üzrə 2592,5 manat və ##.##.2025-ci il tarixli ******** saylı elektron qaimə-faktura üzrə 5000 manat məbləğində ödənişlərin cavabdeh tərəfindən həyata keçirilmişdir.

45. Işin yuxarıda qeyd edilən halları yükün “Xian (Çin) - Bakı” marşrutu üzrə daşındığı, cavabdehin göstərilmiş xidmətləri və təhvilini qəbul etməsini təsdiq edir.

46. Eyni zamanda apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, cavabdeh iddiaçı tərəfindən xidmətin göstərilməsini və yükün təhvil alınmasını mübahisələndirməmiş, ancaq yükün vaxtında təhvil verilməməsi və daşımanının qüsurlu icra edilməsi nəticəsində ona dəymiş zərər görə daşıma haqqının ödənilməsindən imtina etmişdir.

47. Iş materialları ilə müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-6529/2025 nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin “öhdəliklərini pozması nəticəsində vurulmuş zərərin əvəzinin - cəmi 71.012,16 manat məbləğində pulun, 304 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1745 manat məbləğində pulun cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə “iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin e-*-*(*-*)- ***/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

48. Kollegiya apellyasiya şikayətinin daşınan yüklərin zədələnməsi və gecikdirilməsi ilə bağlı məhkəmədə ayrıca iddia qaldırılması barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi yüklərin zədələnməsi və gecikdirilməsi ilə bağlı tələblər ayrıca icraatda araşdırılan müstəqil tələblər olmaqla, həmin hallar hazırkı iş üzrə göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin dəyərinin ödənilməsi öhdəliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında cavabdehin yük qəbul edilərkən MM-in 859.5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə daşıyıcıya münasibətdə etiraz etməsinə dair sübutlar mövcud deyildir (§ 31).

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işlərin bir icraatda baxılması ilə bağlı dəlilini də əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi digər iş üzrə mübahisə predmetini daşınma zamanı yükün zədələnməsi və gecikdirilməsi nəticəsində zərərin əvəzinin ödənilməsi təşkil etdiyi halda, hazırkı iş üzrə mübahisə göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin dəyərinin tutulması ilə bağlıdır.

50. Hər iki iş tərəflər baxımından əlaqəli olsa da, onların predmeti, sübutetmə dairəsi və müəyyən edilməli hallar fərqlidir. Hazırkı iş üzrə xidmətlərin göstərilməsi, qəbul edilməsi və ödənilməmiş borcun mövcudluğu müəyyən edilməli olduğu halda, digər iş üzrə zərərin mövcudluğu, həcmi və səbəbli əlaqə məsələləri araşdırılır.

51. Bu səbəbdən, həmin işlərin ayrıca icraatda baxılması işin düzgün həllinə maneə yaratmadığından, birinci instansiya məhkəməsinin işlərin bir icraatda birləşdirilməsindən imtina etməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz.

52. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü və 425-ci maddələrinin mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

53. Kollegiya hesab edir ki, işə baxan məhkəmə cavabdehdən tutulmalı cərimə borcunun məbləğini əsas borca mütənasib şəkildə müəyyən etmişdir.

54. Məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pulun tutulması ilə bağlı tələbini əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb etmək hüququna malikdir.

55. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində xidmətlər üzrə ödənişin əvvəlcədən 100% avans qaydasında həyata keçirilməsi nəzərdə tutulsa da, tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, iddiaçı tərəfindən xidmətlər göstərildikdən sonra elektron qaimə-fakturalar təqdim edilmiş, cavabdeh isə həmin qaimələr əsasında qismən ödənişlər həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan elektron qaimə-

56. qismən ödənişlər, tərəflər arasında formalaşmış işgüzar münasibətlər və pul fakturalar, öhdəliyinin icrasının gecikdirilməsi nəzərə alındıqda, iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində 775 manat tələbi əsaslı və işin hallarına uyğun hesab edilməlidir.

57. Apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsassızlığını təsdiq etmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır və onun dəyişdirilməsi və ləğvi üçün hüquqi əsaslar mövcud deyildir.

58. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər..

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar