Məhkəmə qərarları › İş №2-2(1-8)-48/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-48/2026

17.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-48/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı Türkiyə Respublikasının “X1 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi”nin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iddiaçı Türkiyə Respublikasının “X1 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi”nin cavabdeh “xxxx” ASC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Satıcı “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi ilə alıcı “xxxx” ASC arasında 2021-ci il ## #### tarixli ********-* nömrəli broyler inkubasiya yumurtası müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya hər bir göndəriş üzrə 306.000 ədəd ROSS 308 broyler inkubasiya yumurtası müqavilədə göstərilən qiymət, tarix və ödəniş şərtləri əsasında satmağı, alıcı isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. Iddiaçı “X1 ve Yumurta Ürünleri Sanayi Ticaret Anonim Şirketi (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 59.086,1 ABŞ dolları məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, 2021-ci il # ##### tarixində cavabdehə IHC************* nömrəli hesab-faktura üzrə cəmi 114.750 ABŞ dolları dəyərində broyler inkubasiya yumurtaları göndərilərək təhvil verilmişdir. Həmin əməliyyatdan sonra şirkətlər arasındakı əvvəlki hesab-fakturalar da nəzərə alınmaqla cavabdehin iddiaçıya qalıq borcunun məbləği 59.086,1 ABŞ dolları təşkil etmişdir.

4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, bildirmişdir ki, tərəflər arasında damazlıq broyler inkubasiya yumurtalarının alqı-satqısı barədə müqavilə bağlanılmış və həmin müqavilədən yaranan münasibətlər 2020-ci il və 2021-ci il ## ##### tarixlərinə aid olmuşdur. Iddiaçı iddia ərizəsində bildirir ki, 2021-ci il # ##### tarixdə cavabdeh tərəfindən 114.750 ABŞ dolları dəyərində damazlıq broyler inkubasiya yumurtalarının alınması məqsədilə əvvəlcədən avans ödənişi olaraq iddiaçıya göndərilərək bank hesabına pul ödəmişdir. Bank ödəniş sənədlərinə əsasən hüquqi şəxslər arasında olan kommersiya münasibətləri üzrə son ödəmələr 2021-ci il # ##### tarixini əhatə edir, ödəniş isə 114.750 ABŞ dolları məbləğində təşkil etmişdir. Iddiaçıya edilən son ödəniş tarixindən 4 ildən artıq vaxt keçmişdir. Iddiaçı tərəf özü borcun yaranma vaxtını və tarixini müəyyən edə bilmir və borcun hansı gömrük və göndəriş sənədləri əsasında yaranması barədə sənədləri iş materiallarına əlavə etməmişdir.

5. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## #### tarixli, e-*-*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – F.Həmidli).

6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehdən 59.086,1 ABŞ dolları məbləğində borcunun tutulmasını tələb etmiş, cavabdeh isə həmin pulun ödənildiyini qeyd etməklə yanaşı, iddia müddəti ötürüldüyündən onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında cavabdeh tərəfindən sonuncu dəfə 2021-ci il # ##### tarixində ödəniş edildiyini bildirmişdir (cavabdehin təqdim etdiyi köçürmə sənədlərinə görə iddiaçıya sonuncu ödəniş 2021-ci il # ##### tarixinə təsadüf etmişdir). Iddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə müqavilə tələbləri üzrə qanunla müəyyənləşdirilmiş üç illik iddia müddəti keçdikdən sonra, yəni 2025-ci il # #### tarixində müraciət etmişdir.

7. Məhkəmə mövqeyini “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.3 və 24.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.2, 373.2, 374.1, 375.2, 377.1, 377.3, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 28, 77.1, 88 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z.Məmmədov, hakimlər – M.Hüseynov və İ.Dəmirov).

10. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlilləri isə əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Həmçinin iddiaçının nümayəndəsi izahatında borcun ödənilməsi ilə bağlı tərəflər arasında şifahi danışıqların olduğunu, razılaşmaya əsasən cavabdeh 2022-ci il # #### tarixədək iddiaçıya yaranmış borcu ödəyəcəyini bildirdiyini qeyd etsə də bununla bağlı təsdiqedici sübutlar təqdim etməmiş, cavabdeh isə belə bir halın mövcudluğunu qəbul etməmişdir.

11. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.2, 373.2, 374.1, 375.2, 377.1, 377.3, 385.1, 427.3, 442, 443.1, 448, 567, 600.1 və 600.4-cü, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

13. MM-in 377.1, 377.3, 425.1, 425.2, 442, 443.1, 443.5, 567, 600.1, 600.4-cü maddələri və MPM-in 217, 417.1.4-cü maddələri üzrə üzrə - iddiaçı müqavilə üzrə öhdəliyi dərhal yerinə yetirsə də, cavabdeh öz öhdəliyinin lazımi şəkildə yerinə yetirilməsini təmin etməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə icra müddəti müəyyənləşdirilməmiş, ödənişin 2022-ci il # #### tarixində həyata keçiriləcəyinə dair şifahi razılaşma olduğu üçün iddiaçı öz hüquqlarının pozulduğunu həmin vaxtdan bilmişdir. Beləliklə, 3 illik iddia müddətinin hesablanması həmin vaxtdan başlanmalıdır. Məhkəmənin gəldiyi nəticə isə qanunsuz və əsassızdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

15. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

“Maddə 373. Iddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.”

“Maddə 374. Iddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. Iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

“Maddə 375. Iddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

“Maddə 377. Iddia müddətinin başlanması 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.”

“Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”

“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

18. Belə ki, aşağı instansiya məhkəmələri iddia müddətinin ötürüldüyü nəticəsinə cavabdeh tərəfindən sonuncu ödənişin 2021-ci il # ##### tarixində həyata keçirilməsi əsasında gəlmiş, həmin tarixdən üç illik müddəti hesablayaraq iddianın 2025-ci il # #### tarixində verildiyini nəzərə almaqla iddianı rədd etmişlər.

19. Məhkəmə kollegiyası bu hüquqi dəyərləndirmə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

20. Belə ki, iddia müddətinin ötürülüb-ötürülmədiyinin müəyyən edilməsi üçün ilk olaraq iddia müddətinin axımının başlanması anı müəyyən edilməlidir. Bununla bağlı məsələlər isə MM-in 377-ci maddəsi ilə tənzimlənir.

21. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası, 377.2-ci maddəsində icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə, 377.3-cü maddəsində isə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının başlanması ilə bağlı qaydalar müəyyən edilmişdir.

22. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il ## #### tarixli Qərarında da qeyd edilmişdir ki, MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

23. Göründüyü kimi, qanunverici icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımını icra müddətinin bitməsi, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımını isə tələbetmə məqamı ilə əlaqələndirmişdir.

24. Ona görə də, ilk növbədə tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddətinin (hazırkı halda alıcı olan cavabdehin ödənişin həyata keçirilməli olduğu vaxtın) hansı qaydada müəyyən edildiyi dəqiqləşdirilməlidir. Yalnız həmin hal müəyyən edildikdən sonra iddia müddətinin axımının başlanması anı və bundan asılı olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi barədə hüquqi nəticəyə gəlmək mümkün ola bilər.

25. Bunun üçün isə tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin faktiki icra davranışı ilə bağlı hüquqi dəyərləndirmənin aparılması tələb olunur.

26. Tərəflər arasında bağlanmış 2021-ci il ## #### tarixli müqavilənin 5-ci bəndində “2-ci göndərişdən sonra ilk göndərişin qalığı ödənilməlidir” şərti nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər ödəniş öhdəliyinin icrası müddətini konkret təqvim tarixi ilə deyil, müəyyən hadisənin – növbəti göndərişin həyata keçirilməsi ilə əlaqələndirmişlər.

27. Bu baxımdan iddia müddətinin başlanma anının müəyyən edilməsi üçün tərəflər arasında faktiki olaraq neçə göndərişin həyata keçirildiyi, tələb olunan 59.086,1 ABŞ dolları məbləğində borcun hansı göndəriş və ya göndərişlər üzrə formalaşdığı, müqavilənin 5-ci bəndində nəzərdə tutulan “2-ci göndəriş” halının baş verib-vermədiyi və əgər baş vermişdirsə, bunun hansı tarixdə həyata keçirildiyi müəyyən edilməlidir.

28. Tərəflər arasında bir neçə göndərişin həyata keçirildiyi və müqavilənin 5-ci bəndində nəzərdə tutulmuş şərtin tətbiqinin mümkün olduğu müəyyən edildiyi halda iddia müddətinin axımının başlanması anı MM-in 377.2-ci maddəsinə əsasən müəyyənləşdirilərək hüquqi dəyərləndirmə aparılmalıdır.

29. Əksinə, müəyyən edilsə ki, müqavilə şərtinin tətbiqi üçün zəruri olan fakt baş verməmişdir, bu halda MM-in 377.3-cü maddəsinə əsasən iddia müddətinin axımının başlanması anı kimi kreditorun tələbetmə məqamı əsas götürülməlidir.

30. Bununla yanaşı, müqavilənin icrası zamanı tərəflər arasında ödənişin aparılması qaydası ilə bağlı digər razılaşmanın əldə olunub-olunmaması da müəyyənləşdirilməli, digər razılaşmanın əldə olunması müəyyən edildiyi isə həmin haldan asılı olaraq MM-in 377.2 və ya 377.3-cü maddəsi tətbiq edilməlidir.

31. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan qaydada hüquqi dəyərləndirmə aparmamış və nəticədə MPM-in 217.1, 217.3-cü maddələrinə uyğun olmayan qətnamə qəbul etmişdir.

32. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla qanuni və əsaslı, habelə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı Türkiyə Respublikasının “X1 və Yumurta Ürünleri Sanayi Tivaret Anonim Şirketi” tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar