Məhkəmə qərarları › İş №2-2(103)-1143/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1143/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1143/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş ( açar sözlər: sığorta müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Qocayevin sədrliyi ilə, hakimlər və ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3605/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:

1. PİM/18/0091 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək pr.,ev 86,m.69 ünvanında yerləşən əmlak xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 30825.95 manat məbləğində sığortalanmışdır. Sığorta riskləri qismində yanğın, ildırım düşməsi, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılmasıvə digər bu kimi formalarda təsiri və s. göstərilmişdir.

2. Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Departamenti 93 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, həqiqətən də mənzilin böyük otağınən divarına axan su binanın damında olan su navalçasının tutulması nəticəsində mənzilin divarına su axmışdır.

3. xx.xx.2019-cu il tarixli 0878/Fİ-033/2019 saylı sığorta aktına əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində obyektə 850 manat məbləğində zərər dəymiş, və 850 manat sığorta ödənişi hesablanmışdır.

4. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X1 hesabına 956123 saylı akta əsasən 850 manat pul köçürülmüşdür.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2019-cu il tarixli 20/131 nömrəli məktubu ilə xx.xx.2019-cu il tarixdə saat 04:10-dan 10:40-dək yağış yağdığı, yağıntının miqdarının 3,9 mm olduğu barədə məlumat verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə və Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən 850 manat məbləğində pulun və 30,40 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 880,40 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən X1 mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2018-ci il tarixində “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” növü üzrə PİM/18/0091 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2019cu il tarixində Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyətinin balansında olan binada X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsi binanın damındakı su navalçalarının tutulması nəticəsində zərər görmüşdür. Həmçinin, iş materiallarında olan Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, həmin binanın damında olan su navalçalarının tutulması nəticəsində X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə subasma nəticəsində 850 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı xx.xx.2019-cu il tarixli, 0878/Fİ033/2019 nömrəli aktla 850 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür. “Onlayn kargüzarlıq” sistemindən çıxarışlardan müəyyən olunur ki, iddia ərizəsinin surəti cavabdehlərə təqdim olunmuşdur.

8. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-yə aid hissədə təmin edilməməlidir. Belə ki, binaların damında toplanan yağış sularının nəqli üçün nəzərdə tutulmuş navalça və binanın çöl divarına quraşdırılmış yağış xətləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-nin balansında olmadığı üçün onlara tərəflərindən texniki xidmət göstərilmir. Bu barədə xx.xx.2025-ci il tarixli 3-53-3-12/2-500/2025 nömrəli məktubla məlumat verilmişdir.

9. Cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı göstərib ki, xx.xx.2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətinin balansında olan binada X1 mülkiyyətində olan mənzilin ümumi istifadə sahəsi (qeyri-yaşayış sahəsi) binanın damındakı su navalçalarının tutulması nəticəsində zərər görmüşdür. İddiaçı iddiasının əsası kimi Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 93 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışına istinad etmişdir. Bildirir ki, 93 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi balans saxlayan təşkilat olmadığından təqdim etdiyi arayış dəymiş zərərin sübutu kimi qiymətləndirilə bilməz. Belə ki, zərərçəkənin yaşadığı Xətai rayonu, Babək prospekti 86 nömrəli bina dövlət mənzil fonduna aid olmaqla Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balans saxlayan təşkilat olaraq balanslarında olan binalarda yaranmış fəsadlar və texniki nasazlıqlarla bağlı rəyin (arayışın) verilməsi Birliyin səlahiyyətindədir. Xətai rayonu, Babək prospekti 86 saylı binanın 69-cu mənzilinin mülkiyyətçisi X3 tərəfindən Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qeyd olunan məsələ ilə bağlı müraciət daxil olmamışdır və ona rəy (arayış) verilməmişdir. Elman Nurullayevə dəymiş zərər su navalçalarının tutulması nəticəsində deyil, məhz qarşısı alınmaz qüvvənin təsiri (intensiv yağış sularının) nəticəsində binanın ümumi istifadədə olan sahəsinin islanması ilə baş vermişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3605/2025 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ, Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından ki, iddiaçı ilə X4 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 850 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 850 manat sığorta ödənişi verilmişdir. Məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ -yə aid olan hissədə əsaslı deyildir. Belə ki, binaların damında toplanan yağış sularının nəqli üçün nəzərdə tutulmuş navalça və binanın çöl divarına quraşdırılmış yağış xətləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-nin balansında olmadığı üçün onlara İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ tərəfindən texniki xidmət gösətərilmir. Məhkəmə hesab etmişdir ki, binanın su navalçaları cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ –in balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı olan hissədə də əsassız hesab etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Xətai rayonu, Babək prospekti 86 nömrəli bina dövlət mənzil fonduna aid olmaqla Xətai Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır (cavabdehin nümayəndəsi bu halı mübahisələndirməmişdir). Məhkəmə ilk növbədə qeyd etmişdir ki, sığortaçının subroqasiya hüququnun yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 936-ci maddəsinin məzmunundan göründüyü kimi sığortaçı tərəfindən sığorta ödənişi ödənildikdən sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında sığortaçıya keçir. Hazırkı halda iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tutulması tələbini cavabdeh Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs olmasına dair məhkəməyə yeganə təqdim edilən sübut qüsur aktıdır, hansı ki, həmin ünvanda yerləşən evə dəyən zərərin navalçadan axan su nəticəsində yaranmasını sübut etmək üçün kifayət edən sübut deyil, həmçinin məhkəmə qeyd edir ki, yağış sularının normadan artıq olması halında qeyd ediln navalçaların texniki qüsurlarının olması və normadan artıq axmış yağış sularının navalçaların nasazlığı nəticəsində sığortalalan şəxsin əmlakına ziyan dəyməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Beləliklə qeyd edilən sübut axan su nəticəsində dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsini təsdiq edən sübut hesab edilə bilməz.

12. İddiaçı "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3605/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə tələblərinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarına əsasən, X1 mülkiyyətində və istifadəsində olan və Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" ASC (bundan sonra ASC) ilə bağlanmış “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” müqaviləsinə əsasən sığorta təminatı almış və ASC tərəfindən xx.xx.2018-ci il tarixli, PİM/18/0091 saylı sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2019-cu il tarixdə və Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinə binanın damındakı su navalçalarının tutulması nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 850 manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş subasma hadisəsi ilə bağlı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışı ilə hadisənin həmin binanın damında olan su navalçalarının tutulması nəticəsində baş verməsi faktı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 3-21/2-1692/2023 nömrəli qərarı (bundan sonra qərar) ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında qərarın 4-cü bəndinə əsasən bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir. Qərarın istinad edilən bəndindən müəyyən olunur ki, mənzil-kommunal istismar sahələri bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmirə görə məsuldurlar. Əlavə olaraq, qeyd olunan bina Dövlət Mənzil Fondunun balansında olmasına baxmayaraq, mübahisələndirilən qətnamədə Mənzil Məcəlləsinin normalarına istinad olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2012-ci il tarixli, 345 saylı sərəncamına əsasən Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" ASC-nin balansında olmuşdur. Buna görə də, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ "xxxx" ASC-nin hüquqi varisi kimi su təchizatı qurğularında nasazlığa görə məsuliyyət daşıyır. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca «praesumptio» — güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün teqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir (MM-in 448-ci maddəsinin 4-cü bəndi). Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şexsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. (Ян Шапп. Основы гражданского право Германии. Учебник. М., 1996, с.110-120.). Bununla yanaşı vurğulanmasını zəruri hesab edir ki, mülki qanunvericilikdə “təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan aşağıdakı hallar aydınlaşdırılmamışdır: 1. Mənzil-kommunal istismar sahələri bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmirə görə məsuldurlar. Buna görə də, xx.xx.2019-cu il tarixli sığorta hadisəsinə görə dəymiş zərərin ödənilməsi öhdəliyi tamamilə Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri, Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur; 2. Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞnin balansındadır. Buna görə də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ su təchizatı qurğularında nasazlığa görə məsuliyyət daşıyır; iş materialları arasında sübut qismində məhkəməyə təqdim olunan Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmiş və nəzərə alınmamışdır. Lakin "xxxx" ASC-nin “subroqasiya qaydasında pul” tələbinə dair digər kommersiya mübahisəsi üzrə işlərinə dair çıxarılmış analoji qətnamələrdə müvafiq Mənzil Kommunal İstismar Sahələrinin sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən arayış və ya aktları mötəbər sübut qismində qiymətləndirilərək mübahisələrin həll olunmasında əhəmiyyətli rola malik olmuşdur. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: 1) subasma hadisəsi binanın su navalçalarının tutulması nəticəsində baş vermişdir; 2) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 86 nömrəli bina Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır və binanın navalçalarının texniki cəhətdən saz vəziyyətdə olmasında məsuldurlar; 3) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ su təchizatı qurğularında nasazlığa görə məsuliyyət daşıyır; 4) Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2019-cu il tarixli arayışında su navalçalarından suyun daşması nəticəsində sığortalanmış obyektə zərər dəyməsinin müəyyən olunması.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Cavabdehlər tərəfindən apelyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. ... Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. ... Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. ... Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. ...

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Mübahisə iddiaçı ilə X4 arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə iddiaçı tərəfindən E.Nurullayevə ödənilmiş sığorta ödənişi həcmində cavabdehlərdən subroqasiya qaydasında pulun tələb edilməsi ilə bağlıdır.

24. İddiaçı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı Mənzil kommunal istismar sahəsindən verilmiş 19 fevral 2019-cu il tarixli arayışa istinad edərək sığorta hadisəsinin binanın damında quraşdırılmış su navalçasının tutulması nəticəsində baş verdiyini, buna görə də dəymiş zərər üçün cavabdehlərin məsuliyyət daşıdığını iddia edir.

25. Cavabdehlərdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ binaların damında toplanan yağış sularının nəqli üçün nəzərdə tutulmuş navalça və binanın çöl divarına quraşdırılmış yağış xətlərinin balanslarında olmamasını əsas gətirərək hesab edir ki, ona qarşı iddia təmin olunmamalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “İri Şəhərlərin Bİrləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin binalarda su navalçaları və yağış sularının nəqli üçün quraşdırılan yağış xətlərinin lazımınca saxlanmasına məsul olması ilə bağlı heç bir sübut təqdim etməmişdir.

27. Digər cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı 93 saylı MKİS-dən verilmiş arayışa istinad etsə də, sığorta hadisəsinin yerində yoxlanması ilə bağlı təqdim edilmiş sənədlərdə və fotoşəkillərdə binanın damına baxış keçirilməsi, həmin sahədə su navalçasının olub-olmaması, olduğu halda həqiqətən də tutulub-tutulmaması barədə heç bir araşdırma aparılması müəyyən edilmir.

28. Sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun subroqasiya qaydasında sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür.

29. Beləliklə, subroqasiya qaydasında tələb hüququnun yaranması üçün zərərçəkmiş şəxs zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququna malik olmalıdır.

30. Hazırkı halda sığortaçı zərərçəkmiş şəxsin hüquqlarından istifadə edərək tələb irəli sürdüyünə görə ümumi qaydada zərərin məhz cavabdehlərin təqsiri üzündən vurulmasını sübut etmə yükü onun üzərinə düşür.

31. İddiaçı sığorta hadisəsinin məhz cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin təqsiri üzündən, yəni binanın damında su navalçasının tutulması, nəticəsində toplanmış yağış sularının mənzil axmasından dolayı yarandığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

32. 93 saylı MKİS-dən verilmiş arayış hər hansı araşdırmaya əsaslanmadan tərtib olunduğuna görə cavabdeh Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin təqsirini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

33. Milli Hidrometeorologiya Departamentindən verilmiş məktubdan da göründüyü kimi (§ 5) sığorta hadisəsinin baş verdiyi gün 6 saatdan artıq davam edən yağış yağmış və yağıntının miqdarı 3,9 mm olmuşdur. Yağıntının miqdarı və müddəti nəzərə alındıqda binanın damından mənzilə suyun təbii səbəblərdən də keçməsi mümkündür.

34. Mülki Məcəllənin 924 və 925-ci maddələrindən də göründüyü kimi sığortaçı sığorta hadisəsinin səbəblərini, eləcə də zərərin miqdarını müəyyənləşdirmək üçün kifayət qədər geniş hüquqlara malikdir, eyni zamanda bu halların araşdırılması onun vəzifəsidir. Odur ki, sığorta hadisəsinin səbəbləri ilə bağlı kifayət qədər sübutların toplanmaması riskini də sığortaçı daşımalıdır.

35. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, mübahisəli subasma hadisəsi nəticəsində dəymiş zərərə görə cavabdehlərin məsuliyyət daşımalı olması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

36. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3605/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3605/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Tural Qocayev

Hakimlər: Elnur Həsənov

Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar