Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-494/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Işin halları
1. “xxxx” MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı”) arasında bağlanmış 2023-cü il # ####### tarixli **/**-** nömrəli alqı-satqı müqaviləsinə əsasən, “Satıcı” “Alıcı”nın sifarişləri üzrə uyğunluq sertifikatına cavab verən, istismara yararlı qatqını təhvil verməyi, “Alıcı” isə malı qəbul edib dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən ödəniş mal “Alıcı”ya təhvil verildikdən sonra 15 gün ərzində ödənilməlidir.
2. Qiymətlərin razılaşdırılma protokoluna əsasən KMI S90 adlı qatqının 1 kq-nın qiyməti ƏDV-siz 0,95 manat, KMI AC 500 adlı qatqının qiyməti isə ƏDV-siz 0,80 manat məbləğində razılaşdırılmışdır.
3. “xxxx” MMC və Cavabdeh MMC tərəfindən tərtib edilmiş 2024-cü il üzrə (2024-cü il ## ###### tarixindən 2024-cü il ## #### tarixinədək) 8 ədəd qaimə fakturaya əsasən ümumilikdə 80.000 kq KMI S90 və 25.000 kq KMI AC 500 adlı qatqı Cavabdeh MMC-yə təhvil verilmişdir.
4. “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2024-cü il üzrə (2024-cü il ## ###### tarixindən 2024-cü il ## #### tarixinədək) ümumi dəyəri 113.280 manat olan 8 ədəd elektron qaimə-faktura göndərilmişdir.
5. “xxxx” MMC-yə aid bank hesabından çıxarışlara əsasən, Cavabdeh MMC tərəfindən iddiaçının bank hesabına 2023-cü il ## ####### tarixində EBDQ ****** nömrəli elektron qaimə-faktura üzrə 9.500 manat, 2024-cü il # ##### tarixində EBDT ****** nömrəli elektron qaimə-faktura üzrə 10.000 manat, 2024-cü il ## ##### tarixində EBDR ****** nömrəli, EBDT ****** nömrəli və EBDU ****** nömrəli elektron qaimə-fakturalar üzrə 10.000 manat və 2024cü il ## ### tarixində EBDW ****** nömrəli, EBDW ****** nömrəli və EBDU ****** nömrəli elektron qaimə-fakturalar üzrə 10.000 manat olmaqla ümumilikdə 39.500 manat məbləğində pul ödənilmişdir.
6. 2025-ci il ## ###### tarixli ** nömrəli mühasibatlıq arayışına əsasən 2023-cü il # ####### tarixli **/**-** nömrəli alqı-satqı müqaviləsi üzrə “xxxx” MMC tərəfindən Cavabdeh MMC-yə 2023-cü il ## ####### tarixindən 2024-cü il ## #### tarixinədək olan dövr üzrə ümumi dəyəri ƏDV daxil 159.595 manat təşkil edən 13 ədəd elektron qaimə faktura göndərilmişdir. Həmin qaimə-fakturalardan ilk beşi üzrə ƏDV daxil 46.610 manat məbləğində ödəniş həyata keçirilmiş, qalan 8 elektron qaimə-faktura üzrə isə ödənilməmiş məbləğ ƏDV daxil 112.985 manat təşkil edir.
Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) 2025-ci il ## ######## tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 95.750 manat əsas borc, 17.235 manat ƏDV borcu, borcun gecikdirilməsinə görə 7.181,25 manat faiz borcu, həmçinin hüquqi yardıma görə ödənilmiş 400 manat olmaqla, ümumilikdə 120.566,25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehin sifarişlərinə uyğun olaraq ona müqavilə üzrə razılaşdırılmış mallar göndərilmiş, lakin cavabdeh aldığı malların dəyərindən 95.750 manat əsas borc və 17.235 manat ƏDV borcu olmaqla ümumilikdə 112.985 manat məbləğində pul vəsaitini hazırkı vaxta kimi iddiaçıya ödəməmişdir.
9. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddiaçı borcun mövcudluğunu, məbləğin düzgünlüyünü və malların faktiki təhvil verilməsini sübuta yetirə bilməmişdir. Təqdim edilmiş elektron qaimə-fakturalarla təhvil-təslim sənədləri arasında tarix və məzmun baxımından ziddiyyətlər mövcuddur, təhvil-təslim sənədlərində imzalar fərqlidir. Zamin Əhmədzadənin şəxsiyyəti və əmək münasibətləri müəyyən edilmir, elektron qaimələrdə isə “təhvil aldı” qrafasında imza yoxdur. Həmçinin malların hansı sifariş əsasında göndərildiyi sübuta yetirilməmiş, sifarişlərin şifahi verildiyi bildirilsə də, bunu təsdiq edən sübut təqdim olunmamışdır. Elektron qaimə-fakturaların isə özlüyündə malların təqdim edilməsini təsdiq etmədiyi, onların digər sübutlarla birlikdə, müqavilə şərtləri, tərəflər arasında formalaşmış praktika və işgüzar adətlər nəzərə alınmaqla qiymətləndirilməli olduğu qeyd edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən ƏDV daxil 112.985 manat əsas borc və borcun gecikdirilməsinə görə 5.650 manat faiz borcu olmaqla, cəmi 118.635 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 409 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – G.Namazova).
11. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2023-cü il # ####### tarixli **/**-** nömrəli alqı-atqı müqaviləsi bağlanmış. Müqavilənin 1.1-ci maddəsinə əsasən bu Müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən qatqını istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdələrinə götürürlər. Iddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır. Cavabdehin etirazı isə ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi elektron qaimələr ilə malların təhvili kimi qiymətləndirilən sadə qaimələrin tarixlərində fərqlər var, elektron qaimələrin təhvil verdi hissəsində imza olmasına baxmayaraq təhvil aldı hissəsində isə heç bir imza yoxdur, malların hansı sifariş əsasında satıldığı müəyyən deyil, ona görə də hesab edir ki, iddia rədd edilməlidir.
12. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz arqumentlərinə dair qeyd etmişdir ki, elektron qaimələrin tarixlərinin malların təhvil qaimələrin tarixləri ilə fərqlənməsi malların təhvil verilməməsi anlamına gəlməməlidir. Ikincisi, e-qaimələri satıcı tərəfindən cavabdehə elektron qaydada göndərilir və həmin qaimələr fiziki olaraq qələmlə deyil, elektron təsdiq olunur (iddiaçının təqdim etdiyi sübutlardan görünür ki, onun göndərdiyi bütün e-qaimələr sistem üzərindən təsdiq edilmişdir). Üçüncüsü, cavadeh qeyd edir ki, malların hansı sifariş əsasında verildiyi müəyyən deyil- buna dair məhkəmə qeyd edir ki, düzdür, tərəflər arasında bağlanmış Müqavilənin 1.3-cü maddəsinə əsasən mal hər dəfə Alıcının sifarişi əsasında Satıcı tərəfindən tədarük olunacaqdır. Lakin, müqavilədə qeyd edilmir ki, sifarişlər mütləq yazılı qaydada olmalıdır. Göründüyü kimi tərəflər arasında uzun müddətli, hətta hazırkı müqavilədən başqa müqavilə əsasında da, işgüzar münasibətlər olmuşdur. Məhkəmə tərəfindən cavabdehin nümayəndəsinə cavabdeh tərəfindən ödəniş edilmiş (mübahisə edilməyən) e-qaimələr və satış fakturaları üzrə işgüzar münasibətlərin iddiaçının təqdim etdiyi sənədlərdən fərqli sənədlər və fərqli qayda əsasında aparılmasını göstərəcək (yazılı şifarişlər, dəqiq olaraq səlahiyyətli şəxs hesab etdikləri şəxsin imzası ilə təsdiq edilmiş təhviltəslim aktları və s.) sübutların məhkəməyə təqdim edilməsi dəfələrlə təklif edilsə də, tərəflər arasında fərqli münasibətlərin formalaşmasını göstərəcək hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, cavabdehin arqumentləri məhkəmə tərəfindən formal, sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi ilə edildiyini kimi giymətləndirilir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qiymət razılaşdırma protokolu, qaimə fakturalar, e-qaimələr və qismən ödənişlər ilə təsdiq olunduğu üçün ƏDV daxil 112.985 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
14. Iddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 7.181,25 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə qismən əsaslı hesab etmişdir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən borcun bugünə kimi ödənilmədiyini (2024-2025-ci il ərzində) nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 5.650 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində iddiaçı haqlı olmuşdur.
16. Beləliklə, bu hissədə iddia qismən təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 5.650 manat faiz məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 425, 443.1, 445.7, 449.1, 567, 568.1, 579.1, 600.1, 600.4cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.1, 14.2, 77.1, 119.1, 121.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Qocayev, hakimlər – E.Həsənov və S.Cəfərov).
20. Məhkəmə kollegiyası iş materialları ilə müəyyən etmişdir ki, tərəflər arasında beton qatqısı məhsullarının alqı-satqısına dair müqavilə bağlanmış və bu müqavilədən irəli gələn qarşılıqlı öhdəliklər yaranmışdır. Tərəflərin hər ikisinin sahibkarlıq fəaliyyəti subyekti olması və müqavilə predmetinin cavabdehin sahibkarlıq fəaliyyətində istifadə olunması məqsədilə təqdim edilməsi nəzərə alınmaqla, həmin münasibətlər Mülki Məcəllənin 627.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi kimi qiymətləndirilməlidir.
21. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən borcun mövcudluğu, malların konkret sifarişlər əsasında göndərilməsi və faktiki olaraq cavabdehə təhvil verilməsi sübuta yetirilməmişdir. Təhvil-təslim sənədləri ilə elektron qaimə-fakturaların tarixləri arasında uyğunsuzluqlar mövcuddur, habelə təhvil-təslim sənədlərindəki imzalar fərqlidir və elektron qaimə-fakturalarda “təhvil aldı” qrafasında imza yoxdur.
22. Kollegiya ilk növbədə qeyd etmişdir ki, kommersiya münasibətlərində tərəflərin qarşılıqlı davranışı, əvvəlki təsərrüfat əməliyyatlarının icra qaydası və hesablaşma praktikası müqavilə münasibətlərinin faktiki məzmununun müəyyən edilməsində mühüm əhəmiyyət daşıyır. Tərəfin müəyyən təsərrüfat əməliyyatları üzrə təqdim olunmuş elektron qaimə-fakturalar əsasında ödənişlər həyata keçirməsi, həmin münasibətlərin mövcudluğunu və tətbiq olunan sənədləşmə qaydasını qəbul etdiyini göstərən davranış kimi qiymətləndirilə bilər.
23. Təqdim olunmuş malların dəyərinin ödənilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə ümumi məbləği 113.280 manat təşkil edən 8 ədəd elektron qaimə-faktura təqdim olunmuş, lakin cavabdeh tərəfindən yalnız 2024-cü il 15 yanar tarixli EBDW ****** nömrəli elektron qaimə-faktura üzrə 250 manat əsas borc və 45 manat ƏDV borcu ödənilmiş, nəticədə 112.985 manat məbləğində borc ödənilməmiş qalmışdır.
24. Kollegiya apellyasiya şikayətinin elektron qaimə-fakturaların tarixləri ilə təhviltəslim sənədlərinin tarixləri arasında uyğunsuzluğun mövcudluğu barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hər bir təhvil-təslim sənədinin tərtib edildiyi tarixdən 1-5 gün ərzində elektron qaimə-faktura cavabdehə təqdim edilmişdir. Məsələn, 2024-cü il # ###### tarixli təhvil-təslim sənədi üzrə 2024-cü il # ###### tarixində, 2024-cü il # #### tarixli təhvil-təslim sənədi üzrə 2024-cü il ## #### tarixində müvafiq elektron qaimə-faktura göndərilmişdir. Göstərilən hallar iddiaçı tərəfindən sənədləşmənin ardıcıl həyata keçirildiyini təsdiq edir.
25. Təhvil-təslim sənədlərini imzalayan şəxslərin fərqli olması ilə bağlı şikayətin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, mübahisə predmeti olan təhvil-təslim sənədləri təhvil alan qismində “Elgün Namazov”, “Ilqar Abdullayev” və “Ceyhun” adlı şəxslər tərəfindən imzalanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında suala cavab olaraq həmin şəxslərin cavabdehlə əlaqəsinin olub-olmadığını nə özünün, nə də cavabdehi təmsil edən digər şəxslərin dəqiq bilmədiyini demişdir. Cavabdeh tərəfindən malların onun təsərrüfat fəaliyyətində istifadə edilmədiyini, yaxud sənədləri imzalayan şəxslərin malları onun adından qəbul etmədiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır.
26. Iş materiallarından göründüyü kimi bu müqavilə üzrə malların təhvilindən sonra iddiaçı tərəfindən müvafiq elektron qaimə-fakturalar tərtib edilərək cavabdehə təqdim olunmuş, cavabdeh isə həmin münasibətlər çərçivəsində əvvəlki elektron qaimə-fakturalar üzrə ödənişlər həyata keçirmişdir. Cavabdeh iddiaçı ilə bu müqavilə münasibətləri çərçivəsində təhvil-təslim əməliyyatlarının fərqli qaydada, başqa şəxslərin iştirakı ilə rəsmiləşdirildiyini göstərən və ya bu cür praktikanın mövcudluğunu təsdiqləyən hər hansı alternativ sənəd təqdim etməmişdir. Bu səbəbdən kollegiya həmin şəxslərin malları cavabdehin adından qəbul etməsi barədə nəticəyə gəlmişdir.
27. Elektron qaimə-fakturalarda “təhvil aldı” qrafasında imzanın olmaması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, həmin sənədlər qanunvericiliyə uyğun olaraq elektron qaydada tərtib və təsdiq edilir və onların hüquqi qüvvəsi fiziki imzanın mövcudluğundan asılı deyildir. Elektron qaimə-fakturalar malların faktiki təhvil verilməsinin mütləq sübutu olmasa da, digər sübutlarla, o cümlədən təhvil-təslim sənədləri, tərəflər arasında formalaşmış hesablaşma praktikası və əvvəlki ödənişlərlə birlikdə qiymətləndirildikdə, tərəflər arasında müvafiq təsərrüfat əməliyyatlarının həyata keçirildiyini təsdiq edən sübutlar sisteminin tərkib hissəsi kimi çıxış edir.
28. Iş materiallarından göründüyü kimi mübahisələndirilən elektron qaimə-fakturalar müvafiq elektron sistem vasitəsilə cavabdehə təqdim edilmiş, onların bir hissəsi cavabdeh tərəfindən birbaşa təsdiqlənmiş, qalan hissəsi isə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə etiraz edilmədiyinə görə sistem tərəfindən avtomatik qaydada təsdiqlənmişdir. Kollegiya hesab etmişdir ki, həmin hallar digər sübutlarla birlikdə qiymətləndirildikdə cavabdehin müvafiq təsərrüfat əməliyyatlarından məlumatlı olduğunu göstərən əlavə sübut kimi nəzərə alınmalıdır.
29. Kollegiya malların hansı sifariş əsasında göndərilməsinin məlum olmaması ilə bağlı şikayətin dəlilini də əsassız hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişin konkret forması və ya rəsmiləşdirilmə qaydası müəyyən edilməmişdir. Müqavilədə yalnız cavabdehin sifarişi əsasında malların təhvil verilməsi və həmin malların təhvil tarixindən etibarən 15 gün müddətində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
30. Eyni zamanda, hazırkı müqavilə çərçivəsində cavabdehə göndərilmiş əvvəlki tarixlərə dair digər elektron qaimə-fakturalar üzrə ödənişlər cavabdeh tərəfindən tam şəkildə həyata keçirilmişdir.
31. Belə ki, iş materiallarına əlavə edilmiş bank hesabı çıxarışlarından göründüyü kimi cavabdeh tərəfindən EBDQ 658921, EBDT 388434, EBDR 820703, EBDT 388434, EBDU 663929 və EBDW ****** nömrəli elektron qaimə-fakturalar üzrə ödənişlər tam şəkildə icra edilmişdir. 2024-cü il ## ###### tarixli, EBDW ****** nömrəli elektron qaimə-faktura üzrə ƏDV daxil ümumilikdə 295 manat məbləğində qismən ödəniş edilmiş, qalan 14.750 manat məbləğin isə hazırkı iddia üzrə ödənilməsi tələb olunmuşdur.
32. Kollegiya qeyd etmişdir ki, göstərilən hallar tərəflər arasında 2023-cü il # ####### tarixli müqavilə üzrə davamlı təsərrüfat münasibətlərinin mövcud olduğunu, malların sifariş edilməsi və təhvil verilməsi üzrə müəyyən olunmuş praktikanın formalaşdığını, habelə cavabdehin elektron qaimə-fakturaların bir hissəsi üzrə ödənişlər etməklə həmin praktikanı təsdiq etdiyini göstərir. Bu səbəbdən mübahisə predmeti olan qaimə-fakturalar üzrə də analoji hüquqi və faktiki vəziyyətin mövcud olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır.
33. Son olaraq apellyasiya şikayətinin gecikdirmə faizinə dair hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin, yəni əsas borc məbləğinin malın ona təhvil verildiyi andan 15 gün müddətində ödənilmədiyi iş materialları ilə təsdiq olunur. Iddiaçı belə olan halda gecikdirilmiş borcun ən azı illik 5 faizinin ödənilməsini tələb etməyə haqlıdır.
34. Kollegiya qeyd etmişdir ki, müqavilənin şərtlərinə əsasən ödəniş malların təhvil verilməsindən sonra 15 gün müddətində həyata keçirilməli olduğundan, gecikmə faizlərinin hər bir elektron qaimə-faktura üzrə ayrıca hesablanması müqavilə şərtlərinə daha uyğun olardı. Iş materiallarında mövcud elektron qaimə-fakturaların tarixləri, məbləğləri və iddianın verildiyi tarix nəzərə alınmaqla aparılmış hesablamalara əsasən gecikmə faizlərinin məbləği 7.681,55 manat təşkil edir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən artıqdır. Bununla belə, iddiaçı tərəfindən qətnamə mübahisələndirilmədiyindən və faiz məbləğinin artırılması cavabdehin vəziyyətini ağırlaşdıracağından, apellyasiya baxışının hədləri və apellyatorun vəziyyətinin ağırlaşdırılmasının yolverilməzliyinə dair reformatio in peius qadağası nəzərə alınaraq həmin hissədə qətnaməyə müdaxilə edilməsi üçün əsaslar mövcud deyildir.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə iş materialları ilə öz təsdiqini tapmadığından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 445.1, 445.2, 445.7, 448.1, 627.1, 637.1-ci maddələrinə; Mülki Prosessual Məcəllənin 77.1, 88, 107, 119.1, 119.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
38. Mülki Prosessual Məcəllənin 77.1, 217.1-217.3-cü maddələri üzrə - Iddiaçı tərəfindən tələb edilən 95.750 manat əsas borcun, 17.235 manat ƏDV-nin, 400 manat vəkil xidmət haqqının və 7.181,25 manat bank faizinin mövcudluğu, malların cavabdehə təhvil verilməsi və digər mübahisəli hallar mötəbər sübutlarla təsdiq edilməmiş, təqdim edilmiş elektron və elektron olmayan qaimə-fakturalar arasında tarix və digər uyğunsuzluqlar mövcud olmuş, bəzi sənədlərdə təhvil alan şəxsin imzası olmamış, sənədləri imzalayan Zamin Əhmədzadənin iddiaçı ilə əmək münasibətlərinin olmadığı müəyyən edilmiş, malların hansı sifariş əsasında göndərildiyi barədə isə yazılı və ya digər sübut təqdim edilməyərək sifarişlərin şifahi qaydada formalaşdığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarında elektron vergi-hesab fakturalarının öz-özlüyündə malların təqdim olunmasını təsdiq etmədiyi və digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməli olduğu qeyd edilsə də, apellyasiya məhkəməsi eqaimələrin sistem üzərindən təsdiq edilməsinə istinad etmiş, qaimə-fakturaların tarixləri ilə təhvil-təslim sənədlərinin tarixləri arasındakı uyğunsuzluqlara lazımi qiymət verməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdeh tərəfindən malların onun təsərrüfat fəaliyyətində istifadə edilmədiyini və sənədləri imzalayan şəxslərin malları onun adından qəbul etmədiyini təsdiq edən mötəbər sübutların təqdim edilmədiyini əsas götürməklə cavabdehin üzərinə həddən artıq və faktiki olaraq qeyri-mümkün sübutetmə yükü qoymuş, halbuki malların təhvil verildiyini sübut etmək iddiaçının üzərinə düşmüşdür. Bu səbəbdən qətnamə düzgün əsaslandırılmamış, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işə baxılarkən qüvvədə olan prosessual hüquq normalarına, habelə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun çıxarılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi etiraz verərək bildirmişdir ki, iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri qanuni və əsaslıdır. Şikayətdə göstərilən hallar məhkəmələr tərəfindən tam araşdırılmış, Zamin Əhmədzadənin iddiaçının sürücüsü olması barədə sənəd təqdim edilmişdir. Iddiaçı ilə cavabdeh arasında 2023-cü il # ####### tarixli müqavilə əsasında yaranmış münasibətlər üzrə 39.000 manat ödənilmiş, lakin alınmış malın qalan dəyəri ödənilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur.
Kassasiya baxışının hədləri
40. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Maddə 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə is üzrə müəyyən edilmiş həqiqi Hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası da apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiyaməhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsitərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
47. Kassasiya şikayəti verən tərəfin malların təhvil verilməsinin, borcun və digər tələblərin mötəbər sübutlarla təsdiq olunmaması, qaimələr arasında tarix uyğunsuzluqlarının olması, bəzi sənədlərdə imzaların olmaması və sifarişlərin sübuta yetirilməməsi barədə dəlilləri apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və əsaslı olaraq rədd edilmişdir.
48. Belə ki, iddiaçı öz tələblərini müqavilə, elektron qaimə-fakturalar, təhvil-təslim sənədləri, bank çıxarışları və tərəflər arasında əvvəlki ödənişlər və formalaşmış qarşılıqlı münasibətlər ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi elektron qaimə-fakturaları malların təhvilinin yeganə sübutu kimi deyil, digər sübutlarla birlikdə qiymətləndirmişdir. Qaimələrin təhvil-təslim sənədlərindən 1-5 gün sonra təqdim edilməsi də özlüyündə malların təhvil verilmədiyini təsdiq etmir.
49. Təhvil-təslim sənədlərini imzalayan şəxslərin cavabdehlə əlaqəsinin olmadığı barədə cavabdeh tərəfindən mötəbər sübut təqdim edilməmiş, əksinə, tərəflər arasında eyni müqavilə üzrə əvvəlki əməliyyatların analoji qaydada həyata keçirildiyi və ödənişlərin cavabdeh tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Sifarişlərin yazılı formada rəsmiləşdirilməsinin müqavilə ilə tələb olunmadığı da nəzərə alınmalıdır.
50. Bu baxımdan apellyasiya məhkəməsinin cavabdehin üzərinə iddiaçının sübut etməli olduğu halları sübut etmək vəzifəsi qoyduğu barədə kassatorun dəlili də əsassızdır. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutların cavabdeh tərəfindən təkzib edilmədiyini nəzərə almışdır.
51. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflərinin hüquq və vəzifələrinin həyata keçirib-keçrmədikləri aydınlaşdırıldığı zaman, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər nəzərə alınmalıdır. Ali Məhkəmənin bir sıra qərarlarında da sərgilənən mövqeyə görə, tərəflər arasında münasibətlər təhlil edilərkən onlar arasındakı işgüzar adətlərə xüsusi önəm verilməlidir. Bu halda tərəflər arasında yaranmış işgüzar adətlərin müqavilə üzrə və müqavilədən kənar olmasına, işgüzar münasibətlərin kommersiya fəaliyyətinin hansı sahəsinə aid olmasına, bu cür münasibətlərin davamlı və ardıcıl xarakter daşıyıbdaşımamasına,
52. eləcə də tərəflərin işgüzar münasibətlərinə hansı həddə əməl edilibedilməməsinə qiymət verilməsi zəruridir.
53. Göründüyü kimi, işgüzar adətlərin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin və onların hərəkətlərinin şərh edilməsi zamanı istifadəsinin mümkünlüyü həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində təsbit edilmişdir.
54. Kassasiya şikayəti verən tərəfin istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli qərarındakı elektron qaimə-fakturaların digər sübutlarla birlikdə qiymətləndirilməsi barədə hüquqi mövqe də apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Belə ki, qaimələr təhvil-təslim sənədləri, tərəflər arasında əvvəlki analoji əməliyyatlar və həmin əməliyyatlar üzrə həyata keçirilmiş ödənişlərlə birlikdə qiymətləndirilmişdir.
55. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Mülkü Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ##### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.