Məhkəmə qərarları › İş №2-2(103)-1182/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1182/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1182/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı MMC-nin (bundan sonra - iddiaçı) vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkilləri və nümayəndələri Vəkil1 və Vəkil2 iştirakı ilə arabağlantı trafikinin mübadiləsinə görə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 nömrəli Bakı İnqibati-İqtisadi Məhkəməsinin 2-2(81)-87/2019 nömrəli iş üzrə 05 sentyabr 2019-cı il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 21 yanvar 2015-ci il - 31 yanvar 2018-ci il tarixləri üzrə arabağlantı trafikinin mübadiləsinə görə ƏDV daxil 11.579.187 manat borcun va 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı eyni məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, iddiaçıdan ƏDV daxil 5.775.661 manat məbləğdə əsas borcun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə çıxış edərək, 21 yanvar 2015-ci il - З1 dekabr 2018-ci il tarixləri üzrə arabağlantı trafikinin mübadiləsinə görə ƏDV daxil 14.580.018 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 04 mart 2019-cu il tarixli qərardadı ilə ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan iddiaçı ondan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli Qərardadı ilə 04 mart 2019-cu il tarixli qərardad ləğv edilmişdir. Bundan sonra iddiaçı yenidən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, 21.01.2015-ci il - 31.05.2019-cu il tarixləri üzrə arabağlantı trafikinin mübadiləsinə görə ƏDV daxil 16.086.923 manat məbləğdə fərqin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması və baxılmamış saxlanılması barədə ərizə təqdim etmiş, iddiaçı buna etiraz etməmiş, 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. 1 nömrəli Bakı İnqibati-İqtisadi Məhkəməsinin 05.09.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-799/2019 nömrəli iş üzrə 11.12.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 05.09.2019cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 2/2021 nömrəli iş üzrə 11.08.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin vəkilləri və nümayəndələri şikayəti qəbul etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən, “Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.” Belə bir yoxlamadan hərəkətlə, əvvəlcə, Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “72. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ayrı-ayrı vaxtlarda tərəflərə ünvanladığı məktublarında operatorlar arasında trafik mübadiləsinə görə assimetrik tariflərlə bağlı yaranmış problemin “Telekommunikasiya haqqında” Qanuna və müvafiq Qaydalara uyğun olaraq ilk növbədə tərəflər arasında birgə müzakirələr etməklə qarşılıqlı razılıq əsasında həll edilməsi tövsiyyə olunmuşdur. Lakin həmin tövsiyyələr, arabağlantı ilə bağlı operatorlar arasında münasibətlərin tənzimlənməsi sahəsində qanunvericiliklə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmiş səlahiyyətlərin icrasını ifadə etmir.

73. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarının təhlilindən göründüyü kimi, operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi dövlətin səlahiyyətindədir. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə əsasında həyata keçirirlər. Arabağlantı müqaviləsinin bağlanması ilə bağlı hər hansı operatorla razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respubblikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra mətndə Nazirlik) tərəfindən mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında arabağlantı müqaviləsi bağlanmalıdır. Operatorlar arasında arabağlantı məsələləri üzrə yaranan mübahisələr Nazirlik tərəfindən həll edilir. Operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək Nazirliyin vəzifəsidir (bax yuxarıda §54-57).

74. Bu baxımıdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında arabağlantıya simmetrik və ya assimmetrik hesablaşmaların tətbiqindən yaranan borc tələbi üzrə qəbul ediləcək qərar telekommunikasiya sahəsində dövlət siyasətini və nəzarətini həyata keçirən Nazirliyin hüquq və vəzifələrinə toxunur.

75. Lakin apellyasiya instansiyası məhkəməsi Nazirliyi məhkəmə icraatına cəlb etməmiş, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq, sonuncunun mübahisəyə münasibətini aydınlaşdırmamış, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərinin tələbləri ilə bağlı onun konkret rəyini almamışdır.

76. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, operatorlar arasında arabağlantı ilə bağlı mübahisələr üzrə tənzimləyici dövlət orqanı olan - Nazirlik işdə iştiraka cəlb edilməli, qeyd olunan Qaydaların 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərinin tələbləri ilə bağlı (bax §64 ) soununcunun rəyi alınmaqla, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, “MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.” Ali Məhkəmənin qərarından müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsinin iş üzrə göstərişlərinin sayı ikidir: 1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məhkəmə icraatına cəlb olunmalı; 2. Nazirliyin mübahisəyə münasibəti aydınlaşdırılmalı və “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərinin tələbləri ilə bağlı onun konkret rəyi alınmalıdır. Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, onun mübahisə ilə bağlı rəyi alınmışdır. 28.10.2021-ci il tarixli rəydə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağiantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərində nəzərdə tutulmuş şərtlər (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və ödənişlər) ümumi (publik) hüquq sahəsinə aid, tənzimlənməsi dövlətin səlahiyyətində olan qarşılıqlı arabağlantı münasibətlərinin məzmununun tərkib hissəsi qismində çıxış edən iqtisadi şərtlərdir; İqtisadi şərtlərlə əlaqədar yaranan mübahisələrin həlli rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kompetensiyasındadır; "xxxx" MMC və "xxxx" MMC arasında arabağlantı məsələləri üzrə yaranan qarşılıqlı mübahisənin həlli ilə bağlı tədbirlər görülməsi və mübahisə ilə bağlı qərar qəbul edilməsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən addımlar atılır.”

İşdən müəyyən edilir ki, tərəflər arasında şəbəkələrarası arabağlantının təşkili və qarşılılqlı hesablaşma haqqında 28 fevral 2007-ci il tarixli 2007-0059 nömrəli müqavilə imzalanmışdır. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”na uyğun olaraq, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azercell Telekom” MMC ilə Cavabdeh MMC arasında qarşılıqlı arabağlantı müqaviləsi üzrə şərtlərin müəyyən edilməsi haqqında” 2009-cu il 20 may tarixli RİTN-TŞ-18/1165 nömrəli Qərar qəbul etmiş və həmin Qərarla “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinə müvafiq olaraq trafik mübadiləsi üzrə hesablaşmalarda cavabdehin şəbəkəsində sonlandırılan zənglərin hər dəqiqəsi üçün iddiaçı tərəfindən əlavə olaraq asimmetrik sonlandırma qiymətinin tətbiqinə dair şərtin müəyyən edilməsi qərara alınmış, qeyd olunan məsələ ilə bağlı operatorlar arasında 01 sentyabr 2009-cu il tarixli 1 nömrəli saziş imzalanmışdır. 01.09.2009-cu il tarixli 1 nömrəli sazişdən görünür ki, 28 fevral 2007-ci il tarixli 2007-0059 nömrəli müqavilənin 11.2-ci bəndi dəyişdirilərək, aşağıdakı redaksiyada təsdiq olunmuşdur: “11.2. Tərəflərin şəbəkələri arasında birbaşa (mobil-mobil) və ya üçüncü tərəfin şəbəkəsi üzərindən tranzit olaraq (mobil-sabit-mobil) mübadilə olunan trafikin hər dəqiqəsi üçün Cavabdeh “Azercell”ə 0,02 AZN, “Azercell” Cavabdeha 0,05 AZN ödəyir.” Sazişin 2-ci bəndinə əsasən bu Sazişin 1-ci bəndində nəzərdə tutulan dəyişiklik 06 aprel 2009-cu il tarixdən etibarən tətbiq edilsin. 3-cü bəndinə əsasən 2010-cu ilin dekabr ayı ərzində hər iki operatorun və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakı ilə İddiaçı MMC və Cavabdeh MMC şəbəkələri arasındakı trafik nisbətləri və mövcud vəziyyət nəzərə alınmaqla assimmetrik tariflərin hansı müddətədək və hansı nisbətdə tətbiqi ilə bağlı təkliflər hazırlansın.” Cavabdehə ünvanlanan 21.11.2014-cü il tarixli məktubla iddiaçı 28 fevral 2007-ci il tarixli 2007-0059 nömrəli müqaviləyə, həmin müqavilənin 16.1-ci bəndinə əsasən bu müraciətin cavabdehə daxil olduğu gündən hesablanmaqla, 2 ayın tamam olduğu gündən etibarən xitam veriləcəyi barədə xəbərdar etmişdir. 28 fevral 2007-ci il tarixli 2007-0059 nömrəli müqaviləyə 21.01.2015-ci il tarixdən xitam verildiyi işin mübahisəsiz halıdır.

"Telekommunikasiya haqqında" AR Qanununun: 3.2-ci maddəsinə əsasən, telekommunikasiya fəaliyyəti operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi (3.2.6) və qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi (3.2.8) istiqamətləri əsasında həyata keçirilir; 6.1.7-ci maddəsinə görə, Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi istiqamətində də həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər; 12.2-ci maddəsinə görə, arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır; 12.3-cü maddəsinə əsasən, operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir; 31.1-ci maddəsinə görə, telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək (33.1.1) və qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq (33.1.4) operatorların vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 3.0.44-cü yarımbəndinə əsasən, Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq operatorlar arasında arabağlantı şərtlərini müəyyən etmək, bu sahədə fəaliyyəti tənzimləmək, qarşılıqlı mübahisələrin həlli ilə bağlı tədbirlər görmək vəzifələrini yerinə yetirir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009cu il 3 aprel tarixli 64 nömrəli əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2009-cu il 6 aprel tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə № 3438) "Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin müəyyən edilməsi Qaydası”nın 4.1.2-ci bəndinə görə, iqtisadi şərtlər (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və digər ödənişlər): a. şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli və mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir. Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün “mobil-mobil” şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edilir; b. GSM standartlı mobil telefon şəbəkələri arasındakı trafik mübadiləsi üzrə aparılan hesablaşmalarda bazara yeni daxil olmuş GSM operatorunun şəbəkəsində sonlanan zənglərin hər dəqiqəsi üçün digər mobil operatorları tərəfindən əlavə 0,02 manatdan 0,03 manatadək ödənilməklə asimmetrik sonlandırma qiymətləri (asimmetrik sonlandırma qiymətləri zənglərin sonlandırılması üçün eyni xidmətləri göstərən operatorlar tərəfindən fərqli (əlavə) sonlandırma qiymətlərinin tətbiq edilməsi) tətbiq edilir. Qaydanın: 5.1-ci bəndinə əsasən, hər bir operator 2 ay müddətindən gec olmayaraq bazara yeni daxil olmuş GSM operatorunun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b" yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi üçün qarşılıqlı arabağlantı müqaviləsi bağlamalıdır; 5.2-ci bəndinə görə, göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə (arabağlantı müqaviləsi bağlanmadıqda) bazara yeni daxil olmuş operator Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (bundan sonra - NRYTN) müraciət edir. NRYTN tərəfindən mübahisə predmeti araşdırılarkən aşağıdakılar nəzərə alınır: müraciət etmiş tərəfin telekommunikasiya bazarındakı mövqeyi, texniki və iqtisadi imkanları; spesifik tezlik resurslarından istifadə üzrə qeyri-bərabər imkanlar; şəbəkənin qurulmasına çəkilən xərclərdəki fərqlər; tətbiq edilən avadanlığın texnoloji xüsusiyyətləri. Bazara yeni daxil olmuş operatorun xeyrinə bu Qaydanın 4.1.2-ci bəndinin “b” yarımbəndində nəzərdə tutulan asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə NRYTN tərəfindən 10 (on) gün müddətində qərar qəbul edilə bilər. NRYTN tərəfindən müəyyən olunmuş şərtlər əsasında tərəflər arasında 7 (yeddi) iş günü müddətində arabağlantı müqaviləsi bağlanılır; 5.3-cü bəndinə əsasən, asimmetrik sonlandırma qiymətinin tətbiqi barədə qərara telekommunikasiya bazarındakı vəziyyət (iqtisadı və texnoloji) nəzərə alınmaqla tərəflərin müraciəti və ya NRYTN -in təşəbbüsü ilə növbəti təqvim ilində yenidən baxıla bilər; 6.3-cü bəndinə görə, tərəflər hər hesabat ayı üçün növbəti ayın 15-dən gec olmayaraq hesablaşmaların qarşılıqlı üzləşdirilməsini aparmalı və nəticəsi barədə üzləşdirmə aktı tərtib etməlidirlər. Yuxarıda göstərilən müddətdə operatorlar arasında qarşılıqlı üzləşmə zamanı razılıq əldə edilmədikdə, bir tərəf qarşı tərəfin tələb etdiyi hesablaşma məlumatları ilə əlaqədar 3 (üç) iş günü ərzində NRYTN -ə müraciət edə bilər. NRYTN müraciət daxil olduğu tarixdən etibarən 10 (on) iş günü ərzində tərəflərin iştirakı ilə birgə araşdırma apararaq qərar qəbul edir. Həmin qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır. “Telekommunikasiya haqqında” Qanunun 56.1-ci maddəsinə əsasən, telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir. Həmin Qanunun 56.2-ci maddəsinə görə, operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin məhkəməyə müraciət etmək hüququ vardır; Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 56.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Qaydanın 4.1.2-ci bəndinin a) və b) yarımbəndlərində nəzərdə tutulan şərtlər (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və ödənişlər) tənzimlənməsi dövlətin səlahiyyətində olan qarşılıqlı arabağlantı münasibətlərinin məzmununun tərkib hissəsi qismində çıxış edir və bu şərtlərlə əlaqədar yaranan mübahisələrin həlli rabitə (telekommunikasiya) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətindədir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını və mübahisə ilə bağlı rəyinin alınmasını xahiş etmiş, lakin vəsatət məhkəmə kollegiyası tərəfindən işin hazırkı mərhələsində prosessual qənaət baxımından təmin olunmamışdır. Vəsatət onunla əsaslandırılmışdı ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi ilə iddiaçının tələblərinin əsassızlığı bir daha müəyyən edilsə də, rəy qəti deyil və bunun səbəbi həmin Nazirliyin iddiaçının təsisçisi olaraq məsələ üzrə tam obyektiv mövqe tuta bilməməsidir. Bundan əlavə, tərəflər arasında mübahisənin həll edilməməsi geniş istehlakçı kütləsinin hüquqlarını ciddi şəkildə poza və maliyyə stabilliklərinin pisləşməsi iqtisadi konyuktura neqativ təsir göstərə biləcək iki sahibkarlıq subyektinin böyük maliyyə itkilərinə gətirib çıxara bilər. Bu səbəbdən Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan İqtisadiyyat Nazirliyinin məhkəmə icraatına cəlb olunması və mübahisə ilə bağlı rəyinin alınması zəruridir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, istehlakçıların hüquqlarının pozulmasının qarşısının alınması, sağlam rəqabət mühitinin təmin edilməsi baxımından tərəflər arasında arabağlantı məsələləri üzrə yaranmış mübahisənin həlli ilə bağlı qərar, İqtisadiyyat Nazirliyinin rəyinin alınması məsələsi nəzərdən keçirilməklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilməlidir.

MPM-in: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və MPM-in 261-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

1 nömrəli Bakı İnqibati-İqtisadi Məhkəməsinin 2-2(81)-87/2019 nömrəli iş üzrə 05 sentyabr 2019-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı MMC-yə izah edilir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar