Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-940/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: göndərmə (alqı-satqı) müqaviləsi, öhdəliyin icra olunması, pulun tutulması X1 Qocayevin sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4393/2025 saylı qətnaməsindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır.
2. Müqaviləyə əsasən, satıcı müvafiq dövlət standartlarına cavab verən yanacağı “smart” kartlar vasitəsilə alıcıya satmağı, alıcı isə satıcı tərəfindən verilən hesabfaktura əsasında yanacağın dəyərini ödəməyi öhdəsinə götürmüşdür(Müqavilənin İ hissəsi və 3.2.2-ci bəndi). Alıcıya təqdim edilmiş kartlaAzərbaycan Respublikası ərazisində fəaliyyət göstərən, satıcıya məxsus bütün YDM-lərdə yanacağın xidmət rejimində buraxılmasına təminat verilir (3.1.2-ci bənd). Yanacaq alıcıya Tarif (qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə satılır (3.1.3-cü bənd).
3. Qeyd edilən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə ƏDV və yol vergisi də daxil olmaqla ümumilikdə 341146,20 manat pul vəsaitinin ödənilməsi üçün 56 ədəd elektron qaiməfaktura təqdim edilmiş, həmin qaimə-fakturaların hamısı təsdiq edilmiş və bu qaiməfakturalar üzrə cavabdeh tərəfindən iddiaçının bank hesabına 247481,89 manat ƏDVDH hesabına 43738,59 manat pul ödənilmişdir.
4. Cavabdehin ünvanına xx.xx.2025-ci il tarixli 04-574 saylı pretenziya məktubuna cavab olaraq cavabdeh hüquqi şəxsin direktoru Qanuni nümayəndə2 tərəfindən iddiaçıya ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubla bildirilmişdir ki, cari dövrdə müvafiq maliyyə öhdəliklərini yerinə yetirməkdə müəyyən texniki çətinliklərlə qarşılaşmışlar, bu çətinliklər ölkə məhkəmələrinin çıxardığı müvəqqəti təminat qərarı nəticəsində bank hesablarına tətbiq olunan sərəncamla əlaqədar olmuşdur. May ayının ilk yarısında hesabları üzərindəki sərəncamların tam şəkildə götürülməsi nəzərdə tutulur və bundan dərhal sonra ödəniş tam həcmdə icra ediləcəkdir. Birinci instansiya məhkəməsindəki icraat:
5. İ ddiaçı İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 50000 manat məbləğində pulun və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ ddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13 yanvar 2022-ci il tarixli 9548 saylı “yanacağın pərakəndə satışı” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndində əsasən, satıcı müvafiq dövlət standartlarına cavab verən dizel yanacağın “smart” kartlar vasitəsilə alıcıya satışını, alıcı isə yanacağın dəyərinin ödənilməsini və kartın qəbul edilməsini öz öhdəsinə götürür. Sözügedən müqavilənin 3.2.2-ci bəndinə əsasən, alıcı (cavabdeh) yanacağın dəyərini satıcı tərəfindən verilən hesab-faktura əsasında ödəyir. Lakin cavabdeh tərəfindən müqavilənin 3.2.2-ci bəndi kobud şəkildə pozulmuş, müqavilə üzrə ödənilməsi nəzərdə tutulan ümumi məbləğdən cavabdehin 50 000 manat məbləğində borcu qalmış və bu günə kimi sözügedən məbləğ ödənilməmişdir. Belə ki, 13 yanvar 2022-ci il tarixli 9548 saylı “yanacağın pərakəndə satışı” müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində son olaraq cavabdehə 50 000 manat məbləğində yanacaq satılmış, həmin məbləğ üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməməklə 50 000 manat məbləğində borc yaranmışdır. Həmin məsələ ilə bağlı cavabdehlə müqavilənin 5.3-cü bəndinin tələblərinə uyğun olaraq danışıqlar aparılmış, cavabdehin ünvanına xx.xx.2025-ci il tarixli 04-574 saylı pretenziya məktubu göndərilmişdir. Məktuba cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubla bildirilmişdir ki, cari dövrdə müvafiq maliyyə öhdəliklərini yerinə yetirməkdə müəyyən texniki çətinliklərlə qarşılaşılmış, bu çətinliklər ölkə məhkəmələrinin çıxardığı müvəqqəti təminat qərarı nəticəsində bank hesablarına tətbiq olunan sərəncamla əlaqədar olmuş, nəticə borc ödənilə bilməmişdir. Həmçinin son olaraq 06 may 2025-ci il tarixli 05-759 saylı məktub ilə cavabdehin ünvanına qarşılıqlı hesablaşmalar üzrə tərtib olunmuş üzləşmə aktı göndərilmiş, xx.xx.2025-ci il tarixli üzləşmə aktının 3 iş günü ərzində imzalanaraq göndərilməsi xahiş edilmiş, qeyd edilən müddət ərzində üzləşmə aktı təqdim edilmədiyi təqdirdə, cavabdeh tərəfindən qəbul edilmiş hesab olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq, üzləşmə aktının imzalanması barədə müraciətə cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş, sözügedən üzləşmə aktı imzalanaraq geri qaytarılmamışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə borcunu ödəməkdən yayınır. İ ddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci və s. maddələri göstərilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-4393/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli nığacanay“ pərakəndə satışı” müqaviləsi üzrə 49982,61 manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmışdır, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsindən irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Borc məbləğinə münasibətdə isə göstərilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərdən ƏDV daxil olmaqla 341 146,2 manat dəyərində yanacağın verildiyi, 43738,59 manat ƏDV daxil olmaqla cəmi 291 220,48 manat ödənişin edildiyi, əlavə olaraq smart kart üzrə 56,89 manat borcun mövcud olduğu təsdiq edilir. Belə olan halda, yekun borc məbləği 49982,61 (341 146,2 – 291 220,48 + 56,89) manat təşkil edir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4393/2025 saylı qətnaməsindən Cavabdeh QSC tərəfindən apellyasiya şikayət verilmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər borclu (yəni cavabdeh) öhdəliyi təqsiri olmadan icra edə bilməyibsə, bu zaman bu hal hüquqi baxımdan gecikmə və pozuntu hesab olunmur, yəni məsuliyyət yaranmamalıdır. Birinci instansiya məhkəməsi iş üzrə cavabdehin öhdəliyin icrasını gecikdirdiyi qənaətinə gəlmiş və bu əsasla onun üzərinə 49.982,61 manat məbləğində borcun ödənilməsi öhdəliyini qoymuşdur. Lakin bu nəticə Mülki Məcəllənin 445.5-cimaddəsinə ziddir, bekə ki, cavabdeh tərəfindən təqdim olunan sənədlər və izahatlarda açıq şəkildə göstərilmişdir ki, borcun ödənilməməsi onun təqsiri ilə deyil, bank hesablarına tətbiq olunmuş məhkəmə sərəncamları və texniki məhdudiyyətlər səbəbindən baş vermişdir. Bu hallar cavabdehin iradəsindən və təsir imkanlarından kənarda baş vermiş və öhdəliyin icrasını obyektiv olaraq mümkünsüz etmişdir. Məhkəmə bu hallar mövcud olduğu halda, onları araşdırmamış, təqsirin olubolmamasına dair hüquqi qiymətləndirmə aparmamışdır, lakin buna baxmayaraq, gecikmə faktı mövcudmuş kimi cavabdehi məsuliyyətə cəlb etmişdir. Bu isə MM 445.5-ci maddəsinin tələblərinə ziddir, çünki həmin maddəyə əsasən, borcun ödənilməməsi borclunun təqsiri olmadan baş veribsə, bu halda gecikmədən danışmaq və cavabdehi məsul tutmaq mümkün deyil. Bu baxımdan, cavabdehin öhdəliyin icrasını təqsirsiz səbəblərdən yerinə yetirə bilməsi halları mövcud olduğu halda, birinci instansiya məhkəməsinin bu halları qiymətləndirmədən qərar çıxarması qanuna ziddir və işin mahiyyəti üzrə ədalətsiz və əsassız qətnaməyə səbəb olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə 445.5-ci maddənin tələbləri və cavabdehin təqsirsizliyi halları nəzərə alınmaqla yenidən baxılmalıdır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı əsaslandırılmış vəsatəti ilə və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırkı iş üzrə baxılan mübahisə mühasibat sahəsinə aid bilik tələb edən məsələ ilə bağlı olmuşdur. Həmin məsələnin hüquqi qiymətləndirilməsi ümumi hüquqi biliklərlə mümkün deyildi, çünki bu suallar sırf xüsusi biliklər sahəsinə aid idi. Onlar birinci instansiya məhkəməsində ekspertiza təyin olunması barədə vəsatət verməmişlər. Lakin bu hal, məhkəmənin məsuliyyətini aradan qaldırmır. Çünki Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi məhkəməyə xüsusi bilik tələb olunan hallarda öz təşəbbüsü ilə də ekspertiza təyin etmək səlahiyyəti və vəzifəsi verir. Əgər məhkəmə baxılan iş üzrə müəyyən faktların və ya halların hüquqi qiymətləndirilməsinin xüsusi bilik olmadan mümkün olmadığını görürdüsə, ozaman ekspertiza təyin etməklə həmin məsələlərin obyektiv və peşəkar şəkildə araşdırılmasını təmin etməli idi. Əksinə, məhkəmə bu zərurəti nəzərə almamış, ekspertiza təyin etməmiş və nəticədə iş üzrə mühüm əhəmiyyət daşıyan hallar tam araşdırılmadan qətnamə qəbul etmişdir. Bu isə bir tərəfdən MPM-in 97.1-ci maddəsinin pozulması, digər tərəfdən isə iş üzrə obyektiv, hərtərəfli və tam araşdırma aparılması prinsiplərinin pozulması ilə nəticələnmişdir. Qanunvericiliyə əsasən, məhkəmə yalnız hüquqi məsələləri həll etməklə kifayətlənməməli, həm də bu hüquqi məsələlərin əsaslandığı faktiki halları dəqiq müəyyən etməlidir. Faktiki halların müəyyənləşdirilməsi üçün isə bəzən xüsusi biliklərə ehtiyac yaranır. Hazırkı işdə də məhz bu cür hal mövcud olmuşdur. Məhkəmənin ekspertiza təyin etmədən qətnamə qəbul etməsi ədalətli məhkəmə araşdırması hüququna ciddi zərər vurmuş və qətnamənin ədalətli, qanuni və əsaslandırılmış olmasına mane olmuşdur. İşin iclasında cavabdeh nümayəndəsinin iştirak etməməsi üzürlü səbəblərlə izah edilmişdir. Cavabdeh tərəfi məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqdan sonra ərizə ilə məhkəməyə müraciət edərək nümayəndələrinin məzuniyyətdə olduğunu göstərmiş və işin təxirə salınmasını xahiş etmişdir. Bu isə MPM-in 185.1-ci maddəsinin tələbini yerinə yetirmək deməkdir, yəni cavabdeh gəlməməyin səbəbini vaxtında və yazılı formada təqdim etmişdir. Məhkəmə bu səbəbləri üzürlü hesab etməmiş və işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxmışdır. MPM-in 185.3-cü maddəsinə görə, əgər gəlməməyin səbəbləri üzürlü sayılarsa, məhkəmə işə baxmanı təxirə salmalıdır. Məzuniyyət səbəbi obyektiv və üzürlü səbəb sayılır, xüsusilə nümayəndənin qanuni hüquqi müdafiəni həyata keçirmək imkanı məhdudlaşırsa, lakin birinci instansiya məhkəməsi ərizə ilə bildirilən məzuniyyət səbəbini nəzərə almadan, bunun üzürlü olub-olmaması barədə əsaslandırma vermədən işə baxmış və MPM-in 185.3-cü maddəsini pozmuşdur. MPM-in 185.6-cı maddəsinə zidd olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması hüquqi ədalət prinsipini pozmuşdur. Bu maddəyə əsasən, işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin üzürlü səbəbdən gəlməməsi halında işin baxılması təxirə salına bilər. Cavabdeh tərəfindən işin təxirə salınması barədə rəsmi vəsatət təqdim olunmuş, səbəb kimi nümayəndələrin məzuniyyətdə olması göstərilmişdir. Bu səbəb işgüzar dövriyyə və əmək hüququ kontekstində üzürlü hal sayılır. Ancaq məhkəmə cavabdehin bu vəsatətini əsassız və hüquqi qiymətləndirmə aparmadan rədd etmiş, nümayəndənin olmamasına baxmayaraq işə davam etmişdir. Bu isə MPM-in 185.6-cı maddəsinin tələbinin pozulması deməkdir. Birinci instansiya məhkəməsi cavabdeh nümayəndəsinin iştirakı ilə bağlı təqdim edilmiş vəsatəti hüquqi baxımdan qiymətləndirməmiş, üzürlü səbəb kimi nəzərə almamış vəbununla da Mülki Prosessual Məcəllənin 185.1, 185.3 və 185.6-cı maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən də, cavabdeh tərəfin müdafiə hüququ pozulmuş, məhkəmə baxışı bir tərəfin iştirakı olmadan həyata keçirilmiş, ədalətli məhkəmə araşdırması prinsipi kobud şəkildə pozulmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş tərəflərin bərabər iştirak şəraiti təmin olunmaqla yenidən baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin qətnaməsində mühüm faktiki hallar yetərincə araşdırılmamış və nəticədə çıxarılan qətnamənin əsasları yetərsiz olmuşdur. Bu hallar düzgün qiymətləndirilsəydi, məhkəmə fərqli nəticəyə gələ bilərdi. Belə ki, cavabdehin maliyyə fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunduğu hallar araşdırılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə bank hesablarına sərəncam qoyulması faktı təsdiqlənmişdir. Bu isə maliyyə dövriyyəsini tam iflic etmiş, müqavilə öhdəliklərinin icrasına birbaşa təsir göstərmişdir. Məhkəmə bu faktın borcun ödənilməməsində müstəqil və obyektiv hüquqi maneə olduğunu araşdırmalı idi. Lakin yalnız borcun qəbul edilməsini əsas götürərək borcun ödənilməməsini cavabdehin "təqsiri" kimi qiymətləndirmişdir. Halbuki bu hal cavabdehin təqsiri deyil, üçüncü tərəflərin (digər məhkəmələrin) qərarlarının hüquqi nəticəsi olaraq baş vermişdir. Həmçinin tərəflər arasında aparılan danışıqlar və yazışmaların nəticələri obyektiv qiymətləndirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublar göndərilmiş, cavabdeh isə xx.xx.2025 tarixli rəsmi cavabında danışıqlar aparmağa və borcun ödənilməsini təxirə salmağa əsaslar göstərmişdir. Həmin danışıqlar nəticəsiz qalsa da, cavabdeh tərəfindən öhdəliyin inkar edilməməsi və müzakirəyə açıq olması hüquqi dəyərləndirməyə layiq idi. Məhkəmə tərəflər arasında mübahisənin məhkəməyə qədər həllinə yönələn real addımların olub-olmamasını araşdırmadan, yalnız birtərəfli təqdim edilən üzləşmə aktına və ümumi borc məbləğinə istinad etmişdir. Bu isə müqavilə praktikasına uyğun davranışların nəzərə alınmaması deməkdir. Bundan əlavə, borcun məbləğinin dəqiqləşdirilməsi ilə bağlı təqdim edilmiş sənədlər üzərində qarşılıqlı razılaşmanın mövcud olub-olmaması araşdırılmayıb. Belə ki, iddiaçı tərəfindən tərtib olunmuş üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamış və geri qaytarılmamışdır. Məhkəmə bu aktı təqdim olunmuş müddət ərzində etiraz edilmədiyinə görə qəbul edilmiş hesab etmişdir, lakin cavabdehin həmin dövrdə inzibati və texniki imkanlarının məhdud olması nəzərə alınmamışdır. Məhkəmə mübahisəli borcun həcmini birtərəfli sənəd əsasında müəyyən etməklə, qarşı tərəfin bu sənədi niyə imzalamadığına və hansı səbəblə münasibət bildirmədiyinə dair sübutları tələb etməmiş, faktiki razılaşmanın olub-olmaması məsələsini araşdırmamışdır. Bu isə ödəniş balansının obyektiv şəkildə təsbit edilməsinə mane olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərin düzgünlüyü və uyğunluğu ətraflı ekspertiza edilməyib. İddiaçının təqdim etdiyi qaimə-fakturaların və elektron qaimələrin qanunvericiliyə və müqavilə şərtlərinə uyğun şəkildə tərtib olunub-olunmaması araşdırılmayıb. Əgər bu sənədlər mühasibat uçotu və vergi qanunvericiliyi baxımından uyğunsuzluqlar daşıyırsa, bu hal iddianın əsasını təşkil edən borc məbləğinin hüquqi etibarlılığına şübhə yaradır. Məhkəmə bu sənədləri avtomatik şəkildə əsas kimi qəbul edərək obyektiv ekspertiza və texniki təhlil aparmadan qərar çıxarmışdır. Yuxarıda göstərilən faktiki halların hər biri, xüsusilə borcun səbəbi və ödənilməməsinə gətirib çıxaran obyektiv maneələr, həmçinin qarşılıqlı razılaşmanın olub-olmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyır. Bu hallar aydınlaşdırılmadan, yalnız iddiaçının mövqeyinə əsaslanan qətnamə məhkəmə araşdırmasının obyektiv və tam aparılmaması ilə nəticələnmişdir. Bu səbəbdən qətnamənin apellyasiya instansiyası tərəfindən ləğv olunması və işin yenidən araşdırılması zəruridir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi Qanuni nümayəndə2 izahatında apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Qanuni nümayəndə2 nə qədər yanacaq aldıqları barədə məlumatının olmadığını, borc məbləğinin nə qədər olmasını bilmədiyini qeyd etmiş, 21 aprel 2025-ci il tarixli məktubun onun adından İddiaçınə yazıldığını təsdiq etmişdir.
12. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinə etiraz edərək şikayətin formal əsaslarla verildiyini, heç bir hüquqi əsası olmadığını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiyini bildirmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 427. Öhdəliyin icrası müddəti … 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ... Maddə 433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi ... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. ... Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. ...
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. ... Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Tərəflər arasında yanacağın alqı-satqısına dair bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləri olduğundan və müqavilənin predmeti olan mal (yanacaq) cavabdehin sahibkarlıq fəaliyyətində istifadə etməkdən ötrü verildiyindən bu müqavilə alqısatqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi hesab olunur.
20. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədləri, o cümlədən elektron qaiməfakturalarla ƏDV daxil olmaqla 341 146,2 manat dəyərində yanacağın cavabdehə verildiyi, buna dair tərtib edilmiş elektron qaimə-fakturaların təsdiq edildiyi, cavabdeh tərəfindən 43738,59 manat ƏDV daxil olmaqla 291 220,48 manat ödənişin edildiyi, əlavə olaraq smart kart üzrə 56,89 manat istifadə edilməmiş qalıq pulun mövcud olduğu təsdiq olunmuşdur.
21. Cavabdeh apellyasiya şikayətində ümumi ifadələrlə borcun məbləğini mübahisələndirərək, həqiqi miqdarın müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğunu bildirsə də nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində ekspertizanın keçirilməsi barədə əsaslandırılmış yazılı vəsatət verməmişdir. Digər tərəfdən cavabdeh borcun miqdarını nəyə əsasən düzgün hesab etmədiyini də göstərməmiş, məhkəmə kollegiyasının suallarına cavab olaraq borcun miqdarı, nə qədər yanacaq almaları barədə məlumatının olmadığını bildirmişdir. MM-in 433.3-cü maddəsindən də göründüyü kimi (§13) öhdəliyin icra edildiyini sübut etmə yükü borclunun üzərinə düşür. Cavabdeh isə öhdəliyin icrası ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, istər məhkəməyəqədər danışıqlar zamanı cavabdehin qanuni təmsilçisi, istərsə də birinci instansiya məhkəməsindəki icraat zamanı cavabdehin nümayəndələri borcun mövcudluğunu və miqdarını mübahisələndirməmiş, əksinə borcu qəbul edərək maliyyə problemlərini həll edən kimi ödəyəcəklərini bildirmişlər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etmək səlahiyyəti olsa da, ekspertiza istənilən sualın cavablandırılması üçün yox, xüsusi bilik tələb edən sualın cavablandırılması üçün təyin edilir. Hazırkı işdə sadə toplama və çıxma əməliyyatlarının həyata keçirilməsi xüsusi bilik tələb etmədiyindən birinci instansiya məhkəməsinin ekspertiza təyin etmədən borc miqdarını hesablaması düzgün addım olmuşdur.
23. Cavabdehin şikayətinin digər dəlilləri - tərəflər arasında aparılan danışıqlar və yazışmaların nəticələrinin obyektiv qiymətləndirilməməsi, iddiaçının təqdim etdiyi qaiməfakturaların qanunvericiliyə uyğun olub-olmamasının araşdırılmaması, borcun səbəbi və ödənilməməsinə gətirib çıxaran obyektiv maneələrin araşdırılmaması ümumi sözlərlə ifadə edilmiş, cavabdeh konkret olaraq hansı halların araşdırılmalı olduğunu, bu halların araşdırılmasının iddianın hansı hissədə əsassızlığına dəlalət edəcəyini göstərməmişdir. Cavabdehin qanuni təmsilçisinin (§11) izahatı da nəzərə alındıqda cavabdehin apellyasiya şikayətində irəli sürdüyü məsələlərə dair konkret dəlillərinin olmadığı görünür.
24. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
25. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
26. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan çox olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Cavabdeh "Encom Construction” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli e-2-2(113)-4393/2025 saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Səməd Cəfərov