Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-311/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və X2 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı “İddiaçı” Mədəni İrsi və X1» İctimai Birliyinin cavabdeh “xxxx” QSC-yə qarşı «ziyana görə pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-275/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “İddiaçı” Mədəni İrsi və X1» İctimai Birliyi cavabdeh “xxxx” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, Birliyin huququnu bərpa etmək üçün çəkilmiş xərclərə və əldən çıxmış faydaya görə 100.000 manat və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə 150.000 manat məbləğində pul vəsaitinin cavabdeh QSC-dən tutulub iddiaçıya odənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə: «1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə 2012-ci ildə Birlik tərəfindən cavabdeh “xxxx” MMC-yə (üçüncü şəxs “xxxx” QSC) qarşı qaldırılan «Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 22 ünvanında yerləşən 3030 inventar sırası ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə dövlət mühafizəsinə götürülmüş, 1926-cı ildə inşa olunmuş “Elektrik dəmiryol vağzalının binası” tarixi-memarlıq abidəsinin üzərində quraşdırılmış mobil anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2011-cı il tarixli, 7/2011 saylı metropoliten tikililərində kənar təşkilatların radioelektron vasitələrinin yerləşdirilməsinə dair müqavilədə "Rabitə evinin yerüstü binalarında” hissəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2-2(103)-377/2015 saylı qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamə ləğv edilmiş və iddia qismən təmin edilərək, cavabdehə məxsus olan anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə "Rabitə evinin yerüstü binalarında” fiber anten sistemlərinin yerləşdirilməsi hissəsində etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən ləğv edilmiş və yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin «iddianın rədd edilməsi barədə» qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinə əsasən təkrarən ləğv edilmiş və yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli, 2-2(103)-377/2015 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilmiş, mübahisəli ünvanda yerləşən anten və ona aid qurğuların cavabdehin hesabına sökülməsi, “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə "Rabitə evinin yerüstü binalarında” fiber anten sistemlərinin yerləşdirilməsi hissəsində etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2-2(102)-120/2016 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirmədən saxlanılmışdır. Cavabdehin əlavə kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Plenum baxışına çıxarılmamış, eyni zamanda, onun Azərbaycan Respublikası Konstitusiyasına ünvanlanmış ərizəsi üzrə başlanmış icraata Konstitusiya Məhkəməsinin x xxxx 2017-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Beləliklə də iddiaçının iddiası üzrə 2012-ci ildən başlanmış məhkəmə prosesi 3 dəfə apellyasiya, 3 dəfə kassasiya instansiyalarda baxılmış, nəhayət 2016-cı ildə iddiaçının tələbinin təmin edilməsi ilə yekunlaşmış və qanuni qüvvəsin almış Bakı Apellyasiya Məhkəməsinin qərarı xx.xx.2017-ci il tarixdə məcburi icra olunmuşdur. Bütün məhkəmə prosesləri dövründə həmin işdə iştirak medən üçüncü şəxsin nümayəndəsi cavabdehi müdafiə etdiyi halda, hal-hazırda Azadlıq 22 ünvanında “xxxx" QSC ilə müqavilə əsasında digər “Azerfon” və “Bakcell" operatorlarının avadanlıqlarının sökülməsini tələb edir. Halbuki, həmin avadanlıqlar Azadlıq 22 ünvanda yerləşən “Rabitə ev”nin damında “xxxx" QSC ilə müqavilə əsasında quraşdırılmışdır. Bu müqavilədən “xxxx” QSC büdcədən kənar gəlir əldə edir. Qeyd olunan məhkəmənin 2012-ci ildən 2016-cı ilə qədər uzanmasının səbəbi “xxxx" MMC ilə "xxxx" QSC-nin birləşərək iddiaçıya qarşı etiraz və şikayətlər verərək guya iddiaçının abidəyə münasibətdə məhkəmədə iddia qaldırmaq hüququnun olmamasına istinad etmələridir. İndi isə “xxxx” MMC “xxxx" QSC-nin büdcədən kənar davamlı gəlir əldə etdiyi “Azerfon” və “Bakcell" operatorlarının Azadlıq 22 ünvanında yerləşən anten və ona aid avadanlıqların sökülməsini tələb edir. Uzunmüddətli məhkəmə proseslərinə görə Birlik hazırladığı “Qarşılıqlı atalar sözü” 32 cildlik kitabını 2012-ci ildən hal-hazıra kimi sona çatdıra bilməmiş, hazır cildləri isə çapa verməmişdir. Bununla da nizamnaməsinin 3-cü bəndinin 7-ci yarımbəndində nəzərdə tutulmuş, qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, Birliyə maddi və mənəvi ziyan vurulmuşdur. Uzunmüddətli məhkəmə prosesləri dövründə üçüncü şəxs "xxxx" QSC-nin iddiaçının təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatları yayması, haqsız rəqabət üsul və vasitələrindən istifadə etməsi (ictimai, təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində birliyin işgüzar nüfuzuna qəsd edilərək iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-275/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Birlik həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 2012-ci ildən başlanmış, məhkəmə prosesi 3 dəfə apellyasiya, 3 dəfə kassasiya instansiyalarda baxılmış və nəhayət 2016-cı ildə iddiaçının qələbəsi ilə başa çatmış və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məşkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi xx.xx.2017-ci il tarixdə məcburi icra olunmuşdur. Hazırkı cavabdeh həmin işdə üçüncü şəxs qismində cavabdeh «xxxx» MMCni müdafiə etdiyi halda, hazırda digər «Azərfon» və «Bakcell» operatorlarından avadanlıqların sökülməsini tələb edir. Halbuki, həmin avadanlıqlar da Azadlıq 22 ünvanında yerləşən, «Rabitə evi»nin damında (tədris korpusu) onunla müqavilə əsasında quraşdırılmışdır. Həmin işdə üçüncü şəxs və cavabdehlə birlikdə, guya onun iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması adı altında haqsız etiraz və şikayətləri ilə işin uzadılmasına səbəb olmuşlar. Bu səbəbdən uzunmuddətli məhkəmə proseslərinə görə Birliyin hazırladığı “Qarşılıqlı atalar sözü” 32 cildlik kitabını 2012-ci ildən hal-hazıra kimi sona çatdıra bilməmiş, hazır cildləri isə çapa verə bilməmişdir. Bununla da Birliyin nizamnaməsinin 3-cü bəndinin 7-ci yarımbəndində nəzərdə tutulmuş, qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmiş, bununla da Birliyə maddi və mənəvi ziyan vurulmuşdur. Qeyd olunanlardan belə məlum olur ki, cavabdeh özünü əvvəlki məhkəmə proseslərində müdafiə etmək üçün deyil, qərəzli və sifarişli bir işi yerinə yetirmək olmuş, həqiqəti əks etdirməyən bütün vasitələrdən istifadə edərək məhkəmə proseslərini uzatmaqda məqsədi iddiaçını maddi və mənəvi ziyana salmaq olmuşdur. Birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qətnamələrini MPM-in 82.3-cü maddəsinə zidd olaraq nəzərə almamışdır. Cavabdehin iştirakı olmadan işə baxılması və onun sübutlar təqdim etmə, işin arşdırılmasında iştirak etmək hüququndan məhrum etdiyi üçün qətnamə əsassızdır. Cavabdehin məhkəmə prosesində iştirak etməməsi, iddiaya dair etirazın yazılmaması, mülahizələrinin təqdim edilməməsi qaldırılan iddia tələbi ilə razılaşmaması kimi qiymətləndiriləmlidir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi ziyanın ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə belə məlumatların yayılmasına da şamil edilir. Qətnamədə hakim sübutlara qiymət vermək, iş materiallarında göstərilən sənəd və sübutlara istinad etmək əvəzinə, heç bir əsası olmayan, özünün şəxsi mülahizələri əsasında anlaşılmaz hüquq pozuntularına yol vermişdir. Məhkəmə tərəfindən MPM-in 77-ci və 217-ci maddələrinin tələbələri pozulmuşdur. İddia tələbi üzrə məhkəmənin gəldiyi nəticə işin halları və onda olan mötəbər sübutları tam təkzib edir. MPM-in 385.1-ci maddəsi baxımından, qeyd edilənlər qətnamənin apellyasiya qaydasında ləğv ediləsi üçün əsasdır. Məhkəmə kollogiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etmiş, lakin xx.xx.2020-ci il tarixə təyin olunmuş növbəti məhkəmə iclasına gəlməmiş (cavabdeh gəlmişdir), məhkəməyə teleqram ünvanlayaraq özünü pis hiss etdindən məhkəməyə gələ bilməyəcəyi bildirərək işə baxılmasını təxirə salınmasını məhkəmədən xahiş etmiş, onun bu vəsatəti məhkəmə tərəfindən təmin edilərək işə baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Həmin məhkəmə iclasına isə hər iki tərəf gəlməmiş, iddiaçı bu dəfə də məhkəməyə teleqram ünvanlayaraq, qohumu vəfat etdiyi üçün dəfnlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işin başqa vaxta təxirə salınmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki halda iddiaçının qanuni təmsilçisinin məhkəməyə ünvanladığı teleqramlarda təsbit edilən məlumatlar sübutlarla əsaslandırılmamışdır. Birinci halda, məhkəmə hümanistlik prinsipi baxımından, işə baxılmasını təxirə salsa da, iddiaçı (qanuni təmsilçisi) bu dəfə qohumunun vəfat etməsini bildirməklə, işə baxılmasını təxirə salınmasını məhkəmədən xahiş etmiş və məhkəmə iddiaçının növbəti dəfə də əsaslandırıcı sübut təqdim etmədən, işin təxirə salınmasını tələb etməsini onun işin uzadılmasına yönələn hərəkəti kimi qiymətləndirirərək, 184.2, 185.5, və 376.2-ci maddələrinin tələbləri qaydasında onun və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinadən Birliyin huququnu bərpa etmək üçün çəkilmiş xərclərə və əldən çıxmış faydaya və işgüzar nüfuzuna vurulmuş mənəvi zərərə görə cavabdehə qarşı pul tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin təqsirli hüquqa zidd hərəkət və hərəktsizliyi sübuta yetirilməyincə ondan mücərrəd şəkildə, ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Qeyd olunan məhkəmə qətnamələrindən göründüyü kimi, hazırkı iş üzrə cavabdeh “xxxx” QSC - iddiaçının, 2012-ci ildə icraatına başlanmış və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2-2(102)-120/2016 saylı qərarı ilə yekunlaşmış olan, cavabdeh “xxxx” MMC-yə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində qaldırdığı tarixi-memarlıq abidəsi dəmiryol vağzalı binası üzərində quraşdırılmış mobil anten və ona aid qurğuların sökülməsi və “xxxx” QSC ilə “xxxx” MMC arasında bağlanmış radioelektron vasitələrinin yerləşdirilməsinə dair müqavilədə "Rabitə evinin yerüstü binalarında” hissəsinin etibarsız hesab edilməsi» haqqında iddiasına dair məhkəmə mübahisəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi proses iştiakçısı olmuşdur. İddiaçı, həmin işin onun xeyrinə yekunlaşdığını əsas tutraq iddia edir ki, həmin işdə üçüncü şəxs mövqeyində olan “xxxx” QSC cavabdeh “xxxx” MMC ilə birlikdə ona qarşı verdiyi əsassız şikayətləri və etirazları nəticəsində işə baxılması 2017-ci ilə qədər uzadılmış, həmin zaman çərçivəsində isə Birlik, 2012-ci ildən yazmağa başladığı 32 cildlik “Qarşılıqlı atalar sözü” kitabını hal-hazıra kimi sona çatdıra, hazır cildləri isə çapa verə bilməmişdir. Məhkəmə kollegiyası, iddiaçının qeyd olunan, yəni, cavabdehin şikayət və etirazlarının nəticəsi olaraq, həmin məhkəmə işinin uzadılmasına əsas gətirməklə, ona qarşı irəli sürdüyü hazırkı ziyan tələbində haqlı olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır. Belə ki, həmin iş üzrə məhkəmə prosesinin uzadılması birincisi, məhkəmənin özünün, işə baxılması ilə əlaqədar məhkəmə xərclərinin artmasına səbəb olur və onun iş vaxtını alır. Bu baxımdan, məhz, MPM-in 120-ci maddəsi nəzərdə tutur ki, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Göründüyü kimi, prosessual qanunvericiliyin tələbinə görə işin tezliklə baxılmasına və mübahisənin həllinə maneçilik törətmiş tərəfi məsuliyyətə gəlb etmək səlahiyyəti, birincisi, həmin işə baxan məhkəməyə aid olan bir səlahiyyətdir. İddiaçı həmin işə baxılarkən, yalnız müvafiq vəsatət vermək hüququndan da istifadə etmək imkanından yaralana bilərdi. Digər tərəfdən hər bir halda, MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 47-ci madəsinin tələbinə görə işdə iştirak edən şəxslər, (deməli, üçüncü şəxs də həmçinin) prosessual hüquqlara, o cümlədən, etirazlar vermək, məhkəmə aktlarından şikayət vermək kimi hüquqları mövcuddur. Bu baxımdan, cavabdehən, adıçəkilən məhkəmə işində üçüncü şəxs olaraq güman etdiyi tərzdə öz mənafeyi naminə prosessual hüquqlarından istifadə etməsi, heç də onun tərəfindən iddiaçıya birbaşa ziyan vurulması məqsədi daşıyan hüquqazidd təqsirli hərəkəti kimi qiymətləndirilə və təfsir edilə bilməz. Ən azından ona görə ki, həmin məhkəmə işində üçüncü şəxs kimi, onun etiraz və şikayətləri prosessual qanunvericiliyin tələblərinə tamamilə uyğun olmuşdur. Digər bir tərəfdən, iddiaçı Birliyin işdə olan nizamnaməsinin 2-ci hissəsindən görünür ki, Azərbaycanın mədəni irsini və tarixi abidələrini qorumağa kömək etmək Birliyin əsas məqsədi və buna nail olmaq üçün ölkə ərazisində yerləşən tarixi abidələrin siyahısını tərtib etmək və onların qorunması ilə bağlı tədbirlər həyata keçirmək onun vəzifəsidir. Belə olan halda, nizamnamə vəzifələri daxilində öz funksiyalarını həyata keçirən iddiaçı tərəfindən adıçəkilən məhkəmə mübahisəsinin onun xeyrinə yekunlaşdığını əsas gətirməklə, həmin işdə iştirak edən üçüncü şəxs “xxxx” QSC-nin mülki məsuliyyətə cəlb edilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. Başqa bir tərəfdən, əgər iddiaçı adıçəkilən məhkəmə mübahisəsinin üçüncü şəxsin (hazırkı cavabdehin) əsassız etiraz və şikayətləri nəticəsində işə 3 dəfə apellyasiya, 3 dəfə kassasiya instansiyalarda baxılarkən hər məhkəmə prosesini bir saatdan götürsək belə, 3 il ərzində, təxminən, həmin məhkəmə proseslərinə 20-30 saat vaxt sərf edilsə belə, iddiaçının - həmin müddət ərzində, 2012-ci ildən yazmağa başladığı 32 cildlik “Qarşılıqlı atalar sözü” kitabını hal-hazıra kimi sona çatdıra, hazır cildlərini isə çapa verə bilmədiyini, eləcə də nizamnəmə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına maneçilik törədildiyini mübahisələndirən dəlilləri razılaşmaq mümkün deyil. Çünki, ən azından onun bu dəlilləri mötəbər sübutetmə vasitələri ilə təsdiq edilmədiyindən, ağlabatan görünmür. Digər tərəfdən birincisi, qeyd olunan halda, iddiaçının «hal-hazıra kimi» zaman çərçivəsinə istinad etməsi də 2016-cı ildə artıq yekun vurulmuş məhkəmə işinə hər hansı aidiyyəti ola bilməz. Hətta fərz etsək ki, iddiaçı, üçüncü şəxsin (hazırkı cavabdehin) əsassız etiraz və şikayətinin nəticəsi olaraq, həmin işdə məhkəmə proseslərinə, 20-30 saat vaxt sərf etmiş və məhz, bu zaman çərçivəsi ona həmin kitabı hazarlamasının qarşısını almışsa, bundan sonra, yəni 2016-cı ildən etibarən hazırkı iddianı 2019-cu ilin dekabr ayında qaldırana qədər, ötən 3 il müddət ərzində, baxmayaraq ki cavabdehin artıq heç bir maneəsi mövcud olmamış, atalar sözü kitabını sona çatdırılmaması və çapa verilməməsi nə ilə izah edilir. Ümumiyyətlə, iddiaçının istinad etdiyi «Qarşılıqlı atalar sözü» kitabı və onun cildləri haradadır, əgər varsı bununla bağlı məhkəməyə sübutlar niyə təqdim olunmur. Əgər həmin kitab (cildlərinin) 2012-ci ildən yazılmağa başlanmışsa, 2016-cı ilə qədər yazılmaqda davam etmişdirsə, bütün bunlar hansı mötəbər sübutlarla təsdiq olunur. Həmçinin, hansı sahibkarılıq fəaliyyəti ilə məşğul olduğu və cavabdehin həmin məhkəmə işini uzatması onun hansı müqavilə öhdəliklərinin pozulmasına gətirib çıxarıdğı və onu ziyana saldığı, və yaxud, yerinə yetirməli olduğu qarşılıqlı öhdəlik müqabilində hansı əməliyyatların həyata keçirilməsinə həmin məhkəmə prosesinin maneçilik törətdiyinə də iddiaçı tərəfindən sübutlarla aydınlıq gətirilməmişdir. İddiaçı şikayətində həmçinin bəyan edir ki, cavabdehin əsassız etraz və şikayətləri nətəicəsində həmin məhkəmə proseslərinin uzadılması ilə onun işgüzar nüfuzuna da xələl gəlmiş mənəvi ziyana məruz qalmışdır. İddiaçının qeyd olunan dəlilləri ilə də razılaşmaq mümkün deyil. Birincisi, əgər onun işgüzar nüfuzuna ziyan dəydiyi halda «mənəvi» ziyandan yox, maddi ziyandan söhbət gedə bilər. Belə ki, «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və belə zərərin ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxs isə onun təsərrüfat fəaliyyəti və sair bu kimi funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması nəticəsində onun işgüzar nüfuzuna qəsd edildiyi halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. İddiaçı tərəfindən isə mübahisələndirilən məhkəmə işində üçüncü şəxsin (yəni, hazırkı cavabdehin) etiraz və şikayətləri ilə məhkəmə prosesnin uzadılması nəticəsində Birliyin işgüzar nüfuzuna hansı formada ziyan vurduğu əsaslandırılmır. Əksinə, həmin məhkəmə prosesi yekunda onun xeyrinə nəticələndiyi nəzərə alındıqda, Birliyin nüfuzu daha da möhkəmlənmiş və artmış olur. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin iddiaçıya ziyan vurmasını təsdiq edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Başqa sözlə, onun hüquqazidd hərəkətlərinin mövcudluğu istisna edilir ki, belə olan halda da onun iddiaçı qarşısında mülki məsuliyyəti müəyyən edilə bilməz. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Birinci instansiya məhkəməsinin qətnaməsində görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquq qiymət verilmiş, işin hallarına və maddi hüquq normalarına müvafiq olaraq iddianın rədd edilməsi barədə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizəərə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnamənin qanunsuz olduğunu mübahisələndirən və MPM-in 385.1-ci maddəsinə istinadən, onun ləğvini tələb edən dəlillərini əsassız dəlilər kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 275/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “İddiaçı” Mədəni İrsi və X1» İctimai Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-275/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Aidə Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-311/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-311/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver