Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-978/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2273/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində ona dəyən 508.439,66 manat həcmində maddi ziyan, dövlət rüsumu kimi ödənilmiş 30,4 manat, vəkilə ödənilmiş 2.085 manat xidmət haqqı, mənəvi ziyan kimi 10.000 manat, ekspertiza xərci üçün 5.000 manat olmaqla, cəmi 525.555,06 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Xəzər rayonu Zirə qəsəbəsi Təzə sahə ünvanda ümumi sahəsi 9 hektar, əkinə yararlı 7.4 hektar sahədə yerləşən istilikxana kompleksinin qazla təchiz edilməsi üçün cavabdehlə 02.10.2017ci il tarixli 2947-10-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışdır. Daha sonra cavabdeh tərəfindən artıq hesablanmış borcun silinməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin işə baxılarakən iddianı təmin tədbiri barədə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtarana qədər ona məxsus olmaqla, abonent kodu **********00000 olan istilikxanaya təbii qazın verilməsinin dayandırılmasının və mübahisə predmeti üzrə 213.380,80 manat məbləğdə borcun ondan tələb edilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 24.09.2020-ci il tarixli e-2-2(113)-1127/2020 nömrəli qərardadı ilə ərizə təmin edilərək, istixanaya 213.380,80 manat borcun ödənilməməsinə görə qaz təchizatnın dayandırılması cavabdehə qadağan edilmiş, cavabdehin şikayəti Bakı Apelyasiya Məhkəməsinin 10.11.2020-ci il tarixli qəradadı ilə təmin edilməmişdir. Qeyd edilən məhkəmə çəkişməsi zamanı onunla cavabdeh arasında 18.11.2020-ci il tarixində barışıq sazişi imzalanmış, həmin sazişə əsasən yaranmış borc hissə-hissə ödənilməli idi. Lakin həmin barışıq sazisi məhkəmə tərəfindən təsdiq edilməmiş və iş üzrə icraat başa çatdırılmamışdır. Barışıq sazisinə əsasən hər növbəti ayın 20-dək ayda 32.676,16 manat pul vəsaitinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. 2020-ci ilin dekabr ayı bazar gününə düşdüyündən həmin vəsaiti bazar günü ödəyə bilməmişdir. Cavabdeh tərəfindən istilikxanaya təbii qazın verilməsi 22.12.2020-ci il tarixdə səhər saatlarında heç bir xəbərdarlıq edilmədən və hər hansı akt tərtib edilmədən dayandırılmışdır. Yalnız həmin gün qeyd edilən 32.676,16 manat vəsaitin ödənilməsindən sonra istilikxanaya təbii qazın verilməsi günortadan sonra axşam saatlarında bərpa edilmişdir. Halbuki, iş üzə məhkəmə mübahisəsi davam etdiyi müddətdə 213.380,80 manat vəsaitə görə istilikxanaya qazın verilməsinin dayandırılması məhkəmə qərardadı ilə qadağan edilmişdir. Qeyd edilən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmədiyi və iş üzrə icraata xitam verilmədiyi üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Daha sonra, 2020-ci ilin noyabr ayı üzrə 84.446 manat məbləğdə qazdan istifadəyə görə cavabdeh tərəfindən 16.12.2020-ci il tarixdə EBAT 970091 nömrəli elektron qaimə təqdim edilmiş, 17.12.2020-ci il tarixdə isə günorta saatlarında cavabdehin əməkdaşı tərəfindən 2020-ci ilin noyabr ayı üzrə 84.446 manat məbləğdə qazdan istifadəyə görə 11.12.2020-ci il tarixli 150 nömrəli hesab faktura istilikxanaya gətirilərək təqdim edilmiş və 25.12.2020-ci il tarixdə isilikxanaya qazın verilməsi heç bir xəbərdarlıq edilmədən və qazın verilməsinin dayandırlması ilə bağlı hər hansı akt tərtib edilmədən əsassız və qanunsuz olaraq dayandırılmışdır. 28.12.2020-ci il tarixdə cavabehə rəsmi ərizə ilə müraciət edərək, istilikxanaya qazın verilməsinin dərhal bərpa edilməsini tələb etmiş və eyni zamanda qazın verilməsinin bərpa edilməyəcəyi təqdirdə ona dəyəcək zərərin onlardan tutulması üçün qanunvericikldə nəzərdə tutulmuş tədbirlərin görüləcəyini bildirmişdir. Qeyd edilən müraciətə 06.01.2021-ci il tarixli SOCAR **********30560046X00067 saylı cavab məktubunda istilikxanaya təbii qazın verilməsinin dayandırılması səbəbi kimi barışıq sazisinin şərtlərinə əməl edilməməsini göstərilmişdir. Aralarında bağlanmış müqavilənin tələblərinə görə hesab-faktura istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 1 ay sonra bank və ya poçt şöbələri tərəfindən qazın dəyəri tam ödənilməlidir. Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”na əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı, istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində tam ödənilməlidir. Həmin qaydaların tələbinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi halda, qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməli olması qaz paylayıcısının vəzifəsi kimi qeyd edilmiş, həmçinin, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətdə tam ödənilmədikdə, qazın verilməsinin dayandırıla biləcəyi qeyd edilmiş, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməli olması göstərilmişdir. Göründüyü kimi, istilikxana kompleksinə qazın verilməsinin dayandırılması 11.01.2021-ci il tarixdən (əslində isə 17.01.2021-ci il tarixdən) tez ola bilməzdi, çünki elektron qaime 16.12.2020-ci il tarixdə, 11.12.2020-ci tarixli faktura isə faktiki olaraq 17.12.2020-ci ildə təqdim edilmişdir. Qazın verilməsinin özbaşına qanunsuz və əsassız dayandırılması 1 saylı istilikxanadan 15 yanvara qədər 31.000 kq, 2 nömrəli istikxanadan 37.000 kq, 3 nömrəli isilikxanadan 30.000 kq, 4 nömrəli isilikxandan isə iyul ayına qədər 500.000 kq pomidor məhsulu əldə edilməsi üçün xərc çəkilmiş, həmin pomidor məhsulunun yetişdirilməsi üçün istilikxanalarda işləmək üçün işçilər cəlb edilərək, əmək haqları ödənilmiş və digər zəruri xərclər çəkilmişdir. Həmin vəziyyətdə qış fəslinin olması, hava şəraitinin soyuq olması istilikxanada pomidor məhsulunun yetişdirilməsinin qazsız həyata keçirilməsini mümkünsüz etmişdir. Hazırki situasiyada qazın verilməsi dayandırıldığı üçün istilikxana kompleksində becərilən bütün məhsullar zay olmuş və iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Qazın qanunsuz və əsassız kəsilməsi iddiaçının AZAGROEKSPORT 2017 MMC qarşısında götürdüyü öhdəliyin icra edilməməsinə də səbəb olmuşdur. Belə ki, qeyd edilən müəssisə ilə 01.10.2020-ci il tarixdə 12 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 31 iyul 2021-ci il tarixədək 860587,37 manat dəyərində pomidor məhsulunu alıcıya təhvil verməli idi. İşdə olan Müstəqil Məhkəmə Ekspertizasının 19.03.2021-ci il tarixli 78 saylı ekspert rəyi ilə sübut olunur ki, 25.12.2020-ci il tarixdə qaz nəqlinin dayandırlması nəticəsində istilikxana kompleksinin 1, 2, 3 və 4 saylı, cəmi 71.793,6 faydalı sahələrində “Coco Peat” sistemi ilə əkilmiş 195.500 ədəd pomidor şitilindən alınması ehtimal edilən 309.195,85 kq məhsulun itirilməsi nəticəsində cavabdehin vurduğu ümumi maddi zərərin məbləği 508.439,66 manat həcmində qiymətləndirilir. Cavabdehin törətdiyi hüquqpozma nəticəsində iddiaçıya həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, min bir əziyyətlə becərdiyi məhsul cavabdehin qazı qanunsuz kəsməsi nəticəsində gözünün qabağında məhv olub getmişdir. Bu da iddiaçının dərin sarsıntı keçirməsi ilə nəticələnmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, iddiaçının adına olan **********00000 saylı abonent kodu üzrə tərtib edilmiş abonentin saldosuna görə, onun 2020-ci ilin dekabr ayına olan borcu 260.838,80 manat təşkil edir, 2020-ci ilin oktyabr ayı ərzində 27.518,80 manat məbləğdə qaz sərf etmiş, ödəniş etməmişdir, noyabr ayı ərzində 84.444 manat məbləğdə qaz sərf etmiş, 50.000 manat ödəniş etmişdir, dekabr ayı ərzində 45.688 manat məbləğdə qaz sərf etmiş, 60.194,8 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış 18.11.2020-ci il tarixli Barışıq sazişində qeyd olunmuşdur ki, 1) iddiaçı e-2-2(113)-1127/2020 saylı iş üzrə iddia tələbindən tam olaraq imtina edir, eyni zamanda qarşılıqlı iddia tələbini qəbul edərək təbii qazdan istifadəyə görə yaranmış 213.380,80 manat məbləğdə borcunu etiraf edir, həmin borcun 50.000 manat hissəsini Saziş imzalanadək, 163.380,80 manat hissəsini isə 5 ay müddətə, hər növbəti ayın 20-dək, ayda 32.676,16 manat olmaqla ödəməyi öhdəsinə götürür, 2) hər ay ərzində cari istifadə olunmuş təbii qaza görə yaranmış borc “X2"nın 5.5-ci və Qazın alqı-satqısı müqaviləsinin 3.4-cü bəndinə uyğun olaraq ödəniləcək, 3) iddiaçı Sazişin şərtlərinə və Qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müraciətə baxılmasının nəticəsi haqqında məktubda qeyd olunmuşdur ki, məhkəmə mübahisəsinin məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədi ilə 18.11.2020-ci il tarixdə Barışıq sazişi imzalanmışdır. Sözügedən sazişin 3-cü bəndinin tələbi (cavabdeh sazişin şərtlərinə və qazın alqı-satqısı haqqında müqavilənin tələbinə uyğun üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam icra etmədikdə istixanaya qazın verilməsinin dayandırılmasını qəbul edir) pozulmuş, 32.676,16 manat ödəniş 20.12.2020-ci il tarixədək ödənilməmişdir. Bununla əlaqədar istixananın təbii qaz təchizatı dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı tələbinin əsası kimi X1 19.02.2021-ci il tarixli 78 saylı ekspert rəyinə istinad edir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, həm sözügedən ekspert rəyi, həm də Məhkəməyə təqdim olunan baxış aktları birtərəfli qaydada, cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədən tərtib edildiyi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması barədə isə Məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi digər sənədlər də tələbin əsaslılığını təsdiq edən sübutlar deyil. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas vermir . Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2273/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-978/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-978/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver