Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-733/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(113)-3114/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 668.520,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 179.107,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1964-cü il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 179.107,82 manat, dövlət büdcəsinə 668.520,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 424541,16 manat, faizlər üzrə 243979,6 manat) olmaqla, ümumilikdə 847628,58 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********655600 nömrəli, xx.xx.2023-cü il tarixli **********385000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs tərəfindən ərizə tələbinə qarşı etiraz təqdim edilməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(113)-3114/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
5. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin vergi orqanında mövcud olan uçot-reyestr sənədlərinə əsasən aktiv olması, eləcə də sözügedən hüquqi şəxsin vergi ödəyicisi kimi mövcud olması ilə bağlı bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, iş materiallarında mövcud olan “Hüquqi şəxs haqqında məlumat” onu deməyə əsas verir ki, Maraqlı şəxs hal-hazırda “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəhbəridir. Həmçinin hüquqi şəxsin 1994-cü ildən mövcud olması və həmin vaxt yaradılan hüquqi şəxslərin “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanuna əsasən yaradıldığını nəzərə alsaq, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsini tətbiq etməməli idi. Məhkəmə “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinə Mülki Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulmuş idarə kimi deyil, müstəqil hüquqi şəxs kimi baxmalı idi. Çünki “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Bakılift” “Lift”mir” İB nəznində yaradılmış, balansa, idarənin adı həkk olunmuş dairəvi möhürə, respublika bank müəssisələrində hesablaşma hesabına malik olan şəxsdir. İdarə onun fəaliyyətini tənzimləyən nizamnamə əsasında hərəkət edir. Bu mənada məhkəmə Maraqlı şəxs Mülki Prosessual Məcəllənin 355-5-355-7-ci maddələrinin tələbləri çərçivəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməli idi. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə əsasən Hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Həmin Məcəllənin 13.2.39-cu maddəsinə əsasən müəssisə - bu Məcəllənin məqsədləri üçün müəssisələr-sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan aşağıdakı qurumlar deməkdir: 13.2.39.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər; 13.2.39.2. xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri; 13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri. Yuxarıda qeyd olunanlardan göründüyü kimi müəssisə və təşkilatlar hüquqi şəxs sayılır. Eyni zamanda Azərbaycan Respublikasının qanunvericliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə sayılır. Belə olan halda da vergitutma məqsədləri üçün bu şərtlərə cavab verən müəssisələr hüquqi şəxs sayılmalıdır. Məhkəmənin qətnaməsində istinad etdiyi hüquqi şəxsin nizamnaməsindən də göründüyü kimi “Bakılift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin müstəqil balansı, ayrıca bank hesabları vardır. Digər tərəfdən məhkəmənin istinad etdiyi həmin nizamnamə məhkəməyə tam təqdim olunmadığından, həmin nizamnamənin imzalanması və möhürlənməsi iş materiallarından görünmür. Bu da onu deməyə əsas verir ki, məhkəmə qətnaməsini əsaslandırarkən mötəbərliyi təsdiqlənməyən sənədə istinad etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, qeyd olunan Bakı Lift 1 ixtisaslaşdırılmış İstehsalat İdarəsi dövlət idarəsidir, maliyyə vəsaitləri dövlət büdcəsindən ayrılır. Belə bir kommersiya hüquqi şəxsi mövcud deyil. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 2 dəfə cinayət işinin başlanmasına cəhd edilmiş lakin cinayət işi üzrə icraata xitam verilməsi qərarı ilə yekunlaşdırılmışdır. Bakı Lift 1 ixtisaslaşdırılmış İstehsalat İdarəsi Lifttəmir İstehsalat Birliyinin tabeliyində idarədir. Maraqlı şəxs əməlində heç bir qanunsuzluq aşkarlanmamış, vergi borcunun ödənilməməsi onun qəsdi və təqsirindən irəli gəlməmişdir.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq ərizəçinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
11. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
13. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən həmin Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.
16. Həmin Məcəllənin 13.2.2-ci maddəsinə əsasən hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.
17. Həmin Məcəllənin 13.2.41-ci maddəsinə əsasən kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.
19. Həmin Məcəllənin 33.2-ci maddəsinin 3-cü bəndinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin həmin Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.
20. Həmin Məcəllənin 13.2.39.3-cü maddəsinə əsasən .... həmin Məcəllənin 13.2.39.1-ci maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri müəssisə anlayışı ilə əhatə olunur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
22. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
23. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
24. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.
28. Hazırkı işin halları ilə müəyyən olunur ki, Maraqlı şəxs rəhbəri olduğu Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin yuxarı təşkilatı Bakı şəhəri İcra Hakimiyyəti, tabeçiliyi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İdarənin əsas fəaliyyət növü lift və eskalatorların quraşdırılmasından ibarətdir.
29. Kollegiya qeyd edir ki, Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsi hüquqi şəxs deyildir.
30. Bununla yanaşı, Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinə xx.xx.2004-cü il tarixdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi ilə bağlı isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə sərbəst balansa, cari və ya digər hesablara malik olan hüquqi şəxsin digər ayrıca bölməsinin (idarəsinin) uçota alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməsi idarənin müstəqil hüquqi şəxs kimi çıxış etməsi anlamına gəlmir.
31. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatlardan görünür ki, Lifttəmir” İstahsalat Birliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan təşkilatdır. Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsi isə “Lifttəmir” İstahsalat Birliyinin strukturuna aid olan qurumlardan biridir.
32. Eyni zamanda, Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xx.xx.1994-cü il tarixli nizamnaməsindən görünür ki, Baklift-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsi “Lifttəmir” İstahsalat Birliyinin nəzdində yaradılmışdır. İdarə Lifttəmir” İstahsalat Birliyinin xx.xx.1994cü il tarixli əmrinə əsasən yaradılmışdır. Qeyd edilmiş nizamnamə “Lifttəmir” İstahsalat Birliyi tərəfindən təsdiq edilmişdir.
33. Odur ki, qanunda İdarənin rəhbərinin deyil, məhz hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırması imkanı nəzərdə tutulduğundan Maraqlı şəxs məsuliyyət daşıya bilməz.
34. Ərizəçi hesab edir ki, ərizəyə qiymət verilərkən hüquqi şəxs və idarə anlayışı ilə bağlı mülki deyil, vergi qanunveriliyindəki tənzimlənməyə istinad olunmalıdır.
35. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin həmin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, VM ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq həmin Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur. Eyni zamanda VM-də istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər həmin Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. VM-in məqsədləri üçün “hüquqi şəxs” dedikdə isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq huquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar başa düşülür (Vergi Məcəlləsinin 1.3, 13.1, 13.2.2-ci maddələri).
36. Göründüyü kimi, ərizəçinin istinad etdiyi vergi qanunvericiliyində də hüquqi şəxsə “qanunvericiliklə hüquqi şəxs statusunda yaradılmış müəssisələr” kimi anlayış verilmişdir. Hüquqi şəxslərin anlayışı, növləri, yaradılması qaydasını tənzimləyən mülki qanunvericiliyin tələbinə görə isə idarə-hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat olmaqla, hüquqi şəxs statusuna malik deyildir.
37. Qeyd edilməlidir ki, ərizəçinin apellyasiya şikayətində istinad etdiyi VM-in 13.2.39 və 13.2.39.3-cü maddələrində müəyyən edilmiş “müəssisə” anlayışı həmin Məcəllə ilə vergitutma məqsədləri üçün müəyyən edilmişdir. VM-nin 23.1.15-3-cü və MPM-nin 355- 5.1-ci maddəsinin tələbləri baxımından vergi öhdəliklərini yerinə yetirməyən yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Baxılan işdə isə ərizəçi hüquqi şəxsin rəhbərinin deyil, hüquqi şəxsin tabeliyində olan idarənin rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, “Lifttəmir” X1-1 İxtisaslaşdırılmış İstehsalat İdarəsinin dövlət büdcəsinə olan borcu ilə bağlı ərizənin təmin olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olmuşdur.
38. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli, 16 iyun 2023-cü il tarixli, e-2-2(113)-3114/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, e-2-2(113)-3114/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov