Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-267/2025 15.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1338/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə “X1 Zavodu” MMC arasında xx.xx.2012-ci il tarixdə 25 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “X1 Zavodu” MMC-nin mallarının Azərbaycandan Rusiyaya və Avropaya daşınması təşkil etmişdir.
2. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar iddiaçı sığorta şirkəti tərəfindən xx.xx.2012-ci il tarixdə sığorta aktı verilmiş və 27567,54 manat sığorta ödənişi “X1 Zavodu” MMC-yə verilmişdir.
3. "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi (iştirakçısı) Cavabdehdur. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Cəmiyyətin iştirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
4. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “X1 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi miqdarında ödənilmiş 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
5. Gəncə Şəhər İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi İcra haqqında qanunun 23.1.3-cü maddəsinə istinadən məhkəməyə geri qaytarılmışdır.
6. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-13/2020 nömrəli qərardadı ilə tələbkarın şikayəti təmin edilərək Gəncə Şəhər İcra İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 27567,4 manat məbləğində sığorta ödənişinin, 172,7 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının, cəmi 27740,5 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 avqust 2012-ci il tarixdə Polşanın Poznan şəhərində Şvetsk yolunun 217-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş vermiş, “Scania” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil “Schmitz” markalı, ** ZA *** qeydiyyat nişanlı qoşqu ilə birgə qəzaya uğramış, nəticədə avtomobilə maddi ziyan dəymiş və içində olan yük yararsız vəziyyətə düşmüşdür. “X1 Zavodu” MMC ilə aralarında AZ/CGH/12/0081 nömrəli sığorta müqaviləsi bağlanmış və Bakı (Azərbaycan)-Rusiya UkraynaPolşa-Almaniya marşrutu ilə daşınan yük sığorta təminatı almışdır. Həmçinin, sığorta müqaviləsində göstərilmiş daşıma marşrutu boyunca həmin malların daşınması və çatdırılması “X2 Zavodu” MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 nömrəli müqavilənin şərtləri əsasında həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən “X1 Zavodu” MMC-yə dəymiş zərərin əvəzi 30630,6 manat məbləğində qiymətləndirilmişdir. Sığortalı “X1 Zavodu” MMC-nin müraciəti əsasında sığorta müqaviləsinin şərtlərinə əsasən "xxxx" ASC tərəfindən 27567,4 manat məbləğində "xxxx" MMC tərəfindən vurulmuş zərər ödənilmişdir. Bundan sonra tərəflərindən Gəncə Kommersiya Məhkəməsində "xxxx" MMCyə qarşı 27567,4 manat məbləğində dəymiş zərərin tutulub "xxxx" ASC-yə ödənilməsi barədə iddia qaldırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 27567 manat 40 qəpik məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə icraata başlanılmışdır. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilmədiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Tələbkar "xxxx" ASC tərəfindən həmin qərardan şikayət verilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2-13/2020 nömrəli qərardadı ilə şikayət təmin edilərək, Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Hazırda da icra hərəkətlərinin davam etdirilməsinə baxmayaraq, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)- 13/2020 nömrəli qətnaməsi bu günədək icra edilmədən qalmışdır. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir və hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMCdən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan pul Cavabdeh tutulmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən o, müəssisənin işəgötürəni kimi dəymiş zərərə görə məsuliyyət daşıyır və iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan və bu günkü günə qədər ödənilməyən 27567,4 manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malikdir.
9. İddiaçı iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi ilə bağlı ərizə verərək qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında "xxxx" MMC-nin nizamnaməsi məhkəməyə təqdim edilmişdir. Nizamnamənin 5.2-ci bəndinə əsasən cəmiyyətin istirakçısı (iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cavabdeh "xxxx" MMC-nin təsisçisidir və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-13/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulmalı olan pul Cavabdeh tutulmalıdır. Belə ki, nizamnamənin istinad edilən maddəsinin tələbinə əsasən cavabdeh müəssisənin təsisçisi kimi dəymiş zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, borc məbləği məhkəmə qətnaməsi ilə "xxxx" MMC-dən tutulmuşdur. Hazırda hüquqi şəxs fəaliyyət göstərmir, həmin pulu ödəmək üçün imkanı yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
12. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1338/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, iddianın təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tələb edilən sığorta ödənişi hüquqi şəxsə məxsusdur. Həmin sığorta ödənişinin isə hüquqi şəxsdən tutularaq sığorta müəssisəsinə ödənilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır.
14. Hazırkı cavabdeh hüquqi şəxsin təsisçisidr. O hüquqi şəxsin nizamnaməsinə əsasən hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayaların dəyəri həddində risk daşıyır. Təsisçi tərəfindən hüquqi şəxsin fəaliyyəti üçün qoyduğu maya isə hüquqi şəxsin əmlakıdır və hüquqi şəxs isə bütün əmlakı ilə öz öhdəlikləri üçün məsuliyyət daşıyır.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52, 936.1, 936.2 və 936.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
16. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən görünür ki, cəmiyyətin təsisçisi (iştirakçısı) Cavabdehdur. Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Cəmiyyətin iştirakçısı(iştirakçıları) onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqlarımayaların dəyəri həddində risk daşıyırlar. Mülki Məcəllənin 52-ci maddəsinin məzmunundan müəyyən olunur ki, hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallarda təsisçi hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşıyır və "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən görünür ki, iştirakçı cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduğu mayanın dəyəri həddində risk daşıyır. İşin hallarından müəyyən olunur ki, 07 avqust 2012-ci il tarixli sığorta hadisəsi nəticəsində "xxxx" MMC tərəfindən malların daşınması müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar iddiaçı tərəfindən sığortalanmış əmlaka zərər vurulmuşdur. "xxxx" MMC "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 25 nömrəli müqavilə üzrə yükün daşınmasını həyata keçirmiş və daşıyıcı şirkət olaraq öz fəaliyyəti ilə əlaqədar daşınmanın qüsurlu həyata keçirilməsi nəticəsində zərər vurmuşdur. Buna görə də nizamnamənin yuxarıda göstərilən bəndlərinin tələbləri baxımından zərər Cəmiyyətin fəaliyyəti ilə bağlı vurulmuş zərər hesab edilməli və Cavabdeh həmin zərərə görə qoyduğu mayanın dəyəri həddində risk daşımalıdır. Lakin, məhkəmə qeyd edilən halları nəzərə almamış və iddiaçının əsaslı iddiasınırədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC-nin “X1 Zavodu” MMC ilə müqaviləsi olmamışdır. Dəymiş zərər "xxxx" MMC-dən tutulmuşdur. Pandemiya ilə bağlı işləri alınmadığından müəssisənin fəaliyyəti dayanmışdır. Müəssisə fəaliyyət göstərəndən sonra borc ödəbiləcəkdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiklərini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
22. Maddə 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
23. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.
24. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
25. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
26. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1338/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(115)-13/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 27.567 manat 40 qəpik məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, lakin borclu hüquqi şəxsdə tələbin yönəldilə biləcəyi əmlak və gəlirin aşkar edilməməsi səbəbindən icra sənədi icra orqanı tərəfindən məhkəməyə qaytarılmışdır. Tələbkarın şikayəti əsasında icra sənədinin məhkəməyə geri qaytarılması haqqında icra qurumunun qərarı ləğv edilmiş və icra hərəkətlərinin davam etdirilməsi qərara alınsa da, bu günədək məhkəmə qətnaməsi icra edilməmişdir.
44. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC-nin təsisçisi olan cavabdehə qarşı ayrıca iddia ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsə məxsus borcun fiziki şəxs olan təsisçidən tutulmasını tələb etmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini düzgün qiymətləndirmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu norma hüquqi şəxsin müstəqil mülki-hüquqi subyekt olmasını və onun öhdəliklərinin ayrıca məsuliyyət rejiminə tabe olduğunu təsbit edir. Maddənin 52.2-ci hissəsində isə açıq şəkildə göstərilmişdir ki, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımır.
47. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 3.1, 5.1 və 5.2-ci bəndlərindən açıq şəkildə görünür ki, cəmiyyət öz öhdəlikləri üçün ona məxsus bütün əmlakla cavabdehdir, cəmiyyətin iştirakçısı isə cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır və yalnız qoyduğu payın (mayasının) dəyəri həddində risk daşıyır.
48. Apellyasiya şikayətində iddiaçı tərəf nizamnamənin göstərilən müddəalarına istinad edərək, vurulmuş zərərin cəmiyyətin fəaliyyəti ilə bağlı olduğunu və bu səbəbdən təsisçinin məsuliyyət daşımalı olduğunu iddia etsə də, məhkəmə bu mövqeyi hüquqi cəhətdən əsassız hesab edir.
49. Belə ki, nizamnamədə iştirakçının “qoyduğu payın dəyəri həddində risk daşıması” dedikdə, onun cəmiyyətə qoyduğu əmlakın dəyərinin itirilməsi riskini nəzərdə tutulur və bu hal iştirakçının cəmiyyətin kreditorları qarşısında birbaşa borclu şəxsə çevrilməsi mənasına gəlmir. Təsisçinin qoyduğu pay hüquqi şəxsin mülkiyyətinə keçir və həmin pay hüquqi şəxsin əmlakı kimi cəmiyyətin öhdəlikləri üzrə məsuliyyətin predmetini təşkil edir.
50. Məhkəmə qeyd edilən hallara əsasən göstərir ki, "xxxx" MMC-nin nizamnaməsində təsisçinin cəmiyyətin kreditorları qarşısında birbaşa və ya subsidiar məsuliyyət daşımasını nəzərdə tutan norma mövcud deyildir. Əksinə, nizamnamə Mülki Məcəllənin 52 və 87-ci maddələri ilə uyğun olaraq, iştirakçının yalnız qoyduğu payın dəyəri həddində risk daşıdığını təsbit edir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinin məzmununa görə, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Bu norma iştirakçının riskinin hüquqi mahiyyətini müəyyən edir və həmin riskin onun şəxsi əmlakı hesabına borcun ödənilməsi kimi başa düşülməsini istisna edir. Qoyulan maya hüquqi şəxsin mülkiyyətinə keçir və artıq hüquqi şəxsin əmlakı kimi onun öhdəliklərinin təminatına xidmət edir.
52. Bu baxımdan apellyasiya şikayətində göstərilən “cəmiyyətin fəaliyyəti ilə bağlı zərər” anlayışı təsisçinin avtomatik məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas təşkil etmir. Qanunvericilik cəmiyyətin fəaliyyəti nəticəsində yaranmış öhdəliklərə görə birbaşa məsuliyyəti məhz hüquqi şəxsin üzərinə qoyur.
53. İş üzrə mövcud olan xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borclu qismində məhz "xxxx" MMC müəyyən edilmişdir. Həmin qətnamə borcun subyektini dəyişdirmir və icra olunmaması borclunun əvəzlənməsi üçün hüquqi əsas yaratmır.
54. Məhkəmə onu da qeyd edir ki, sığorta münasibətlərindən irəli gələn subroqasiya hüququnun hüquqi çərçivəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində müəyyən edilmişdir. Maddə 936.1 və 936.2-yə əsasən, sığortaçı sığorta ödənişi verdikdən sonra zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı sığortalının malik olduğu hüquqları subroqasiya qaydasında əldə edir.
55. Hazırkı iş üzrə zərərə görə məsuliyyət daşıyan şəxs kimi əvvəlki məhkəmə qətnaməsi ilə "xxxx" MMC müəyyən edilmişdir. Subroqasiya hüququnun həyata keçirilməsi yalnız zərərvuran şəxsə və ya qanunvericiliyə əsasən zərərə görə maddi məsuliyyət daşıyan digər şəxsə yönəldilə bilər. Lakin, hüquqi şəxsin təsisçisi qanunvericiliyə əsasən avtomatik qaydada belə məsul şəxs hesab edilmir.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hüquqi şəxsin fəaliyyətinin dayandırılması, maliyyə çətinliyi və ya əmlakının olmaması faktı onun təsisçisinin avtomatik olaraq həmin hüquqi şəxsin borclarına görə məsuliyyət daşımasına əsas vermir. Qanunvericilikdə hüquqi şəxsin “korporativ pərdəsinin qaldırılması” və ya təsisçinin subsidiar məsuliyyətinin tətbiqi üçün konkret hüquqi əsaslar nəzərdə tutulmuşdur ki, hazırkı iş üzrə belə halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
57. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
58. Məhkəmə eyni zamanda onuda qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan pul vəsaitinin məbləği və əsaslar eyni olasa da Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(115)-13/2020 nömrəli qətnaməsinin tərəfləri ilə hazırki işin tərəfləri eyni deyildir. Bu səbəbdən də birinci instansiyası məhkəməsi haqlı olaraq hazırki mübahisəyə mahiyyəti üzrə baxmışdır.
59. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
60. Hazırki iş üzrə isə tərəflər eyni olmadığından işə mahiyyəti üzrə baxılmasına dair birinci instansiyası məhkəməsinin mövqeyi qanuni olmuşdur.
61. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi :
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1338/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.