Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-177/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-731/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması və 26971 manat məbləğində maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(81)- 731/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus “Mangal” əmtəə nişanından cavabdeh "Cavabdeh" MMC tərəfindən qanunsuz istifadənin qadağan olunması, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə ekspertizasının tədqiqatının dəyəri 100 manatın cavabdeh "Cavabdeh" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilk dəfə xx.xx.2018-ci il tarixdə cavabdeh X3 tərəfindən ona məxsus “Manqal” və “Mangal” əmtəə nişanlarından qanunsuz istifadə nəticəsində dəymiş 26971 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair Bakı şəhəri 1 saylı İnzibati İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsi həmin Məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli 2(81)-817/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Artıq qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(81)-817/2018 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh X4 tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Bundan başqa xx.xx.2018-ci il tarixli iddia ərizəsi, xx.xx.2019-cu il tarixli iddia ərizəsi və xx.xx.2019-cu il tarixli dəqiqləşdirilmiş iddia ərizəsindəki iddiaçının imzası bir-birindən əhəmiyyətli dərəcədə fərqləndiyi halda məhkəmə bu hallara diqqət yetirməmiş, iddia ərizələrinin iddiaçı tərəfindən imzalanıb-imzalanmamasını yoxlamamışdır. Həmçinin məhkəmə xx.xx.2019-cu il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan və xəbər vermədən mülki işə onun iştirakı olmadan baxmışdır. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(81)-817/201 8 saylı qətnaməsi təqdim etdiyi və mülki işə əlavə edildiyi halda məhkəmə tərəfindən sübutlar sırasında həmin qətnamənin sübut kimi qəbul edilibedilməməli olmasına münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş N 2015 1510 saylı şəhadətnaməyə əsasən, “Mangal Steakhouse” ********* nömrəli, ilkinlık tarixi xx.xx.2015 olan əmtəə nişanı İddiaçı adına qeydiyyata alınmışdır. Həmin şəhadətnaməyə əsasən əmtəə nişanı “43-cü sinif – Kafe və restoran xidmətləri” üçün qeydiyyata alınmış və xx xxxxxxxx 2025-ci il tarixə qədər qüvvədədir. Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh MMC (VÖEN **********) xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, onun, “Mangal” əmtəə nişanı altında “kafe və restoran” fəaliyyətləri ilə məşğul ola biləcəyi barədə müstəsna hüququ təsdiq olunmuşdur. xx xxxx 2016-cı il və xx xxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış məktublar əsasında da “Manqal” söz işarəsi müstəqil hüquqi mühafizə obyekti kimi müəyyənləşdirilməklə ona məxsusluğu bir daha təsdiqlənmişdir. Cavabdeh MMC ona məxsus əmtəə nişanı ilə qazandığı nüfuzdan öz mənafeyi üçün istifadə edərək qazanc əldə edir, nəticədə qeyri-qanuni hərəkətləri ilə iddiaçıya maddi zərər vurulmasına gətirib çıxarır. Cavabdeh tanınmış əmtəə nişanı “Mangal Steakhouse” ilə qarışdırılan əmtəə nişanından istifadə etməklə istehlakçıların diqqətini cəlb etmək niyyətini güdür. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, “Mangal Steak house” adının Cavabdeh adı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, sonuncu hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış və bu zaman hər hansı bir problemlə üzləşməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi «Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası»nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmin Qanunun 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Azərbaycan Respublikasında qeydiyyata alınan geniş tanınmış əmtəə nişanının başqa şəxs tərəfindən bütün növ əmtəələrdə və xidmətlərdə istifadə edilməsi onun sahibinə ziyan vurduqda bu hal geniş tanınmış əmtəə nişan sahibinin hüquqlarının pozulması hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydaları»na əsasən Azərbaycan Respublikasında qeydiyyata alınan əmtəə nişanları, beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız qorunan əmtəə nişanları və Azərbaycan Respublikasında hüquqi cəhətdən mühafizə edilməyən, lakin intensiv istifadəsi nəticəsində istehlakçılar və istehsalçılar arasında tanınmış əmtəə nişanları (işarələr) geniş tanınmış əmtəə nişanları kimi tanına bilər. Əmtəə nişanının geniş tanınması üçün ərizə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurasına təqdim olunur. Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə birlikdə təqdim olunur. Apellyasiya şurası əmtəə nişanının geniş tanınmasına dair qərar qəbul etdiyi halda, əmtəə nişanı bir ay müddətində Geniş tanınmış əmtəə nişanlarının dövlət reyestrində qeydiyyata alınır və geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir. Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı qüvvədə olduğu müddətdə nişan sahibinin razılığı olmadan ondan üçüncü şəxslər tərəfindən ticarətdə istifadə edilə bilməz. İşin hallarından da müəyyən olunur ki, İddiaçı adına Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 43-cü sinfi üzrə kafe və restoran xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Mangal” əmtəə nişanı qeydiyyata alınmış və buna dair şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə linqvistik ekspertizası və əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxxx 2019-cu il tarixli 21865 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən 2015 1510 nömrəli şəhadətnaməyə əsasında beynəlxalq qeydiyyatına malik “Mangal” əmtəə nişanı Cavabdeh MMC-nin adından olan “Manqal” sözü ilə fonetik və semantik əlamətlərdə eynilik təşkil edir. Cavabdeh MMC-nin adında olan “Manqal” sözü 2015 1510 nömrəli şəhadətnamə əsasında beynəlxalq qeydiyyata malik “Mangal” əmtəə nişanı qarşıdırılacaq dərəcədə oxşardır. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən İddiaçı Zəlmxan oğluna məxsus “Mangal Steakhouse” kombinasiyalı əmtəə nişanı ilə müqayisə edilən Cavabdeh işarəsi dizayn, quruluş və görünüş baxımından fərqli olmasına baxmayaraq, işarənin əsas element olan “manqal” transliterasiyada “Mangal” sözü ilə qarışdırılacaq dərəcədə oxşardırlar. Göründüyü kimi, tərəflər arasında iddiaçının adına qeydiyyata alınmış “Mangal” əmtəə nişanından cavabdeh tərəfindən istifadəsi üçün razılıq əldə olunmamışdır. Həmçinin ekspertiza rəylərindən də göründüyü kimi, “Mangal” əmtəə nişanı Cavabdeh MMC-nin adından olan “Manqal” sözü ilə fonetik və semantik əlamətlərdə eynilik təşkil edir və “Manqal” sözü ilə “Mangal” əmtəə nişanı qarşıdırılacaq dərəcədə oxşardır. Yuxarıda qeyd olunan maddi hüquq normaları qeydə alınmış əmtəə nişanının sahibinin ondan istifadə etməsi üzrə hüquqlarının müdafiəsinə xidmət edir ki, hazırkı halda cavabdehin əmtəə nişanı kimi istifadə etdiyi Cavabdeh MMC əmtəə nişanında “Manqal” sözü iddiaçıya məxsus “Mangal” əmtəə nişanı ilə eynilik təşkil etdiyindən iddiaçının əmtəə hüquqlarını pozur və iddiaçının əmtəələrini digər sahibkarın, yəni cavabdehin əmtəələrindən fərqləndirmək qabiliyyəti funksiyasını itirmiş olur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdeh tərəfindən iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(81)-817/2018 saylı qətnaməsinə istinad etməsi isə əsassızdır. Belə ki, hazırki iş üzrə Cavabdeh MMC həmin işdə iştirak edən şəxs olmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Ona görə də, həmin iş üzrə müəyyən edilən hallar hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmir. Cavabdeh MMC-nin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmasının da iş üçün hər hansı əhəmiyyəti yoxdur. Çünki hazırkı mübahisənin predmetini cavabdeh hüquqi şəxsin qeydiyyatının qanunsuz olub-olmaması deyil, iddiaçıya məxsus əmtəə nişanından qanunsuz istifadənin qadağan olunması təşkil edir. Apellyasiya şikayətində göstərilən prosessual pozuntular da əsassızdır. Belə ki, hazırkı iş üzrə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanması hər hansı şübhə doğurmur. Cavabdehin məlumatlandırılması isə həm məhkəmə bildirişi, həm də SMS vasitəsilə həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-731/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-177/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-177/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver