Məhkəmə qərarları › İş №2-2(103)-227/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-227/2023

02.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-227/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6804/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 28 noyabr 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 0 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 9285,45 manat, İşsizlikdən sığorta fonduna olan 48,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix xx xxxx 1977-ci il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2-2(113)-6804/2022 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Maraqlı şəxsin və ərizəçinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan hüquqi şəxs haqqında məlumata və şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, Xəzər rayon Şağan Bələdiyyəsi əsas fəaliyyət növü siyasi partiyalarla bilavasitə bağlı olmayan, ictimai maarifləndirmə, siyasi təsir, vəsair yığımı və sair kimi ictimai vəzifə və problemlərin həllinə köməklik göstərilməsindən ibarətdir və o, mülkiyyət növü bələdiyyə mülkiyyətinə daxil olan, yerli özünü idarə etmə orqanıdır. Mülki Məcəllənin 43.4-cü maddəsinə əsasən bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində təsbit edilmişdir ki, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan prosessual normadan isə müəyyən edilir ki, Mülki Prosessual Məcəllənin 40-2 fəslində nəzərdə tutulmuş “Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” işlərə yalnız o vaxt kommersiya məhkəmələri tərəfindən baxılır ki, bu kommersiya fəaliyyəti ilə əlaqədar olsun. Lakin hazırki işin halları ondan ibarətdir ki, Xəzər rayon Şağan Bələdiyyəsi kommersiya fəaliyyəti ilə məşğul olmur və ərizədə göstərilən Dövlət Sosial Müdafiə Fonduna olan 9285,45 manat, İşsizlikdən sığorta fonduna olan 48,4 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,26 manat məbləğində borcu onun kommersiya fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Xəzər rayon Şağan Bələdiyyəsinin sədri vəzifəsini icra edən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq ərizəyə mahiyyəti üzrə baxmış və bununla da, məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.9-cu maddələrində isə təsbit olunmuşdur ki, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş materialları ərizəyə mahiyyəti üzrə baxılması üçün Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən maraqlı şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 387.2.9, 384.0.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2-2(113)-6804/2022 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəyə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar